adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Fevral 2021 14:20
57058
MÜSAHİBƏ
A- A+

“Öz tərcümeyi –halını ingilis dilinə tərcümə edə bilməyənlər Tərcümə Mərkəzində redaktor işləyir” - MÜSAHİBƏ

Müsahibimiz yazar-tərcüməçi Sevil Gültəndir.

-26-dan çox kitabı dilimizə çevirmisiniz. Kifayət qədər sanballı saydır.

–Bu rəqəmi yəqin ki, vikipediyadan götürmüsünüz. “Qanun” nəşriyyatı üçün tərcümə etdiyim kitabların siyahısıdır. Son bir neçə ildə tərcümə etdiyim kitabların adını vikipediyada qeyd etməmişəm.“ Qanun” nəşriyyatının sifarişi ilə 30-dan çox kitab tərcümə etmişəm. Onların bir neçəsi hələ çap olunmayıb. “ TEAS-PRESS” nəşriyyatında isə tərcümə etdiyim 17 kitab çap olunub. Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyim kitabların sayı 60-dan çoxdur. “ Kaspi” qəzetində tərcümə etdiyim 150-dən çox hekayə çap olunub. Bu hekayələri kitab halında çap etdirəsi olsam hər biri 200 səhifə olmaqla ən azı 30 kitab olar.

-Eyni zamanda bizim müəllifləri ingilis dilinə tərcümə etmisiniz. O çevrilən əsərlərin aqibəti necə olur?

–Bəli, son 20 ildə çoxlu sayda əsərləri ingilis dilinə tərcümə etmişəm. O əsərləri çap etdirmək mənim işim deyil. Mən tərcümə edirəm, müəlliflər harda istəsə çap etdirə bilər. Yunus Oğuzun “ Nadir şah” romanı Londonda çap olunub. Rəhmətlik Rafiq Tağının hekayələri də Londonda çap olunub. Amerikada “ Azərbaycan yazıçılarının antologiyası” və “ Azərbaycan qadın yazıçıların antologiyası” çap edilib. Həmin antologiyaların hər birində mənim tərcümə etdiyim 10-dan çox hekayə də yer alıb. Qəşəm Nəcəfzadənin şeirləri mənim tərcüməmdə Hollandiyada uğur qazandı. Afaq Şıxlınn şeirləri mənim tərcüməm vasitəsilə yapon dilinə tərcümə olunub və Yaponiyada nəşr olunub.

Səhvim ondadır ki, müəlliflərlə müqavilə bağlamıram

-Bir dəfə facebook-da Varislə bağlı bir statusunuzu oxudum. Mükafat aldığı müsabiqəyə təqdim edilən əsərin sizin tərcüməniz olduğunu yazmışdınız. Sizə qarşı haqsızlıq etdiyini qeyd etmişdiniz. Məsələ nə idi?

–Mən Varisin 3 kitabını ingilis dilinə tərcümə etmişəm. Səhvim ondadır ki, müəlliflərlə müqavilə bağlamıram. Elə bilirəm onlara desəm ki, gəl müqavilə bağlayaq, onları təhqir etmiş olaram. Problem də bundan yaranır. Varisin “ Metamorfoza” kitabı Londonda hansısa müsabiqədə qısa siyahıya düşmüşdü. O kitabı ingilis dilinə mən tərcümə etmişəm, Marta Lavri adlı amerikalı qız ( O vaxlar “ Xəzər” universitetində işləyirdi) redaktə edib. Müsabiqə haqda xəbərdə o da qeyd edilmişdi ki, həmin müsabiqə rusdilli müəlliflər üçündür. Google-da həmin kitabı axtarıb tapdım. Kitabın ingilis dilinə rus dilindən tərcümə edildiyi yazılmışdı. Yəni Varis o müsabiqəyə rusdilli müəllif kimi qatılmışdı. Hamımız bilirik ki, Varis əsərlərini rus dilində yazmır. Guya o əsərini rusca yazıb , mən isə həmin əsəri rus dilindən ingilis dilinə tərcümə etmişəm. Bu, mənim adımdan istifadə etmək deyil, bəs nədir? Varisdən qabaq Qəşəmlə bağlı da belə problem olmuşdu.O Hollandiyadan qayıdanda mənə bir kitab verdi. Mənim tərcümələrim idi, nöqtəsinə, vergülünə qədər. Hətta bir sözdə korrektə səhvi etmişdim, kitabda da həmin səhv getmişdi. Kitabın korrektoru kimi Qəşəmin öz adı yazılmışdı. Dedi ki, guya səhv olub. Tərcüməçi kimi isə başqa ad idi. Qəşəm sübut etməyə çalışdı ki, o tərcümələr mənim tərcüməm deyil.

Sutkada 20 saat işləyirdim, amma...

-Eyni zamanda ümumiyyətlə narazılıq dolu statuslarınızı görürük. Sevil Gültənin razı qalması üçün nə olmalıdır?

–Bəzi insanlar nədənsə narazı qalanda fikrini gizli saxlayır. Mən isə ürəyimdə söz saxlamıram. Kimə lazımdırsa sözümü ona ünvanlayıram. Hələ beşinci kursda oxuyanda rəhmətlik İsmixan Rəhimov mənim tərcüməmi məndən xəbərsiz “ Dünya” almanaxında çap etdirmişdi. Yəni hələ tələbə vaxtlarımdan, 1978-ci ildən tərcümə ilə məşğulam. Amma bir neçə il qabaq universitet bitirənlər Tərcümə mərkəzində “ ekspert”, “redaktor” işləyir, mənə isə o mərkəzdə iş tapılmır. İki il qabaq Vilayət Hacıyevin qəbulunda oldum, xahiş etdim ki, heç olmasa mənə “ korrektor” ştatı versiunlər, maaş alım. Dedi ki, mərkəzdə “ tərcüməçi” ştatı yoxdur” , “ekspert” ştatı var, korrektor ştatı isə boş deyil. Maraqlansaq görərik ki, Tərcümə mərkəzində” ekspert” işləyənlərin tərcüməçi kimi stajı mənim stajımdan ən azı 3 dəfə azdır. Bir şairə var. Neçə il qabaq bir nəfər onun şeirlərini verdi ki, tərcümə edim. 5-10 şeir idi. Təxminən bir səhifəlik tərcümeyi- halını da tərcümə etdim. O gün həmin qızın facebook-səhifəsi qarşıma çıxdı. Sən demə, bu qız da Tərcümə mərkəzində “redaktor” işləyirmiş. Öz tərcüməyi –halını ingilis dilinə tərcümə edə bilməyənlər Tərcümə mərkəzində redaktor işləyir, mənə isə orda korrektor ştatı da tapılmır. Ora dövlət təşkilatdır, niyə işçilər müsabiqə yolu ilə qəbul edilmir?

Narazı olmağımın bir səbəbi mənim zəhmətimə düzgün dəyər verilməməsidir. “ Erməni əsirliyində” kitabnı Əsir və İtkin düşmüş vətəndaşlarla dövlət komitəsinin sifarişi ilə tərcümə etmişəm. Bir ay vaxt vermişdilər tərcümə üçün. 360 səhifəlik kitab idi. Nəinki tərcümə baxımdan, həm də korrektə baxımdan çətin idi. Yer adları, illər və sair. 25 günə tərcümə etdim o kitabı, eyni zamanda azərbaycan dilindəki mətni də korrektə etdim. Sutkada 20 saat işləyirdim. Kitab çap olundu, kitabın təqdimatında deputatlar danışdı, qəzet redaktorları danışdı, amma mənə söz verilmədi...Narazı qalmalı deyiləm?

Yaxud bir neçə il bundan qabaq Anar müəllimin təşəbbüsü ilə prezident bir neçə AYB üzvünə ev bağışladı. Bir qadın da vardı ev alanlar siyahısında. O qadının ədəbiyyatımız üçün hans xidmət göstərdiyi şəxsən mənə məlum deyil. Mən nə qazanmışamsa öz zəhmətimlə əldə etmişəm. Hazırın naziri deyiləm. Amma zəhmət çəkmədən dövlətdən mükafat, ev alanları görəndə narazı qalıram. Nə vaxt zəhmət çəkənləri düzgün dəyərləndirsələr onda razı qalaram.

-Kimi tərcümə etməyiniz önəmlidir, ya sifariş? Bununla bağlı kriteriyalarınız varmı?

–Çox sadə bir arzum var. Sifarişlə heç nə tərcümə etməyim. Bəzən azərbaycan dilindən ingilis dilinə elə əsərlər tərcümə etmişəm ki, o əsərlərə adımın tərcüməçi kimi yazılmağına utanmışam. Mənasız söz yığını. Kaş imkanım olaydı yalnız ürəyimcə olan əsərləri tərcümə edəydim.

