adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ÜST-dən ÜST-dən insanlıq, altdan-altdan... Eminquey yazır

EMİNQUEY AKİF
61703 | 2021-03-03 11:00

Bir ildən çoxdur ki, insanları, daha doğrusu insanlığı qorumaq adına ÜST-ün dediklərini üstün tutaraq dünya ölkələri hərəkət edir. Qadağalar, insanları oksigendən məhrum etmək, hərəkətlərini məhdudlaşdırmaq, boynuna zəncir bağlamaq. Başdan-başa sərhədlərdən ibarət, o sərhədlər ki, qurbanlar hesabına müəyyənləşdirilib, eləcə də qurbanların hesabına pandemiya adı altında insanlar arası sərhədlər müəyyənləşdirilir. Hansısa ölkədə 2 metr, hansındasa 3 metr. Bir sözlə, həm dünyanın, həm də insanlığın sərhədləri dəyişdirilir. Nə zamana kimi davam edəcəyi naməlum olan bu proses sanki dünyada baş verən bütün fəlakətlərin qarşısına keçib bizə insanlıq dərsi verir. Avropa müəllimin “xoşbəxt ölkələr”inə baxıb həsəd aparmaya bilmirik. Ömrümüzü dünyaya çıxmağa, “xoşbəxt ölkələr”in xoşbəxt vətəndaşları olmağa hədəfləmişik. Bəs yaxşı, bizə insanlıq dərsi keçən, meydan oxuyan Avropa və digərləri özləri insanlığa neçə ağac yaxındır?

Suriyada dəvə oynadan İŞİD-çilərin xalqa etmədiyi zülm qalmadı. Gözümüzün önündə baş kəsdilər, videolarına baxdıq, psixologiyamız hiss etmədən pozuldu. Bu terrorçuların aparıb düşərgələrə tulladığı insanlar alver qurbanı oldu. Onları xilas etmək üçün külli miqdarda pul xərclənildi. Hamısı da ömür boyu özlərilə daşıyacaqları travmalar qazandılar. İstər fiziki, istərsə də mənəvi. İŞİD getdi, yerinə başqa terror təşkiları gəldi. İnsan alveri bitmədi, yenə də kimin pulu var, vətəndaşını xilas edir, kimin ki yoxdur, taleyi məlum...

ABŞ-dan dəstək alan yeni terror təşkilatının mərkəzi Suriyanın Haseki şəhərindəki Al-Hol düşərgəsidir. 62 min adamın saxlanıldığı bu düşərgəyə giriş də, çıxış da qadağadır. Həbsxanadan fərqi yoxdur. Orada saxlanılanların 80 faizi qadın və uşaqlardır. 45 faizi iraqlı, 40 faizi suriyalılar, qalanını isə Asiya, Avropa və Afrikadan gələnlər təşkil edir. Kim ki döyüşməyə gəlmişdi, ailəsini, arvadını, uşağını da gətirmişdi.

İŞİD-in tərəfində 2 min suriyalı, 1600 iraqlı, 1700 qarışıq millətlər, 2500 milliyəti bilinməyən əcnəbi terrorist var. Ümumilikdə 11 min adam. Araşdırmalara görə, 57 ölkənin vətəndaşı var İŞİD-in cərgələrində. Asiya, Avropa və Afrika üstünlük təşkil edir.

Düşərgədə hərc-mərclik yaranıb.

Bu ilin ilk iki ayında 20-dən çox, keçən il isə 33 cinayət hadisəsi baş verib. Yəni bu düşərgədə tutulan, yaşayan heç kimin təhlükəsizliyi qorunmur. BMT-nin statistikasına görə 2019-cu ildə 500 gözətçi var idisə, bu say artıq 400-dən də aşağı düşüb. Pandemiya deyib bar-bar bağırılsa da, bu düşərgədə virus gözardı edilir.

İŞİD terror hücumlarını sürətləndirdiyi tarixlərdə əlindəki əsirləri pul müqabilində buraxırdı. İndi Al-Hol düşərgəsindən adam çıxartmağın qiyməti 3-4 min dollar arasında dəyişir. Əgər alveri edən diribaşdırsa, “ailə endirimi” filan da edirlər.

Düşərgədə tutulan vətəndaşlarının canı başda Avropa Birliyi olmaqla, digər Qərb ölkələrinin də veclərinə deyil. Onları xilas etmək uğrunda güc, pul sərf etmirlər. Əgər kimsə öz ölkəsində məhkəməyə müraciət etsə, desə ki, mən o düşərgədə saxlanılan filan adamın qohumuyam və bunu təsdiq etsə, terror təşkilatı ilə əlaqə qurulur, yalnız uşaqlar xilas edilir. Qalanlarının isə canı cəhənnəmə.

Bəzi Qərb ölkələri düşərgədə olan insanlarını vətəndaşlıqdan çıxarmaqla çıxış yolu tapır.

Təsadüfi deyil ki, İsveç Xarici İşlər naziri BMT-nin tənqidinə, qınağına “İŞİD-ə qoşulanları geri qaytarmaq kimi öhdəliyimiz yoxdur” deyə cavab vermişdi.

Təsəvvür edin, terrorun qucağında dünyaya gələn, gözünü açan kimi aclıqdan əziyyət çəkən, atışma səsi eşidən, bomba partlayışları ilə qidalanan uşaqlar gələcəkdə potensial terrorçuya çevrilə bilər.

Dünya isə həmişəki kimi üç meymun siyasətini davam etdirir. Və bu gün öz vətəndaşlarını terrorun qucağında kimsəsiz qoyan həmin ölkələr bizə insanlıq dərsi keçir və insanlığı xilas etmək uğrunda tapşırıqlar verir.

ÜST-dən ÜST-dən insanlığın xilaskarı görünənlər, altdan-altdan insanların məhvinə göz yumur, maska taxır...

 

  • Aprel:
  • 5

TƏQVİM / ARXİV