adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ŞUŞANIN QAYSAQLANMAYAN “YARASI” - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
71075 | 2020-06-03 08:50

Öncədən deyim ki, mən bu mövzunu dəfələrlə qabartmışam. Hətta bu mövzuyla bağlı millət vəkili Aqil Abbas da parlamentin iclasında çox kəskin bir münasibət göstərib. Vurğulayıb ki, qəbul edilmiş bu qərar ən azından bu günə, Şuşanın indiki durumuna yalnış bir yanaşmadır!..

Təkrar bu mövzuya ona görə qayıdıram ki, ölkə prezidenti cənab İlham Əliyevin son aylarda atdığı qəti addımlar hamı kimi məndə də bu məsələnin öz həllini tapacağına ümid yaratdı. Sanki içimdə bir işıq közərdi. Elə prezidentimizə, həmçinin Azərbaycan mədəniyyətinin böyük hamisi, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun sülhməramlı səfiri, Azərbaycanın birinci xanımının qətiyyətinə güvənərək mövzunu yenidən gündəmə gətirirəm. Soruşa bilərsiniz ki, söhbət nədən gedir? Heç tələsməyin. Sadəcə, tarixi gerçəkliyə birlikdə bir anlıq nəzər salaq. Hər kəs yaxşı bilir ki, həm cənab İlham Əliyev, həm çox hörmətli Mehriban xanım Əliyeva, həm Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, eləcə də ölkə iqtidarının bütün məsul şəxsləri beynəlxalq tədbirlərdə, xarici səfərlərində, bir sözlə, hər bir görüşlərində Qarabağ problemindən danışırlar, onu dünya ictimaiyyətinin diqqətinə təqdim edirlər. Və bütün söhbətlərin əsnasında Şuşanın adı qırmızı xətt kimi keçir. Amma çox təəssüf ki, ölkə rəhbərliyinin bu cür yanaşması daxildə müəyyən maraqların girovuna çevrildi. Hətta iş o yerə gəlib çatdı ki, Azərbaycanın Mədəniyyət Nazirliyi Şuşanın mədəniyyətini kölgələdi. Onun Nazirliyin yaratdığı region idarələri adı altında aparıb Sumqayıt Mədəniyyət regionuna "yamaq” etdi.

İnanın ki, bu son dərəcə ağır bir zərbə idi – həm Qarabağa, həm də Qarabağ mədəniyytinə! Bir anlıq düşünün, Nyu-Yorkda, Vaşinqtonda, Londonda, Moskvada, lap elə qardaş məmləkət olan Türkiyədə mədəniyyətlərarası beynəlxalq tədbir keçirilir. Söz Azərbaycan təmsilçilərinə veriləndə aparıcı elan edir:



- İndi də çıxış edir Azərbaycanın Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa nümayəndəliyinin...

Hə, bunun nə olduğunu bir anlıq düşünə bilirsiniz? Heç gözünüzün önünə gətirə bilirsinizmi, 270 yaşı olan Şuşa, Şuşa mədəniyyəti, Şuşa tarixi və barmaqla sayılan illəri arxada qoyan Sumqayıt şəhərinin keçdiyi yol!..

Vallah, gülüncdür. And olsun Allaha, bu ən azından hörmətsizlikdi. Mən belə düşünürəm. Ona görə də təkrar qeyd etmək istəyirəm ki, bu gün Sumqayıt Regional Mədəniyyət İdarəsinin yalnız Nümayəndəlik statusunu daşıyan Şuşa mədəniyyəti bu duruma layiq deyil. Çünki bu nümayəndəliyin tərkibində faktiki olaraq hal-hazırda bir mərkəzi kitabxana və onun 12 filialı, 8 mədəniyyət evi, 8 musiqi məktəbi, 1 muzey, 1 rəsm qalareyası fəaliyyət göstərir. Bu nümayəndəliyin 375 nəfər əməkdaşı var. Və bir də bu nümayəndəlik faktiki olaraq bu gün Bakıda yaşayan bir Şuşa deməkdir. Oraya yolu düşən hər bir Azərbaycan vətəndaşı nümayəndəliyin rəhbəri Zahid Abbasovun yaratdığı şəraitə baxıb xəyalən də olsa Şuşaya gedib qayıda bilir. Çünki burada Şuşayla, onun tarixiylə bağlı "danışan” bir sərgi fəaliyyət göstərir. Məhz Zahid Abbasovun təşəbbüsüylə Şuşanın mənzərələri, tanınmış şəxsiyyətləri, görməli yerləri, abidələri, aydınları yağlı boya ilə tabloya köçürülüb. Və onlar elə bir formada bu nümayəndəlikdə nümayiş etdirilir ki, tabloları seyr etdikcə Şuşanı da gəzib dolaşırsan.

Bax, elementar bir məntiqlə düşünsək, onda deyə bilərik ki, Mədəniyyət Nazirliyinin sabiqləri Şuşa mədəniyyətinə ögey yanaşmalı deyildilər. Onlar bilməliydilər ki, Azərbaycanın dünyanın onlarca şəhərlərində, paytaxtlarında böyük uğurla təmsil edən Şuşa mədəniyyəti həm də Qarabağı təmsil edirdi, Qarabağdan danışırdı, Azərbaycanın xarici siyasətinə dəstək verirdi. Hətta paytaxtımızda, respublikamızın müxtəlif guşələrində keçirilən həm beynəlxalq, həm də ölkə daxili mədəniyyət tədbirlərində Şuşa öndə olurdu, bu gün də öndədi. Ona görə də Azərbaycan prezidenti və ölkənin Birinci vitse-prezidenti həmin tədbirlərə qatılanda hər zaman Şuşa pavilyonunu böyük maraqla ziyarət edib təmsilçilərinə xoş arzularını bildiriblər.

Bəli, bir yanlışlıq edildi. Zənnimcə, onu düzəltməyin, o yanlışlığı aradan qaldırmağın zamanı çatıb. Əgər burada problem region məsələsidirsə, bunu da asanlıqla həll etmək olar. Elə Xocalı, Xocavənd, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın mədəniyyət nümayəndəliklərinin Qarabağ regionu altında bir araya gətirmək olar. Necə deyərlər, bunun üçün yalnız istək lazımdır – Şuşaya sevgi istəyi! Düşünürəm ki, yeni mədəniyyət naziri kim olacaqsa, o, mütləq bu məsələylə maraqlanacaq. Ən azından 270 yaşlı Şuşanın mədəniyyətinin qaysaqlanan yarasını sağaltmaq üçün.



TƏQVİM / ARXİV