SON DƏQİQƏ:

Vətən müharibəsi iştirakçısı: “Müharibəyə qarşıyam...”- MÜSAHİBƏ

  47660   |  
Şriftin ölçüsü  

Həmsöhbətimiz vətən müharibəsi iştirakçısı, şair Emin Piridir

-Emin Piri, müharibədən qayıtmısan. Dünya ədəbiyyatında müharibədə iştirak edən, müharibənin içindən yazanlar çoxdur. Məsələn, Heminquey. Sən nə etdin, nə yaza bildin?

- Əlbəttə. Müharibə dövründə qeyd etdiklərim var. Bəziləri də beynimdə. Heç vaxt yadımdan da çıxmaz onsuz onlar. Qeyd eləməsəm belə unutmazdım. Amma yazmaq məsələsi qəlizdir bir az. Baxır necə, nəyi yazırsan. Bəzi hadisələrə məsələn bilmirsən milli yazasan, ya lokal yazasan. Əgər Piriyev Emin kimi yazacamsa, inanmıram. Çünki belə olsa, bəzi mətləbləri gizlətməyə məcburam. Eyni zamanda daha lokal, daha milli olacam Piriyev kimi. Amma Emin Piri kimi yazsam, olacaq. Önəmli olan Emin Piri kimi içimdəki müharibədə də qalib gəlməyimdir. Əgər Emin Piri Piriyev Eminə qalib gəlsə ədəbiyyat baxımından çox uğurlu əsərlər ortaya çıxacaq.

- Sən illər əvvəldə hərbiçi olmusan. Hazırda da baş leytenantsan. Eyni zamanda da jurnalistika ilə məşğulsan, o cümlədən də müəllim. İçində bu qədər adam çətin olmur? Bu, özünü tapa bilməməkdir, yoxsa başqa nəsə?

- İnsan xəyalpərəstdir. Xüsusi ilə şairlər, yaradıcı adamlar. Hərbiyə marağım uşaq vaxtı daha çox idi. Naxçıvanskiyə getmək istəyirdim. Televizorda türk proqramları var idi, “Mehmetçik” verilişlərini izləyirdim. Amma evdən qoymadılar. Universitetdən sonra getdim hərbi xidmətə. Kursant oldum. Təxmini 2 illik hərbi həyatım oldu. Səngərdə qulluq elədim. Sonra gördüm ki, belə həyat şairlə düz gəlmir. Şair ola bilməyəcəm. İçimdəki yaradıcılıq gedirdi.

- Bacarmamaq şairliyə görə idi?

- Bacamarmamaq deməyək, amma məni dəyişirdi. Vəhşiləşdirirdi bir az.

-Onda belə çıxır ki, vətəni qoyub ədəbiyyatı seçdin?

- Belə deməzdim. Vətənə lazım olan an orda olacaqdım, oldum da. Hərbiçi olmasam da eyni cür davranacaqdım. Müəllim və jurnalistliyə gələndə isə universitet ixtisasından biri müəllimlikdir. Yüksək bal toplamışdım. Bakıya düşürdüm, amma fərqlilik üçün kəndə getmək istədim. Media da aydın məsələ. Aşağı-yuxarı hamımız bunun içindəyik, yazırıq. Həm də, etiraf etmək lazımdır ki, Maddi məsələlər də var. Guya mən istəmirəm rahat olsun hər şey? Neyləyək, olmur. Heç mənə də indiki kimi də bəs eləmir. Lazım olsa, gecə növbəsində mühafizəçi kimi də işləyərəm( gülür)

- Müharibənin yaratdığı psixoloji məsələlər də olur. Bunu döyüşdən qayıdanlarda da hiss edirik. Səndə necədir vəziyyət? Müharibə dövründə psixologiyanın təsir edəcək hansı hadisələr oldu?

- Bəli. Məndə də müəyyən qədər var. Hadisələr elədir ki, orda baş verən çox şeyi artıq unutmaq istəyirəm. Mən gələn günün sabahı müalicəyə başladım. Mənim psixologiyamı ayaqda saxlayan bir az həyatımdır. Bayaq dediyim şeylər. Müəllim işləməyim, jurnalistika və.s Bakı mühiti sıxanda rayona gedirəm, orda sıxılanda bura gəlirəm.

