adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
07 Aprel 2021 11:53
32219
MƏDƏNİYYƏT
A- A+

Bir də nə Banişevski olacaq, nə də Rəmiş! - Mirzə Rəşad Bakuvi yazır

Gəlin ad-san, imza qoyub getmiş insanlarımıza

sahib çıxaq, onların haqqında yanlış

danışmayaq, əsl qiymətlərini verməyi bacaraq!

Atam bir dəfə danışmışdı, xatirimdə qalan şəkildə nağıl edəcəm. Unudulmaz əfsanə futbolçu Anatoli Banişevskinin məşhur vaxtları imiş. O zamanlar "Volqa" markalı avtomobil əldə etmək üçün növbəyə yazılarmış cəmiyyətdə xüsusi ranqı olan adamlar. Hər adamın başı üçün deyildi qapısında "Volqa" markalı maşın olsun. Bu günün "Mercedes S-Class" avtomobilini təsəvvür edin bir anlıq.

Azərbaycan futbolunun gəlmiş-getmiş dünya səviyyəli ulduzu, "Neftçi" klubunun və SSSR millisinin "9" nömrəsi Banişevski artıq ona bir dəfə bağışlanan "Volqa"nı Bakının küçələrində sağa-sola sürürmüş. Təbii ki, şəhər uşağı idi Tolik, nizam-intizamı olan idmançı olsa da, çöldə-bayırda şuluqluğundan qalmırdı, çılğın, ipə-sapa yatmaz gəncliyi vardı. Günlərin bir günü, hələ Pelenin vaxtında Braziliyanın qapısına 35 metrdən başı ilə qol vuran ulduz futbolçumuz sürdüyü "Volqa" ilə ağır yol qəzasına düşür, xoşbəxtlikdən özünə bir şey olmur, ancaq "Volqa" ələ gəlmir artıq, göndərirlər metalloma. Təsəvvür edin, Banişevski nə haldadı, gül kimi maşın zay oldu, indi onu maşınsızmı qoymaq olar?! Dünya dağılar. Mütləq bir çarəsi olmalı idi. Ancaq Sovet hökumətinin də bu planda sərt qaydaları var idi axı. Bir adam bir dəfə maşın növbəsinə dura bilərdi. Sırada başqa adamlar varsa, mütləq həmin adamlar almalı idilər bu avtomobili, qeyd-şərtsiz. Reqlament pozula bilməzdi, istəyirsən kim olursan ol!

Düzü, bu maşınları paylayan dövlət qurumunun adını xatırlamıram, ancaq, atam danışır ki, həmin qurumun komissiyasına xəbər verirlər ki, bəs hal-qaziyə belədir, nə edirsiz edin, Banişevskiyə yeni "Volqa" verilməlidir. Sən demə, o vaxt da "Volqa" növbəsi olan şəxs adını xatırlamadığım Milli Elmlər Akademiyasının çox məşhur, çox hörmətli, nüfuzlu professor-akademiklərindən biri imiş. Adam da günlərini sayırmış ki, bəs gözəlim "Volqa"sına qovuşsun, həmin xoşbəxtliyi o da yaşasın. Alim olmaqla deyil ki, dünya malı şirin olur. Ancaq deyir, sən saydığını say, gör fələk donuna girmiş komissiya nə sayır. Məlum idarəyə daxil olmuş müraciətə növbədənkənar baxılır və qərar açıqlanır: komissiya yekdilliklə Banişevskinin adına daha bir "yağ içində" "Volqa" qeydiyyata alır və kapotuna bantik bağlayıb, yola salır sahibinin ünvanına. Professor xəbər tutur bu hayhəşirdən, az qala ürəktutmasından özünü güclə saxlayır, dərhal əsəbi halda yollanır müvafiq idarəyə, komissiya sədri ilə görüşməyə ki, bəs bu nə ədalətsizlikdir, mən boyda kişiyə, professora, elmə töhvə vermiş akademikə qarşı sayğısızlıqdır, bir alimin bir topun arxasınca düşən adam qədər qədir-qiyməti yoxdurmu, növbənin pozulması qanun pozuntusudur, dərhal aydınlıq gətirilsin ki, nə baş verir və s. Komissiya sədri çox məyus olsa da, o vaxt üçün dillərə düşəcək kifayət qədər maraqlı, unikal bir cavab verir:

