SON DƏQİQƏ:

AĞDAMDA EVİMİZ - Ramiz MƏMMƏDZADƏ yazır

  30300   |  
Şriftin ölçüsü  

Can Evimiz indi - 2021-ci ilin yanvarında sənə necə salam verim ki, salamımı alasan, sənə necə təsəlli verim ki, təskinlik tapasan, hardan başlayım, nədən başlayım ki, məni eşidəsən, üzümə baxasan, qollarını qaldırıb məni qucaqlayasan, kövrəlib ağlayasan, sənə baxıb mən də ağlayam... Hanı ağlamağa gözün varmı, qolların dibindən kəsilib, ayaqların vardımı, qapın, pəncərən, divarların elə bil ki, heç olmayıb, ağacların yeri də bilinmir, suyun quruyub, dəmir darvazan uçub gedib, yeri bilinməz olub...

Cənnətlik Zəhra anam deyərdi ki, Ağdama geri dönəndə həyətimizin darvazasından evimizin pilləkənlərinədək (ən azı 30-40 metr var) dizin-dizin, sürünə-sürünə gedəcəyəm, bəlkə evim məni bağışlaya, onu qoruya bilmədik, fələyin badına getdi evimiz, qolları qırılsın ermənilərin, qapıları xaraba qalsın...

1989-cu ilin yay günləri düşür yadıma. Ağdama - evimizə getmişdim. Evimiz Ağdamın düz mərkəzində yaşayırdı.

İndi telegörüntülərdə murdar ermənilərin Afrikanın çəyirtkə sürüsü kimi altını-üstünü gəmirdiyi Ağdam Dövlət Dram Teatrının giriş qapısının üç oval şəkilli tağını görürük. Bax, həmin girişin tuşunda rayon partiya komitəsinin ikimərtəbəli köhnə binası yerləşirdi - Voroşilov küçəsi № 1-də. Bir az o yanda şəhərə bitişik Seyidli kəndinə tərəf gedən yolda - Voroşilov küçəsi № 9-da bizim həyətimiz, evimiz vardı. SSRİ dağılandan sonra küçəmizin adını “Xudu Məmmədov” qoydular.

Ağdamın hər fəsli gözəldi. Yay ayları da öz yerində, bazar-dükan aşıb-daşardı, mer-meyvəsini, bostan-tərəvəzini yığıb yığışdırmaq çətin məsələydi. Nə isə...

Hə, Ağdamdaydım - evimizdə. Qardaşım Fuad mamamızdan (anama “mama” deyirdik) giley-güzar eylədi. Dedi ki, sən mamaya deginən qoy icazə versin bu evə bir balaca əl gəzdirim, istəyirəm şüşəbəndi bir az genişləndirim, qabağa çəkim, bu zirzəmini heç olmasa iki belağzı aşağı saldırım, içəri girəndə qəddimizi əyməyək, mamam qoymur ki, qoymur.

Anamdan soruşdum ki, niyə icazə vermirsən, Fuad şüşəbəndi, zirzəmini düzəltdirsin, genişləndirsin?

Zəhra anam üzünü yuxarı tərəfə - dağlara tərəf tutub qollarını göyə qaldırdı:

- Mən nə deyirəm ki, dədənizin tikdirdiyi evdi, istəyirsiniz söküb yenidən tikin. Amma qoy o qırılmışlarla qurtaraq sonra, yuxarı tərəfdən arxayın olaq, sonra necə istəyirsiniz eyləyin, nə deyirəm ki...

Mən gülə-gülə dillənSdim: - yəni deyirsən ki, ermənilər Ağdama gələ bilərlər?

Anam sözümü kəsdi:

- Yox, demirəm ki, ermənilər Ağdama gələcəklər, Allah vurmuşdu onları, amma yenə də arxayınçılıq olsun, sonra...

Ah, yazıq anam, müdrik anam, birinci sinifə belə getməyən bilikli anam, ruhun sevinsin indi Ağdama, evimizə, küçəmizə qayıdırıq.... Birmərtəbəli, kürsülü, üçgözlü ata evimizin həlak olduğu dəqiq tarix yadımdadır - 16 yanvar 1993-cü il. Şeytan erməni sürüsünün Ağdama soxulmasına hələ yeddi ay vardı...

O vaxtlar Ağdam rayon prokuroru işləyən Zahid Tağıyev dedi bu tarixi mənə. Düşmənin qradı düz gəlib yenidən qurmaq istədiyimiz şüşəbəndin başına düşmüşdü.

Balaca qızım Firuzə ilə yaxınlaşıb evimizlə vidalaşdıq. Firuzə süpürgə götürüb ağlaya-ağlaya həyəti süpürəndə süpürgəni onun əlindən alıb kənara tulladım.

Taxtapuşunun dəmirləri qonşu qiyaslı Şahmarın damına tökülmüş, ağacların budaqlarından sallanmış yaralı evimizə baxmaq dəhşət idi... Onu belə gündə görüncə xəcalət çəkdim. Canım evimiz, səni də, qohum-qonşunu da qoruya bilmədik, bizləri qəti bağışlama, otuz illik zillət bəs eyləyər daha...

O günü - 23 noyabr 2020-ci ildə cəngavər Prezidentimiz İlham Əliyev və fəxrimiz, vüqarımız Mehriban xanım yaralanmış, təhqir edilmiş, yazıq günə qalmış Ağdam Cümə məscidini ziyarət edəndə baxıb ağladım, elə bil yuxu görürdüm, möcüzəyə düşmüşdüm nəydi...

Ali Baş Komandanımız məscidin rəngi qaçmış həyətində haqsızlığa, zülmə qarşı üsyan edirdi, erməni eybəcərliklərini, onların faşist xislətini

faktlarla ayaqlar altına çırpırdı. Qalib bir millətin zəfər himnini ucadan oxuyurdu... Haqqın, ədalətin təntənəsini bütün planetə bəyan edirdi...

Mən ağlayırdım, əfsanəvi qələbə həyəcanından, torpaq, yurd-yuva həsrətinin yanğısından od almışdı məni. Qüdrətli Prezidentimiz, istəkli Birinci Xanımımızla birlikdə çöhrəsi solmuş, rəngi qaçmış, pis günlərə qalmış Ağdam Cümə məscidinə Məkkədən gətirdiyi müqəddəs “Qurani-Kərim” kitabını bağışlayanda gözümdən od parladı, elə bil nağıllara düşmüşdüm, yuxu görürdüm...

Bu qədim Ağdam Cümə məscidi mənə necə deyərlər, bir köynək yaxın idi, doğma idi. Babam molla Mürşüd Məşədi İsfəndiyar oğlu Cəfərov keçən əsrin 50-ci illərində bu məscidin sədri olmuşdu.

Məscid oxuduğum 1 nömrəli oğlan orta məktəbə gedən yolun üstə idi.

Qeyd: O vaxtlar biz qızlarla birlikdə oxumurduq. 1954-55-ci dərs

ilinədən oğlanlarla qızlar bir yerdə oxumağa başladılar.

O illərdə, yəni XX əsrin əllinci illərində (dəqiq tarixi yadımda deyil) eşitdim ki, Bakıdan məscidlərin böyüyü gəlib.

Bakıdan gəlmiş qonağın - yəni şeyxülislamın şərəfinə açılmış məclisdə mən də vardım, süfrəyə qulluq edirdim.

Babamgilin həyətində qoşa tut ağacının kölgəsindəki çəmənlikdə xalçalar salınmışdı, döşəkçələr, mütəkkələr də öz yerində..

Mən süfrəyə qədim və yaraşıqlı bulud qablarda plov daşıyırdım. Birdən o vaxtın diliylə desək, məscidlərin böyüyü əlini mənə tərəf uzadıb babamdan soruşdu:

- Mürşüd kişi, bu uşaq kimdir belə?

Mürşüd babam dərhal cavab verdi:

- Nəvəmdir, adı Ramizdir, İbrahim əfəndi.

Şeyxülislam məni yanına çağırıb soruşdu:

- Neçədə oxuyursan, necə oxuyursan?

- Əlaçıyam, beşinci sinifdə oxuyuram. - dedim.

- Biz indi hardan bilək ki, sən əlaçısan? - deyə İbrahim Əfəndi soruşdu.

Mən bir söz demədən babamgilin həyətindən qaça-qaça Voroşilov adına küçəyə - öz evimizə gəldim. Kamodun gözündə saxladığım “Azərbaycan pioneri” qəzetini götürüb geri qayıtdım.

Qəzetin birinci səhifəsində boynumda pioner qalstuku olan böyük şəklim verilmişdi. Şəklin altında yazılmışdı: “Ağdam şəhər 1 nömrəli oğlan orta məktəbinin əlaçı şagirdi Ramiz Məmmədov” (onda familyam “Məmmədov” idi)..

