adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
26 Fevral 2021 14:24
72839
MÜSAHİBƏ
A- A+

Tibb bacısı Tubu Həsənova:”Zori Balayanın qaynanası Marqo həkimin düşmənçiliyi”- MÜSAHİBƏ

O müdhiş gecədən 29 il ötdü. O gecə doğulan körpə indi gəncdir, ailəlidir, ata yaxudda anadır. O gündən , bu günə çox şeylər dəyişdi: zaman, məkan, insanlar! Dəyişməyən yalnız o faciənin ağırlığı, miqyası, çəkisi oldu. Dəyişmədi ki, dəyişmədi.

İki il əvvəl bir Xocalı ailəsinin qonağı olmuşdum. Dəhşətlər yaşamış ailənin dərdlərini dinləyirdim... Dinləyə-dinləyə düşünürdüm ki, o dəhşətli soyqırım bu illər ərzində şahidlərin psixologiyasında, yaşam tərzində, yaddaşında, səhhətində hadisə dünən olmuş kimi ağrılı iz buraxıb və bu iz onlar torpağa qarışana qədər, qəbirlərinin üstündə bir qarış ot bitənə qədər silinməyəcək! İndi düşünürəm ki, 26 il, 27 il, 28 il, nəhayət 29 il keçsə də soyuq fevral gecəsindəki o ağrı-acı, iztirab “Xocalı faciəsi” deyiləndə yenidən kükrüyür. Unutmur şahidlər!İlk gündə olduğu kimi!

 

Həsənovlar ailəsinin iztirabı- “sestra” Tubu

 

Xocalıdan, doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızdan biri Həsənovlar ailəsidir. Ömürlərinin böyük bir hissəsini əzab- əziyyətlə iç-içə yaşayıblar. Xocalı faciəsi, sonra yurd həsrəti. Sonra yurda dönə bilməmək dərdi...

Odur ki. çəkdiyi əziyyətlər simalarına hopub sanki... bu ailəninin ağrılı yeri əlbəttə ki, yurd-torpaq həsrətidi, doğma ocaqdan uzaq düşmək dərdidir. Ən ağrılısıda odur ki, hər səhər yuxudan oyananda xoş xəbərlər ümidilə gözlərini dünyaya açırlar, əlləri ürəklərinin başında özlərini o xəbərə hazırlayırlar. “Köçürük Xocalıya”

O ümid cücərməyəndə, çiçək açmayanda isə öz qərib axşamlarına, uzun gecələrinə kədərlə qısılaraq, yenədə müjdəli sabahı gözləyirlər. Bax beləcə, bir gün anlayıblarki, gözləyə-gözləyə 29 ili başa vurublar.

Ailənin xanımı, hazırda təqaüddə olan tibb bacısı Tubu xala bizimlə söhbətinə keçmişdə qalmış, nağıla dönmüş xatirələrindən başladı:

- Cümlələlərim sizə xoş gəlsin deyə demirəm ki, dünyanın ən gözəl hissəsi, ən əvəzedilməz məkanı, müqayisəsiz təbiəti Xocalıdır! Çünki bu həqiqətən beləydi! Ən azından mənim gözlərimdə bu belədi! Mən orada doğuldum-böyüdüm, orta məktəbi bitirdim. Amma hansı hissin təkidi ilə Bakı 1 saylı baza Tibb məktəbinə (1 saylı Bakı Tibb Kolleci) təhsil almağa getdim, indi də anlaya bilmirəm. (O vaxt hamı Xankəndi Pedaqoji institutunda oxumağa üstünlük verirdi). Məktəbi bitirib geri döndüm.

- İlk iş yeriniz Xocalıdamı oldu?

- Əvvəlcə, 1971-ci ildə Xankəndi də Vilayət Mərkəzi doğum evində tibb bacısı kimi fəaliyyətə başladım. 1987-ci ilin dekabrına qədər hər şey öz axarı ilə gedirdi. Həm də, mən baş tibb bacısı olmuşdum. Məlum nümayişlərdən sonra rəhbərliyin də, kollektivin də münasibəti orda çalışan azərbaycanlılara qarşı tamamilə dəyışdi. Erməni həkimlər, xüsusən Zori Balayanın qaynanası Marqo həkimin düşmənçilik mövqeyi nəin ki, azərbaycanlıları işindən etdi, bir çoxunu Xankəndi şəhərində yaşamaqdan da bezdirdi.

- Bayaq söhbətimizdə dediniz ki, baş həkim məni işdən çıxarmaq istəmirdi... Erməni deyildi o?

- Hə, xəstəxananın baş həkimi erməni idi. Məni xəstəxananın həmin baş həkim Brina Setrakovna Marutyan işdən çıxarmaq istəmirdi, yeri gələndə müdafiə də edirdi. Çünki onun qızı da bir azərbaycanlıyla ailəli idi və Brina o azərbaycanlıdan çox razı idi. Sonunda Marqonun davamlı israrlarından, hədələrindən sonra mən də işimdən ayrılıb, yenidən Xocalıya döndüm. Rayon xəstəxanasında fəaliyyətimi davam etdirdim.

- Artıq o vaxt Xocalı erməni kəndlərinin əhatəsində olduğu üçün kifayət qədər təhlükə vardı rayona...

- Əlbəttə, elə gün olmurdu ki, ermənilər bizim camaata hücum eləməsin. Münaqişənin ilk günündən, müharibənin sonuna qədər, müxtəlif dərəcəli güllə, mərmi yarası almış əsgərlərimizin, soydaşlarımızın yenidən həyata qayıtmasında bizim xəstəxananın həkimlərinin xüsusi xidmətləri oldu. Burada elə hadisələrlə, elə ölümlərlə qarşılaşdım ki, indi yadıma düşəndə də vücudum titrəyir, ürəyim çırpınır. Ağdamdan olan Tahir adlı mühəndisi ermənilər elə tikinti meydançasında başından vurmuşdular. Xəstəxanaya çatdırılanda çox çalışdı nəsə desin, nəsə danışsın, dili söz tutmadı. Onun son nəfəsində olarkən, gözlərindəki o, ifadəni indidə unuda bilmirəm. Əvvəllər belə ölümlər görəndə bir neçə gün özümə gələ bilmirdim, ağlayırdım, sızlayırdım. Sonra yaralıların sayı günbəgün artdıqca yavaş-yavaş mətinləşməyə, möhkəmləşməyə çalışdım. Elə bir vaxt yetişmişdiki, ağlamaq faydasız idi, çalışmaq, vuruşmaq, vətənpərvər gənclərimizi ölümün pəncəsindən qoparıb almaq daha vacib oldu. Qəribəydi, ermənilər quduzlaşdıqca, mərminin sayını artırdıqca, xocalıların əzmi daha da bərkiyirdi. O vaxt hamı bütünləşib bütöv bir yumruq olmuşdu. Çətin anlarda camaat bir-birinə necə arxa olurdu ..! Amma faciədən ötüşmək üçün bu yetərli deyildi...

-Siz Xocalıdan nə vaxt çıxdınız?

-Faciədən on gün əvvəl xəstəxanadakı ağır yaralılar vertalyotla Bakıya gətirildi. Onlarınn yanında tibb bacısı kimi mən təyin edildim. Yaralıları hospital və xəstəxanalara yerləşdirildikdən sonra məlum oldu ki geriyə uçuşlar ləğv edilib. Xocalı ilə əlaqəm kəsildi. Cəmi bir neçə gün sonra isə artıq bütün dünya bu faciədən danışırdı. Elim-obam pərən-pərən düşdü, yurdum-yuvam yağmalandı, qız-gəlinim əsir oldu, igidlərim süngülərə keçirildi. Sevdiyim, hər gün salamlaşdığım, hörmətini saxladığım qonum-qoşularımın cansız , işgəncə verilmiş bədənlərini Ağdam məscidinin qarşısında görəndə halım qarışdı, vəziyyətim pisləşdi. Elə o vaxtdan şəkər xəstəliyinə tutuldum.

-Dedilər, qardaşınızın nəşinə rast gəlmədiniz orda... Bir məlumat ala bildinizmi bu günə qədər?

-Martın sonuna qədər məscidin qarşısında qaldım. Vüqarı gördüm deyən olmadı. Toyu tutulu, xonçası bağlı qalmış qardaşım... Xocalı şəhər orta məktəbin hərbi-hazırlıq müəllimi olan, 1971-ci il təvəllüdlü qardaşım Vüqar Hüseynov da o gecə itgin düşdü. Gözüm hələ də yollardadı...Hələ də qardaş yolu gözləyirəm...

 

Bacılar ağlar naçar,

Sinələr dağlar naçar,

Yurdunda doğulanlar

Elindən hara qaçar?!..

 

Novruz əmi...

Bayaqdan sakitcə bizi dinləyən Novruz əmi də söhbətimizə qoşulur: ” Xocalı soyqırımının necə dəhşətli, insanlığa sığmayan bir faciə olduğunu dünya ictimaiyyəti bilsə də, heç kəs faciəni yaşamış, öz gözləri ilə görmüş, bir göz

qırpımında, yaxınlarını itirən insanlardan bu dəhşəti daha yaxşı anlaya bilməz. Təsəvvür edin, dəhşət ondadır ki, o dəhşətli günlərdən çox-çox sonralar dünyaya gələn yeni nəslin övladları o hadisələrin təsirini öz içində yaşadır. Çünki Xocalı deyilən də hər kəs bir anlıq olsa da duruxur. O soyqırım, o faciə anını bir anlıq olsa da gözləri qarşısından keçirir. Bəlkədə heç bir xalqın taleyinə belə vahiməli faciə yazılmayıb. Rayonlarımız, kəndlərimiz, torpaqlarımız işğal olunub, camaatımız doğma evindən-elindən didərgin düşüb. Qarabağ elatına böyük zərbələr dəyib. Amma biz xocalılar bu zərbəni daha dərindən hiss etdik. Əynimizə geydiyimiz paltarlardan başqa dolu evimizdən-mülkümüzdən heç nə götürə bilmədik. Bu çox ağır dərddi”.

Son olaraq: Dəfələrlə qeyd etdim,(təkrarçılığı belə qürur verir) ÜMİD SƏNƏDİR ANCAQ AZƏRBAYCAN ƏSGƏRİ!!

Əntiqə Rəşid

2019-cu il fevral