adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Noyabr 2020 12:57
28670
GÜNDƏM
A- A+

ASLAN MEHDİYEV: QƏLƏBƏMİZİN SEVİNCİ TÜKƏNMƏZDİ

Hər gün qulağı səsdə, gözü yolda olmaq bizim 30 illik yaşam tərzimizə çevrilmişdi. Demək olar ki, xəbərləri izləməkdən, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarını oxumaqdan, dinləməkdən, beynəlxalq təşkilatların hər sözünə diqqət yetirməkdən yorulub usanmışdıq. Nəfəsimiz tükənmək, dizlərimiz qatlanmaq üzrə idi. Hətta şadlıq məclislərində, səmimi bir süfrə arxasında əyləşəndə belə, Qarabağda yurdla bağlı arzular dilə gətirmək istəyimiz də azalırdı, tükənirdi.

Bu illər ərzində o qədər "Allah qoysa Füzulidə...”, "Allah qoysa Tuğda...”, "İnşallah Şuşada...” və s. diləklər diləməkdən dilimiz qabar bağlamışdı. Hətta "lazım gəlsə...” deməkdən də sözü urvatdan salmışdıq. Amma bilməmişdik ki, bütün bunlar bir gün çin olacaq, gerçəkləşəcək. Biz heyrət içində baş verənlərin canlı şahidinə çevriləcəyik. Həm də bütün varlığımızla anlayıb qürur duyacağıq. Çünki bizə bu heyrəti də, bu qürur hissini də Ali Baş Komandanımız yaşadacaq!..

Mən bu söhbəti dinlədikcə onun gözlərinin içərisinə baxıram. Sentyabr ayının 27-dən öncə o gözlərin dibində bir kədər varıydı... bir sozalan işıq varıydı. Amma indi ömrünün bu çağında Aslan müəllimin gözlərindən sevinc yağır, inam tökülür, ümid ələnir. Mən də bürünürəm bu isti, doğma işığa, nura. Orta məktəb illərindən tanıdığım və həmişə də özüm üçün doğma saydığım Aslan Mehdiyev uzun illər rəhbər vəzifələrdə işləyib. Ona görə də onun həyat təcrübəsi də dediyi sözü əsaslandırmaq, ifadə etmək qabiliyyəti də çox fərqlidir. Məhz bu səbəbdəndir ki, mən onun heç bir sözünə əlavə edə bilmirəm. O deyir ki:

- Əbülfət, bu günün gələcəyinə ürəyimin ən dərin qatlarında inam varıydı. Bu inamı mənə Ulu Öndərimiz təlqin etmişdi, o səpmişdi ürəyimə. Və mən də cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müəyyən zaman kəsiyində vəzifədə işləmişəm. Onun jestləri, müəyyən hərəkətləri məndə həmin o səpilən ümidi göyərdirdi. Görürdüm ki, "ot kökü üstündə bitib”. Heydər Əliyev tərbiyəsi, məktəbi, prezidentimizin canına, qanına hopub. Və təbii ki, tutduğu vəzifə də onu daha çox öyrənməyə və yönəltməyə hazırladı. Bu gün bizim səbirsizliklə gözlədiyimiz anı cənab prezidentimiz özünə aid guşədə damla-damla işlədi, yetişdirdi və sentyabrın 27-də bütün dünyaya açıq şəkildə bəyan etdi. Əgər xatırlayırsansa, ümummilli liderimiz uğurlu Horadiz döyüşü ilə bizim bugünkü ümidimizin, inamımızın bünövrəsini qoydu. Sonra Aprel döyüşü... Tovuz döyüşü... İndi isə çox şükürlər olsun ki, biz sərhədlərimizin tam bərpası ərəfəsindəyik. Bu, sözlə ifadə edilməyəcək bir QƏLƏBƏdir! Mən o Qələbənin addım səslərini artıq eşidirəm...

Bəli, mən onu dinlədikcə Füzulinin işğaldan azad olunması xəbərini necə ürək çırpıntısıyla qarşıladığımı da yadıma salıram. O sevinci necə həyəcanla bölüşdüyünü də xatırlayıram.

Bilirəm ki, o, Füzulinin, Şuşanın, eləcə də işğaldan azad edilən bütün torpaqlarımızın sevincini yaşamaqla yanaşı, o yerləri kəndbəkənd gəzməyə, yurd yerlərimizə baş çəkməyə artıq özünü hazırlayıb. Özünün də dediyi kimi, Ali Baş Komandan bütün xalqımızla bərabər ona da QƏLƏBƏ sevinci ilə arzularını qanadlandırmaq, onları həyata keçirmək inamı da verib. O da həmin inamla yaxın zamanda düşmən tapdağından azad olmuş yurdlarımıza səfər edəcəkdir. İndidən o səfərin də cizgilərini artıq xəyalında qurur Aslan müəllim.

 

 

Söhbəti yazdı: 

Əbülfət MƏDƏTOĞLU