- Ay ağsaqqal, ay yoldaş professor, mən Sizin üzüntünüzü anlayıram, siz də anlayın ki, bundan sonra hələ çox belə professorlarımız, akademiklərimiz olacaq, lakin Banişevskidən bir daha olmayacaq!!!

Rəmiş haqqında bir-iki kəlmə yazmazdan öncə bu xatirəni xatırlatmağım əbəs deyildi. Sözümün canı bu idi ki, həqiqətən də, necə ki, Banişevskidən bir də olmayacaq, eləcə də Rəmişdən bir daha olmayacaq!

Əvvəlcə deyim ki, gitara mənim uşaqlıqdan, 5-6 yaşımdan ən sevdiyim çalğı alətidir. Məni az-çox tanıyanlar bilir, konkret xəstəsiyəm, güclü ifa qarşısında anidən bu dünya ilə bağlantım kəsilir və paralel dünyaya keçid edirəm psixoloji-mənəvi. O dərəcədə heyranam gitaraya ki, bu saat da ifa etməyi mükəmməl öyrənməyə hazır və qadirəm, həvəs hüdudsuzdur. Çatışmayan vaxtdır sadəcə. Uşaqlıqdan həmişə istəmişəm gitaram olsun. Sadəcə, müəyyən obyektiv və subyektiv səbəblərdən qismət olmayıb. Ancaq mən gitaranı məhz Rəmişlə sevmişəm. Qulağımda cingildəyən, ürəyimin kövrək tellərinə toxunan da məhz Rəmişin ifalarındakı ecazkarlıq, təkrarolunmazlıq, özünəməxsusluq, identifik ahəng olub. Rəmişin simə hər toxunuşunda bir ağrı vardı, nisgil vardı, sevənlərin həsrəti, anaların fəryadı vardı. Rəmişin simə hər toxunuşunda başı qarlı dağlar vardı, səmada dövrə vuran qoca qartal vardı, bu millətin min il boyu yazılmayan neçə-neçə dastanı vardı. Rəmişin simə hər toxunuşunda Ağdamda qoyub gəldiyi həyət-bacası, çəpəri, daşı daş üstə qalmayan binası vardı..

Bilməyənlər, görməyənlər, eşitməyənlər də qoy agah olsunlar ki, Tanrı dərgahına yola saldığımız Rəmiş gerçəkdən böyük sənətkar idi. Rəmiş gitara adlı simli aləti Azərbaycanda sənətə çevirib ona sənəd (oxu: pasport) vermişdi, bununla da, bu qeyri-adi səsi, ahəngi olan, sarı simləri insanın da sarı siminə toxunan alətlə minlərlə gəncin çörək qazanma peşəsini yaratmağa müvəffəq olmuşdu Rəmiş. Rəmiş ölkəmizin musiqi sənətində, hətta akademik musiqi meydanında olan, demək olar, bütün korifeyləri ona qulaq asmağa vadar etməyi bacaran möcüzə ürəyə və səsin sehrini yaradan barmaqlara sahib idi. Ona görə "bacaran" yazıram, çünki hər kəsə qismət olmurdu bunu etmək. Müasirləri məhz Rəmişdən ilham alaraq gitara ifa etməyi öyrənirdilər, bu sənətə yiyələnməyi və gitaranın ölkə musiqisinin ayrılmaz bir parçasına çevrilməsində pay sahibi olurdular. Artıq o çağ gəlmişdi ki, toylar, nişanlar, el şənlikləri, doğum günləri, yubileyləri gitarasız təsəvvür etmək olmurdu. Bu çağı məhz Rəmiş yaratmışdı, Rəmişin adıyla bağlı idi. Rəmiş gitaranı o vaxt toyların təşkil olunduğu palatkalardan mədəni musiqinin səsləndiyi konsert zallarına daşımışdı artıq, məşhur müğənni, SSSR Xalq Artisti Zeynəb Xanlarovanın ansamblında öz layiqli yerini tutmuşdu. Bu minvallla Rəmiş hələ neçə-neçə məşhur müğənnini, xanəndələri müşayiət edəcəkdi bu gün divardakı yetim mismardan asılı qalan sahibsiz Qırmızı Gitarası ilə! Rəmiş, ümumiyyətlə, elə bir dastandır ki, hələ onun haqqında çox danışılacaq, çox yazılacaq və çox göstəriləcək. Kimsənin buna qətiyyən şübhəsi olmasın...