- Səni daha çox müharibə şeirləri ilə tanımışıq. Əvvəl də, sonra da. Amma belə bir məsələ var ki, əksər yazıçı-şairlər müharibəyə qarşıdırlar, müharibə istəyən əxlaqsızdır deyirlər. Nədir bu? Yaradıcı insan niyə müharibəyə qarşı olmalıdır? Belə bir öhdəçilik mütləq olmalıdır?

- Heç bir öhdəçilik yoxdur. Təbii ki, müharibəyə qarşı olmaq lazımdır. Mən özüm də qarşıyam və həmişə də belə olacam. Amma baxır necə, nə. Biz müharibə eləməmişik. Biz işğalçılığa qarşı çıxmışıq, haqqımızı istəmişik. Yolda sevgilinlə gedirsən. İki nəfər qabağını kəsib deyir qızı ver bizə. Nə deyəcəksən? Gedim şikayət edim, işıqlandırım, beynəlxalq təşkilatlara şikayət edim? Təbii ki, müqavimət göstərəssən.

Həmin adamların maaşını kəs, gör nə edir, nə danışır. Haqqını almalısan da. Məsələ budur. Sənin olan sənin əlindən alınıb. Müharibə faciədir. İnsan ölümü, mədəniyyətin dağılması və.s. Müharibəyə hamı qarşıdır. İndi bizdə olan kosmopolitləri çıxsaq, normaldır. Məsələn, Amerika gedib Vyetnamda hansısa maraqlara görə işğalçılıq edirsə, buna qarşı çıxa bilərsən. Bu müharibəyə qarşı olmaq deməkdir. Onların bəzisi təşkilatlardan qrant alıb elə deyirlər, bəziləri də küyə düşür. Heminqueyin özü də döyüşürdü. Bayron da nələr edib məlum. Bunlar dövlət və ideoloji məsələrdə də kosmopolitlik etmirlər. Hətta uşaq nağılı yazanlar var ki, müharibədə iştirak ediblər. Ona görə də yazıçı-şair mütləq belə olmalıdır deyə bir şey yoxdur. Klassiklərin çox hissəsi haqlı müharibə, mübarizə tərəf darı olub. Hüqosundan üzü belə..

- Bizim yaradıcı insanlar niyə belə deyir onda? Torpaqları düşmənə verək deyənlər də var idi. Bu, zəiflik sindromudur, yoxsa sən dediyin məsələlər.

- Qarabağı erməniyə verək deyən şair-yazıçılar var. Onlara demək istərdim ki, öz yaşadıqları evi bizə versinlər. Verərlərmi? Əsla, üsyan qaldırarlar. Qarabağ da bizim evimizdir. Niyə mənim evimi verməyimi istəyirlər? Bir haldakı istəmirlər torpağı, niyə yaşayırlar? O cür deyənlər əksəriyyətdən yaxşı yaşayır.

- Emin, müharibə geridə qaldı, bizdə geridə qoyub ədəbiyyata qayıdaq. Bir gənc yaradıcı adam kimi ədəbiyyatın ilk problemini nə də görürsən?

- Bizdə əsas problem maddiyatdır. Elit təbəqəmiz yoxdu. Həm intellektual, həm də imkanlı. Yaradıcı adamlara olan əksər münasibət də yanlışdır, bəyənilmir. Özü də heç bir səbəb olmadan. Ədəbiyyatla məşğul olan adamlara normal şərait yaradılsın, görün, nələr olur.

- Bunların bütün səbəblərin biri ədəbiyyata, daha dəqiq ədəbiyyat qurumlarına ayrılan vəsaitin mənimsənilməsi ola bilərmi? İddialar arasında belə bir söz də dolaşır. Münasibətin necədir? Məsələn, elə AYB-yə ayrılan pulların düzgün bölüşdürülməməsi, kitabların çap, tərcümə olunmaması və.s

- Bəzən ayrılan pulların yanlış istiqamətlənməsi olur. Məsələn, düzgün müəlliflərin seçilməməsi, tərcümələrin düzgün və yaxşı olmaması, pullu mükafatların ədəbiyyat adamlarına düzgün verilməməsi və.s. Təqdim edilmə normal olmalıdır, istedadlı adamlar qabağa verilməlidir. Bu məsələyə dövlət tam olaraq əl qoysa daha yaxşı olar. Deyərdim ki, bizim ədəbi gəncliyi, mühiti incidən böyük məmurlar yox, kiçik məmurlardı.

- Dövlət vəsait ayırır axı..

- Bilirəm. Burda dövlətin günahı yoxdur, aşağı təbəqənin vicdan məsələsi olmalıdır.

- Bəlkə bu məsələlərdə tanışlıq məsələləri də var?

- Ola bilər. Amma söhbət xaricə çıxmaqdan gedirsə, burda dostumdu, tanışımdı söhbəti keçməməlidir.

- Sənin özünə necə bəs, yaxşıdır münasibət? Dəstək olunur?

- Mənim kitab çıxartmaq üçün vəsait problemim yoxdur. Yəni, adicə status yazsam istəyirəm kitab çıxarım, əvvəldən çıxartmaq istəyən adamlar olacaq, var. Ona görə bunları özümə demirəm, başqaları belə deyil axı. Təqaüd də almışam. Belə də mən almayacam kim alacaq?

- Təqaüddən söz düşmüşkən. Sən gənc ədiblərdə koordinator olmusan. Niyə təqaüd alanların siyahısı verilmir, gizlədilir? Səbəb nədir?

- Mən özüm istənilən vaxt öyrənə bilərəm. Hətta o vaxt Rəşad Məcid özü siyahını verdi, təqaüd siyahısını açıqladıq. Bizim gənc ədiblərdən ilk alanlar idi.

- Bəs sonrakı illərdə niyə bilinmədi?

- Yəqin ki, siyahını tək hazırlamır, ona görə. Amma mən düşünürəm, 20 nəfərə təqaüd absurd qərardır. 200 manat çox azdır. Məsələn, 10 nəfər ehtiyacı olana daha çox dəstək olmaq olar, nəinki hər il layiq oldu olmadı 2o nəfərə. Hər il bu qədər istedadlı adam hardan çıxır axı?

- Təqaüdün AYB üzv olanlara verilmək məsələsi bəs? Mütləq AYB qılıncının aktından keçilməlidir?

-Mən bunu qılınc kimi qarşılamıram. AYB kiminsə özəl təşkilatı deyil. Uzaq başı dövlətin qılıncının altından keçirsən. Necə ki, əsgər gedəndə forma geyinirsən, bu da elə. Əsas məsələ, üzv olandan sonra necə olursan.

- Yaltaqlıq olunsa, orda qalxmaq mümkündür?

- Bəli. Müəyyən qədər hə. O da baxır kim yaltaqlığı sevir…

-Bəs susmaq məsələsi. Məsələn, Anarı tənqid edə bilməmək. Var belə senzura?

- Şəxsən mən etmişəm. Həm də AYB-də ola- ola. İndi də gənclər şurasının üzvüyəm. Amma mən heç zaman kiminsə sözüylə nəyisə etməmişəm. kiminsə sözüylə kimisə qaralamamışam. Hər zaman özüm olmuşam. Anarı tənqid etmişdim, sonra səfərlərin birində bir yerdə oturduq, şeirlərimi oxuduğunu bildirdi, təriflədi.

Şəxsi olaraq fəaliyyətləri olanları oldu. Amma qurum yanaşması müharibə dövründə 2 qiymətini aldı. Bu gün bütün nazirliklər, qurumlar, təşkilatlar, hamsı onları qabaqladı. Halbuki, mən elə bilirdim AYB qurum kimi həm müharibə, həm müharibədən sonra ən öndə görünəcək. Bir sözlə hamımız xəyal qırıqlığına uğradıq.

- Emin, müasir Azərbaycan ədəbiyyatında özündən güclü birini görürsən?

- Bir işə qol qoyursansa, özgüvən olmalıdır. Amma Azərbaycanda ədəbiyyat baxımından ümid və arzuların üstündən xətt çəkmişəm. Kimsə məşhur olmaq istəyirsə, yolu açıq. Mən heç kimlə rəqabətə girmirəm. Ona görə də heç kimi görmürəm.

- Bəs yaxşı, tanınan amma əslində istedadı o qədər də olmayan adlar sadalaya bilərsən?

- İstedad enerji məsələsidir. Birində azdır, birində çoxdu. Bizdə yerlər səhv düşüb. Bir də zövqlər məsələsi var. Məsələn, Rövşən Abdulla oğlu. Təbii ki, onun kitabları məndən çox satılır, tanınır, amma mənim yazıçım deyil. Ümumiyyətlə, bu tipli janrlar…Yəni, mənə görə deyil bunlar.

- Müsahibə üçün təşəkkür edirik, Emin.

- Buyurun, çox sağ olun. Minnətdaram.

Söhbətləşdi: Orxan Saffari

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK