SON DƏQİQƏ:

Ulucay Akif: "Atama görə məndən xoşu gəlməyən, işimə əngəl törədənlər daha çox olub" - MÜSAHİBƏ

  78153   |  
Şriftin ölçüsü  

Adalet.az gənc şair Ulucay Akiflə müsahibəni təqdim edir.

- Ulucay, sosial şəbəkələrdə gündəmə yaradıcılıq fonundan daha çox başqa məsələlərdə gəlmisən. Hətta bir dəfə şeirlə gəldi, amma o da tam olaraq şeirə görə deyildi. İnsanlarda da belə fikir var ki, qəsdən edir, özünü "gic-gic" şeylərlə gündəmdə saxlayır. Düz deyirlər?

- Səncə, bunun davamlı olması insanların belə düşünməsinə haqq vermirmi ? Əksər vaxtı da eyni mövzular, eyni söz söhbətlər...

 

" Lap mən dəliyəm. Ağıllılarını görək də, hardadılar?"

 

- İnsanların, xüsusən də kütlənin nə düşünməsi mənə maraqlı deyil. Lap mən dəliyəm. Ağıllılarını görək də, hardadılar? Eyni mövzular deyəndə ki, mən bütün mövzulardan yazıram. Kim nəyi daha çox "görmək" istəyirsə, onunla yadında qalıram.

- Kütlənin nə düşünməsi maraqlı deyil deyirsən, yəni, bu kimi məsələlərdə, yoxsa ümumi? Məsələn, həmin kütlədən səni bəyənənlər də var. Onlar da maraqlı deyil?

- Kütlənin nə düşünməsi elə bütün məsələlərdə mənə maraqlı deyil. Hə, məni bəyənənlər də var və bu xoşuma gəlir. Amma heç məndən xoşu gələn adamların da sevgisini qorumaq üçün saxta nəsə eləmərəm. Yəni, hansısa şəxsi fikrim, düşüncəm ya da davranışım onların sevgisini itirməyimə səbəb olacaqsa, bu məni narahat eləməz.

- Ulucay, sən şair Akif Səmədin oğlusan. Adətən, atası şair-yazıçı olan adamlar onun "kölgəsində" qalır. Ataya görə tanınmaq pis bir şey deyil, amma bu, səni narahat edir? Yəqin səni də atana görə tanıyıb, qəbul edən olub, bunu sənə deyiblər..

 

"Akif Səmədin istedadını, şəxsiyyətini, xarakterini qısqanan adamların əksəriyyəti bu gün sağdı"

 

- Vallah, atama görə məndən xoşu gəlməyən, işimə əngəl törədənlər daha çox olub, nəinki ona görə mənə hörmət edənlər. Elə bilirsən Akif Səmədi hamı çox istəyir? (gülür). Akif Səmədin istedadını, şəxsiyyətini, xarakterini qısqanan adamların əksəriyyəti bu gün sağdı, mənim də olduğum ədəbiyyat və jurnalistika sahələrində, həm də rəhbər vəzifədədilər. Yalandan Akif Səmədi sevdiyini deyən, amma ondan zəhləsi gedən o qədər adam var. Elə bilirlər guya onları tanımıram? Mənim çox deyib gülməyimə aldanmasınlar, hamını çox yaxşı tanıyıram. 

Amma həqiqətən atama görə məni sevən, hörmət edən, tanıyanlar da var və bu məni çox sevindirir. Mən də onları çox istəyirəm. Atamın çox yaxşı dostları olub. Elə Aqil Abbas biri. Fərman Qəhrəmanlı, Ehtiram İlham, İlham Pirməmmədov. İndi adı yadıma düşməyənlər də var. Rəşad Məcid AYB-nin katibidi, atamla xüsusi dostluğu olub, ya yox, bilmirəm, amma Rəşad müəllimlə münasibətim əladı.

- Məsələn, ad çəkə bilərsən? Kimlərdi mərhum atanın istedadını, şəxsiyyətini qısqanan, üzdə yaxşı görsənib, amma sənə əngəl törətmək istəyənlər?

- Mən yaxşıları deyən adamam, pisləri yox. Heç bir məsələdə kimisə pisləməyi, gözdən salmağı özümə yaraşdırmıram. Özləri bilirlər, elə çevrələri də bilir, bəsdi. Paxıl adamlar, pis adamlar onsuz da hər gün ölür.

- Atanın Yazıçılar Birliyi ilə münasibəti sonradan yaxşı olmadı, bilirsən. Sədrlik məsələsi və elə yazıçılar birliyinin qarşısında da son anlarını yaşadı. Bunu elə ədəbi mühitdə də birmənalı qarşılamirlar.  İçkiyə görə olduğunu deyəndə var, atanı aldatdıqlarına görə ürəyinin dözmədiyini deyən də. Oğlu kimi sən hansını deyirsən?

- Hamısının təsiri olub yəqin.

- Yəqin? Konkret həmin hadisəyə görə kimisə, nəyisə günahlandıra bilmirsən? İçki məsələnin ikinci tərəfidir, amma söz-söhbətlər gəzirdi ki, atanı sədr seçəcəklərinə inandırıblar amma həmin adamlar məhz Anara səs veriblər. Qəbul edirsən bu fikri, yoxsa boş-boş danışırlar?

- Dediyim odur ki, həm içkinin, həm də bu cür haqsızlıqların atamın ölümündə payı oldu. Qurultayda baş verənləri isə hamı deyirsə, deməli olub. Həmin adamlar da bu gün Akif Səmədə sevgilərindən danışanda, istəyirəm üzlərinə tüpürəm, amma sonra düşünürəm ki, buna heç gərək yoxdu.

- Əgər günahı həm də AYB-də görürsənsə, bu gün onlarla, yəni, AYB ilə sıx münasibətinin olması səncə, düzgündürmü? Deyim ki, sənin haqqında bu söhbətlərdə dolaşır ki, bu vəziyyətlə o AYB-yə necə gedir, onlarla yaxşı münasibət saxlaya bilir. Hətta sən müdafiə belə etmisən..

- Gülməlidir. Atama qarşı AYB rəhbərliyi tərəfindən ədalətsizlik olmayıb axı. Atam Anarın sədrliyinə etiraz edib, öz namizədliyini irəli sürüb və güvəndiyi "dostları" onu dəstəkləməyib. Mən buna görə Anarla, AYB ilə niyə düşmən olmalıyam ki? Məntiqsiz deyil?

 - Bunun qurma bir oyun olma ehtimalı yoxdur? O dövrü, atanı görən adamlar, hansı ki, bu gün AYB ilə düşməndir, onlar da deyir ki, məhz aldatdılar, hətta Akif Səməddən başqa hamı bilirdi bunu. Anar da. Sədr olmayacağını bilirdilər. Bütün hallarda atan sədrliyə etiraz edib haqqlı səbəblərdən. Sənin Anara yaradıcı adam kimi də etirazın yoxdur? Razısan AYB-nin fəaliyyəti ilə?

- Qurma bir oyun deyəndə ki, Anar atama səhv dostlar seçdirib? Qurama olduğunu düşünmürəm, sadəcə təəssüf ki, atam "dostlarına" inanıb. Yenə deyirəm, bunun AYB rəhbərliyi ilə nə əlaqəsi? Atamın cəsarəti çatıb, Anarın sədrliyinə qarşı etiraz edib, namizədliyini irəli sürüb. İndi həmin Qurultayda olan, Akif Səmədin namizədliyini dəstəkləməyən adamlar mənə deyir ki, AYB atana qarşı səhv elədi. Bunu indi mənə niyə deyirsən? Elə yaxşı kişiydinsə, bunu qalxıb orada deyərdin, Akif Səmədi dəstəkləyərdin də.

Qaldı ki, AYB-nin fəaliyyətinə, əlbəttə bəyənmirəm. Ümumiyyətlə, ölkədə ədəbiyyat adına heç bir irəliləyiş yoxdu. Tək AYB yox, ölkə səviyyəsində ədəbiyyatın başı buraxılmış kimidi.

- Ulucay, bir az şeirlərindən danışaq. Sənin haqqında mən də yazmışam, təbii ki, yumor olaraq. Amma həqiqət payı da yox deyildir. O cümlədən başqa bəzi yaradıcı adamların da, oxucuların da fikri var. Şeirlərinin formatı eynidir. Məsələn, iradlardan biri belədir ; Günəşə aid onlarla şeir yazır. Söz bazan zəifdir, yoxsa necə? Bu irad həmkarın Eminqueye də aiddir. Onun haqqında da belə deyilir..Eyni mövzu, eyni sözlər. Niyə fərqli bir şey yaza bilmirsən?

- İlk sualına cavabımda da demişdim, heç kimin fikri mənə maraqlı deyil. Pis yazıram, yazıram da. Bu, başqalarını niyə narahat eləyir ki? Siz gedin daha yaxşı yazın, ya da daha yaxşı yazanları oxuyun. Şeirlərimə də, istedadıma da özüm bələdəm və içim rahatdı. Elə mənim şeirlərimi sevənlərin çox olması kimlərisə narahat edir. Qaldı ki, şeirlərimin biri-birinə bənzəməsinə, hər şairin öz üslubu olur. Vaqif Bayatlının bütün şeirləri biri-birinə bənzəyir, elə Ramiz Rövşənin də, Musa Yaqubun da. Nə olsun? 

Nazim Hikmətin də şeirləri biri-birinə bənzəyir, Mayakovskinin də. Bütün şairləri də həm bəyənənlər, həm bəyənməyənlər olur. Söz bazamın, mütaliəmin zəif olduğunu isə heç kim deyə bilməz. Mən rus poeziyasının da, Türkiyə poeziyasının da, öz poeziyamızın da incəliklərini bilirəm. Eminquey də istedadlıdır. Ümumiyyətlə, kiminsə pis yazması məni narahat eləmir.

Deyəsən, elə Akif Səmədin sözüdür. Atama deyiblər ki, filankəs zəif yazır, o da cavab verir ki, zəif yazır yazsın da, adam öldürmür ki. Öz şeirlərinə aid də deyirdi ki, mən yazıram, oxuyan da sağ olsun, oxumayan da, bəyənən də sağ olsun, bəyənməyən də. Mənim də bu məsələlərə münasibətim elə belədi.

- Səncə, bu sözün bir qədər qeyri-səmimi deyilmi? Axı, şair də, yazıçı da özündən əlavə başqaları üçün yazır. Bəziləri missiya hesab edir, bəziləri məşhurlaşmaq və.s Heç bir fikir maraqlandırmırsa, yazıları üzə çıxarmağın adı nədir?

- Yox, niyə qeyri-səmimi olsun ki? Başqaları üçün yazsaydım, yaşasaydım, onların mənfi fikirlərinə görə özümü dəyişməyə çalışardım. Bəli, mən də missiyamın olduğunu düşünürəm, ona görə də yazıram və üzə çıxarıram. Missiyam budur, yazmaq və üzə çıxarmaq. Kiməsə özümü sevdirmək, bəyəndirmək kimi məqsədim yoxdu. Hər halda bu gün ən çox oxunulan gənclərdən biriyəmsə, deməli, düzgün etdiyim şeylər də çoxdu.

- Müsahibə üçün təşəkkürlər. 

- Minnətdaram, çox sağ olun. 

 

Orxan Saffari

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK