adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Mart 2021 12:12
40206
ƏDƏBİYYAT
A- A+

İŞĞAL - Nizaməddin Şəmsizadə yazır

(mənşəyi və genelogiyası)

 

Hələ 60-cı illərdə orta məktəbdə oxuyarkən Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun “Vaqif” dramında Vaqif rolunda çıxış etmişdim. Ona görə də əsəri əzbər bilirdim. O vaxtdan bəri bəzi misralar yaddaşımda qalıb:

Bir yandan Türkiyə, bir yandan İran

Burdan da Rusiya göndərir fərman

Pozmaq istəyirlər cah-calalımı.

Bu misralar 60 ildir ki, zaman-zaman məni düşündürür. Böyük şairin bu misraları indi – Qarabağ uğrunda Vətən müharibəsi getdiyi, qürur və kədər arasında çırpındığım günlərdə mənə aydın oldu: Azərbaycan üç imperiyanın əhatəsindədir. Biri dost və qardaş, ikisi bizim varlığımızı istəməyən, Azərbaycanı Araz adlanan, qılınc ilə ikiyə bölən! Bu ədalətsiz bölgü – tarixi cinayət Azərbaycan xalqının iştirakı olmadan həyata keçirilmiş İŞĞAL aktı İran və Rusiya arasında bağlanan, “Kürəkçay” (1805), “Gülüstan” (1813) və “Türkmənçay” (1828) işğal aktları ilə, özü də hər üçü Azərbaycan torpağında həyata keçirilmişdir. “Kürəkçay” İşğal aktı Knyaz Sisyanov və İbrahim xan, “Gülüstan” Nikolay Ptişşev və Mirzə Əbdülhəsən xan, “Türkmənçay” General İvan Paskeviç və Şahzadə Abbas Mirzə tərəfindən imzalanmışdır.

Fəqət, işğal XIX əsrdən başlanmır. Onun mənşəyi və genelogiyası daha qədimdir. O, rusların Azərbaycan torpağına ayaq basdığı dövrdən – IX əsrdən başlanır. Əvvəlcə Don və Volqa (İtil) çayları vasitəsi ilə kiçik gəmilərdə ticarət məqsədi ilə gələn ruslar bu ölkənin gözəlliyinə vurulub, ona sahib çıxmaq kimi işğalçılıq niyyətinə düşürlər: “X əsrdə rusların bu ərazilərə gəlişinin məqsəd və mahiyyəti tamamilə dəyişdi. Əvvəllər 15-20 gəmidən ibarət kiçik dəstələrlə ticarət məqsədi ilə gəldikləri halda, indi yüzlərlə gəmi ilə səfərə çıxanların niyyəti qarətçilik və işğalçılıq idi.

914-cü ildə 500 gəminin hər birində 100 nəfər olmaqla Azərbaycanın Xəzər sahillərinə 50 mindən artıq rus gəldi... 938-ci ildə ruslar 38 gəmidə Bakı sahillərinə gəldi – Şirvanşah Məniçöhr İbn Yəzid onlarla vuruşdu, məğlub oldu. (“Azərbaycan tarixi” Bakı, Azərnəşr, 1994, səh. 280) Kür çayı vasitəsi ilə gedib, gəmiləri Mübarəki adlı kənddə saxlayıb, 944-cü ilin avqustun 24 də onlar Bərdəni mühasirəyə alırlar (281). Azərbaycanda işğalın mənşəyi bu vaxtdan başlanır və 1100 davam edir...

Erkən orta əsrlərdə Azərbaycanda ən böyük İşğal Ərəb işğalı – dini işğaldır. İslam dini meydana gələndən az sonra – 639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı ilə ərəblər Azərbaycana basqın edir və şiddətli müqavimətə rast gəlir. Bu artıq ərazi işğalı, yaxud siyasi işğal deyildi. Mənəvi işğal – yadın yaddaş üzərində hökmranlığı başlanması idi. “VII əsrin 60-cı illərində xilafət hakimiyyəti daxilində bir sıra hadisələr baş verdi. 661 ci ildə Xəlifə Əli İbn Abutalıb Kufə şəhərində müxalifətçi... Əbdürrəhman İbn Mülqəm tərəfindən öldürüldü. Xilafətdə hakimiyyət Əməvilər sülaləsinin (661-750) əlinə keçdi. Bu sülalənin nümayəndələri Müaviyənin (661-680) və oğlu I Yəzidin dövründə ərəblərin işğalları daha da şiddətləndi. Əmin-amanlıq pozuldu” (səh.243). Elə buna görə də əməvilərə qarşı narazılıq artdı, bu 750-ci ildə Abbasilər sülaləsinin (750-1258) hakimiyyətə gəlməsi ilə nəticələndi. Olduqca qəddar olan V Abbasi xəlifəsi Harun ər-Rəşidin zamanında (786-809) işğal daha da gücləndi. Ərəb işğalına qarşı Xürrəmi ideologiyasının və qəhrəman Babəkin mübarizəsi Azərbaycanın işğala qarşı azadlığı uğrunda müharibəsinin ən şərəfli tarixi idi. “Xürrəmilər tarixdə ilk dəfə olaraq, yadelli işğalçılara qarşı mübarizədə azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmış və qırmızı paltar geymişlər” (səh.258). Babəkin Azərbaycanın azadlığı uğrunda mübarizəsi xalqımızın əbədi düşməni olan erməni Səhl Smbatın xəyanəti nəticəsində məğlub oldu.

1220-ci ildə Monqollar ilk dəfə Azərbaycana daxil olanda, ruslara yer olmadı. 1225- ci ildə Azərbaycan Atabəylər (Eldənizlər) dövləti süqut etdi. 1234-cü ildə Monqollar ikinci dəfə Azərbaycana soxuldu, 1239-ildə Dərbənd şəhərinin zəbti ilə bütün Azərbaycan Monqollar tərəfindən istila olundu (“Azərbaycan tarixi” səh 322).

Hülakü xan (1258-1265) 1256-cı ildə Azərbaycanı, 1258-ci ildə Bağdadı istila etdi və 500 ildən artıq hökm sürən Abbasilər süquta uğradı. Beləliklə, yeni zəbt edilmiş ərazilər hesabına V Monqol Ulusu – Hülakülər (Elxanilər) dövləti yarandı. Azərbaycan dövlətin siyasi – insibati ərazisinə çevrildi. Təbriz, Abaqa xanın zamanından başlayaraq, dövlətin paytaxtı oldu. (“Azərbaycan tarixi”, səh.325). Beləliklə, işğalçılar dəyişdi, işğal olunan – Azərbaycan dəyişmədi.

1385-ci ildə Toxtamış gəldi, işğal etdi, çoxlu qənimət və iki yüz min əsir apararaq, Qarabağdan qızıl Qızıl Ordaya getdi.

1387-1397-ci illər arasında Təbriz şəhəri yerli hakimlər tərəfindən 14 dəfə hücuma məruz qaldı, 14 dəfə bir feodalın əlindən digərinə keçdi, nəticəsi bu oldu ki, 1392-ci ildə Əmir Teymur gəlib Təbrizi işğal etdi. Bu proses Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin vaxtına qədər davam etdi. Bu zamandan etibarən, işğalın forma və məzmununu dəyişdi.

Bir fakta nəzər salaq: “1463-cü il dekabrın 2-də Venesiya respublikasının senatında Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Qaraqoyunlu bəyliyi ilə ittifaqa girmək haqqında xüsusi məsələ müzakirə edildi.” (375). Həmin proses Səfəvilər dövlətinin təşəkkülünə qədər davam etdi. Şirvanşahlar, Atabəylər və Səfəvilər Azərbaycan tarixinin ən şərəfli dövrü, dövlətçilik zirvələri idi. Səfəvilər dövləti (1501-1736) də Rusiyasız keçinə bilmir. 1553-cü ildə Səfəvi Səfiri Hüseyn Türkiyəyə qarşı müqavilə bağlamaq niyyəti ilə Moskvaya getmişdi.

1524-cü il, mayın 23-də, 37 yaşında Şah İsmayıl Xətai qəflətən vəfatından sonra oğlu I Təhmasib taxta çıxır (1524-1576) ölkəni idarə etməyə başlayır. I Təhmasibin vəfatından sonra oğlanları Məhəmməd, İsmayıl və Heydər arasında hakimiyyət üstündə mübarizə gedir. II İsmayıl (1576-77) hakimiyyətə sahib olur. Bir il keçməmiş saray çevrilişi nəticəsində İsmayıl qətlə yetirilir.

1578-ci ildə Şah İsmayılın nəslindən olan Məhəmməd Mirzə - Xudabəndə Qəzvinə gəlir və taxta oturur (1578-87), (bax. Azərbaycan Tarixi səh.429). Xudabəndənin oğlu Şah Abbas varlı bir fars tacirinin malikanəsində fars və erməni uşaqları arasında böyüyür, fars dayələrindən təhsil alır “fars tacirinin qızlarına dərs deyən erməni Tatevos Manukçi evə gözəl erməni qızları gətirir, xüsusilə qızı Marqonun gənc Abbasla görüşlərini təşkil edir” (Elcanlı S. “Mənim mövqeyim”, 1999, səh.381). 17 yaşına çatanda Abbas təhqir və hədələrlə atası Xudabəndəni xəstələndirir, Xorasan hakimlərinin köməyi ilə Səfəvi dövlətinin şahlığını əlindən alır. Hakimiyyətinin ilk aylarından imzaladığı bir neçə fərmanla Azərbaycan Səfəvi dövlətini İran dövləti, özünü İran şahı, dövlətin dilini fars dili elan edir, Zəncan, Xoy, Maku, Rəşt şəhərlərinə erməniləri köçürür, sarayda doqquz erməni kənizi saxlayır gecə gündüz onlarla əylənir (İsgəndər Münşi).

1588-ci ildə Işah Abbas Rusiya səfirini sarayında qəbul edərkən ona demişdi: “Osmanlılara qarşı müharibədə əgər çar onu dəstəkləyəcəksə, Bakını və Dərbəndi ona verəcək” (Raxmani “Azerbaydjan v konse XVI-XVII veke”, Baku, 1981, st.98).

Beləliklə, bu işğal silahla yox, fars və erməni siyasəti ilə icra olunur. Icraçı “sapı özümüzdən olan balta” – nağıllarımızda nəyə görəsə “cənnətməkan” adlanan əslində isə cəhənnəmməkan olan Şah Abbas idi. Səfəvi imperiyası Rusiya ilə həmsərhəd olan yeganə dövlət idi. Qüdrətli Səfəvi imperiyasının süqutundan sonra Azərbaycanda yaranan, faktiki olaraq Azərbaycanı parçalayan kiçik dövlətlər ilan gülləyə doğru gedən kimi Rusiyaya doğru gedirdilər. Stepan Razinin üsyanı ilə (1650-1671) rusların XVIII əsrə - xanlıqlar dövrünə qədərki, işğalçılıq siyasəti başa çatır. Bu siyasət ticarət adı altında aparılırdı.

Milli qeyrət şairimiz Mirzə Ələkbər Sabir, 1909-cu ildə ürək ağrısı ilə yazırdı.

Neyləyim ey vay! Bu urus başlılar

bilməyirəm hardan aşıb-daşdılar!?

Ölkədə gündən-günə çoxlaşdılar.

Hər əmələ, hər işə culqaşdılar.

Qoymayın, ay köhnələr, ay yaşıdlar!

Heyvərələr hər yerə dırmaşdılar. (Hohhopnamə, s.172)

Rusların Azərbaycanda (eləcə də Yaxın Şərqdə, xüsusilə türk – islam dünyasında!) İşğalçılıq sıyasəti vahid (və əbədi!) proqram – I Pyotrun “Vəsiyyətnamə”si əsasında aparılmağa başladı. 1725-ci ildə yazılıb, 1738 –ci ildə elan edilmiş bu “vəsiyyətnamə” Rusiyanı İmperiya elan edən, onun işğalçılıq siyasətinin prioritetlərini müəyyənləşdirən sənəd idi. “Vəsiyyətnamə”nin bəzi müddəalarına nəzər salaq:

· Rus dövləti həmişə müharibə müvazinəti hazırlamalıdır və çalışmalıdır ki, bu hazırlıq Rusiyanın tərəqqisinə səbəb olsun;

· Rus qızlarını türk oğlanlarına verməli;

· Rus sərhədlərini genişləndirmək övladlarının vəzifəsidir;

· Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya Avropa xəzinələrinin açarı olan İstanbul olsun, tez və yerində çalışıb İstanbulun qərb torpaqlarına sahib olmaq lazımdır.

Əlbəttə İstanbula sahib olan şah, dünyada ilahi şah olacaqdır. Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad tötətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məsələləri arasındakı ixtilaflar böyük kəskin silah və basılmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni və şiə ixtilafları yaxşı bir vasitədir. Türkiyə ilə İran dövləti arasındakı müvazinəti elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsin.

· Islam əqidəsini Asiyadan uzaqlaşdırmaq, Xristian dini əqidəsini və mədəniyyətini orada ciddi təbliğ etmək, yaymaq lazımdır.

· Türkiyə dövləti məhv olmadan İranın canını almaq məsləhət deyil.

· Gürcüstan ölkəsi, Qafqaz xətti İranın şah damarıdır...Ona görə də siz vaxtı yubatmadan Qazqazı zəbt və işğal edib, İranın daxili hakimlərini özünüz xidmət və müti edəsiniz;

· Hindistanın açarı Türkiyənin paytaxtıdır;

· Türkiyəni Avropadan ayırmalı;

· Işin axırında sair ölkələrin hamısını öz məmləkətimizə ilhaq edib, bütün dünyaya sahib olarsınız (bax: “Dirilik” jurnalı, 1916, səh.42). Rus dövləti 180 ildir (bu gün də!) bu işğal və ilhaq sənədi əsasında fəaliyyət göstərir. Xalq şairi Nəriman Həsənzadənin “Xarıbülbül” poemasında belə deyilir:

Pyotrun vəsiyyəti

hələ indi üzə çıxır

Yollar gedib İstanbula

Ordan da Təbrizə çıxır

Şah vermişdi

Naxçıvanı, Qarabağı

Rusun qəsdi

Təbrizədi.

Vicdanlı rus alimi əsl ziyalı yazır:

“Стремление изучить своих врагов пробуждало русское провительство спесиально собираеть сведение о турках и крымсих татарах, посылать для етой целей к ним своих посолства, знакомится с литературы европейской стран, посвященной истории государственному устройству и религии турк и татар» (Симернов Н.А «Очерки истории изучения Ислама в СССР», 1954, ст.17).

Deməli, ruslar ərazisini işğal etdiyi xalqların yaddaşını da işğal edir. Mədəni sərvətlərini də istila edirdilər. Bu daha amansız işğal idi. Ərazini qaytarmaq olar, MƏNƏVİ İTKİLƏRİ QAYTARMAQ ÇƏTİNDİR.

Bu I Pyotrun irəli sürdüyü və rus dövləti tərəfindən illərlə həyata keçirilən “Parçala və hökm sür!” işğal prinsipinə sərfəli idi.

Milli istiqlal şairi Məmməd Araz XX əsrdə bu faciənin poetikasını yaratdı:

Ey daşlaşan, torpaqlaşan

ulu babam!

Qədim tarix dərəsindən

səs ver mənim səsimə sən

Sənə gələn, səndən ötən

nəydi belə? –

səndən ötüb qardaşına dəydi belə

O məstliyin

baş fırladan

havasından qopan daşdı.

Azərbaycan torpağından

Araz boyda şırım açdı.

Məndən ötdü...

Bunu dedi Şəki xanı

Bunu dedi Bakı xanı

Bunu dedii İbrahim xan,

Fətəli xan, Kəlbəli xan

Qəza ötsün məndən dedi

Ötən kimi “mən-mən” dedi

Onlar “mən-mən” deyən yerdə

Sən olmadın Azərbaycan!

Səndən, məndən ötən zərbə

Vətən, Vətən sənə dəydi! (Məmməd Araz, Seçilmiş əsərləri, B, 2003, S.15-16)

Etibarlı mənbələrdən birində oxuyuruq: “Fətəli xan II Yekaterinadan Quba xanlığını himayəsinə götürməyi bir daha (!) xahiş etdi” Xudat yaxınlığında – Gavduşan çölündəki döyüşdə (1774) məğlub olan “Fətəli xan rusiyaya müraciət edərək kömək istədi. 1775-ci ilin martında general U.F.-de Medemin başçılıq etdiyi rus qoşunları Dərbəndə yaxınlaşır (ASE- III cild, səh.253-254). Bundan əvvəl Fətəli xan Azərbaycan xanlarını vahid dövlət kimi birləşdirmək uğrunda mübarizə aparırdı, fəqət bu iki səbəbə görə baş tutmadı:

1. Xanlar öz hakimiyyətlərini itirmək istəmir. əksinə bu niyyətdə olan Fətəli xana qarşı döyüşə başlayırlar;

2. Belə bir təşəbbüs ayrı-ayrı xanları idarə edən rus siyasətinə zidd idi. Bir tarixi fakta nəzər salaq: “1726-cı ilin sonu, 1727-ci ilin əvvəllərində (Bu zaman I Pyotrun sənədi vəsiyyətnaməsi hazır idi) Quba xanlığı rusiya himayədarlığına qəbul edilir... 1726-cı ilin oktyabr ayının 20-də Dərbənddə qubalı Hüseynəli bəyRusiya himayəsini qəbul etdiyini bildirdi və sədaqət andı içdi” (Şahin Fazil “Quba tarixi”, 2010, səh 96). Əgər Fətəli xanın nəcib təşəbbüsü baş tutsa idi, Azərbaycan Amerika birləşmiş Ştatları formatında vahid bir mərkəzdən idarə olunan “Azərbaycan Xanlıqlar dövləti” səfəvilərdən sonra mərkəzləşmiş dövlət ola bilərdi. “ətəli xanın 1769-cu ildə rus konsulluğunun məmuru Matveyev ilə söhbəti zamanı qeyd olunmuşdur ki, onun atası Hüseynəli xan bu vəzifəyə I Pyotr tərəfindən təyin və təsdiq edilmişdir (bax: Abdullayev Q. “Azerbaydjan v XVIII веке i zaimoatnoşenie s Rossii”, 1965, səh. 89).

Rusiyanın köməyi ilə xan təyin olunmuş Hüseynəli xanın oğlu bu tarixi missiyanı yerinə yetirə bilməzdi. Ruslarla görüşdən qayıdarkən yolda verilən zəhər ona heç Qubaya çatmağa imkan vermədi, Bakı yaxınlığında vəfat etdi, Bibiheybətdə dəfn olundu. Baş daşı indi də Azərbaycan tarixi muzeyində saxlanılır.

Işğala bəzən biz özümüz getmişik, əlbəttə həmişə imperiyaların gizli təzyiqi və təkidi ilə!

Gələk XIX əsrə, podpolkovnik Abasqulu ağa Bakıxanov Tiflisə çar canişinin qərərgahına təzə gələn tərcüməçi prapovşik Mirzə Fətəli Axundzadəyə demişdir: “Mənim bu günüm, sənin gələcəyindir. Bunu yadında saxla” onda A.Bakıxanov Şərqə, M.F.Axundzadə isə Şimala gedirdi. A.Bakıxanov bəlkə də tövbə etmək üçün Məkkəyə gedirdi. Məkkə ziyarətindən qayıdanda Vadeyi – Fatimə adlanan yerdə o 1846-cı ildə 57 yaşında vəfat edir. Fəqət ruslar buna heç bir reaksiya vermədilər...

A.Bakıxanov bədnam “Türkmənçay” müqaviləsi bağlananda tərcüməçi kimi iştirak etmişdir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın Rusiya və İran tərəfindən işğalı rəsmiləşdirən bu müqaviləyə - işğala qarşı ilk etiraz edən qubalılar olmuşdur. 1837-ci ildə Hacı Məhəmməd və Yarəlinin başçılığı ilə 12 min Quba kəndlisi üsyan etdi. Lkin üsyan kortəbii kəndli üsyanı idi və həmişə olduğu kimi xəyanət nəticəsində məğlub oldu: 15 fəal üsyançı Quba meydanında asılaraq, edam edildi. Hacı Məhəmməd Sibirə Katorqaya göndərildi. Yarəli qaçaraq gizləndi və sonra gizli fəaliyyətini davam etdirdi (ətraflı bax: Sumbatzade A. “Kubinskoe vostanie 1837”, 1961; Mustafazadə T. “Quba xanlığı”, 2005; Şahin Fazil “Quba tarixi”, 2016 ).

M.F.Axundzadənin taleyi haqqında isə onun qədirsiz ölümündən sonra arvadı Tubu xanıma 1879-cu ildə çar canişin dəftərxanasına – M.Fətəlinin inanıb xidmət etdiyi rəislərinə göndərdiyi məktubdan öyrənirik: “Halbuki, qocalığında o, daim özünün uzunmüddətli, yarım əsrə yaxın olan qulluğuna güvənib, mənə toxtax verirdi ki, ölüm-itim olarsa, onun qayğıkeş rəisləri xidmətlərini layiqincə qiymətləndirəcək, oğlunun təhsilinin başa vurmasına imkan yaradacaqlar. Lakin belə bir mərhəmət və mənim ərimin sağlığında ona, nə də onun vəfatından sonra mənə göstərilmişdir”. Bir qədər keçəcək – Bir üzüm qaradır, bir üzün sarı \\ Fələk də götürməz bu əzabları (Ə.Qəmküsar) –deyə poeziyamız fəryad edəcək. Aldanış, inamdan sui istifadə yolu ilə, həm mənəvi, həm də siyasi-inzibati İşğal, XX əsrdə də davam edir. N.Nərimanovun V.İ.Leninə məktubunda məktubunda oxuyuruq: “Mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir... Ermənistana, daşnaqlara vermək, düzəldilməsi mümkün olmayan pis nəticələr verə biləcək səhvdir.

Əziz Vladimir İliç Lenin məgər “Müstəqil Azərbaycan” Sizin dilinizdən çıxmamışdırmı? Axı məhz buna əsaslanaraq, biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik. Üç respublikadan birinci olaraq sovet Rusiyasının qoynuna atılmış (!) Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir” (Nərimanov N. Seçilmiş əsərləri, Bakı, 2004, səh 466). Lakin, “oyanan Şərqin simvolu” N.Nərimanov “Zəngəzur və Naxçıvan uyezdləri sovet Ermənistanının bölünməz əraziləridir” kimi bəyanatı imzalayır...

Azərbaycanı İşğal etməyə, Azərbaycan Demokrativ Cumhuriyyətini devirməyə gələn “XI Qızıl Ordu”nun komandanı Mixayil Yefremova üzərində xəyanət cümləsi həkk edilmiş “...za doblestnoe vzyatie qor. Baku i Gandja” sözləri yazılmış qılıncı xalq adından şəxsi imza ilə bağışlayanlar hələ “Əziz Vladimir İliç tərəfindən aldadıldıqlarını bilmirdilər”. Bolşevik – daşnak hakimiyyətinə satılmış Əliheydər Qarayevə 1920-ci ildə M.Ə.Rəsulzadə demişdi: “Səni bolşevik qardaşların divara söykəyib güllələyəndə məni yada salarsan”. Çox çəkmədi, tarix bu həqiqəti 1937 də təsdiq etdi. Bu da mənəvi işğala təməl olan növbəti aldanış idi “Bu gün fərman verən, sabah can verir” di.(S.Vurğun).

1905-07, 1918-20, 1947-53, 1988! – bunlar Azərbaycanların öz dədə-baba torpaqlarında zorla deportasiya olunduğu tarixlərdi. Gəlmə ermənilər rusların köməyi ilə İrəvanı, Göyçəni İşğal edib özlərinə Ermənistan adlı dövlət yaratdılar. Bu proses 1828-ci il “Türkmənçay” işğal aktından sonra ermənilərin məqsədli şəkildə, kütləvi surətdə İrandan və Türkiyə ərazisindən köçürülməsi sayəsində baş verdi. Qarabağ problemi də elə bu zaman yarandı. SSRİ-nin axırıncı rəhbəri M.Qorboçovun yardımı ilə bir milyon Azərbaycanlı öz vətənində qaçqın düşdü, torpaqlarımızın iyirmi faizi işğal olundu. 366-cı rus alayının iştirakı ilə Xocalıda amansız soyqırım həyata keçirildi, şəhər əhalisi ilə birlikdə yer üzündən silindi. 30 il bu İşğala dözdük, beynəlxalq ictimaiyyətə, özünü demokrat adlandıran, insan hüquqlarını müdafiəçisi hesab edən dövlətlərə və təşkilatlara səbrlə qulaq asdıq, beynəlxalq hüquqa riayət etdik. Fəqət nə bu problemi çözməli olan Minsk qurupu, nə də sair təşkilatlar Azərbaycan xalqının qanuni tələblərinə məhəl qoymadı. Nəhayət 27 sentyabr, 2020-ci ildə, haqq divanı yetişdi, millətimiz və dövlətimiz özünə, ordusuna və baş komandanına güvəndi, tarix işğala son qoydu!

 

Nizaməddin Şəmsizadə,

Professor, Dövlət Mükafatı Laureyatı