adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Yanvar 2020 14:13
103771
MÜSAHİBƏ
A- A+

Əhməd Mustafayev: "Fəxri adım olsun, amma heç kim hörmət etməsin, dinləməsin!" - MÜSAHİBƏ

Artıq populyar musiqidə bütün kriteriyalar yoxa çıxmaqdadır. Əsas kriteriya mahnının "hit" olub-olmamasıdır. "Canan" mahnısı hitə çevrilən Əhməd Mustafayev ilə elə bu məsələlər haqqında söhbət etdik.


- Son dövrlər sizin "Canan” ifanız böyük marağa səbəb olub. Necə yarandı bu mahnının ideyası?

- Açığı deyim sizə, "Canan", məni şoka salan bir ifa idi, baxmayaraq ki, mən ifa etmişəm.Allah rəhmət etsin, Məşədibabanın sözləridir. Musiqisini ideya olaraq mən fikirləşmişəmsə də, baxıram ki, əslində bundan əvvəlki mahnılarıma daha çox əmək sərf etmişəm, daha çox qayğı sərf etmişəm. Düzdür, onlar da sevilib, amma bu qədər sevilməmişdi. 
Mən belə deyərdim ki,"Canan” mənim indiyə qədər gördüyüm işlərin bəhrəsidir, nəticəsidir. "Canan” yox, başqa bir mahnı da olsaydı, bəlkə də yenə belə bir nəticə olacaqdı. Çünki mən oturub fikirləşirdim ki, mən bu qədər işləyirəm, mən bu qədər əziyyət çəkirəm, necə olur ki, mənim bir mahnım bütün Azərbaycanı bürümür?! Necə olur bu? Mən yəni keyfiyyətsiz musiqitəqdim edirəm? Mən harada səhv edirəm? Oturub fikirləşirdim və bir də baxdım ki, "Canan” mənim o istəyimi, arzumu, mənim o gileyləndiyim tərəfimi ört-basdır etdi. 
İdeya olaraq açığı deyim musiqisini yazmışdım, birinci musiqisi yazılıb o mahnının, sözlər sonradan tapılıb. Google-da axtarış edirdim, bir də görürsən, gənclər bu günlərdə qəşəng sözlər yazırlar. Mən biraz sosial şəbəkədə yox, internetdə - "Youtube”da, "Google”da axtarış edən adamam. Heç bir şey tapa bilmədim. Fikirləşdim ki, bu mahnıya söz tapım. Sonra fikirləşdim ki, bir söz yazar dostum var, ondan xahiş edərəm, hörmətini edərəm, yazar bir qəşəng söz. Elə oldu Məşədibabanın bu qəzəli çıxdı qabağıma. Heç ağlıma gəlmədi ki, bu qəzəl ilə o melodiya üst-üstə düşür. Baxdım sözlərə"Sənə çox can dedim, ey can, canolub neynəmisən? Demə canan özünə, canan olub neynəmisən?”. Sözə bax sən. Necə yazıb, fikirləşib. Can, can, can, amma mənaya bax. İki sətir yadımda qaldı. İnanın ki, bir dəfə oxudum. Yadımda qaldı. Sonra yolda gedirdim, melodiya beynimdə fırlanır, yazdığım melodiya. Təsadüfən gəldi bu iki sətir də beynimə. Baxıram ki, necə oldu belə gəldi. Bu sözlər haradan? Bu melodiya haradan? Həmin melodiyanı oxuyuram. Tez maşını saxladım. Yazdım "Google”da sözləri çıxardım. Bir-iki şeylər var idi ki, onlara da sonradan düzəliş etmişəm.

- İfanızın bu dərəcədə uğurlu olmasındahansı amillər rol oynadı?

- Aranjemançının da böyük əməyi oldu orada. Fəridə təşəkkürümü bildirirəm, dedi ki, bu mahnını biraz ritmik edək. Yay ərəfəsidir, bu mahnını belə orta tempdə edə bilmərik. Mən dedim ritmik edək, etməyinə, yay üçün deyirsən, yay üçün buraxaq, amma onu da qeyd edim ki, oərəfələrdə,Natavan Həbibinin "Sevgi bizi yola verdi” mahnısı aranjeman olurdu , sonra Murad Arif "Oppalara” mahnısını çıxardı,dəyərli xalq artistimiz Aygün Kazımovanın "Yaraşdın mənə” mahnısı çıxdı. Bu mahnılar belə deyim ki, qan eliyir (gülür). Yayda partladırlar və mən bu ərəfədə "Canan”ı çıxardıram. Yəni normalda kimsə o şeyi etsə, mən deyərəm ki, ağılsızlıqdır. Bu qədər hit var, sən bu qədər hitin arasına hit çıxartmaq istəyirsən? Yəni o hər adamın başı üçün deyil belə deyərdim. Deyərdim sən səhv edirsən. Gözlə bir az sonra yeni bir mahnı çıxar. Amma demək ki, qismət belə imiş ki, mən heç orasını fikirləşmədən ki, bu qədər hit var, bu qədər hitin arasına sən "Canan” təqdim edirsən. Belə deyərdim, bilmədən risk etmişəm. Bu risk də, şükür Allaha, gəlib yaxşı nəticə verib. Hətta mən TV kanallarının birində, maqazin verilişlərinin birində mahnı, klip çıxanda iddialı-iddialı qayıtdım ki,"İnşallah mənim bu "Canan” mahnım sadaladığım hitləri vurub keçəcək". Bir dənə forsaj verəcək, keçəcək. "Olay” olsun deyə dedim bu sözü. Həqiqətən də elə oldu (gülür).

