adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Yanvar 2021 17:56
116055
ƏDƏBİYYAT
A- A+

TÜND BOYALARIN İŞIĞI…

(Nüşabə Əsəd Məmmədlinin “Müharibə” essesini oxuyarkən…)

Nüşabə Əsəd Məmmədli maraqlı yazıçıdır, əsərləri mövzusu, obrazlarının zənginliyi, özünəməxsus zəngin bədii üslubu, rəvan, axıcı dili ilə diqqəti cəlb edir. Əsl yazıçı təfəkkürünün məhsulu olan əsərlərində, janrından asılı olmayaraq, təbiət canlı və əsrarəngiz, obrazlar dolğun, mükəmməl, hadisələr cəlbedicidir. Əsərlərində janrından asılı olmayaraq yaz fəslinin al rəngə boyalı lalə talası, yayın minbir rəngə çalan parlaq günəşi , payızın yarpaq tökümü, qışın bəyaz saflığı təkcə bədii təsvir vasitə deyil, qələmə aldığı insanların həyat tərzində, hadisələrə münasibətində, obrazların sevincli və kədərli məqamlarında bədii həllə yönəli açar rolu oynayır, oxucunu istiqamətləndirir. Təsvir və təhlilləri oxuyarkən artıq qarşıda səni gözləyən süjetin “ab-havasını” hiss edirsən. Əsərlərdə təsvir olunan obrazların həyata münasibətinə, yaşam tərzinə, hadisələrin axarına uyğun təbiət də dolub-boşalır, bəzən al-əlvan lalə talası kimi gözü-könlü nurla doldurur, bəzən də payızın yarpaq tökümün xiffətinə qapılırsan, bəzən narın yaz yağışı kimi ürəyə sərinlik gətirir, bəzən də tufan kimi gurlayır, çovğuna düşürsən. Təbiət də canlı obraz kimi hadisənin mahiyyətinin əks-sədası, insanların düşdüyü mənəvi-psixoloji mühitin daşıyıcı kimi təsvir olunur. Bu duyğular Nüşabə xanımın əsərlərinin məndə doğurduğu ab-havanın əks-sədasıdır. Əsərlərini oxumuşam, dövrü mətbuatda dərc olunan qələm məhsullarını izləmişəm. Nə gizlədim, bu marağı məndə xalq yazıçısı Elçinin onun 1984-cü ildə nəşr edilən “Yarpaqlar töküləndə” adlı ilk kitabına yazdığı ön söz doğurub və ondan sonra həmişə arayıb, axtarmışam. Nüşabə xanımın əsərləri bədii tutumu, yazıçı təfəkkürünün obrazlı ifadəsi ilə seçilir, oxunaqlıdır. Əsərlərdə təsvir olunan qadın obrazları məndə xüsuilə mükəmməl təəssürat yaradıb. Həmin obrazlar həyata, ailəyə münasibətləri, cəmiyyətdə tutduğu mövqe və keşməkeşli yaşam tərzi ilə çox möhtəşəmdirlər. Müəllif qadınları ayaqlarının toxunduğu yeri cənnətə çevirən ilahi varlıq kimi tərənnüm etməkdən qürur hissi duyur, ifadə olunmaz ləzzət alır və bu duyğunu əsl yazıçı istedadı ilə oxucusuna ötürməyi bacarır.

