adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Mart 2021 16:03
33607
ƏDƏBİYYAT
A- A+

“Məni şairdən çox, jurnalist kimi tanıyırlar”- MÜSAHİBƏ

Müsahibimiz gənc yazar Vasif Əlihüseyndir.

-Vasif, “Ayrılığın rəngi” hansı rəngdir?

- Doğrusu, ilk kitabıma bu adı redaktorum seçmişdi. Amma mən nədənsə ayrılığı hansısa rəngdə görmürəm. Adamdı həyatından gedir və ayrılırsan.

 

Özüm də yorğun oluram, hislərim də

 

-Düşünmürsən ki, biz hislərimizi mənalarla çox yükləyirik? Hətta deyərdim hislərimiz verdiyimiz mənalardan əziyyət çəkir.

- Bəlkə də elədir. Mən özüm bir yaradıcı adam olaraq çox yüklənirəm. Həm işləməlisən, həm ailəni dolandırmalısan, həm də yaradıcılıqla məşğul olmalısan. Özüm də yorğun oluram, hislərim də. Ona görə düşünürəm ki, biz hislərimizi mənalardan çox, sosial problemlərlə yükləmiş oluruq.

-Azadlıq-onu divara yazmaqdan o yana keçə bilmir sənin dünyanda?

- Doğrudan da maraqlıdır. Dünyada ən ağır cinayət törətmiş insanı belə cəzalandırmaq üçün azadlıqdan məhrum edirlər. Dünyada bir çox müharibələr də elə azadlığa görə baş verir, insanlar buna görə həyatlarından keçirlər. Necə ki, bizim 20 Yanvar şəhidlərimiz kimi. Bəli, mənim də dünyamda azadlıq sözünü divara yazmaqdan o yana keçə bilmir mənim dünyam da. Nə qədər çalışsan, yenə də azad deyilsən.

-Filologiyanı oxumusan. Cəlilabadda gedib ixtisasınla müəllim və ya bu kimi sahələrdə çalışıb yaradıcılıqla məşğul olmağa nə mane olur?

- Uşaqlıqdan Bakıda yaşamaq istəmişəm. Evin böyük oğluyam, bilirsən bizlərdə kiçik oğlan valideynlərlə qalır, böyük evdən ayrılır. Atam mənə kənddə ev tikdi, amma sonra istəmədim və Bakıda torpaq alıb ev tikdik. Dedim ki, mən Bakıda yaşamaq istəyirəm. Müəllim işləməyə isə həvəsim yoxdur. Təsadüfən jurnalistikaya gəlib çıxdım və hələ ki, bu sahədə fəaliyyətimi davam etdirirəm. Amma elə bir ayağım kənddədir, tez-tez gedib-gəlirəm.

- Bəlkə kənddə şeir yazmaq olmur? Şəhər şairləri kəndə meyl edir, kənd şairləri şəhərə...

- Kənddə olanda elə də çox şeir yazmamışam və heç elə bir hiss də yaşamamışam. Ancaq ora-bura getmək, dost-tanışla görüş filan olub. Elə indi də elədir. Ən yaxşı şeirlərimi elə Bakıda yazmışam. Özü də kirayə yaşayanda. Onda 3 il Bakıda bir otaqlı həyət evində kirayədə yaşayırdım və onda demək olar ki, yaradıcılığımın ən uğurlu vaxtları idi. Daha sonra öz evimə köçüb tək yaşamağa başladım və yenə şeirlər yazdım. Amma ailə qurandan sonra bir az ləngimə oldu. Düzdü, evdə yaradıcılıqla məşğul olmağa şərait yaranır, amma nəsə əvvəlki kimi olmur.

 

Anamdan sonra demək olar ki, ailəmiz dağıldı

 

-Keçmiş niyə bu qədər çox ağrıdır səni?

- Atam şikəst adamdı, anamla bizi əzab-əziyyətlə böyütdülər. Daha sonra biz iki qardaş böyüyüb valideynlərimizə əl tutduq. Amma 2015-ci ildə qəfildən anam xərçəng oldu və dünyasını dəyişdi. Heç vaxt anamın bu qədər tez dünyasını dəyişəcəyini ağlıma belə gətirmirdim. Anamdan sonra demək olar ki, ailəmiz dağıldı. Həyatımda isə iki qadının gedişi məni ömür boyu ağrıdıb.

-Ürəkdən köçənlərə adam niyə ağlasınki?

- Ağlamırsan, sadəcə xatırlamamaq olmur. Ümumiyyətlə, ürəyimdən köçən adamların hər biri yaddaşımın bir küncündə qalıb. Həmişə onları xatırlayıram.

-Bir ara Gənc Ədiblər Məktəbinə gəldin. Diplom veriləndə götürdün. Sonra dedin imtina edirəm. Səncə bu ucuz reklam deyildimi? Niyə gələsən istəmirdinsə. Niyə götürəsən istəmirdinsə...

- Bunu mən səhv elədim. Nəsə başıma girdi, amma heç bir reklam da deyildi. İndiyi kimi belə şeylərə cəhd etməmişəm, bilirsən. O hadisədən sonra bir müddət Rəşad Məciddən də utandım.

-Elə bil ədəbi mühitdə yoxsan...

- Əvvəl daha çox şeirlərimi yazıb, paylaşırdım. Daha sonra saytda jurnalist kimi işə başladım və bundan sonra şeir arxa plana keçdi. İndi ancaq səhər açılan kimi fikirləşirsən ki, saytda nə yazım, kimdən açıqlama, müsahibə alım. Ona görə də şeirlər az yazıram və elə hərdən də saytlara verirəm. İndi məni şairdən çox, jurnalist kimi tanıyırlar.

 

Söhbətləşdi: Emin Piri