-Özünüz də yaradıcı adamsınız. Amma sizi daha çox tərcüməçi kimi təqdim edirlər. Özünüz də belə təqdim olunmağa meyillisiniz. Səbəb nədir? Yaradıcılığınıza əminsizlik, yoxsa tərcümənizə əminlik?

–3 şeir kitabım çap olunub. Çap olunmayan iki kitablıq şeirlərim var. Bir esse kitabım var. Mən tərcümçi kimi təqdim olunmağa meyilli deyiləm. Məni belə təqdim edənlərin çoxu mənim öz yaradıcılığımdan xəbərsiz olanlardır. Öz yazılarımı təbliğ etməyə vaxtım yoxdur. Mənim şeirlərim, esselərim zəif deyil. Nə yazmışamsa ürəkdən yazmışam. O mənada öz yazılarımdan da əminəm, tərcümələrimdən də.

Kimin pulu çoxdursa zəif əsərini tərcümə etdirir, lazım gəlsə xaricdə nəşr etdirir

-Tərcümələr keyfiyyətlidirsə niyə xarici ölkələrdə əsas təqdimatlarda, mükafatlandırmalarda, çoxtirajlı kitab satışlarında Azərbaycan müəlliflərini görmürük?

–Yuxarıda da dedim, mənim işim tərcümədir, əsərlərin nəşri mənlik deyil. Əlisa Nicatın hekayələrini tərcümə etmişəm. Heyf ki, çap olunmadı. Onun hekayələri yaxşı təbliğ olunsa bütün dünyada uğur qazanar. Yaxud elə cavan şairlərimz var ki, onların şeirləri çox güclüdür. Sadəcə bu sahədə təbliğat zəifdir.

-Tərcüməçilərin heçmi yanlışı yoxdu? Ya uyğun olmayan adamları hansısa səbəbdən tərcümə edib təqdim etmək, ya da keyfiyyətsiz tərcümə eləmək...

–Mən sifariş verilən əsəri tərcümə edirəm. Çörəyim, daha doğrusu ev pulum tərcümədən çıxır. Bəzən ürəyimcə olmayan bir neçə əsəri tərcümə etməkdən imtina etmişəm. O ki qaldı tərcümənin keyfiyyətinə, özüm haqda bir fikrim var: ola bilsin güclü tərcüməçi deyiləm, amma vicdanlı insanam.

Normal halda Tərcümə mərkəzi tərcümə edilən bütün əsərlərə nəzarət etməlidir. Yoxsa kimin pulu çoxdursa zəif əsərini tərcümə etdirir, lazım gəlsə xaricdə nəşr etdirir. Bu işlərə bizdə nəzarət demək olar yoxdur.

-Hazırda hansı əsərlərin tərcüməsi ilə məşğulsunuz?

–Hazırda “ Qanun” nəşriyyatının sifarilşi ilə Jojo Moyesin “ The Giver of Stars”( kitabı hələ bitirmımişəm, ona görə kitabın adını hələ tərcümə etməmişəm) kitabını tərcümə edirəm. Çətin kitabdır tərcümə baxımdan. Dinə aid yerlər var. Belə mətnləri sevmirəm. Bu müəllifin bir neçə kitabını artıq tərcümə etmişəm. Bu kitab o biri kitablarla müqayisədə daha çətindir.

-Tərcümənizə verilən qonorar sizi qane edirmi? Bu necə tənzimlənir sizin sahənizdə?

–Nəşriyyat qonorarı işarə sayına uyğun verir. Təxminən bir səhifəlik mətn 5 manata. İngiliscədən tərcümə etdiyim kitablar üçün bu, normaldır. Məni qane edir. Əgər qonorar birdəfəlik verilsə yaxşı olar. Heyf ki, bu, mümkün deyil. Nəşriyyat nə edirsə öz gücünə edir. Son bir il ərzində “ Qanun” nəşriyyatı çox çətinlik yaşayıb. Kitab mağazalarının çoxusu ticarət mərkəzlərində yerləşir. Ticarət mərkəzləri isə bir ildir ki, bağlıdır. Çətinliklərə baxmayaraq nəşriyyat hər ay qonorarımı verib. Azərbaycancadan ingilis dilinə də demək olar eyni qiymətə tərcümə edirəm. Halbuki azrbaycancadan ingilisə tərcümə etmək ikiqat çətindir.

 

Söhbətləşdi: Emin Piri