Qadının sevincli məqamlarından yazanda qələmi göy qurşağı kimi min rəngə çalır, dünya qadın işığının nuruna boyanır. Zərif məxluqun gücünü təsvir edəndə Tomris xisləti ilə qarşılaşırsan. Küskün, incik, “bəzən bir ürəksizdən məhəbbət umanda” nakamlığın faciəsi ilə yaşayan qadının “olum ya ölüm” məqamını təsvir edəndə, yazıçı qələminin “titrəyişi” hiss olunur. Tərənnüm etdiyi qadının faciəsini, ağrı-acılarını özününküləşdirir, bu ağrı yükünün çəkilməzliyinə oxucunu inandırır, amma onları bədbinləşdirmir, xoşbəxt qadının cahanı nura boyayan sevinci oxucunu öz ağuşuna alır, qanadlandırır, yaşamağa, mübariz olmağa, xarici parıltılardan daha üstün durmağa çağırır. Nüşabə xanımın yaradıcılığı haqqında bu duyğuları böyük qələbədən sonra yenidən oxuduğum “Müharibə” essesi oyatdı. Kiçik qeydləri də həmin esseyə söykəli ifadə edirəm. “Müharibə”də də müəllifin roman, povest, pyes, ssenari və hekayələrindəki özünəməxsus bədii ənənənə uğurla davam etdirilir. Ədalətli, ədalətsiz müharibələrin fərqi varmı, hamısı insana, qana, ağrı-acıya yönəlidi. Böyük Vətən müharibəsindən keçmiş baba-nənələrimizin, ata-analarımızın ağrı-acıları ilə Qarabağ müharibəsinin sinəsinə övlad dağı çəkdiyi, saçlarına vaxtsız dən düşmüş, gözlərinin işığı öləziyən cavan analarımızın faciəsi fərqlidirmi... Faşizm formaca müxtəlif cür təzahür edə bilər, amma mahiyyətcə eynidir... “Müharibə” essesi bu mənada çox ibrətamizdir. II Dünya müharibəsindən əlil qayıdan atanın övlad dünyasına gətirdiyi çəkilməz dərd, Bəyaz arvadın çörək həsrətli qonşu uşaqlarına ümid, toxtaxtlıq kimi hər gün gətirdiyi bir stakan südün ilahi təsəllisi, bütün ömrünü universiteti bitirdikdən sonra cəbhəyə getmiş və itgin düşmüş tək oğlundan xəbər həsrətilə küçədə poçtalyon gözləyən və gözləyə-gözləyə ayaq üstə ölən Kişvər xalanın dərdi çəkiləndimi... Qarın altında qucağında ölmüş körpəsi dəli kimi rəqs edən ananın fəryadı qəddarlığa, insan qanına susalı erməni faşizminə yönəli güllə kimi səslənir “Biz Ağdama çatanda sulu qar yağırdı. Onda fevralın 26-sı idi. Qarın altında ayaqyalın qadınlar qucaqlarında körpə uşaqlar rəqs edirdilər. Mən avtobusdan düşüb rəqs edən qadınlara yaxınlaşdım – onlar, sanki heç kəsi, heç kimi görmürdülər. Buzlaşmış gözləri ilə mənə baxıb oynamaqlarına davam edirdilər. Mən onların qucağındakı uşaqlara baxanda dəhşətə gəldim - analar uşaqlarının meyitləri ilə birgə rəqs edirdilər. Bütün cismimi soyuq tər bürüdü.” Nüşabə xanım, bu dərdləri danışır, danışa-danışa özü də yaşayır bu ağrı-acıları, olum və olüm arasındakı bir göz qırpımı məqamı yaşadır oxucuna, amma onu “öldürmür”, qadın-ana daxilindəki işartını öləziyən şam işığı kimi sönməyə qoymur, oxucunu bu kiçicik işartının göz qamaşdıran bir parıltıya çevriləcəyinə inandırır... Essedə fərdin ahı-naləsi bəşəri faciə məqamına yüksəlir. “Mən Allaha şikayət edəcəm” - suriyalı körpənin müharibənin insan əməli olmadığı inamından doğan bu sadəlövh şikayəti Qarabağ müharibəsinin dəhşətlərini yaşamış insanların etirazında əks-səda tapır: “Mən də Allaha hər şeyi deyəcəm – şəhidlərimiz basdırıldığı torpaq üstündə düşmənin kabab çəkib yeməsini, o torpağın üstündə onların rəqs etməsini deyəcəm. Və bir də anaların röyalarında inildədiklərini deyəcəm.” Köməksiz körpənin, ölmüş övladı qucağında rəqs edən ananın ifadə olunmaz ümidlə Allaha edəcəyi şikayət insanı düşünməyə, yersiz tökülən qanların doğurduğu faciədən dərs almağa çağırır, “sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar” - budur, yazıçı idealı, budur, “Buhenvald harayı” kimi bəşərə səslənən çağrı… “Müharibə” essesini oxumuşdum. Qələbəmizin təntənəsini yaşadığımız bu günlərdə əsərə yenidən nəzər salmaq həvəsim oyandı, esseyə qalib insanın gözü ilə baxdım. O vaxt məni kədərləndirən, bəlkə də hissə qapılıb bir az bədbinləşdiyim əsərdəki tünd boyalardan süzülüb gələn ağ işığı gördüm, bu günkü qələbəmizin işartılarını hiss elədim. Bu duyğuları Nüşabə xanımı yaxından tanıyan, əsərlərinə dərin rəğbət bəsləyən oxucu, vaxtilə birlikdə çalışan, nəhəng inzibati binanın üçüncü mərtəbəsində hər gün qarşılaşan həmkar-jurnalist kimi ifadə etdim, bəlkə bir az ərkyana oldu, türklər demiş, qüsura baxmayın. Xeyli vaxtdır rastlaşmır, hal-əhval tutmuruq, amma qələmilə baş-başa olduğuna inanıram. Yeni əsərlərini hamımız maraqla gözləyirik, Bu əsərlər yaşlı nəsl üçün təsəlli, gənclərə vətənsevərlik çağrısı, qadınlarımıza, xüsusilə də müstəqil həyata yeni qədəm qoyan qızlarımıza isə ibrət dərsidir…

Vaqif TANRIVERDİYEV ,

Gəncə