Rəmişin haqqında mənfi danışanların yəqin ki, gərək ağzı əyilsin dursun qulağının dibində. Bəsdirin də, axı nə qədər olar, yorulmadınız insanlar haqqında lavarsax-lavarsax danışmaqdan? Utanmaq da lazımdı axı. Adam, sadəcə, yaşlandı, xəstə düşdü (səbəblərinin kimsəyə aidiyyatı yoxdur!) və bu zaman barmaqları artıq sözünə baxmadı. Adam həm də azad ruh daşıyıcısı idi, yerlə yox, göylərlə əlləşirdi, yerdən çoxdan qopmuşdu, uzaqlaşmışdı Rəmişin ruhu, yerdə qalan quru canı idi. Elə bu nəhayətsiz, aşırı AZADLIQ və onun yaratdığı dərviş sərbəstliyi, müstəqilliyi, ipə-sapa yatmazlığı, tərkidünyalığı, biraz dikbaşlığı, sözü üzə deməkliyi (Ağdamlı idi axı) çoxlarının xoşuna gəlmirdi.

Rəmiş qalstuku heç sevmirdi, verilişlərə də o, qalstuku zornan taxıb gələrdi. Gülü məcbur edirdi, o da narahat canını bir də bu narahat qalstukla boğurdu. Qəstum-kalestok məclislərinin süniliyi həmişə Rəmiş təbiliyində əriyib yox olub. Bir də ki, kimsə bu sözümdən qəti inciməsin: müğənnilik, aşıqlıq, şairlik, yazıçılıq, rəssamlıq, sənətkarlıq nədir, kostyum-qalstuk, məmurfason saç düzümü nədir e? Bir az standartların kənarına çıxacaq əsl sənətkar olan kəs, Rəmiş kimi. Düzü, mən də sənət adamlarına bu dəsti-libası, məmur görkəmini yaraşdırmamışam heç vaxt. Sənət adamları, sənətçilər biraz dağınıq tip olmalıdır və bəllidir ki, onların, şəxsi dünyaları adi adamların yeknəsək dünyasından çox fərqlənən, əlçatmaz dan ulduzu kimi bir həyat, bir ömür yolları olur. Rəmişin qarmaqarışıq, qalmaqallı, enişli-yoxuşlu, pullu-pulsuz, dəli-dolu həyatı kimi! Belə idi də Rəmiş indi, nə edəydik, qopaydıq, qırılaydıq ondan təmiz? Adam zatən bizdən də, özündən də çoxdan qopmuşdu, haqlı ya haqsız küsmüşdü hamımızdan, hətta ölüm yaxınlaşdıqca bir dəqiqə belə yanından ayırmadığı Gülüdən də küsmüşdü Rəmiş. Gitaranı əvvəlki kimi sinəsinə basıb "Yanıq Kərəmi"ni ifa edə bilmədiyi üçün küsmüşdü Rəmiş. Onu yarı yolda qoyan barmaqlarından küsmüşdü. Ağdamsız, Vətənsiz qaldığı üçün küsmüşdü. Gəlin, indi bu suala cavab axtaraq: bizim çoxmu Rəmişimiz var? Baxın, daha yoxdu Rəmiş! Haqqın dərgahına köçdü. Rəmişdən daha olmayacaq! Və indi danışın özünüzçün, nə qədər danışa bilirsinizsə, danışın.

Rəmişi gerçəkdən anlamaq üçün özünü Rəmişin yerinə qoymaq bəs edər, məncə. Xalis adam kimi adamları nəzərdə tuturam təbii ki. Uşaqlığında, gəncliyində qarış-qarış gəzdiyi, hər birində bir tarix yazdığı, dillərə əzbər olduğu, hər daşında imzası olan Ağdam, Şuşa, Qarabağ boyda dərdi var idi axı Rəmişin! Böyük sənətkar, gitaraçı Rəmişi nəinki Azərbaycan, bütün keçmiş "Soyuz" tanıyırdı, düz 15 ölkə və Türkiyə, Israil, Iran, müsəlman ölkələrinin bir çoxu! Belə bir dəyər haqqında danışarkən, yazarkən hər kəs ehtiyatlı olsa, yaxşı olar, hər kəs dilinə ölçü versə, Rəmişin də ruhu inciməmiş olar. Dedik axı, şəxsi həyat toxunulmazdır, hər kəsin özününküdür. Adamın şəxsi həyatına dil uzatmayın, kim olub, necə olub, niyə olub öz sirridi, öz sandığıdı, özüylə də çıxdı getdi. Bir ata sözündə də var axı, deyir, ölənin arxasıyca danışmazlar! Görürəm, qaragüruh camaat yenə başlayıb Rəmişi yamanlamağa, haqqında çox pis-pis şeylər danışmağa, yazmağa. Ayar, ölçü bilmədən, az qala, Allahsızca! Həyatı zirzibillə dolu, geriyə baxmağa üzü olmayan, ömründə zərrə uğuru olmayan insanlar qalxıb Rəmişə söz atırlar, hədyan püskürürlər. Ayıb olsun! Təbii, yaraşdırmıram heç kimə bunu, kimsəyə rəva görmürəm. Ümumiyyətlə, bu camaat öz şəxsi həyatı qala-qala başqalarının şəxsi həyatını saf-çürük etməklə, danışıb qeybətə çevirməklə cılızlaşdıqca cılızlaşır. Əlbəttə, bu kütlə özbaşına da deyil əslində, bu qaragüruh bir xətt üzrə yönləndirilir desək, yalan olmaz. Bunun hamısını edən də idarəçilərinin başı qavalı, onun danqıltısını xatırladan internet media-xəbər, TV quruluşlarıdır maləsəf! Gerçək mənada çox çılızlaşmışıq! Gəlin, nəhayət, yolun ağına düşək, hə, öz yolumuza dönək, üzr istəyirəm, bambılılıq bizə yad keyfiyyətsizlikdir, bizi gerçək mədəni, sivil Xalq edəcək yolumuza dönək ən yaxşısı, yolun Ağ olan hissəsinə! Rəmiş də ordadır öz saflığı ilə. Nəhayət, Rəmiş elə bir ucalıqdır ki, ona söz atanın boyu, həmin ucalıqdan boylanıb baxanda, gözəgörünməz olur, itib qeyb olur. Atdığı daş qayıdıb öz başına dəyir, öz çiyninə çox ağır gələn başına!

ALLAH sənə rəhmət eləsin, ay Rəmiş! Səni və divardakı yetim mismardan asılı qalmış sahibsiz Qırmızı Gitaranı gözümüz, qulağımız hələ çox axtaracaq. Səni doğma torpağın, evin, ocağın Ağdamda, Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə, Əsgəranda, bütün Azərbaycanın ən dilbər guşələrində axtaracaq, xatırlayacaq, qəlbimizdə daim yaşadacağıq! Qəbrin nurla dolsun, Rəmiş! Amin!