adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Fevral 2021 10:28
33630
MƏMLƏKƏT
A- A+

Şəhriyar Allahyaroğlu: “Ümidlə baxırıq üzü sabaha, Ağlama Xocalım,ağlama daha...”

Bu müsahibəni 1 il əvvəl almışdım... Yadımda deyil, hansı səbəbdən müsahibə çapa getməmişdi... unutmuşam... Bu gün Xocalını xatırlayarkən yadıma söhbətləşdiyim, dərdinə şərik olmağa şalışdığım bir çox Xocalılılar düşdü... Onlardan da biri özünəməxsusupoetik dünyası olan, şair Şəhriyar Allahyaroğludur! Maraqlıdır, görəsən bir il əvvəl o, nələr deyib?

Şəhriyarın yaralı dünyası

Həmsöhbətimlə elə ilk sual-cavabda anladım ki, qətiyyən danışmağı sevməyən adamdı. Onu istədiyim mövzuda danışdırmaq üçün ən müxtəlif suallarla müraciət etdim... Birinə cavab verirdi,digərinin üzərindən susaraq keçirdi... Nəhayət, Xocalıdan məcburi köçkün, el arasında şeirləri sevilə-sevilə oxunan Şəhriyar Allahyaroğlunun(Quliyevin) dili açıldı.Sonuncu sualım onu yaman tutmuşdu;Xocalı yaddaşınızda necə qalıb, nələr sizə yurd qubarını yaşadır?

-14 yanvar 1980-ci ildə Xocalıda dünyaya göz açmışam. Gözüm ilk o gözəllikləri görüb.Kətik meşəsini, Qızqala, Qırxqız dağlarını, Badara, Qarqar çaylarını və onların əhatəsində möhtəşəm duruşlu Xocalımı sevmişəm. 7-8 yaşım olanda sinif yoldaşlarım İlham, İntiqam, Səbuhi, Cıraq Qarqarı keçib meşəyə göbələk, böyürtkən yığmağa gedirdik.Azyaşlı olmamıza baxmayaraq çıxmadığımız dağ, dırmanmadığımız qaya qalmamışdı. Yayda valideynlerimiz bizi çaylaqlardan, çöllərdən evə yığa bilmirdilər. Qayqısız günlərimiz ermənilərin sinfimizin pəncərəsinin qarşısına raket atdığı günə qədər davam etdi... Hə unutdum deyim ki, Xocalı şəhər 2 nömrəli məktəbinin “Şərəf lövhəsi”ndən şəklim əskik olmayıb.Həmayil müəlliməmin nurlu-mehriban simasını elə o vaxtdan bir daha görmədim. Deyirlər o məşum gecədə itkin düşdü. Atışma, güllə yağışı, şəhid cənazələri, çarəsiz insanların nalələribizim uşaq ömrümüzü dəyişdi.Uşaqkən böyüdük, yaşlandıq, dərd çəkdik,oğlu şəhid olan anaların göz yaşları kicik qəlbimizi dəldi keçdi. Biz uşaq ömrümüzü yaşamadıq, könüllü olaraq dəfn etdik. Adətən insanlar təbiət qoynunda dincələr, yorğunluqları canlarından çıxar, əhval-ruhiyyələri düzələr.Amma məndə əksinə olur.Bir qayalı dağ, bir şırıltıyla axan çay, bir zümrüd meşə görəndə ruhuma çəkilməz bir kədər dolur, ürəyim parçalanır.Hayqıra-hayqıra ağlamaq istəyirəm.Bəli, uşaq beynimə həkk olmuş o yurd yerlərimizin qübarıdır o...Hər yerdə gözüm Kətik meşəsini, Qızqala, Qırxqız dağlarını, Badara, Qarqar çaylarının oxşarını axtarır.

Bitsin əfqanımız,bitsin ahımız

Bizə səbr vermə ey Allahımız,

Əsir məzarlardır səcdəgahımız,

Səni and verirəm o səcdəgaha

Ağlama Xocalım,ağlama daha.

-Atanız Allahyar müəllimi nəinki Xocalıda, eləcədə, külli-Qarabağda tanımayan yoxdu.O dəhşətli fevral günlərinin gercəklərini, doğrularını Azərbaycan xalqına Allahyar Xocalı imzasıyla- “Vətən ağrısı, torpaq yanğısı” adlı kitabı ilə ətraflı çatdıran ziyalılarımızdandı.Bacınız Ayna xanım “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü kimi illərdi bu faciənin-soyqırımın təbliği ilə məşğuldu. Sizin də şeirlərinizdəki vətən həsrəti, yurd məhəbbəti hər kəsi duyğulandırır, soyuna-kökünə geri çağırır. Belə başa düşdük ki, siz ailəlikcə, Xocalının təbliğatclarındansınız!

- Qeyd edim ki, Xocalı qırğını haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasını tanıyıb və bilib ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları qətlə yetirməkdən çəkinmirlər. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı qırğınını soyqırımı aktı kimi tanıyıb. Bizdə dövlətə dəstək olmalıyıq!Nəinki, tək bizim ailə, elə bir xocalılı tapa bilməzsiniz ki, onun qəlbi öz doğma yurdu üçün atmasın,elinin–obasını geri dönəcəyi günü gözləməsin.

Hər birimiz, o möhtəşəm gün ücün yaşayırıq. Yeri gəlmişkən, qeyd edim ki, mən Xocalı rayon Polis şöbəsinin əməkdaşıyam. Ən böyük arzum odur ki, gec ya tez- Ali Baş Komandanın rəhbərliyi altında başlanacaq haqq müharibəsinə qəhrəman polislərimizlə birgə atılım. Hər bir Xocalı gənci prezidentin əmrinə müntəzirdi.

Gülümsə çatlasın düşmənin bağrı,

Bilirəm,dəhşətdir çəkdiyin ağrı.

Az qalıb,gəlirik qoynuna doğru

Ümidlə baxırıq üzü sabaha

Ağlama Xocalım,ağlama daha.

 

Ali Baş Komandan bir kəlmə dinə,

Hamımız müntəzir onun əmrinə.

Ana dediyimiz vətən naminə,

Əli qana batan batmaz günaha-

Ağlama Xocalım,ağlama daha.

 

Çəkilər üstündən qara buludlar,

Sənin Əlifin var,İnqilabın var.

Varsa Mübariztək igid oğullar,

Başqa bir ehtiyac yoxdur izaha-

Ağlama Xocalım,ağlama daha.

 

Səndə qalmayacaq düşməndən bir iz,

Bitəcək bu həsrət,bu ah-naləmiz.

O günlər olacaq, güvənirik biz

Yerdə ordumuza, göydə Allaha,

Ağlama Xocalım,ağlama daha.

 

Əntiqə Rəşid

2020-ci il fevral ayı