adalet.az header logo
  • Bakı 7°C
23 Fevral 2021 15:20
198575
MÜSAHİBƏ
A- A+

Xocalı qətliamının şahidi: "Anam xalamoğluna demişdi ki, qızlarımı güllələ" - MÜSAHİBƏ

Xocalı faciəsindən 29 il ötür.

Xudiyeva Ərkinaz Vahid qızı 1979 ildə Xocalıda anadan olub. O, Xocalı hadisələrini birbaşa yaşayıb. Həmin qanlı gecənin şahidlərindəndir.

Yaxşı ki, anam öldü.

Xocalı hadisələri ilə bağlı paylaşılan məşhur şəkil var. Ev paltarında bir xanım yolun ortasında qətlə yetirilib. Bu yaxınlarda məlum oldu ki, şəkildəki şəxs əsir düşdüyünü güman edilən Mərmər Həsənovadır. Sizin qonşulardan olub. Bəzi adamlar xilas olduğu halda o xanıma heç cür kömək etmək olmazdı?

Atışma başlayanda hamımız məktəbə qaçırdıq. Zirzəmidə gizlənirdik. Kişilərsə məktəbin çölündə bir növ gözətçilik edib bizi qoruyurdular. Belə hallar çox olurdu. Atışma olur, sonra kəsilirdi. Bəziləri düşündü ki, yenə belə olacaq. Ona görə də vaxtında qaçmağa cəhd etmədilər. O, Milli qəhrəman Tofiq Hüseynovun həyat yoldaşıdır. Iksi də həlak oldu. Qızları Yasəmən Həsənovasa hər iki valideynini itirən 25 Xocalı uşağından biridir.

Qızları Yasəmən Həsənovanın statusunu oxudum. Yazırdı ki, bu şəkildə vəfat edən adamın anam olduğunu öyrəndim. Sevinirəm ki, o gecə anam həlak olub, əsir düşməyib. Dəhşətli statusdu...

Bəli, ən dəhşətlisi əsir düşmək olardı ki, bu baş verməyib. Məhz işgəncələr görmədiyinə görə bir övlad kimi sevinir. Xüsusən, bir azərbaycanlı xanımın erməniyə əsir düşməsi...

Ailəsinin gözü qabağında başını kəsdilər

- 29 il keçsə də həmin 12 yaşlı uşağı yaşayırsınız. Nə qədər çətin olsa da həmin gecəni necə xatırlayırsınız?

- On birin yarısı idi. Hər axşam alazan atırdılar, artıq alışmışdıq. Hər gecə paltarlı yatırdıq ki, nəsə olsa qaça bilək. Həmin gecə anama dedim ki, heç olmasa bu dəfə kurtka, palto ilə yatmayaq. Elə də etdik. Qəfil evdəki şüşələrin cingiltisinə oyandıq. Şüşələr cilik-cilik olmuşdu. Dayanmadan atəşə tuturdular, işıqlar da sönmüşdü. Hamımız ayaqyalın gecə paltarında çölə qaçdıq. Dizə kimi qar vardı. Qonşuların qapısına qaçdıq. Kimi çağırdıqsa cavab verən olmadı. Dəhşətli gecəydi. Alazanın, pulemyotun səsindən qulaq tutulurdu. Ortalıqda çarəsiz qalmışdıq. Qəfil evin arxasındakı qonşuluqdan avtomat səsi gəldi. Qonşular hamısı rəhmətlik Muradgilin zirzəmisindəydi. Biz də ora getdik.

 
Elnarə adlı qonşuluqda qız varıydı. Hamımız ağlayırdıq, onu isə elə bil şeytan güldürürdü. Dayanmadan gülürdü. Sonradan eşitdik ki, Elnarə əsir düşüb. Həmin zirzəminin sahibi Muradın başını ailəsinin gözü qarşısında kəsmişdilər. Onlara atəş açdığına görə.

Ailə üzvləri havalanmışdı. İllərlə xəstəxanada yatdılar. Biz zirzəmidə təxmini bir saat qaldıq. Atamın xalası oğlu Tofiq əsgər idi, əlində silah vardı. Gəldi ki, durun gedirik. Heç kəs yerindən qalxmadı. Dedik, həmişə atırlar, birazdan kəsilər, biz də evə gedərik. Tofiq israr etdi. Mən sizi qorxutmaq istəmirəm, amma ermənilər artıq kənddədi. Gülləmiz qurtarıb. Hamımız düşdük Tofiqin qabağına. Ara yollarla, kol-kosa ilişə-ilişə gəlib məktəbin yanına çatdıq.

 
Qadın, uşaq, qız-gəlin hamısı məktəbin zirzəmisində idi. Kişilər də əlində silah qapıda dayanmışdı. Tofiq nə qədər desə də, gəlin, birlikdə gedək heç kəs gəlmədi. Erməninin Xocalıya girməsinə heç kəs inanmırdı. Biz əlli-altmış nəfər olardıq. Qarqar çayı tərəfə düşdük. Əhalinin çoxu burda idi. Biz hamımız çayı ayaqyalın keçdik, meşəyə üz tutduq. Bu vaxt bizi atəşə tutdular . Hər tərəfdən güllə atırdılar. Balaca bacım 6 yaşındaydı. Anamın kürəyindəydi. Mən 12, qardaşım da 9 yaşındaydı. Meşəni bir az çıxmışdıq ki, dönüb kəndə baxdım ki, evlər hamısı yanır. Meşəyə üz tutduq. Yanımızdakıların kimisinə güllə dəyib ölür, kimisi də yaralanırdı.
 
Bir qadına qolundan güllə dəydi, qucağındakı körpəsi düşüb dərəyə yumarlandı. Ağlaya-ağlaya dedi ki, bir qızım kənddə qaldı, itirdim, bunu qoymayın ölsün. Atam tez getdi gətirdi. Uşaq sağ idi. Ayaqlarımızı hiss etmirdik. Qarın üstü qıpqırmızı qanıydı. Əllərimiz şişmişdi, ağacdan qar yeyirdik. İki hissəyə ayrıldıq. O dəstə çox idi, sol tərəfə yola düşdülər. Nə qədər desək ki, getməyin, ora erməni tərəfdi, bizə məhəl qoymadılar. Biz onlardan bir az olardı ki, ayrılmışdıq. Onları əsir götürdülər. Biz dik sıldırım qayanın dibində gizləndik. Onları gözümüz görə-görə qayanın üstündə sıraya düzürdülər. Qocaları bir tərəfə, cavanları bir tərəfə. İşgəncə verə-verə sıraya düzüb güllələyirdilər...

Anam xalamoğluna demişdi ki, ermənilərin yaxınlaşdığını görsən qızlarımı güllələ. Qoy, əsir düşməsinlər.

 
– Biz tərəfdən döyüşənlərdən kimi xatırlayırsan?
 
– Xocalıda qonşumuz idi, həm də qohum idik. Hündür boy, çox yaraşıqlı idi. Gözümüz önündə ayaqlarına güllə dəydi, gələ bilmədi. Adı Rövşən idi. 
 
 
– Günlərlə meşədə qaldınız, qarlı, əzablı günlər daha nələr müşahidə etdiniz?
 
Qonşumuz var idi, Təvəkkül. Onu qızının gözü önündə diri-diri yandırdılar. Digər qaçanları tapmaq üçün itlər göndərdilər. Qohumumuz Vaqif iti öldürdü. Bizdən aralıda İsmayılı əsir götürdülər. Elə bildilər iti o öldürüb. Onun başını kəsib itə bağladılar.
 
- Necə sağ qala bildiniz?
 
- Qar yeyirdik. Qonşumuz Ofelya xalanın cibində bir parça quru çörək vardı. Heç kəsə çatmadı. Balaca uşaqlara bir tikə bölüb verdik. Kişilər istədi ki, ölmüş insanların paltarlarından ocaq qalasınlar. Hər yerimiz donmuşdu.
Anam dedi ki, atam müharibədən bizə danışıb. Deyib ki, nə vaxtsa müharibə olsa heç vaxt ocaq qalamayın. Qarda ocağın istisində yuxu tutur, insan ayılmır. Tüstüyə də düşmənlər gəlib izi tapırlar. Anam qoymadı ocaq qalamağa. Bir az oturduq yenə yola düşdük.
 
Sonra...

3 gün meşədə azaraq, gah da yön dəyişərək gəzdik. Sonra qarşımıza 20-30 əsgər çıxdı. Qorxduq ki, əsir düşdük. Onlar silahlarını yerə qoyub qışqırdı ki, qorxmayın, azərbaycanlıyıq. Ağdamın Abdalgülablı kəndinə getdik. 

Sevincimin həddi hüdudu yox idi. Üç gün idiki gecə-gündüz sürünə-sürünə gəlib çıxmışdıq. Meşədə allaha yalvara-yalvara qalmışdım. "Allahım nə olar bircə girov düşməyək...”

 

Elçibəyin qəbuluna gedib saçını kəsdi

 

- Digər qohumlarınızın aqibəti necə oldu?

- Nənəm qoca olduğuna görə, bizdən əvvəl çıxmışdı. Ağdamda qalırdı. Qapıya çatdıq ki, bizə yas qurub ağlayırlar. Meyidimizi gözləyirlər. Nənəmin üzünün qanı sinəsindəydi. 25-ə yaxın qohumu şəhid olmuşdu. Bizim də əsir düşməyimizdən qorxub.

Əbülfəz Elçibəyin qəbuluna gedib saçlarını kəsib qabağına qoyub and vermişdi ki, nəsə etsin, vertalyot göndərsinlər və.s.Elçibəy o zaman prezident deyildi, amma nələrsə edə biləcək qədər tərəfdarı vardı.f

Bütün Xocalı şahiddi ki, əmim Zahid Xudiyev həqiqətən qəhrəman olub. Ölümünə qədər döyüşüb. Dözmədi, könüllü getdi. Füzuli bölgəsində bayrağı təpəyə sancan zaman güllə sinəsinə dəyib. 9 gün yaralı qalıb. Bizə xəbər verməyiblər. Bizim xəbərimiz olanda artıq vəfat etmişdi. Nənəm 30 yaşından ərsiz qalmışdı. 30 yaşlı oğlunu itirdi. 25 yaşlı qızını da Xocalıda itirmişdi. Qardaşım isə əlildi, ürəyi xəstədi. Meşədə qorxudan ürək xəstəsi olub.
 
- Əminizi xatırlayanda gözləriniz dolur...

- Əmim Xocalıdan sonra müharibəyə qayıtdı. Həyatda ən sevdiyim iki şəxsdən biri olub. Atam, bir də əmim. Əmim indiki İkinci Fəxri Xiyabanda dəfn olunub. Qazax bölgəsində də döyüşüb. Orda bir varlı kişi ona deyib ki, oğlum əsirdi, mənə bir erməni əsiri verəydilər, övladımla dəyişərdim. Əmim bir neçə günə iki erməni əsiri tutub. Həmin erməniləri kəndlinin oğluyla dəyişdirib. Əmim Qazaxdan bir qız sevirdi. Həmin qazaxlı kişi qızı əmimə qaçırdıb, əmimə üç gün üç gecə toy edib.

 

- Xocalıdan sonra nə etdiniz?

- Atam xərçəng xəstəsi idi. Ağrılara dözə bilmirdi. Həm bizə əziyyət verməsin, həm də bizə xərc çəkdirməsin deyə intihar etdi. Kustar üsulla silah düzəltmişdi. Hardansa patron da almışdı. Belə...Şəxsi həyatımda bir növ Bakıda ikinci Xocalını yaşadım. Evləndim, amma ömür boyu həbsxana yollarında keçdi ömrüm.

Övladlarımı oxutmaqçün aşbaz, mağazalarda satıcı işlədim.

Qızım universitetə daxil oldu. Beynəlxalq münasibətlər üzrə təhsil alır. Oğlumsa hələ məktəblidir.

 
Söhbətləşdi: Emin Piri