SON DƏQİQƏ:

MƏMMƏD ARAZ DÜNYASI

  42825   |  
Şriftin ölçüsü  

Qarşımda həjmjə o qədər də böyük olmayan, nejə deyərlər,  əl boyda bir kitab var. "Dünya sənin, dünya mənim..." adlanır bu kitab. 1983-cü ildə "Yazıçı" nəşriyyatı tərəfindən çap olunub.

Kitabın üz qabığında müəllifin gənclik illərinin şəkli verilib.

Şəklə diqqətlə baxıram. Eyni ilə özüdür ki, var. 50-ci illərdən, universitetdə oxuduğum illərdən ilk dəfə universitetin "Lenin  tərbiyəsi uğrunda" çoxtiraclı qəzeti redaksiyasında gördüyüm Məmməddir bu uca boylu, ciddi görkəmli, qapqara şəvə kimi saçlı, yarlı-yaraşıqlı Məmməd. Şeirlərini sevə-sevə oxuduğum, yazdıqlarının təşnəsi olduğum bu gənc o vaxtlar Məmməd Araz deyildi. Məmməd İbrahimov imzası ilə çap olunurdu dövri mətbuatda.

Yadımdadır ki, həmin vaxtlar sevimli şairimiz Səməd Vurğunun "Mən tələsmirəm" adlı bir şeiri çap olunmuşdu mətbuatda. Ondan azacıq sonra Səməd Vurğuna iqtibas kimi yazdığı bir şeiri çap olundu "Azərbaycan gəncləri" qəzetində Məmmədin.

Səhv etmirəmsə, birinci bəndi belə idi həmin şeirin:

 

Qoy nəğmə deməyə bülbül tələssin,

Gəzdiyi, gördüyü üç aydı, şair.

Sənin ki, ilhamın coşqun bir dəniz,

Məcraya sığmayan bir çaydı, şair.

 

Hayıf ki, o şeri nə yuxarıda adını çəkdiyim kitabda, nə də onun başqa kitablarında tapa bilmədim. Odur ki, o vaxtlardan yaddaşımda hopub qalan o misraları xatırlatmaqla kifayətləndim. Çox sevirdim o şeiri (Məmmədin hansı şeiri sevilməyib ki?). Bütünlüklə əzbərləmişdim də onu. Sonralar necə oldusa, unutdum. Yaxşılar bütünlüklə unudulmur, azacıq da olsa, izi, tozu qalır. Yaddaşımda qalan o misralar kimi.

Məmməd Pedaqoci İnstitutda oxusa da, universitetə tez-tez gəlirdi. O vaxtlar universitetin yaradıcı gəncləri ilə ünsiyyəti vardı. Yaşar Qarayevlə, Famil Mehdi ilə, Ağacavad Əlizadə ilə tez-tez görüşdüyünü, onlarla müntəzəm əlaqə saxladığını yaxşı bilirdim.

O zamanlar - mənim universitetdə oxuduğum illər (1953-1958-ci illər) ədəbiyyat dərnəyimizin rəhbəri, sevimli şairimiz Bəxtiyar Vahabzadəyə tez-tez şeirlər oxuyar, ondan dəyərli məsləhətlər alardı Məmməd. O da yaxşı yadımdadır ki, Bəxtiyar müəllim bir dəfə Məmmədi ədəbiyyat dərnəyimizə dəvət etmiş, şeirlərini oxutdurmuş, dərnək üzvlərinə nümunə göstərmişdi onun yazdıqlarını. "Çalışın Məmməd kimi yazın, ondan öyrənin" - demişdi.

...Məmməd Araz dünyası geniş dünyadır. Dünyamızın lap özü boyda ölçüsüz, biçisizdir, nəhayətsizdir. Bu geniş dünyadan söz açmaq, onun söz dünyasından, poeziya dünyasından danışmaq, yaradıcılığını azacıq da olsa, təhlil etmək üçün ən azından onun özü boyda, özü səviyyədə olmaq gərəkdi.

Bəri başdan etiraf edirəm ki, mənim bacardığım iş deyil, bu iş. Odur ki, vaxtında Məmməd Arazla olmuş görüşlərimdən, söhbətlərimdən, yadımda qalan az-çox bəzi xatirələrimdən danışmaqla kifayətlənmək qənaətindəyəm.