- Hər kəsin kariyerasının müəyyən qızıl dövrü olur, sizcə siz hazırda hansı dövrü yaşayırsınız?

- Mən titanium dövründə, biraz qızılla qarışığı olan dövrdə (gülür). Təbii ki, bu bir zarafatdır. Mən deyərdim ki, elə qızıl dövrlərimdən birini yaşayıram. Məhz qızıl dövr deyib burada dayanmıram mən. Qızıl dövrlər hələ çoxdur, irəlidə daha çox, brilyant dövrü var hələ. Mən deyərdim, bu dövr qızıldı, brilyant dövrümə qalıb hələ. Nə qədər ki, bu həvəs var məndə, nə qədər ki, bu işgüzarlıq, əzm var, bu olacaq. Yəni mən qorxmuram həyatda ki, ay mən batacam, gedəcəm, neynəyəcəm?!. Axır variant məni heç yerə də qoymasalar gedib küçədə oxuyacam. Özüm üçün oxuyacam. Yəni o şeydən qorxmuram heç vaxt. Bir tək oturub-durub arzu edirəm ki, Allah məndən bu istedadı almasın. Qalanları boş şeydir.

- Bəs bu qızıl dövrünüzə çatana qədər hansı mərhələlərdən keçmisiniz?

- Uşaq vaxtından var bu həvəs məndə. Heç musiqi təhsilim yox idi, amma musiqini hiss edirdim. Yadımdan çıxmaz heç vaxt evdə süpürgələr var idi, onları götürürdüm gitara kimi tuturdum, otururdum pilləkanın kənarında oxuyurdum. Bir dənə "AzTV” telekanalı var idi, oranı izləyəndə bir müğənni oxuyurdu nəsə bir mahnını, biraz yaxşı oxumayanda hiss edirdim ki, o mahnının haqqını vermir. Bilmirəm necə oxumalıdır. Sadəcə olaraq ürəyimə yatmırdı. Hiss edirdim ki, belə oxusaydı daha yaxşı olardı. Sonra tar məktəbinə qoydular. 5 illik tar sinfini bitirdim. Ondan sonra bir müddət milli, saz, aşıq havalarını öyrəndim. Əslində məqsəd var idi hər birində. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə 2007-ci ildə qəbul oldum. Tətbiqi İncəsənət fakültəsinə. Əlaçı stipendiyası alırdım,ən çox balı da mən toplamışdım qrupda. 562 idi balım. Mənə deyirdilər ki, "sən nə edirsən, İncəsənəti? Gedib başqa universitetin pulsuzuna rahat düşərdin, o boyda bal ilə”, deyirdim "Yox, mən İncəsənət Universitetini istəyirəm”.

"ABİ, MƏNİM DƏ PARAYA EHTİYACIM VAR!"

- Gitarada ifa etməyi necə öyrəndiniz?

- Bizdə türk tələbələr də var idi. Onlar gitarada ifa edirdilər. Baxırdım xoşum gəlirdi, alırdım onlardan, heç bilmirdim, yalandan, loru dildə desək, dınqıldadırdım. Arada heç nə yoxdu, heç nə bilmirdim. Universitet illərində başladım gitaranı öyrənməyə, ifa etməyə. Açığı bir türk var idi, "patok" yoldaşım idi. Ona dedim, o da dedi, sən ayda 50 manat verəcəksən mənə, mən sənə öyrədəcəyəm. Mən də 70 manat stipendiya alıram. Fikirləşdim ki, mən 70 manatın 50 manatını buna versəm, bəs mən nə alıb geyinəcəyəm? Düzdür, evdən atam mənə pul verirdi. Amma bəs etmirdi. Nə etsən, loru dildə desək, tələbə həmişə ac olur. Həmişə kasıblıyır, tələbənin varlı olduğu gün olmur ki (gülür). Dedim yox, mən 50 manat sənə verməyəcəyəm. Sən əgər öyrədirsənsə, yoldaşlığa öyrət, nə olar ki? Bir patokda oxuyuruq. "Abi, mənim də burda paraya ehtiyacım var" filandedi.

