SON DƏQİQƏ:

Aşıq Əhməd – 100

  39995   |  
Şriftin ölçüsü  

Kim desə dünyadan doydum, yalandı...

 

          Yazımın sərlövhəsindəki bu misranı Aşıq Əhmədin ömrünün son vaxtlarında yazdığı bir şeirindən götürmüşəm. Ustad az qala doxsanacan yaşadı. Ömrü boyu sazın, sözün sehrindən ayrılmadı. Əli qələm tutmayanda sinədən dedi.

          ... Bir gün eşitdim ki, yatağa düşüb. Gedib ona baş çəkdim. Hal-əhval tutub, necəsən, ay aşıq, deyə soruşdum. O, özünə məxsus yarıciddi-yarızarafatla: Necə olacam – dedi – üzü payıza gedirəm. Deyəsən payızın soyuğuna bir şey qalmayıb...

          Söhbətimizin kədərli ovqatını dəyişmək üçün dil-ağız elədim, ürək-dirək verdim. O isə öz düşüncələrində idi. Başını qatdığı bircə şey vardısa o da əlindəki təsbeh idi, bir də qəlbində yaşatdığı, özü ilə ömür yoldaşı olduğu xatirələr...

          Onun titrək səsi aramızdakı sükutu pozdu. Sanki bir anlıq eyni açıldı. Başını yastıqdan qaldırıb dirsəkləndi. Yaxşı gəlmisən – dedi – daha əlim sözümə baxmır, heç nə yazıb-poza bilmirəm. Qələm-kağız götür, bir-iki vəsiyyətim var, deyim yaz. Yanımda bloknotum vardı. Amma özümlə gətirdiyim diktofonu açdım. Özünü çəmlədi, ürəyindəki misraları dilə gətirdi:

Qoca dünya hey boşalıb-dolandı,

Dünyaya gəldiyim xeyli zamandı.

Şər-pislikdən uzaq olun, amandı,

Kim desə dünyadan doydum, yalandı.

 

Bu gözəl dünyadan daim zövq alın,

Yaxşılıq qalacaq dünyada, bilin.

Yetimə-yesirə siz həyan olun,

Gedirəm, a dostlar, salamat qalın.

 

Əhməd deyir: ya rəiyyət ol, ya da şah,

Bu dünya heç kimə qalmaz, ey vallah.

Dostlar, sizə and verirəm, siz Allah,

Bir-birinizdən muğayat olun.

 

Sözünə bir anlıq ara verib: Bunu da Mələyə (həyat yoldaşı) deyirəm:

Əlvida Vətənim, torpağım, daşım,

Qohumum, əqrəbam, yarım, yoldaşım.

Ay Mələk, ay Mələk, sağ-salamat qal,

Ətrimi, güllərdən, çiçəklərdən al.

 

 

Zülmətdə işıq

 

          Əməkdar Mədəniyyət işçisi Aşıq Əhməd Rüstəmov 100 il bundan əvvəl – 1920-ci ildə Kürdəmirin Carlı kəndində anadan olub. Atası Ədil bəy Məşədi Rüstəm oğlu yaşadıqları Kür çayı bölgəsində varlı adamlardan olub. Bu var-dövlət Ədil bəyə ata-babasından miras qalmışdı. Beşqovaq bağı, Əncil bağı, İydəli qoruq, Çərövüş, Böyük Ağ çalanın bir hissəsi Əhmədin atası Ədil bəyin torpaqları olub.

          Aşıq Əhməd söhbətinə əlavə edib dedi: Atamın Şıx təpəsində mal-qara üçün qışlağı, Kürün o tayında – Xəlifə gölü ətrafında lobya, küncüt, darı, sılıf əkmək üçün torpaq sahələri vardı. İndi baxın görün belə bir xeyrül-əməl sahibinin son aqibəti necə oldu?! 1924-cü ildə vəzifə başına keçənlər atamı “xalq düşməni” adıyla qollarını bağlayıb at döşündə kənddən Kürdəmirə aparanda elə yarı yoldaca, yolun kənarındakı qamışlıqda güllələyib öldürdülər. Sonra da bütün var-dövlətini yığıb apardılar. Özümüzü də evdən bayıra atdılar. Bizə tək bir camış, bir dənə də inək verdilər, vəssalam... Biz kənddə Mehdiqulu adlı bir kişinin talvarının altında yaşadıq. Yan-yörəsini qamışla-avarla çəpərləyib tapanladıq. Novruz bayramında heç bir şey tapmayan anam pəncərəmizdəki qanovuz pərdəni qoparıb ondan mənim üçün bir köynək tikdirib geyindirdi. Cibimə arpa qovurğası töküb (buğda hər adamda olmurdu) bağdakı çal-çağır məclisinə apardı. Mənə tapşırdı ki, qovurğanı xəlvət ye, heç kəs bilməsin ki, arpa qovurğası yeyirsən.

           Tez-tez səsi titrəyən, ah çəkib kövrələn, yalnız əlindəki təsbehə güc verən həmsöhbətim keçdiyi həyat yolunu ardıcıllıqla yada salmağa çalışırdı: 1930-cu ildə – dedi – ibtidai məktəbə qəbul edildim. Dərd bizi ozana, Qazana döndərmişdi. Çəkdiyim məşəqqətlərə, yaşadığım həyatın ağırlığına baxmayaraq şeirə, sənətə böyük maraq göstərirdim. Üçüncü sinifdə ilk şeirimi yazdım:

Xəzan yeli bağ-bağatı soldurur,

Allah birin yıxıb, birin qaldırır...

          15-16 yaşımdan başlayaraq  taxtadan bir saz qondarıb, qonum-qonşuda, bayramda, çilə çıxaran qızların məclisində çalıb-oxuyardım. Mənim anam Umhanı da sənətsevər adam idi. Çox möhkəm hafizəsi vardı. Yaxınlıqdakı Ərəbxana kəndindən olan aşıq Zeynalabdin bizim kəndə toy məclisinə gəlib, çalıb-oxuyanda anam onun dediyi sözləri, oxuduğu havaları dərhal əzbərləyərdi. Odur ki, “Seydi və Kərəm” dastanını mən anamdan öyrənmişdim.

          Əlimə saz götürüb ilk dəfə elədiyim toy bizim Carlı kəndində Nəsir adlı bir oğlanın toyu olub. Ondan sonra anam məni həmkəndlimiz balabançı, həm də saz çalmağı bacaran Əli dayının yanına apardı. Bir tağar buğdaya, bir camış düyəsinə, üç batman lobyaya qiymət kəsdilər ki, məni öyrətsin. Əli dayı mənə Ordubadi gözəlləməsini, Qobustan pişrolarını, “Kərəmi” ni, Osmanlı havalarını çaldırdı, oxutdu, oynatdı. Beləliklə əsl sənətə qədəm qoymağa başladım... Sevdiyim sənət mənim qaranlıq həyatımda parlayan işıq oldu.

 

Aşıq Əhməd haqqında alim sözü və yaxud aşıq Ələsgərin

bağlamasını açan sənətkar

 

          Bir gün Bakı Dövlət Universitetinə, folklorçu alim professor Qara Namazovun iş yerinə getdim. Məqsədim bu idi ki, bu tanınmış folklor bilicisindən aşıq Əhməd haqqında onun fikirlərini öyrənim. Qara müəllim aşıq Əhmədin adını eşidəndə dedi: Mən onun haqqında çox fəxrnən, ürəknən, cannan-başnan danışa bilərəm. Qara müəllim sözünə əlavə edib onu da dedi ki, aşıq Əhmədin “İtən sazım” kitabına ön sözü də mən yazmışam. Mən Qara Namazovla söhbətimizi diktofonuma da yazdım. Yazdım ki, bu dəyərli fikirlər tarixə çevrilsin...

          Professor Qara Namazovun aşıq Əhməd haqqında dediklərindən: Aşıq Əhməd Rüstəmovun sənətinə, şeir yaradıcılığına başqaları kimi mənim də böyük marağım, rəğbətim olub. O, mükəmməl saz çalırdı, yaxşı dastanlar söyləyirdi, əsl obrazlar yaradırdı. Şeirlərinin sanbalına və dəyərinə görə istedadlı şair kimi tanınırdı. O, 20 dastanın, çox məzmunlu, dəyərli ustadnamələrin müəllifi olub. Onu da xatırladım ki, ustad aşıq Ələsgərin 2 məşhur bağlamasını aşıq Əhmədə qədər heç kim aça bilməmişdi. Aşıq Əhməd isə ulu ustadın dediyim o bağlamalarını aça bildi.

          İstər saz çalmaqda, söz qoşmaqda, istərsə də deyişmələrdə aşıq Əhmədin öz sənətkarlıq dəst-xətti olub. Aşıq şeircatının istənilən növündə aşıq Əhməd maraqlı şeirlər yazıb. Onun gəraylıları, qoşmaları, müxəmməsləri, müstəcadları, təcnisləri də var. Əhməd bu şeir formalarından çox məharətlə, yüksək sənətkarlıqla istifadə edib. O, xalq fəlsəfəsi istiqamətində çox dəyərli ustadnamələr yazmaqla öz hikmətli, ibrətamiz, fəlsəfi fikirlərini geniş oxucu kütləsinə çatdırmağı bacarıb. Yaradıcı aşıq kimi Əhməd böyük hörmət qazanmışdı.

          Aşıq Əhməd saz havalarını təkmilləşdirir, həm də özünə məxsus ustalıqla ifa edirdi. O, şair-aşıq idi. Onun şeirləri, qoşmaları fəlsəfi, hikmətli fikirlərlə, ibrətamiz nəsihətlərlə və kəlamlarla zəngin idi:

Cahandan köçənlər qayıtmır bir də,

Min surət çürüyür hər qarış yerdə.

Təqvimlər, saatlar, dəqiqələr də

Ömrü parçalayıb bölmək üçündü...

          Yeri gəlmişkən deyim ki, heca vəznində yazılmış qoşmaların heç də hamısı saz havalarına uyuşmur. Aşıq Əhmədin qoşmaları, lirik ricətləri isə özünün dünyagörüşündən, həyata, zəmanəyə, yaşadığı mühitə baxışından yarandığına görə idi ki, bunlar saz havalarının ahənginə çox gözəl uyuşurdu. Odur ki, bu sözlər məclislərdə, hətta sazsız da, avazsız da oxunsa belə maraqla qarşılanır. Bunlar isə ustad aşığın sənət dünyasına verdiyi layiqli töhfələrdir. Aşığı yaşadan ilk növbədə onun söz sənətidir. Bu mənada aşıq Əhməd xoşbəxt sənətkarlardan olub.

 

Sənət aləminə layiqli töhfələr

 

          Aşıq Əhmədin yaradıcılığı musiqi aləmi ilə sıx bağlı idi. Mən bunu deyəndə bir çox aşıq və müğənnilərin, xanəndələrin repertuarını nəzərdə tuturam. Onlar aşıq Əhmədin şeirlərinə, qoşmalarına, hətta qəzəl üslubunda yazılmış nümunələrinə böyük həvəslə müraciət etmişlər. Unudulmaz müğənni-aşıq Rəhilə Həsənovanın (mən onu uşaq yaşlarımda kəndimizin klubunda sinəsində saz çalıb-oxuyan görmüşəm) ifasında aşıq Əhmədin “Gəlsin” rədifli qoşması necə də gözəl səslənirdi.

 

 

Tofiq Abdullayev

Jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK