SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: ŞUŞANIN GÖZLƏRİ...

  52834   |  
Şriftin ölçüsü  

Çox qəribədir, insan dünyanı öncə görür, hadisələri izləyir, müşahidə edir. Yalnız ondan sonra gördüyünə, izlədiyinə, müşahidə etdiyinə qiymət verir. Bax, bu anlamda görmək, izləmək, müşahidə etmək əslində dərk etməyin ilk pilləsi, bəlkə də açarıdır. Məni münəccimlikdə qınamayın, heç əllaməçilik etmək fikrim də yoxdur. Amma hərdən özüm-özümə fikirləşirəm ki, bu dünyanı, ətrafımızda baş verən hadisələri görmədən, müşahidə etmədən onu necə dərk etmək, necə qiymət vermək olar? Amma sonra özüm də özümü həmin o sualdan xilas edirəm. Axı ürəyin də gözü var. Görməyənlər, təbii ki, fiziki anlamda görməyənlər mənəvi anlamda ürəkləri ilə görürlər, duyğuları ilə görürlər... bəzi anlamda onlar fiziki anlamda gözləri olandan daha yaxşı görürlər, izləyib dərk edirlər...

Həyatda bütün canlıların gözü var. Allah elə yaradıb ki, bütün varlıqlar görür və məqsədinə doğru irəliləyir. Amma bütün varlıqlar dərk eləmir. Çünki onlar alt qata enə bilmirlər. Ora enmək üçün Allahın verdiyi ikinci bir görmə də lazımdır - dərk eləyən, anlayan, yozan, nəticə çıxaran bir görmə...

Mənə elə gəlir ki, ağaclar da görür, daşlar da görür, mən əlimi ürəyimin üstünə qoyub and da içə bilərəm ki, hətta Şuşadakı "Ərimgəldi" qayası da görür. Amma görə-görə gözünə ağ damıbdı. Çünki bizim üçün ağlayıb və bu gün də ağlayır. Biz onun göz yaşını hələ ki, şeh deyə qəbul edirik. Şeh bizi yandırmır. Şeh göz yaşına çevriləndə bizi çıtır-çıtır yandıracaq... tüstümüz təpəmizdən çıxacaq və məhz onda biz bütün dağların, daşların, ağacların, hətta Şuşanın da gözlərini görəcəyik. O gözləri görəndə qaçmağa yer olmayacaq, biz o gözlərə doğru gedəcəyik...

Yadımdadı, "Şuşa Şikəstəsi"nin təqdimatı keçirilirdi. Həmin təqdimatda çox hörmətli Sona xanım Vəliyeva indi yazının başlığına çıxardığım ifadəni dilə gətirdi. O söylədi ki, Şuşanın gözləri var və o gözlər bizim hamımızın gözlərinə bənzəyir...

Doğrusu, söz məni tutdu. Etiraf edim ki, mən həmişə ürəyimə yol tapan, içimi tərpədən sözləri təkcə yaddaşıma yazmıram, həm də onu qanıma hopdururam, onu özümünkü etməyə çalışıram. Bu nə boyda günah olsa da, mən vurulduğum sözün pərvanəsi olmağı özümə qəbahət saymıram. Özü də söhbət Şuşadan, gözlərdən gedəndə onda heç cürə dayanıb dincələ bilmirəm. Hətta yadıma gənclik illərində yazdığım şeirin bir bəndi düşür.

Gözlərini gözlərimdən gizləmə,
Gözətçidi gözlərinə gözlərim.
Gözlərindən gəzəntəlik gözləmə -
Gözündədi gəzdirdiyin gözlərim...

Bəli, Şuşanın gözləri hamımızın gözünə bənzəyir. Bu doğrudu, amma görəsən hamımızın gözü Şuşanın gözünə oxşayırmı? Bax, ən çətin və cavabı quyu dibində olan sual da elə budu. Kimsə tərəddüd etmədən öz gözlərini Şuşanın gözlərinə oxşada, bərabər tuta bilər. Amma mən bu cəsarəti edə bilmərəm. Çünki Şuşanın gözlərinin içinə baxmağa haqqım yoxdur. Mən o haqqı hələ qazanmamışam. Deməli, mənim gözlərim hələ Şuşanın gözləri deyil, heç Şuşanın gözləri də mənim gözlərim deyil. Sadəcə, mən də, elə mənim kimi düşünənlərin hamısı - özümüz-özümüzə təsəlli veririk.

***
Həyat bir gün, bir an, bir qərinə də ola bilər... həyat əslində heç o günün, o anın, o qərinənin içərisinə sığmaya da bilər... həyat su kimi axa, külək kimi də ötə bilər. Amma bütün hallarda həyat nəyinsə, kiminsə varlığından bir işartıdır. Ən böyük qəhrəmanlıq elə o işartını görməkdi. Təəssüf ki, biz zaman-zaman öldürüb, goruna and içməyə üstündük vermişik. Şair demişkən, sağlığında dəyərləndirmək, sağlığında qiymət vermək bizim üçün o qədər də önəmli olmayıb. Ona görə ki, biz başqasının buzovunu öküz təsəvvür etmişik... öz buzovumuzu ən yaxşı halda həmişə dana hesab etmişik. Elə bu səbəbdən də böyük Sabir demişkən, avropalılar göydə balonlarla uçur, biz hələ avtomobil minməyirik...
Bütün bunların fonunda mənim üçün ən önəmlisi dünyanın bütün rənglərini özünə hopduran gözlərin hara baxması, nəyə baxmasıdır. Hərdən düşünürəm ki, ən xoşbəxt göz aya, ulduza, gözəlliyə, gülə-çiçəyə baxandır. Sonra da özüm-özümü qınayıram. Açıq şəkildə öz yaxamdan tutub deyirəm ki, təkcə gözəlliyə baxan göz xoşbəxt ola bilməz, gözəl ola bilməz. Çünki bütün gözəllikləri bir-birindən fərqləndirmək zor işdi. Bu yükün altına girmək hünər istəyir. Əgər eyibləri, nöqsanları, hətta eybəcərlikləri görməyi bacaran göz həm də gözəllikləri görürsə, o daha dolğun, daha ifadəli, daha cəlbedici ola bilər. Ən azından ona görə ki, o, bütöv dünyanı görür. Təəssüf ki, biz bəzən bunun fərqinə varmırıq, elə bilirik ki, gözlərimiz ancaq gözəllik görmək üçün, gözəlliyi seyr etmək üçün Allahın bizə bir hədiyyəsidir. Bəs onda bu dünya niyə gözəllikdən ibarət deyil. Deməli, bir pəncərə olan bu dünyadan bütün aləmə baxmaq, yeri göyü, kainatı görüb seyr etmək gözlərin xoşbəxtliyidir...
Nə vaxtsa bir şeir yazmışdım. İndi yadıma düşdü. Daha doğrusu, söhbət gözlərdən getdiyindən sanki kimsə uyuyan yaddaşıma bir qığılcım atdı, bir çınqı yavaş-yavaş alışmağa başladı və mən də onun şölələri altında həmin o şeiri xatırlamağa başladım.

O gözlərdə bir ömürlük məhəbbət -
O gözlərdə ürək yaxan alov var.
O gözlərə göz göstərmək qəbahət -
O gözlərdən süzüb gəlir alovlar.

Dözmək olmaz ürək hətta daş olsa,
Öz-özünə cığırlanar, oyular.
O gözlərin cəlladlığı amansız -
Adam vallah, Nəsimi tək soyular.

O gözlərin işığında yaşayıb -
O gözlərin işığını görəsən.
O gözlərin günahların daşıyıb -
Kaş bircə yol yuxusuna girəsən.

Bəlkə onda bu "ah" bizdən əl çəkər
Dayanarsan, bir baxarsan özünə.
Qorxuram ki, "gözlərinə" göz dəyər -
Gözətçi qoy - gözlərimi gözünə!

***
Həyat bir göz qırpımı - yəqin ki, bu sözləri oxuyanda yazının əvvəlində söylədiklərimə qarşı sizdə bir şübhə yaranacaq. Düşünəcəksiniz ki, bir yazının içərisində gözlərə, həyata neçə cür fərqli yanaşma oldu. Amma gəlin unutmayaq ki, həyatın hər anının öz hökmü var və biz də bu həyatın bir sıra adamı, sıra daşı kimi payımıza düşəni yaşayır, boyumuza biçiləni geyinir, alnımıza yazılanı gerçəkləşdiririk. Ona görə də harda, nə vaxt, hansı dayanacaqda düşəcəyimizi ya düşünməyə vaxtımız olmur, ya da fərqinə varmırıq. Düşünürük ki, dünya elə bizimlə çiyindaşdı, bizimlə eyni yolun yolçusudu. Gedirik, çətinliklərdən keçirik və biz harda düşüb qalsaq, elə dünya da o yerdə dayanır, həyat da o yerdə öz sonuna çatır. Amma...

Söz adamı bütün hadisələrə, bütün ətrafında gördüyü nə varsa hər birinə adətən münasibətini bildirir, reaksiya verir. Bu mənada mən də nə görmüşəm, necə görmüşəm... fərqinə varmadan hər birinə öz içimdən gələn bir münasibət sərgiləmişəm. Çünki duyduqlarımı, düşündüklərimi yazanda içim rahat olur... Bu rahatlıq da özü-özlüyündə həm daxili tələbatdı, həm də Allahın hədiyyəsidir. İstənilən halda bu ömür yolunun bir sual, nida, hətta adamı divara söykəyən anı olur. Gözünüzün qabağına metronu gətirin, stansiyalarda eşitdiyiniz bir sözü xatırlayın. Mən həmin sözdən yapışıb şeir yazıram:

Ehtiyatlı olun,
Qapılar bağlanır!
Hamı gözaltı
Yoxlayır
Sağın, solun...
Tərpənir qatar
Bir azdan
Mənzilə çatar...
... Platforamdakı
Sükuta qoşulanda
Düşünürsən ki...
Bura qədərmiş yolun!
İstər gecə olsun,
İstərsə də gündüz
Hardasa, haçansa
Qatardan düşürük biz!
Amma...
Təzə sərnişinlərin
Fitildəyir qatarı
Budur həyatın axarı...

***
Mən gözlərə baxanda özümü görmək istəyirəm. Özümü gördüyüm gözlərdə bir könül rahatlığı tapıram. İnanıram ki, məni göstərən, məni əks etdirən gözlər qeyri-adidi. O qeyri-adilik mücərrəd olduğu qədər də əlçatmaz, ünyetməzdi. Ona görə də o gözlərdə məndən başqa heç kim olmur: Mən və Gözlər!
Şuşanın gözlərində mən yoxam... hələ ki, yoxam... Bəlkə nə vaxtsa oldum... bəlkə nə vaxtsa o haqqı qazandım... bəlkə hansısa dayanacaqda dayanmış qatarın mənzilinə çatmamış o gözlərdə görünmək haqqını əldə etdim. Nə bilim... bu bir istəkdi, bir arzudu, bir daxili təlabatdı. Amma həqiqətən içimdən, bütün varlığımdan gələndi. Ona görə də ümidsiz deyiləm. Ən azı yüz faizli şkalanın səksən faizlik ümid yeri mənimdi. Ona mütləq çatacam. Yerim olmayan o gözlərdə özümü görmək şansımı nəyin hesabına olur-olsun əldə edəcəm, lap qurban getmək gərək olsa belə. Axı həmişə qurban kəsilmir. Zənnimcə, Şuşanın gözləri üçün qurban kəsilməyə dəyər. Və bir də tam səmimiyyətimlə deyim ki, Sona xanım Vəliyevanın söylədiyi yaddaşıma, qanıma hopdurduğum Şuşanın gözləri ifadəsi özündə çox şeyləri ifadə edir... onun alt qatına enmək lazımdır... onun üst qatına baxmaq lazımdır və deməli qurban getməyə hazır olmaq lazımdır. "Qurban" demişkən, biz onu bəzən şəxsi istəklərimizə görə də kəsirik. Gəlin bu dəfə Şuşanın gözlərinə qurban deyək, Şuşanın gözlərinə and içək!

Bu da Qurban bayramı
Yarpaq, qurbanın olum!
Qalxsın zəfər bayrağı -
Torpaq, qurbanın olum!

Yozulacaq hər çətin
İçiləcək şərbətin
Bitəcəkdi qürbətin -
Var, bax, qurbanın olum.

Qarabağın sədası
Varlığımın nidası!
Canımdadı qadası -
Yar, bax, qurbanın olum!



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK