Bu ədalətsizliyə nəinki dünya birliyi, kainat belə susur, Allah da - Orxan Saffari yazır

Orxan Saffari
57475 | 2021-02-26 12:08

Mənə elə gəlir, Qarabağ hadisələrindən sonra doğulan gənclik o illəri bir o qədər də hiss etmir. Hiss etmir deyəndə, bu da  təbiidir, normaldır. Görmədiyimiz, yaşamadığımız bir şeydir. Amma faciənin miqyası o qədərdir ki, dolayısı ilə bu problem bizləri də əhatə elədi və elə "boynumuza" qaldı. Uzun uzadı siyasi söhbətlər etmək fikrində deyiləm, amma məsələ elə həm də siyasətdir. Yaşımızı aşan bu problem bizlərə qaldı. Hərdən yaşlı nəsli günahlandırıram ki, sizlərin həll etməyə cəsarətiniz çatmadığı məsələləri, bizlər qanımızla ödəməli olduq. Narazı deyilik amma...Bu da bir borcdur, bu da bir yol idi..

Əl- qərəz.

...26 fevral, Xocalı.

Xocalıya ədalət...

Yoxdu Xocalıya ədalət! Xocalıya ədalət heç vaxt olmayacaq da! Qisas alındı, ya alınmadı fərq etmir. O qisası almaqmı olar heç? O vandalizmin cavabını vermək asandırmı? Bəşəriyyətin görüb görəcəyi ən böyük bəladır. Nə edək, necə edək? Danışmaqdan, kədərlənməkdən savayı əlimizdən heç nə gəlmir...

Aydın məsələdir ki, Qarabağın digər yerlərində olan faciələrin, işğalın hər biri dəhşətlidir, amma sanki, Xocalı bir başqa dəhşətdir. Xocalının adından qan yağır, Xocalının adının özü bir faciədir.

Mən bir az adların enerjisinə də inanıram. Fikir verin, Xocalı necə də əzəmətli, necə də ağır səslənir. Sanki bu torpağın başına mütləq bəla gəlməli imiş kimi..

Ümumiyyətlə, Xocalı elə bir addır ki, bununla bağlı nə desən, nə yazsan, neyləsən e, neyləsən azdır, neyləsən olmur. Nə bir yazıçı onu ifadə edə bilər, nə bir rəssam çəkə bilər, musiqiyə gəlsə, bəstələnə bilməz.

İlahi, o kadrlar nədir axı? İlahi, bizim başımıza bu nədir gəldi? Vandalizm, terror başqa şeydir. Xocalının yanında bunlar uşaq oyuncağı kimi qalır. Terror bilirsən ki, terrordur. Xocalı Kərbəla müsibətindən də o tərəfə bir faciədir.

And olsun, adicə Bakıda Xocalı heykəlinin yanından keçəndə qəribə olur adam. Görəsən, dünyada elə bir adam var ki, onu görməsə də, hiss edə bilməsin? Yəni, bir insan o qədər hissiyyatsız, duyğusuz ola bilərmi?!

Açığı, bir şey deyim. Hər il Qarabağla bağlı keçirilən tədbirlərdən zəhləm gedib. Yəni, bir qrup qalstuklu adamın gəlib şablon informasiyalar verməsi, məncə də hamını sıxıb. Sadəcə, abrımıza bükülmüşük. 20 Yanvar günü məktəblərdə, idarələrdə elə tədbirlər olur ki, adamın ürəyi üzülür. İndi bu məsələnin başqa tərəfidir. Yeganə Xocalıdır ki, onunla bağlı bütün tədbirlərdə qəribə olmuşam. Sıxılmamışam. Hər il eşitdiyim şeyləri hər il yeni söz imiş kimi dinləmişəm.. Xocalıdan çox utanmışam.

Gözümün önünə məzar daşında şəkli belə olmayan 5 yaşlı uşaq gəlir..İlahi, beş yaşlı uşağın tanınmaz hala düşdüyü bir şeydə ədalət.. Necə də kədərlidir. 

Yəqin ki, bütün bu dediklərim elə dediyim kimi adı ilə bağlıdır.
İlahi, o soyuq gecə, şaxta, dönüb ölənlər, isti gülləyə buz kimi qalanlar, meyidlərinin üzərində dəhşətli işgəncə verilən körpələr, qadınlar...

Mən heç ah-a falan da inanan deyiləm. Amma Allah həqiqətən varsa, o körpələrin ahı necə lazımdır tutmalıdır. Həmişə düşünmüşəm, görəsən, insan nə dərəcədə vəhşi olmalı, insanlıqdan çıxmalıdır ki, o cür şeylər edə bilsin? İnsanın psixologiyası, insanlığı, mənəviyyatı bu qədərmi yox olar?!

Xocalı ay, Xocalı..

Adını qan bürüyüb..
Xocalı elə yerdir ki, oranın yayı da qışdır bütün fəsilləri həmin şaxtalı gün kimidir.
Şəxsən mən Qarabağın hər yerinə könül rahatlığı ilə gedərəm, orda olanları bir anlıq sevincdən unuda bilərəm. Bu qədər vaxtdan sonra bizim olanın qayıtmasına görə. Amma inanmıram ki, Xocalıya gedim, orda nəsə fərəhlənim, deyim, əziz Xocalı, biz burdayıq, nə gözəl yerdi...

İndi təsəvvür etdim, qəribə oldum. Düşündüm ordayam.. Ağlıma ilk nə gəldi? Ayağımı qoyduğum yerdə kimin başına faciə gətirilib.... Mən ora ayağımı ürəklə basa bilmərəm. Bəlkə də tullana-tullana gəzərəm...

İkinci Qarabağ savaşında Xocalıda şəhid olan bir əsgərimizi gördüm. İlahi, Xocalı faciəsindən sonra doğulan uşaqlar da orda şəhid oldu. Bu, mənə hər şeydən daha dəhşətli gəldi. Məhz Xocalıda- Şuşa yolunda şəhid olması. Xocalıya gedəndə..

24 Fevral, 1992-ci ildə Xocalıda sonuncu toy mərasimi olub. Fotosuna baxıram, şəkildən kədər yağır. Şəkildə olan kişilər əsir götürülür, faciəvi şəkildə öldürülür. O cümlədən qadınlar da...

Yandırılan insanlar, öldürüləndən sonra gözü çıxarılanlar, döşü kəsilən qadınlar, uşağı qarnından çıxarılan hamilə qadınlar.. ilahi, hansı birinin ağırlığından danışasan?

Bilmirəm, bəlkə tək mən beləyəm, amma Xocalı ilə bağlı heç nə mənim ürəyimi soyutmur, soyuda bilməz. Yazılan minlərlə şeirlər, deyilən milyonlarla sözlər, çəkilən filmlər, nələr nələr. Heç nə. Xocalı adı gələndə, susun, xahiş edirəm. Dünya sussun.

Bu ədalətsizliyə nəinki dünya birliyi, kainat belə susur, Allah da...

TƏQVİM / ARXİV