Şeyxülislam qəzeti alıb diqqətlə baxdı - Ay maşallah, Mürşüd kişi nə yaxşı nəvən var. Sən əlaçısan, mən də sənə əla bir saat bağışlayacağam. - dedi İbrahim Əfəndi.

Sonra qolundan açıb döşəkçənin üstə qoyduğu qızıl bilərzikli par-par yanan qızıl saatını mənə uzatdı.

Mən özümü itirdim və tez də ələ aldım.

- İbrahim Əfəndi - dedim - Çox sağ olun, amma bu saat mənim qoluma böyükdür. Mən orta məktəbi bitirib gələrəm Bakıya, instituta girərəm, bax, onda “12 rəqəmi” qırmızı yazılmış “Pobeda” saatı bağışlayarsınız mənə. Babam məni müdafiə etdi, razılaşdıq.

İndi o günlərdən ən azı 70 il sonra müstəqil vətənimizin qalib Prezidenti cənab İlham Əliyev ayaqqabısını soyunub Birinci Xanımla birlikdə əlində “Qurani - Kərim” kitabı Cümə məscidinə daxil olduqda hönkürtü aldı məni...

Cənab Prezidentimizin məscidin həyətindəki bəyanatı isə bütün dünya ermənilərinə, erməni faşizmini dəstəkləyənlərə, ermənipərəst siyasət xadimlərinə, cahil elm-sənət nümayəndələrinə, makronlara, Jirinovski kimi simasız dilitentlara, bir sözlə puç və yalan ideoloji cəbhədəki kəslərin hamısına qarşı haqq-ədalət təntənəsinin əks-sədası idi, XXİ əsrdə məğlub olmuş şərəfsiz və əxlaqsız bir millətə qarşı çağrış idi.

Ötən əsrin 30-cu illərində tikilmiş üçgözlü kürsülü evmizdə atam Yaqub ürəkdolusu yaşaya bilmədi. Hitler müharibəsi onu bu evdən alıb apardı, qəbri Rusiyanın Oryol Vilayətinin ucqar Doljenski rayonunun soyuq çöllərindədir. Həlak olanda (18 fevral 1943-cü il) 34 yaşındaydı, hərbi vəzifəsi vardı: 74-cü atıcı alayın siyasi hissə üzrə komandir müavini, leytenant rütbəsi daşıyırdı (Bax: Azərbaycan Respublikasının Xatirə Kitabı. Bakı-2010, 10-cu cild, səh. 264).

Yüz təəssüf, min təəssüf ki, hələ də atam Yaqubun məzarını ziyarət edə bilməmişəm. Atam getdi, qayıtmadı, amma onun tikdirdiyi ev yaşayırdı, ömür edirdi və bu evin çırağı sönmürdü, qonaq-qarası olmurdu, bu evə gəlin gəldi, bu evdən gəlin köçdü, bu ev nənə oldu, bu ev baba oldu, nəvələr doluşdu həyət həyət-baxçasına, qanadlanıb yüksələn qəhqəhələr bürüdü aləmi, bu evdə bir ana, dörd uşaq - bir qız, üç oğlan yaşadı, boy atdı...

Anama yazdığım bir şerdə demişdim:

 

İyirmi iki yaşından

Dörd kiçik əsgərlə

Döyüşə hazır...

Hər hücuma müntəzir...

 

Həyətimiz çox böyük olduğundan çəpərləməyə gücümüz çatmırdı, ən azı 4-5 araba çəpər kolu lazım idi. Həyətimizin bəzi yerlərini qonşularımız yolaq eləmişdi.

Sonrakı illərdə həyətimizin bir hissəsini “aptek Tələt” kimi tanınmış Tələt Əliyevə, kişik bir parçasını isə Qiyaslı kəndindən olan Şahmar kişiyə verdik. Hər iki ailə ilə mehriban qonşuluq ünsiyyəti yarandı.

Ümumiyyətlə qonşularımızın əvəzi yox idi. Südabə xala, Nübar xala, Qələm xala, Tovuz xala, Raya xala, Kifayət xala... bir-birindən istiqanlı, şirindil, qayğıkeş adamlardı. Orası da qəribə idi ki, bizdən başqa qonşuların hamısının evində kişi var idi...

Mən küçəmiz barədə, ordakı adamlar haqqında 5-10 il qabaq doğma “525-ci qəzet”də yazmışdım. Necə də mehriban qonşularımız vardı. Ruhları şad olar, yəqin.

O günlərdən kiçik bir misal. Bir gün axşamdan xeyli keçmiş Şəkidən qonağımız gəldi. Anam dərhal Tovuz xalagilin çəpərinə yaxınlaşıb “Tovuz, ay Tovuz!” - deyə onu çağırdı.

Tovuz xala çəpərin başına yaxınlaşıb dedi: - Nə var, ay Zəhra?

Anam qayıtdı ki, Şəkidən qonaqlar gəlib, o hindüşkalardan 1-2 dənə kəs, ötür bəri.

- Qonaqlar xoş gəlib. Bu saat ay Zəhra! - dedi Tovuz xala.

“Kəs, ötür bəri” - o demək idi ki, yəni təmizlənmiş, yuyulmuş olsun ha hinduşkalar.

Sayad nənəm vəfat eyləyəndə qohum-qonşu elə tökülüb gəldi ki, yas yiyəsinə bir iş qalmadı. Yas çadırı quruldu, stol-stul, qab-qacaq qonşulardan dəstə-dəstə gəldi, teşt-teşt təndir çörəyi, kisə-kisə kartof-soğan, ət, yağ və s. də öz yerində.

Bax, beləcə yaşamışıq Ağdamda, Yasımız, toyumuz bir, dərdimiz-odumuz bir.

Zəhra anam uzun müddət heç harda işləməmişdi....

Harda işləyəydi, nə işləyəydi ki?..

Onun işi 22 yaşından bizləri - dörd balanı böyütmək olmuşdu, pis-yaxşı... heç kəsə əl açmadan. Amma evlər yaraşığı olan qədim xalımızın necə deyərlər, su qiymətinə satılması əhvalatı yadıma düşəndə - elə indi də təpəmin ortası tüstülənir...

Səhv etmirəmsə, ötən əsrin 60-70-ci illərində anama qohumluğu çatan uşaq baxçasının müdiri, rəhmətlik Zivər xanım anamı baxçaya aşbaz işinə götürmüşdü.

Hələ o ağır illərdə tanış-bilişlərdən kimlərsə anama məsləhət də vermək istəmişdilər: “Cavan gəlinsən, nə oturmusan dörd uşaqla evdə, kimi, nəyi gözləyirsən, qara kağız almısan, uşaqları ver “detdoma”, çıx get ərə...”

Belə məsləhətçilərdən biri də Tamaşa arvad idi ki, anam onu həyətimizdən qovmuşdu... Anam belə kəslərə qəti və kəskin cavab vermişdi:

- Bəsdirin siz Allah! Mən Yaqubun balalarını yetimxanaya qoya bilmərəm. Yaqibdan sonra nə ər? Allah vurmuşdu o əri..

Bu sətirləri əzab içində yaza-yaza tanıdığım bir qələm adamının valideyini barədə utanmadan yazdıqları yadıma düşür. O adam qəzetlərin

birində yazmışdı ki, mənim atam anamın ikinci əri idi. Atam getdi əsgərliyə, qayıtmadı, anam üçüncü dəfə ərə getdi...

Elə bil anası üç dəfə “Şərəf nişanı” ordeni alıb...

Evimizin sirri-söhbəti, sevinci də, kədəri də bizimlə idi. Sevinci, xoş ovqatı çəpər aşıb qonşulara yayılardı, kədəri qanad açmazdı, elə özündə qalardı... Amma qapıları qonaq-qaraya həmişə açıqdı.

Xalq artisti, bəstəkar Ramiz Mustafayev, Xalq şairi Nəriman Həsənzadə, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı, şair Davud Nəsib, sanballı ədəbiyyat alimi Rəhim Əliyev anamın qonağı olmuşdular.

Həmin məclisdən bir az sonra qardaşım Fuadın oğlu oldu, anam uşağın adını Nəriman Həsənzadənin şərəfinə “Nəriman” qoydu. Yeri gəlmişkən deyim ki, indi həmin Nəriman Məmmədzadə Rəssamlıq Akademiyasını bitirib, tanınmış rəssam-dizaynerdir.

Anam danışırdı ki, bir may günü həyətdə sac asıb kətə (göyərti qutabı) bişirirdim, darvazamızın zəngi çalındı. Gedib açdım. Kimi görsəm yaxşıdı? Dostun Məmməd Aslanı, çantası da çiynində. İçəri dəvət elədim, elə ocağın qırağındaca oturtdum onu. Dedim ay Məmməd, bu kətələrdən doyunca yeməlisən, Ramizin əvəzinə də. Xəmiri dəmyə buğdadandır, göyərtisi çöl pencəridir, yağı da nehrə yağı. Yağladım kətələri, verdim yedi. Sonra dedi ki, bəsdir, ay Zəhra xala, ta yerim yoxdur...

Gedəndə də bir dəstə kətəni dəsmala büküb qoydum çantasına.

Sonralar Məmməd Aslan anamın adına bir şeir həsr etmişdi, qızları Zəhra ana kimi kətə bişirməyi öyrənməyə çağırmışdı.

Şərəfinə Beynəlxalq Ədəbi mükafat təsis edilmiş şair Şahmar Əkbərzadə, Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, Əməkdar məmədəniyyət işçisi, yazıçı-publisist Mustafa Çəmənli, şair-filosof Əhməd Elburus, şair-publisist Məmməd Murad bizim evin əziz qonaqları olmuşlar.

Ağdamdakı evimiz bizim arxamız, dayağımız idi. Bu ev şüşəbənd gözlərilə, qara-boz çay daşlarından hörülmüş qollarıyla, dəmir taxtapuşuyla, dualı qapılarıyla yayda, qışda - bütün fəsillərdə bizi qoruyar, bizə analıq, nənəlik edərdi...

Amma biz onu qoruya bilmədik, düzü heç qorumadıq da... Vəfasız çıxdıq, canımızı götürüb qaçdıq, onu özümüzlə apara bilmədik... Kimin əlindən, nəyin qorxusundan? Prezidentimizin ən yaramaz, murdar, şərəfsiz və qorxaq adlandırdığı bu donuz sürüsünün - ermələrin əlindən.

Yox, həm də həlak olduq, qırıldıq da... Tək Ağdam ətrafında gedən döyüşlərdə 6 mindən çox ağdamlı həlak oldu, yüzlərlə adam yaralandı...

Əslində sən demə, bu cındır düşmənimiz yer üzünün ən xain, ən yaltaq, ən gücsüz məxluqları imiş.

“Qonşu” sözü bizlərdə təbəssümlə, rəğbətlə qarşılanan ifadədir. Biz Haystanla qonşu deyilik, heç qonşuluq da eləmirik. Biz - Azərbaycan o

yaramaz idbarlarla həmsərhəddik, qonşu deyilik! Biz az həssas və diqqətli olaq!

Ali Baş Komandanımız cənab İlham Əliyevin misilsiz hərbi və diplomatik hünəri, Azərbaycan əsgərinin Vətən, torpaq məhəbbəti, Qarabağ sevdası sayəsində biz tarixi qələbə çaldıq, qırdıq Ermənistan deyilən bu yerin onurğa sütununu, haylar barədə şişirdilmiş puç uydurmaların sonuna çıxdıq.

Bəşəriyyətin insanabənzər canlılarına qarşımızda diz çökdürdük! Torpağımızın qırışığı açıldı, dağlarımızın üzü güldü, çaylarımız bizə tərəf axdı, bulaqlarımız qanım-qanım qaynadı, göylərimiz ulduz-ulduz çoxaldı... bütün Qarabağ, anamız Azərbaycan naxışları pozulmaz əbədi bir bahara qovuşdu. ..

İndi mən gələcək günlərimiz barədə düşünürəm. Ömrün qalan payını harda yaşamalı, necə yaşamalı? 80 yaşı keçmişəm, yəqin ki, Kürqırağı meşələrdə mənim yaşımda ağac çətin tapılar... Gələcəkdə tərəqqisinə böyük ümidlər bəslədiyimiz Qarabağ bizim yolumuza göz dikib, hay-harayımızı gözləyir. Mən Ağdama - evimizə sonsuz istəklərlə dönmək arzusundayam. Və inanıram ki, müvafiq icra strukturları da, “Qarabağ Dirçəliş Fondu”da mənə dəstək olacaqlar.

Ağdamda cəmi 58 il yaşaya bilmiş evimiz barədə hələlik bu qədər.

Bu yazını gənc qələm sahibi, hörmətli Reyhan xanım Kənanın məni titrədən aşağıdakı misraları ilə bitirmək qərarına gəldim:

 

Kim hansı yaşında çıxıb gedibsə,

Elə həmin yaşda dönəcək geri...

 

 

Şüvəlan,, 10 yanvar, 2021-ci il.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03
2021-03-02

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK