adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Aprel 2021 11:03
30654
ƏDƏBİYYAT
A- A+

Bu suala cavab ver, Emin Piri!

(4-cü yazı)

 

Hər şairin bir xəyali obrazı olur... Yalnız bir... Sadəcə, hərdən onu yer üzünə endirir, kiməsə bənzədir, kiminsə gözlərində həbs edir... Ta o zamana kimi ki, o ayaqları yerə dəyənin xəyalındakı olmadığını anlayır... Bax, o zaman qırılır, tökülür xəyalları... Adını da qoyur -"xəyal qırıqlığı"...

 

Səni sevmək,

zülüm bir iş,

burda doğulmaq kimi,

Alın yazısını

sondan əvvələ oxumaq kimi...

Səni sevmək

müsəlman orucunda iftara gələn

çoxillik şərab kimidi...

 

Uşaqlıqda bir nağıl oxumuşdum. Bir padşah üç qızını yanına çağırıb soruşur:

-Məni nə qədər çox istəyirsiniz?

Qızların ən kiçiyi deyir:

-Duz qədər.

Padşah necə acıqlanırsa, qızını ölkədən qovdurur... Nağılın sonunda anlayır duzun dəyərini, qızının da sevgisini...

İndi biz şairiq axı... Yazırıq... Yazdıqlarımızı bax, o balaca qız demiş, "duz qədər" çox istəyirik...

Və bəzən, nağılların ən gözəl yerinin bizdən necə gizlədildiyini çox gec anlayırıq... Çox gec...

 

"Kişilər ağlamaz"-deyən anam

yerimə özü ağlardı...

Nağıl söylərdi...

Göydən üç alma düşməzdi nağıllarında,

deməzdi bunu anam-

birdən ürəyimiz alma istəyər...

 

Biz uşaq olanda... Boyumuz elə tez uzanırdı ki... Ayaqqabımız elə tez balacalanırdı ki... Yetmirdi, bir də o sinif şənlikləri vardı ha! Zəhləm gedən sinif şənlikləri... Varlı uşaqlar təşkil edirdi onu həmişə... Və onlar lazım olan pulu on gün öncədən yığırdılar... "Yadımdan çıxıb evdə qalıb"-demək də yadımızdan çıxırdı bəzən... Axı, yalana tez alışa bilmirdik... O şənliklərdə ən sonuncu pul verənlərdən olurduq deyə hamı üzümüzə tərs-tərs baxırdı... Stolun üstündəki almanı da ürəklə götürüb dişimizə çəkə bilmirdik. Qonşudan borc alınan pula alma alıb sinif şənliyində stolu bəzəmək hikkənin son anı idi...

 

Hindus olmasaq da,

atamızın cibinə görə

bölmüşdülər bizi

sinif otaqlarında

Kastalara.

 

Böyüyürdük... "Adam olurduq"... Nələrisə gizlətməyi, hardasa nəyisə düzgün deməməyi öyrənə-öyrənə uşaqlıqdan gəncliyə doğru addımlayırdıq... Güzgülərdən utanmırdıq, çünki, heç baxmırdıq da... Paltarımızın bozarmış rəngindən utananda hardan biləydik ki, gün gələcək, rəngi getmiş ümidləri qorumaqçün ürəyimizi lənətləyəcəyik?! Olmayan oyuncaqlarımızdan danışmaq qədər dilimizə ağır gələn heç nə yox idi onda...

 

Oynayanda belə varlı uşaqları

Bizi özlərinə yaraşdırmazdılar...

Paltarının yamağını gizləməkdi

varlıların gözündən

Kasıb uşaqların oyunu.

 

Bu yazını yaza-yaza iş otağının aynasından eşiyə baxıram arada... Yağış yaman selləmə yağır... Balaca bir budaq üstündə bir-iki yarpağı özünü pəncərəyə çırpır ki, onun da gərəksiz olmadığını anlayım... Axı, o da bapbalaca boyu ilə yarpaqlayıb... Hələ gələn il çiçək açmağa, bar gətirməyə olan iddiasına bax! Lap elə gənc yazarlar kimi... "Bizim kimi" deməyə utandım...

Biz də, o ağac da, o yağış da... Hamımız Tanrının kölgəsində özümüzü daha məsud, daha qayğısız hiss edirik... Hələ, bəlkə, daha çılğın... Ya da... Bəlkə elə biz özümüz də, gördüklərimiz, yaşadıqlarımız da sadəcə, Tanrının kölgəsidir? Bu suala da özün cavab ver, Emin Piri!

 

 

Şəfa Vəli