Məmməd Naxçıvanda doğulsa da, təkcə Naxçıvanı özünə Vətən hesab etmirdi. Azərbaycanın hər yeri, hər şəhəri, hər kəndi onun üçün Vətən idi. Bu Vətənin dumanlı-çiskinli dağlarını, qarlı-buzlu yaylaqlarını, qıy vuran qartalların əlçatmaz zirvələrini, ucsuz-bucaqsız Vətənimizin zəmilərini, tarlalarını, bağlarını-bağatlarını sevirdi Məmməd. Təbiət vurğunu idi bir sözlə. Elə "Azərbaycan təbiəti" curnalında işləməsi də məhz bunun nəticəsi idi.

Məmmədin yaradıcılığı ilə az-çox tanışlığı olanlar yaxşı bilirlər ki, hər şeyi  sevsə də, sevdiklərini sevə-sevə tərənnüm etsə də, dağlara məhəbbəti özgə cür idi onun. O, dağlara gedəndə quşlardan sanki qanad alıb uça-uça gedir, qayıdanda həsrətlə, nisgillə, təəssüflə ayrılırdı. 

"Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman salamat qal, dağ salamat qal"

 

- misraları elə bundan xəbər vermirmi?

1968-ci ilin isti iyul günlərindən biri idi. Məmməd Araz İstisuya müalicəyə gəlmişdi. Bir gün Şamil Əsgərov Kəlbəcərdə redaktoru olduğum "Yenilik" qəzeti redaksiyasına gəlib mənə dedi:

- Tez ol, eşitdiyimə görə Məmməd Araz İstisuya gəlib. Gedib onu ziyarət edək.

O vaxtlar Şamil Əsgərov Kəlbəcərdə maarif müdri işləyirdi. Respublikanın hər yerindən, xüsusi ilə Bakıdan gələn adlı-sanlı adamları - elm, ədəbiyyat, incəsənət xadimlərini ziyarət etmək, onları Kəlbəcərin görməli yerləri ilə tanış etmək bir növ vərdiş halını almışdı onda. Elə adamlarla görüşməyə gedəndə də heç vaxt məni yaddan çıxarmazdı Şamil müəllim.

Nə isə... Dərhal İstisuya gedib Məmməd Arazla görüşəsi olduq. Məmməd Arazla görüşəndə Şamil müəllim mənə:

- Tanış olun, bu yoldaş hörmətli şairimiz Məmməd Arazdır, - dedi.

- Biz çoxdan tanışıq, Şamil müəllim, - dedim.

Məmməd Araz da mənim bu sözümdən sonra gülə-gülə üzünü Şamil Əsgərova tutdu:

- Çox təəssüf ki, çox gecikmisiniz Şamil müəllim, - deyib söhbəti yekunlaşdırdı.

Biz İstisuda Məmməd Arazı görmədiyi yerlərə - İstisuyun "Taxta"sına, oradan da "Ceyran bulağı"na apardıq. Bu yerlərin təbiəti Məmmədi vəcdə gətirmişdi.

O, Dəlidağı böyük maraqla, heyran nəzərlərlə süzüb üzünü bizə tutdu:

- Vallah, xoşbəxt adamlarsınız. Belə yerlərdə yaşayanların dərdi-qəmi olmaz.

"Ceyran bulağı" Məmmədi daha çox məftun etmişdi:

- Bilirsinizmi əzizlərim, insan özünü təbiətə borclu bilməlidi. Təbiəti sevmək, ona layiq olduğu qiyməti vermək, bunu bacarmaq hamının borcudur.

Sizdən nə gizlədim. Mən dünyanın gəzdiyim yerlərinin heç birində "Ueyran bulağı"nın keyvir kimi suyunu, buradakı göz oxşayan gözəllikləri görməmişəm.

Bir diqqətlə ora baxın, - deyə əlini Dəlidağa tərəf uzatdı. Dəli dağın zirvəsində qar görünür. Biz burada soyuqdan donuruq. Amma buradan 3-4 saatlıq məsafədə yerləşən aran rayonlarında, lap elə Bakının özündə də istidən adamın nəfəsi təntiyir.

Aradan bir neçə gün keçəndən sonra Şamil müəllim bizi Aşıq Ələsgərin Kəlbəcər kəndlərinin birində olan, tək-tük nişanəsi bilinən dəyirmanına, eləcə də özünün böyük məharətlə düzəltdiyi muzeyinə apardı.

Aradan çox keçməmiş Məmməd Arazın "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İstisu lövhələri" adlı aşağıdakı şeirini oxudum:

 

Günəş elə bil ki, zirvədə yatır,

Baxıb bir lövhəyə heyran qalmışam.

Dağın zirvəsində gün-günortadır,

Dərənin dibində haqlayıb axşam.

 

Bir parça buludda bir dəniz yükü...

Külək uğultusu qış nəğməsidir.

Tərtərin ən ağır, ən  əziz yükü

Gül-çiçək ətridir, quş nəğməsidir.

 

Zəhmi dağ titrədir sel nəğməsinin,

Bir çayın səsinə bir dərə dardır.

Yarğana uzanan qar tirəsinin

Nəhəng bir timsaha oxşarı vardır.

 

Kölgə var uyuyur qaya dibində,

Elə ömürlük də uyuyacaqdır.

Uzaqda alışan bir kibritin də

Qoxusu burnunda duyulacaqdır.

 

O günlərdən sonra ara-sıra işlərimlə bağlı Bakıya yolum düşəndə Məmməd Arazla görüşməyə, onun faydalı məsləhətlərinə qulaq asmağa, onlardan bəhrələnməyə ehtiyac duyurdum.

Bu böyük şairlə görüşüb söhbət etmək  məndən ötrü ən şərəfli iş sayılırdı. Onun hər sözü, söhbəti bir məktəb idi. Danışdıqları, dedikləri ədəbiyyatdan, şeirdən-sənətdən, təbiətdən və onun gözəlliyindən olardı. Bunlardan danışanda doymaq bilməzdi.

Məmməd Araz təbiətdən söhbət düşəndə deyirdi:

- İnsan təbiətin övladıdır. Təbiəti sevməmək, onun qayğısına qalmamaq nankorluqdu, nadanlıqdı. Mən belə adamları heç cür bağışlaya bilmirəm. Yayda kölgəsində oturub, payızda meyvəsini yediyin ağacı kəsmək olarmı? Axı, yaşıllıq həyatdır, sağlamlıqdır. Təəssüf ki, hələ də belə adamlara, duyğudan, vicdandan məhrum olan adamlara rast gəlirik içimizdə.

Yazımın əvvəlində "Dünya sənin, dünya mənim" kitabından söz açmışdım. Ən çox sevdiyim şeirlərindən birinin adını daşıyan bu kitabda müəllifin özünün də on sözündə yazdığı kimi, hamının dünyasından danışılır. "Hamının əlindən tutan, hamının əlindən çıxmaq qorxusu olan dünyadan. Hamıya məlum və naməlum dünyadan..."

Məmməd Arazın sevimli müğənnimiz Niyaməddin Musayevin musiqinin dili ilə dillər əzbəri edib populyarlaşdırdığı həmin şeirinin bir yerində deyilir:

 

Bu get-gəllər dünyasına dəvədi dünya,

Bu ömür-gün naxışına həvədi dünya.

Əbədiyə qəh-qəh çəkər əbədi dünya,

Dünya sənin, dünya mənim, dünya heç kimin!

 

Yox, mən bu fikirlə heç vaxt, heç cür razılaşa bilmərəm. Amma bu əbədi olmayan dünyada elə dünyalar da var ki, əbədi ona yox, onun özü əbədiyə qəh-qəhə çəkib deyir ki: "Bax, məndən ibrət al, görürsənmi sənin yaşadığın kimi, mən də yaşayıram!".

Bu yaşayanlar Məmməd Arazın öz dünyasıdı, söz dünyasıdı, şeir-sənət dünyasıdı!

 

Qədir Tərtərli

AYB-nin üzvü,

"Qızıl Qələm"

mükafatı laureatı

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK