adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Aprel 2021 11:19
110127
MÜSAHİBƏ
A- A+

Səbinə Gözəlova: “Şuşa da azaddır, atamın ruhu da..."  -  MÜSAHİBƏ

Bu gün Ağdamın - Azərbaycanın igid oğlu Mikayıl Gözəlovun doğum günüdür.

Yaşasaydı hamımız birlikdə bu qəhrəman eloğlumuza ürəyimizdən kecən təbrikləri ünvanlıyardıq.Təəssüf ki, yaşamadı, yaşatmadılar. Hər bir kəlməsi ox olub, düşmənlərimizin də, düşmənlərimizə xidmət göstərən sapı özümüzdən olan baltaların - satqınların da ürəyinə-gözünə batdı. Və elə o gündən Mikayıl Gözəlovun ölümünə fərman verildi.

Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun sənaye və mülkü tikintilər fakültəsinə qəbul olub. 1969-cu ildə təhsilini başa vuraraq təyinatla Şuşa şəhərindəki 92 nömrəli Tikinti İdarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlasa da, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib.

1982-ci ildə Respublika Sənaye Tikintisi Nazirliyinin Xankəndində yerləşən 9 saylı DQMV Tikinti Trestinə rəis müavini təyin edilib. 1988-cu ildə Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib. Azərbaycan prezidentinin fərmanı ilə 1991-ci ilin noyabr ayının 7-də Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gözəlov Şuşanın və Dağlıq Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərib, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirdib. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub.. Bu hadisədən cəmi 21 gün sonra- 11 dekabrda iş kabinetində güllələnərək öldürülən Gözəlov da hədəfdən yayına bilməzdi və həyatına qəsd edilən igidlərin siyahısı getdikcə böyüyürdü, böyüdükcə isə torpaqlarımızın işğalı reallaşırdı. Şuşalıların etiraf etdiyi kimi Gözəlovun qətlə yetirilməsi Şuşanın işğalının yaxınlaşmasından xəbər verirdi.Qətli həyata keçirən Elbrus İbrahimov Şuşada təcili yardım maşınının sürücüsü idi və 27 illik məhkumluq həyatından sonra o 2019-cu ilin yanvarında həbsxanada rəhmətə gütdi. Məzarı Mərzili kəndindədir.Qeyd edək ki, yurdunda dörd övladı qalıb . Sona, Səidə, Səbinə, Müşfiq...

MÜSAHİBƏ

M. Gözəlovun qızı Səbinə Gözəlova ilə bu gün-atasının doğum günü ilə bağlı söhbətləşdik:

- Səbinə xanım, Şuşa düşməndən azad edilən gün hansı hissləri keçirdiniz? Mikayıl Gözəlovun uşaqları o gün nə düşündü?

-27 sentyabr Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayanda Qarabağla bağlı içimdə uzun illər arzu olaraq qalmış bütün duyğularım baş qaldırdı. İnanırdım ki, müzəffər ordumuz da, Ali baş komandanımız da bizə qələbə sevinci yaşadacaqlar. Yaşatdılarda! Şuşanın erməni terrorçu ordusundan azad edilməsi xəbəri bizim ailədə sevinc göz yaşları ilə qeyd olundu. İlahi gözümüzdə nə qədər yaş varmış?(gülür) Mən Səidəyə zəng vurdum, Səidə Sonaya, Sona Müşfiqə... Televiziyadan hamımımız izləyirdik, amma elə bil sevincimizi bölmək ehtiyacımız vardı... Ona görə də bir-birimizi yığırdıq, eləcə, bir kəlmə “Şuşa” deyib, göz yaşlarımızı silirdik, səsimiz çatınca bağırırdıq, gülürdük... Atamın yolunda canını verdiyi doğma yurdumuz artıq Azərbaycan Ordusunun nəzarətindəydi. Əntiqə xanım, həmin günü hisslərimizi sizə danışıram , amma bilirəm ki, olduğu kimi ifadə edə bilmirəm...Kaş ki, həmin gün bizim ailəmizin içərisində olaydınız. Bizim hansı hisslər keçirdiyimizi görəydiniz ...

- Son dəfə Şuşa da nə vaxt olmuşdunuz?

- Atam qətlə yetiriləndə mənim 6 yaşımın içində idim. Dumanlıda olsa, cox şey yadımdadır. Xüsusən şəhərdə mərmi səsləri gələndə binamızın sakinləri ilə birgə zirzəmilərə yığıldığımız anları unuda bilmirəm. Hamının gözündə bir təşviş, biir həyəcan...Böyüklərdən birbaşa bizədə sirayət edirdi o əhval-ruhiyyə...Nadinc, dəcəl uşaqdan əsər-əlamət qalmırdı, dönüb olurduq böyüklər kimi sakit, narahat, gərgin , amma təmkinli bir “adam”. Şəhərə aramsız mərmi atılırdı. Biz həmin gün yenə zirzəmiyə düşmüşdük. Xeyli sonra evə döndük. Zirzəmiyə tələsik düşəndə televizoru söndürməmişdik, unutmuşduq. Televiziyada kişi diktorun kədərli səslə dediyi; Şuşanın icra başcısı Mikayıl Gözəlov öz iş otağında qətlə yetirilib” cümləsi illər kecsə də hələ də yaddaşımdan silinməyib. 11 dekabr- Həmin gün atamı dəfn etmək üçün Ağdamın Mərzili kəndinə gəldik və o bizim Şuşadan sonuncu gedişimiz oldu.

- Şuşaya getmək istəyərsinizmi?

- Təəssüf ki, hələ o cənnətə ayaq qoya bilməmişəm, yəqin ki, tez bir zamanda gedəcəyəm. Axı orda atamın ruhu dolaşır...

- 29 ildən sonra atanızın doğum gününü necə qeyd edirsiniz?

-Bilirsiniz, atasızlıq çox böyük bir dərddir, həyatımıza müəyyən qədər təsir edib. Maddi cəhətdən hec bir sıxıntı yaşamamışıq. Dördümüzdə ali təhsil almışıq. Ailə qurmuşuq, işlə təmin olunmuşuq. Bunun ücün bizə dəstək olan hər kəsə ailəmiz adından təşəkkür edirəm. Amma atanın bir nəvazişli baxışının yerini yüz min sərvət, təmtəraqlı həyat verə bilməz. Elə olub ki, imtahandan 5 alanda, sevinclə universitetin qapısından cıxanda gözlərim atamı gəzib, Həmin vaxt ürəyimdən kecib ki, kaş atam da qapının qarşısında gözləyən valideynlərin arasından cıxıb gələ, mən də sevinə-sevinə onun qucağına atılam, qışqıra-qışqıra, sevinə- sevinə deyəm ki: Ata, qızın “əla” aldı.Düz 29 ildir, atamın nigaran ruhunun, nigaran qəbrinin xiffətin çəkmişəm. O möhtəşəm qələbə mənim nigarançılığımın, kədərimin, qəmimin üstündən xətt çəkdi. Bu gün ilk dəfə atamız üçün acı göz yaşları tökməyəcəyik, nəinki tək onun bütün şəhidlərimizin qisası alınıb.

-Vətən müharibəsində igidlərimiz torpaqlarımızın azadlığı üçün canlarından keçdilər. Şəhid oldular. O şəhidlərin övladlarına nə demək istərdiniz?

- Əvvəlcə bildirim ki, yuxarıda qeyd etdiyim kimi ata əvəzsiz nemətdir, həyat onsuz çox cansıxıcı keçir. Amma düşünün sizin atanız ən müqəddəs zirvəyə yüksəlib. Xalqın ən çox sevdiyi müqəddəs bildiyi şəxsə çevrilib. Siz hər addımda, dövlətin də, xalqın da şəhid övladına olan sevgini, isti münasibəti duyacaqsınız.Şuşa camaatı atamı o dərəcədə hörmətlə anır , onu o qədər sevir ki, atamın bizə yox, özünü xalqına həsr etməsinə artıq təəssüf etmirəm. Şəhid övladları şəhidlərimizin xalqa əmanətidir. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!Şəhid övladlarına isə həm atalarının adına, həm də vətətnə -xalqa layiq övlad olmağı arzulayıram!

- Səbinə xanım, müsahibəyə görə təşəkkür edirəm! Atanız- nəinki şuşaların, bütün Azərbaycanın hörmətlə yad etdiyi Mikayıl Gözəlovun ruhu şad olsun! 73 yaşı mübarək!

Söhbətləşdi: Əntiqə Rəşid