SON DƏQİQƏ:

Xuraman Hüseynzadə: “Hələ də arzular dumana düşüb”

  36047   |  
Şriftin ölçüsü  

Emin Pirinin şeirləri haqqında

 

Vilyam Rose Benet deyirdi: “Şeir yazanlar həyatın zəhərli dodaqlarından bal çəkənlərdir.” Emin Pirinin şeirlərində həmin bal çəkmək istəyi duyulur. O, həyatın zəhərli dodaqlarından bal çəkmək üçün cidd-cəhdlə çalışan şairlərdəndir.

Yaşadıqlarını, gördüklərini və görmək istədiklərini poetik ovqatla oxucuya çatdıran E. Piri bu yolda onu müşayiət edən sözün yaşatırdığı əziyyətdən çəkinmir. Bilir ki. sonda yazdıqlarından mənəvi zövq alacaq. Əzrayıla yazdığı “Gecikmisən” şeirində Əzrayılın sevgiyə məğlub olduğunu bildirir Emin Piri:

 

Məni sevənlərin çoxu gecikdi

Sən də gecikdin

Əzrayıl.

 

Səndən öncə bir qız gəlib,

Göz dikdiyin canımı,

səndən öncə apardı.

 

Gəlirsən günorta gəl,

Gecə evdə olmuram.

Mən sözümdə oluram,

Heç özümdə olmuram.

 

Əzrayıla vaxtsız gəlməməyi deyən E. Piri bunu insanların etibarsızlığı ilə izah edir. Etibarsız insanların haqsız danışacağını o, misralarla bildirir:

 

Eh, əzrayıl...

Gəlirsən, vaxtsız gəlmə.

Heç kimə yoxdu etibar,

Bir də gördün yaradana

Çatdırıblar,-

Aramızda nəsə var!

 

Hərbi xidmətdə olan, vətəni qoruyan əsgərlər gördüklərini, yaşadıqlarını poeziyaya çevirmək sitedadına malik olanda bunu daha dəqiq oetik ovqatla ifadə edirlər. “Sükutlu səngər” şeirində o da səngərdə gördüyü sükutdan bəhs edir:

 

Pozulur

səssiz gecələrdə

gözlərdən qovulmuş

səngərin sükutu.

 

Torpaqdan dən yerinə

barıt dənləyən sərçə dimdiyi

və bir də

sərçə kimi qorxu dənləyirdi

əsgər ürəyi.

 

Əsgər ürəyinin sərçə kimi qorxu dənləməsi onun qorxaq olmasını yox, çətin keçən səgər həyatını ehtiva edir. Çox vaxt əsgərlərin həyatı haqda yazılan şeirlərdə onların keçdiyi çətin və şərəfli ömür yolu poetik ovqatın sərrast ifadə forması kimi oxuculara çatdırılır. E. Pirinin “Sükutlu səngər” şeirində oxucular bir daha o həyatın çətinliyini hiss edir...

Emin Piri böyük türk şairi Nazim Hikməti tanıdıqdan sonra yazdığı “Sənsizm” adlı şeirdə onu tanımağın necə gözəl bir hiss olduğunu yazır. Nazim Hikmətə olan sevgisi və onun şeirlərində sevginin poetik ovqatın uğurlu ifadəsinə çevrilməsini görməsi bu şeirdə öz əksini tapır:

 

Səni sevmək

zülm bir iş,

burda doğulmaq kimi,

Alın yazısını

sondan əvvəlinə

oxumaq kimi...

Səni sevmək

müsəlman orucunda iftara gələn

çoxillik şərab kimidi...

bu qədər vazkeçilməz

bu qədər günah...

 

E. Piri irik qəhrəmanını sevməyin həm zülm, həm də poetik ovqatla vazgeçilməz, günah olduğunu da bildirir... Bu günah əlbəttə ki, sevginin böyüklüyünü ehtiva edən bir hissdir.

N. Hikməti tanıdıqdan sonra sözə həssas yanaşmaq “Sənsizm” şeirində maraqla ifadə olunur. Bu sevgidə sözlər, poeziya, bədii tapıntılar var. Şeiri oxuduqca oxucu bir poetik məqama diqqət yetirir: Yaxşı şairlərdən bəhrələnmək gənc şairlər, söz adamları üçün xüsusi əhəmiyyət kəsb edir:

 

Bir az da

qabırğasını çimdikləyib

oynadığım əzrayılın

kölgəsində sürünməkdi.

Tellərinin havasına

barmaqlarımın oynaması,

əllərimin hörüklərinlə

əl-ələ tutub yallı getməsidi

səni sevmək...

Saçlarımın qarasını

sığalında itirib,

nağıldakı qurbağanın

dodağından öpməkdi-

bəlkə sənə çevrildi.

Öpüşlərimi qızılgül ləçəkləri kimi

boynundan asmaq,

çiynimdə mələklər yerinə

saçlarının rəqs etməsidir

sənə tapınmaq.

əllərim darıxmasın deyə

Tanrı yaratdı səni.

 

Əllərinin darıxmaması üçün onu Tanrının yaratdığını deyir E. Piri. Estetik duyğular oyadan sözə bu cür diqqət onun şeirlərinin əsas qayəsini təşkil edir.

Qapımızın cəftəsinə çevrilib əllərim

bəlkə, döyəcəksən qapımı.

Heç nə istəmirəm,

Hər sabah zəngli saata çevrilsin

yatağımda "oyan" deyən öpüşün.

 

O, azadlığı bədii çalarlarla ifadə edərək gözətçinin azadlığa çıxan budaqlara çəkdiyi zəhmətdən bəhs edir:

 

Orda

həbsxana divarları ucalır,

bir ağac boylanır həyətindən.

hər mövsüm gözətçi budayır

divarlardan

azadlığa çıxan budaqlarını.

 

Azadlığı

məftillərdən kənara çıxan

kölgəsi dadır bu ağacın.

Sənə uzanan əllərimdi o budaqlar...

 

Getdiyi bütün yolların öz kölgəsi olduğunu bildirən Emin Piri sonu “izm”lə bitən heç bir quruluşun onu qorxutmadığını deyir və hər yerin onun üçün bu cür quruluş olduğunu bildirir:

 

Getdiyin bütün yollar kölgəmdi mənim.

Heç bir quruluş ovutmur məni

nə kapitalizm, nə də kommunizm

indi hər yer "Sənsizm"di.

 

“Diqqətsiz” şeirində o, şərab şüşəsinin qırılmasını qadın ürəyinin qırılması ilə müqayisə edir. Lirik qəhrəmanı xidmətçi xanımın bildirdiyi bu irad E. Pirinin poetik ovqatını ələ alır və diqqətsiz olmağı haqda oxucuya subliminal mesaj ötürür:

 

Bir az sərxoşluqdan,

bir az da söhbətin şirinliyindən

qırıldı şərab badəsi

yıxılıb əlimdən.

Baxıb

Köks ötürdü

xidmətçi xanım:

"cənab leytenant,

bu da qadın ürəyi deyil ki,

diqqətsizlikdən qırasız!"

 

E. Piri “Puşkinlə Yesenin arasında” şeirində külək haqda maraqlı poetik ifadələr işlədir. Təbiət hadisələrini daha çox ehtiva edən bu şeirdə Emin Piri arzuların, ümidlərin də çıxılmaz vəziyyətdə qaldığını poetik əhval-ruhiyyə ilə bildirir:

 

Kəsilən günləri üst-üstə gəlsək,

Ömrümün neçənci ili eləyir?!

Ağappaq qovaqlar hayandan çıxdı,

Adamı heç nədən dəli eləyir.

"Saxla" işarəsi verir polislər,

Yenə düz keçməyib küçəni külək?!

Cibindən saralmış yarpaqlar çıxır,

Çəkir qorxusundan içini külək.

İçinə çəkilib, yığılıb sular

Daha hava udmaq da havayı deyil.

Deşilib gedibdi dənizin dibi,

Üzün dimdikləyən qağayı deyil!

Hələ də arzular dumana düşüb

Yenə də ümidlər bir yol axtarır.

 

İnsan tənhalıqdan xali deyil. Lirik ricətə çıxaraq Çexovun tənhalıqla bağlı dediyi sözü xatırlayaq: “Özünü tənha hiss edən insan üçün hər yer çöl-biyabandır.” O, tənha adamların qoluna girməyə qol axtarmasını onların tənhalıqdan bezməsi kimi oxucuların diqqətinə çatdırır:

 

Bu tənha adamlar, bu tək adamlar

Qoluna girməyə bir qol axtarır.

Yolları palçığa batmış o kəndin

Baca tüstüsünə isinir bulud.

Təndirdə küt gedib bir kündə sevgi,-

Bir azdan başlayar işini bulud.

Ağappaq qovaqlar hayandan çıxdı,

Adamı heç nədən dəli eləyir.

Kəsilən günləri üst-üstə gəlsək,

Ömrümün neçənci ili eləyir?!

 

Müsəlmanın duası əlbəttə, təqdirəlayiqdir. Dua insana xoş təsir bağışlayır, onu həyata bir az da bağlayır, ona quh yüksəkliyi verir, hər şeyin yaxşı olacağını diktə edir. Yetər ki, dualar qəbul olsun. Bu isə uca Tanrının insana göstərdiyi diqqətdən, sevgidən irəli gəlir. Əlbəttə, müsəlmanlar hamısı Yaradana inanır və dillərindən dualar düşmür:

 

Göydə quştək vurulur

Müsəlmanın duası.

Göydən dualar düşür

ətəyi, üzü qanlı.

Analar ağzı dualı,

analar diz çökübdü,

analar dizi qanlı.

Uşaqlar bələyə yox,

qana bələnir burda.

 

E. Piri müsəlmanın duasının göydə quştək vurulmasını poetikləşdirir... İnsanın yaşdığı çətinliklərdən bəhs edən E. Piri şeirin sonunda yer kürəsinin əlində duayla uçduğunu bildirir. Bu dua necədir? Insanı həyata bağlaya, ona ruh yüksəkliyi verə, arzularının, istəklərinin bu dualarla həyata keçəcəyinə vəsilə ola bilərmi?

 

...Anaların ağzından

qanlı dualar qopur.

Üzün yırtır səhralar,

səhralar çopur-çopur.

Əllər göyə uzanıb

vurulan duaları

göydə saxlamaq üçün.

...Yer kürəsi əlində

qanlı duayla uçur.

 

Emin Pirinin şeirlərində yaşadığımız həyatın çətinliklərini də, xoş anlarını da görə bilərik. Daha çox çətinlikləri ifadə edən bu şeirlərdə o, yaxşı cəmiyyətdə, yaxşı adamların əhatəsində yaşamaq istəyini poetik çalarlarla bildirir.

Erməni qəsbkarları tərəfindən şğal olunan torpaqlarımız Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin və igid əsgərlərimizin, hərbçilərimizin sayəsində işğaldan azad edildi. Baş leytenant Emin Piri də

Vətən Müharibəsində qəhrəmancasına iştirak edərək “Vətən Müharibəsi iştirakçısı” medalına layiq görüldü.

Inanırıq ki, Vətən Müharibəsi iştirakçısı olan Emin Pirinin şeirlərində yaşadığı hiss və həyəcanların poetik ovqatla yazılmış uğurlu ifadələrini də görəcəyik...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-07

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK