adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Oktyabr 2020 15:22
205722
LAYİHƏ
A- A+

30 ilin həsrəti

Və yaxud çin olan yuxularımız

 

Qələbə müjdəli xəbərlər qapımızı döydükcə ümid çırağımızın işığı da artır. Təkcə evimiz, eşiyimiz deyil, dünyamız nura bələnir. Və bu nurun içərisində işğaldan azad olunan torpaqlarımızı, bu mücadiləni aparan oğullarmızı, təbii ki, öndə də Ali Baş Komandanımızı görürük.

Belə anda güvən yerini, ümid ünvanını, əhəmiyyətini, vacibliyini dönə-dönə düşünür və bu olanlar üçün Tanrıya şükürlər edirəm. Ürəyimdə keçmişdən qalan ümidsizliyi, inamsızlığı silib atıram. Çünki yaşanan indiki an şəhidlərimizin qanı bahasına əldə olunsa da, o, Qələbə deməkdir, yurda dönüş deməkdir! O həm də özünün-özünə hakim olmağımdı. Bu mənada ki, artıq pessimist düşüncələr insanın içini qurd kimi gəmirən acılar həyatımdam çəkilib gedir. Onun yerini işıqlı sabahlar və bir də hər kəsin ehtiyac duyduğu böyük inam tutur. Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının oktyabrın 20-də xalqa ünvanladığı müraciətində vurğuladığı kimi, "Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq". Bəli, bu gerçəkliyi təkrar Ali Baş Komandanın dilindən duymaq, özü də duyduğunun sevincini yaşamaq tamam fərqli bir hissdi. Onu sözlə ifadə etmək o qədər də asan deyil. O hissi  yaşamaq üçün, onu olduğu kimi duymaq üçün yalnız Azərbaycanlı olmaq lazımdır. Məhz Azərbaycanlı olmaqla söylənən fikrin alt qatlarına enmək mümkündür. Zənnimcə, Ali Baş Komandanın Zəngilanın və 24 kəndimizin işğaldan azad edilməsi ilə bağlı etdiyi müraciətdə bütöv Azərbaycan sevgisi və bütöv Azərbaycan sevinci ifadə olunmuşdur. Ona görə ki, xalqa müraciət edən   Azərbaycanın lideri və Azərbaycan dövlətinin başçısı idi. Onun ifadə etdiyi hər bir fikir isə rəhbəri olduğu, dəstəyini qazandığı xalqın həm düşündükləri, həm də arzu etdikləri idi.

Ali Baş Komandan vurğulayırdı ki, "Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbrsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən çox xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram". Bəli, bu, doğrudan da hamımızın gözlədiyi anların, səbirsizliyin ifadəsidi. Necə deyərlər, hər birimizin gözü ekranda, qulağı səsdədir. Eşitdiyimiz xəbərlərin möhürünü Ali Baş Komandan vuranda sevincimiz həqiqətən aşıb-daşır. Özümüzün xoşbəxtliyimiz bütün xalqın xoşbəxtliyinin içərisində daha da gözəl görünür, daha da ürəkaçan olur. Elə həmin məqamda xalqa müraciət edən Ali Baş Komandanın ekrandan görünən çöhrəsindən tökülən fərəh, qürur hissi bizi də bürüyür.

Axı, o fərəhi, o qüruru bizə yaşadan, bizə bəxş edən məhz Ali Baş Komandan və onun Komandanı olduğu Azərbaycan ordusudur.

Bu ordu isə hər gün yeni zəfərlər qazanır, bayraqlarımızı yeni-yeni ünvanlara sancır. Ona görə də biz Ali Baş Komandanın bu gerçək məntiqinə söykənib bir daha düşünürük. Bu məntiq isə bundan ibarətdir ki, "Otuz il ərzində bizim torpaqlarımızı istismar edirdin, bizim təbii resurslarımızı istismar edirdin. Oğurluq, talançılıq onların xislətidir. Dağılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaq kifayətdir, hər kəs görsün ki, bizim qarşımızda hansı vəhşilər dayanıb. İşğal olunmuş və artıq azad edilmiş torpaqlarda bir dənə də olsun salamat bina qalmayıb... Bütün bunlara baxmayaraq, onlar Azərbaycan xalqının iradəsini qıra bilmədilər". Həqiqətən də 30 il doğulduğum yurddan, həyatımız ən gözəl illərinin bağlı olduğu ünvandan uzaqda yaşamaq təbii ki, o qədər də asan olmayıb. Bu 30 ilin hər anı, hətta sevincli anının özü belə mənə bir nisgil yaşadıb. Ürəyimdən, xəyalımdan bu sevinci doğma ocaqda, doğulduğum kənddə yaşamaq hissi gəlib keçibdi. Elə istəmişəm ki, yaxşı nə varsa onu büküb, toplayıb saxlayım. Özümlə birlikdə kəndimə, yurduma daşıyıb aparım. Amma 30 il səbr etmək isə yığıb topladıqlarını saxlamaq qədər məşəqqətli, əzablı idi. Deməli, ürəyində bir dözüm həddi var imiş. Və o dözüm həddi məhz bu ilin sentyabr ayının 27-nə təyin olunubdu. Tariximizin böyük hərflərlə, Şəhid qanıyla yazılan həmin tarixi heç zaman unudulmayacaq. Məhz həmin tarixdən başladı böyük qələbələrimiz. Biz o günə kimi 1994-cü ildə Horadiz əməliyyatını, 2016-cı ildə Aprel döyüşlərini, bu il Tovuz hadisələrini zəfərimizə başlanğıc etdik. İndi isə Böyük Dönüşün, Böyük Qələbənin tarixini yazırıq. Bu tarixin müəllifi Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənablarıdır.

Möhtərəm Prezidentimiz öz müraciətində vurğulamışdı ki, "Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir.

Təkbaşına vuruşuruq, hər kəs bunu bilir! Amma özlərinə sığışdıra bilmirlər. Çünki mifləri dağılır. Miflər onların ideologiyasının əsasıdır. Tarix haqqında yalan. Əfsuslar olsun ki, onu da indi bir çox ölkələrə qəbul etdirə biliblər, tarixi yalanı... Ona görə azğınlaşmışlar, ona görə qudurmuşlar. Onlara yerlərini göstərdik. Onların başından elə vurduq ki, çətin ayılsınlar. Onların ordusunu, texnikasını demək olar ki, məhv etmişik. Qaçırlar, hələ qaçacaqlar".

Bu gün işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən və hər gün rəşadət göstərərək düşmənin döyüş texnikasını, silah-surasatını, canlı qüvvəsini məhv edən ordumuz yeni kəndlərimizi, qəsəbələrimizi, yüksəklikləri, ucalıqları düşməndən təmizləyir. Demək olar ki, biz hər gün onların qələbə sədalarını Ali baş Komandana məruzələrini eşidir və dinləyirik. Elə Ali Baş Komandan da  xalqa, yəni bizə üz tutaraq deyir ki, "Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə, onu dcyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi kifayətdir".

Həqiqətən, bu gün xalqımız onu təmin edəcək informasiyalara vaxtında sahib çıxa bilir. Bu da döyüşü, xalqı və ordunu idarə edənin uzaqgörənliyinin, peşəkarlığının və müdrikliyinin nəticəsidir. Xalqla birlikdə olan ordu və Ali Baş Komandan qələbənin qarantıdır. Bunu qürur hissilə bəyan etmək, duymaq və düşünmək hər bir vətəndaşın borcudur. Axı, Qarabağ Azərbaycandır!

 

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.