- Elə o dönəmdəndə mahnılar bəstələməyə başladınız?

- Sonra həvəs başladı məndə, amma o illərdən əvvəl də mən fortepiano ilə mahnı düzüb qoşurdum. Gəlirdi beynimə mahnı yazırdım. O qədər də professional yaza bilmirdim, özümə görə nələrsə bəstələyirdim. Hətta indiyə kimi yadımdadır bir qrup yoldaşım var idi, onda da eyni həmin istedad var idi. Bir gün qayıtdı ki, sən necə yazırsan mahnını? Dedim "nə bilim, olur da, görürsənki, gəlir beynimə mahnı, musiqivə yazıram.”. Deyir "mən çox vaxt filmlərdən təsirlənib yazıram”. Deyirdi ki, gəl belə edək, hərəmiz bir dənə mahnı yazaq, görək kimin mahnısı daha təsirli olacaq? Hətta belə mərcə girirdik. Bir gün mənə dedi ki, gəl sən, laylay mövzusundabir mahnı bəstələ. Mən də sevgi-məhəbbət bu janrda bir şey bəstələyəcəkdim. Bunu bizim bir musiqi müəllimimiz var idi. Bəstəkar idi həm də. Ona göstərək. Görək hansıdaha çox bəyəniləcək. Dedim, yaxşı. Bir gün getdim oturdum evdə. Nə qədər fikirləşdim, heç nə yaza bilmədim. Gecə bir də gördüm ki, nəsə gəldi. Elə bir şey yazmışdım ki, indi də durur o bəstəm, amma heç kim eşitməyib. Heç kim deyəndə yəni tanıdığım adamlar eşitməyib. Bir o eşitmişdi, bir mən, bir də həmin müəllim. Elə bir musiqi yazmışdım ki, yəni uşaq yox, adamın özü qulaq asanda yatmaq istəyir. Elə həzin notlar idi, o qədər həzinlik var idi musiqidə. Müəllimə göstərdik. Dedi bunu kim yazıb? Dedim mən yazmışam. Dedi bu laylay konseptinə daha uyğundur. Daha təsirlidir. Səndə də pis deyil, amma bu daha uğurludur. Nə isə, sözümün qısası, mən bir də hətta test etdim bu musiqini. Bir balaca uşaq var idi, yəni dedilər ki, yatmaq vaxtıdır, amma yatmır. Uşağı uzandırdım, başladım gitara ilə ifa etməyə. İfa etdim özüm üçün televizora baxa-baxa. Bir də baxdım ki, uşaq yatıb. Özüm üçün maraqlı idi ki, görüm bu həqiqətən belədir? Gördüm ki, doğurdan da, ürəkdən gələn melodiya, not təsirli olur. Oturursan fikirləşirsən ki, mən bunun burasını belə edim, burasını elə edim,o qədər də təsirli olmur. Ürəkdən gəlmir, sən artıq oturub onu fikirləşmisən. Elmi cəhətdən yanaşmısan ona. Bir də var ürəklə yanaşasan, ürəkdən gəlsin. O tamam başqa olur.

- Bəs həmin laylayıcəmiyyətə təqdim etmək fikriniz var?

- Ola bilər, gələcəkdə ola bilər. Bilirsiniz necədir?! Açığı deyəcəm, mən sizə. Biraz fikirləşdim ki, mən ən birinci başlayanda insanların daha çox ürəyinə yol tapacaq musiqilər oxuyurdum və bu mənə madiyyat qazandırmırdı. Sadəcə olaraq insanlar qulaq asır, "nə gözəl musiqidir, əladı, filan”. Bilirsiniz, bugünkü gündə danılmaz faktdır ki, Azərbaycan şou-biznesi yox, toy-biznesidir və sən toy-biznesində yoxsansa, deməli, ya sənin birinci növbədə yaxşı imkanın olmalıdır, yəni maddi cəhətdən ki, sən heç fikirləşmirsən toy, filan. Başqa yerdən bir gəlirin olsa, sənə maraqlı olmaz toyda gedib mən oxuyacam, pul qazanacam, mən bu mahnının aranjemanına pul verəcəyəm, klipini çəkdirəcəyəm. 
Mən artıq bir müddət məcbur oldum ki, insanların ürəyinə yox, ayağına işləyəcək mahnılar təqdim edim. Yəni insanlara rəqs edə biləcəyi, əylənə biləcəyi musiqilər təqdim edim, hansı ki, düşündürəcək musiqidən biraz kənarlaşdım. Mən mütləq ritmik mahnılar oxumalıyam, biraz cəmiyyətin damarını tutmalıyam və pul qazanmalıyam ki, mən o pulun sayəsində o ürəyə işləyəcək mahnıları təqdim edə bilim. Silsilə şəklində gətirə bilim ardını. Bu gün mən elə ard-arda maksimum bunun 4-5-ni təqdim edərəm, sonra bəs bu mahnıları yazdırmaq üçün, aranjeman etmək üçün, işıqlandırmaq üçün pul lazımdır axı. Pul yoxdursa, nə etməlisən? Sən o mahnıları artıq maksimum bəstələyib evdə özün qulaq asacaqsan. İnsanlar eşitməyəcəklər. Bu deyərdim mənim üçün bir taktikadır. Nələrisə nələrəsə qurban vermək lazımdır. Ona görə də deyərdim ki, bu laylay bax o qurbanlardan biridir ki, mən fikirləşirəm ki, vaxt gələcək onun da öz sırası çatacaq. İnşallah ki, türklər demiş "deney testi” də keçirtmişəm ona görə rahatam (gülür). O musiqi yaxşı effekt verəcək.

- O qurbanların siyahısı çoxdur ki?

- Nə qədərdir. Bu dəqiqə elə mahnılar var ki, inanın, onu ancaq qulaq asıb düşünmək lazımdır. Düşünmək deyəndə, bir balaca dünya görüşü olan adam avtomatik olaraqöz dərdilə o mahnının işığında yox olacaq. Belə bir şeydir. Belə bir musiqilərdir. O musiqilər hələki dayanıb, qalıb, arxivimdədir. İnşallah zaman gəldikcə təqdim edəcəyəm.


- Sənətçi üçün fəxri ad vacibdir,yoxsa insanların rəğbəti?

- Mənim üçün insanların rəğbəti. Fəxri adım, olsun, amma heç kim hörmət etməsin, dinləməsin. Nə edirəm elə fəxri adı?! Bayaq da sual verdiniz, fərqlənməyimin başlıca səbəblərindən biri də elə odur ki, mən tamaşaçıya özümü zorla sevdirməmişəm. Heç özümün də xəbəri olmayıb ki, xalq birdən necə sevdi. Var hazırda şou-biznesdə ki, sağ olsun papanın pulu, gəlib tanınır. Amma mən demişəm ki, əgər nə vaxtsa, kimsə desə ki, "bunu niyə qoyursuz e oxusun", mən həmin gün bu sənəti atacam. Nə qədər də bu sənət üçün yanıb-tutuşsam da, atacam, başqa işlə məşğul olacam.

- Şou-biznesdə başqa hansı xüsusiyyətləri bəyənmirsiz?

- Ən çox sevmədiyim, qadınları başa düşürəm haradasa, "kişilər” var ki, elə qeybət edirlər ki, səhəri gün də arxasından danışdıqları adamı görəndə "can, necəsən” deyib, öpüşüb görüşürlər. Çox əsəbiləşirəm də bunu görəndə.

- Bəs dost deyə biləcəkləriniz kimlərdir?

- Hamı ilə yaxşı münasibətim var. Mehriban şəkildə ünsiyyətim var, amma dost yalan deyərəm. Şou-biznesdə dost olmur. Mənim kənarda öz dostlarım var, amma şou biznesdə mehriban münasibət olar.

- Qız fanatlarınız çoxdur yəqin ki. Bu hal fəaliyyətinizə dəstək olur, yoxsa mane olur?

- İzləyənlər, sevənlər deyərdim. Fanat başqa cürdür bir az. Onlar məni ruhlandırmasalar, yeri gələndə iradlar bildirməsələr, mən tənbəllik edərdim bəlkə də. İrad tutulanda fikirləşirəm ki, aa deməli, başı çıxır bu işdən izləyicinin, daha məsuliyyətli oluram. Amma bir də görürsən ki, başı çıxmır izləyicinin, elə rəylərlər yazır, baxırsan ki, bu adamın heç musiqi haqqında anlayışı yoxdur. Sadəcə özünü ağıllı göstərmək üçün yazır.

- Rostropoviçin fikrincə, həyatla ölüm arasında yalnız musiqi dayanır. Bəs sizcə, həyatla ölüm arasında hansı məfhum var?

- Mənim üçün həyatla ölüm arasında...Təbəssüm...Bir təbəssüm. Məsələn, mən fikirləşirəm ki, öləndə güləcəm. Ən ağır ölüm də olsa, güləcəm. Həyata gülüb gedəcəm.