adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Iyun 2019 10:08
83523
MÜSAHİBƏ
A- A+

Muradın həbs səbəbi – Xanımı hər şeyi açıqladı

Şair-yazar Murad Köhnəqala 12 iyun tarixində Tovuz Rayon Məhkəməsinin qərarı ilə birinci ailəsindən olan uşaqlarına 12 min manat məbləğində yığılıb qalmış alimenti ödəyə bilmədiyi üçün 15 sutka azadlıqdan məhrum edilib. Yazıçının ikinci həyat yoldaşı, yazar Şəlalə Göytürk həbs və onun səbəbləri barədə Kult.az-ın suallarını cavablandırıb.

- Şəlalə xanım, ilk olaraq 12 min manat alimentin nə vaxtdan yığılıb qalmasına aydınlıq gətirərdiniz...

- 2014-cü ildə Murad keçmiş həyat yoldaşından rəsmi qaydada boşanıb. Ayrılandan sonra Murada aliment müəyyən edildi. Həmin ərəfədə Murad işləmədiyi üçün biz kənddə, Muradın qardaşının, anasının yanında yaşamaq məcburiyyətində qaldıq. O vaxt Murad işləmirdi deyə, alimenti ödəyə bilmirdi. Biz Bakıya gələndən sonra Murad saytlarla işləməyə başladı və imkan düzəldikcə alimentləri ödəməyə başladı. Həmin ödəmələrin qəbzləri də bizdə var, onları məhkəməyə də təqdim etmişdi. Burada əsas məsələ Muradın ödədiyi pulları qeyri-rəsmi formada etməsi idi. İki uşağa görə Murada 200 manatdan bir qədər çox aliment kəsilmişdi. Muradın isə pulu olanda ay ərzində o vəsaitdən qat-qat çox pul ödəyirdi. Ancaq bunları rəsmi qaydada etmirdi. Muradı tanıyanlar da bilir ki, o, bir qədər belə sənəd, məhkəmə, rəsmi şeyləri sevmir. Deyirdi, uşaqlarıma pulu da rəsmi qaydada ödəməliyəm ki!

- Bəs siz pulu rəsmi formada ödəməsi üçün nə isə demirdiniz?

- Dəfələrlə demişəm Murada. Deyirdi, uşağıma pulu rəsmi qaydada verməliyəm? Deyirdi, uşaqlar da görür ki, mən onları pulsuz qoymuram, nəyə ehtiyacları varsa, alıram. Muradın oğlu Mustafa indi əsgərlikdədir. O, bunlardan xəbər tutsa, etiraf edər ki, qeyri-rəsmi formada atası onlar üçün nələr edib. Bəli, etməlidir, övladlarıdır. Ancaq Muradın verdikləri qarşısında o aliment heç nədir axı. Təəssüf ki, Murad etdiklərini rəsmi formada etməyib. İnanın, keçən yay Muradın uşaqlarına etdiyi yardım 5 min manatı da keçir. Mən ailədaxili məsələlər barədə danışmaq istəmirəm. Heç Murad da istəməz bu barədə danışım. Ancaq indi vəziyyət elədir ki, danışmaq məcburiyyətindəyəm. Muradın keçmiş həyat yoldaşı olduqca qəribə qadındır. Məhz bu səbəbdən mən Murada deyirdim ki, uşaqlara verdiyin pulları rəsmi qaydada ödə. O qadın Muradın uşaqlarına qeyri-rəsmi qaydada verdiyi pulları aliment kimi görmür. Murad deyirdi, mən qızıma, oğluma rəsmi aliment nəzərdə tutulmasa da, həmişə baxacam. Ona görə etdiklərini rəsmi formada etmirdi. Murad alimenti ödəsə də, ödəməsə də, keçmiş həyat yoldaşı narazı idi. Onun məqsədi alimentin ödənməsi də deyildi. Muradı incitmək, narahat etmək istəyirdi.

- Belə çıxır ki, dava aliment davası deyil?

- Bəli. Muradın 12 min manat alimenti ödəməməsi deyil problem. Murad o pulu əlbəttə ki, ödəyəcək. Elə düşünməyin ki, bu günə qədər ödəməyib. Rəsmi və qeyri-rəsmi, uşaqlarına hər cür dəstək olub və bunu etməyə borcludur, çünki atalarıdır. Bunu mən də dəstəkləyirəm. Muradın keçmiş yoldaşının məqsədi ondan intiqam almaqdır. Murada dəfələrlə telefonda bildirib ki, ölsən də, səni tutduracam. O qadın qarşısına bunu məqsəd qoyub. Onun məqsədi Muradı hər yolla incitmək, problem yaratmaq, tutdurmaqdır.

- Bundan əvvəl də Murad bəyin keçmiş həyat yoldaşı onunla bağlı məhkəməyə müraciət edib?

- Dəfələrlə edib bunu. O xanım Bakıda yaşayır. Ancaq nə vaxt Tovuza getsə, Muradla bağlı məhkəməyə müraciət edir. Daha başqa nələr edib, mən onları Muradın, Mustafanın xətrinə açıqlamaq istəmirəm. Özümə yaraşdırmıram. Muradın evdən qızılları oğurlaması ilə bağlı polisə şikayət də etmişdi. O xanımın məqsədi Muradı tutdurmaqdır. Fərq etmir hansı yolla.

- Qeyd etdiniz ki, 2014-ci ildə Murad işləmədiyi üçün aliment ödəyə bilmirdi. Keçmiş həyat yoldaşının da tez-tez məhkəməyə müraciətlərini nəzərə alsaq, niyə həmin illər ərzində həbs edilmədi, üstündən neçə illər keçdikdən sonra həbs edildi?

- Bundan əvvəlki müraciətlərdə məhkəmə Murada iş verməyib, həbs etməyib. Ancaq inzibati qaydada cəzalandırırdı. Məsələn, belə müraciətlər əsasında Muradın ölkədən çıxışına qadağa qoyuldu. Hətta keçən il Gürcüstanda Beynəlxalq Ədəbiyyat Festivalına dəvət almışdı Murad. Pasportuna qadağa qoyulduğu üçün festivala qatıla da bilmədi, üzr də istəmişdi onu dəvət edənlərdən. Bundan başqa, müraciətlər əsasında Murada cərimələr tətbiq edilirdi. Bu adamın 60 yaşı var, bəzi hallarda işləmir, alimenti gecikdirir və ya ödəyə bilmirsə, buna görə onu cərimə etmək düzgün deyil axı. Muradın keçmiş yoldaşı da, uşaqları da fiziki cəhətdən sağlam, əqli yerində və normal insanlardır. Qadın da cavan və sağlamdır. Onlar işləsə, Murada da, özlərinə də kömək olar. Ən azından Murad pulu ödəyə bilməyəndə çətinlik çəkməzlər. Ancaq istənilən halda mübahisənin səbəbi aliment deyil.

- Siz də qeyd etdiniz, dostları da etiraf edir ki, Murad uşaqlarına həmişə maddi dəstək olub. Ancaq bu, rəsmi qaydada aparılmayıb. Bəs rəsmi qaydada sizə, Murad bəyə xəbərdarlıq gəlirdimi ki, aliment ödənməlidir. Çünki məhkəmə haradan bilsin ki, Murad uşaqlarına pul ödəyir?

- Bəli, dəfələrlə bizə bu barədə müraciət olub, məhkəmədən xəbərdarlıq da gəlirdi. Məhkəmədən bildirirdilər ki, keçmiş həyat yoldaşınız alimenti ödəməməyinizlə bağlı müraciət edib. Murad da bildirirdi ki, məsələn, dünən oğluma 200 manat ödəmişəm. Məhkəmədən də bildirirdilər ki, bu pullar sayılmır. Mən bilirəm, Muradın özündə də səhlənkarlıq olub bu məsələdə. Gərək hər vəsaiti rəsmi qaydada ödəyərdi. Rəsmi qaydada bunu etsəydi, başımıza bu iş gəlməzdi.

- Kişilər belə məsələlərdə bir qədər tənbəl, məsuliyyətsiz olur. Bəs nə əcəb siz bunu etməmisiniz? Çünki qadınlar belə məsələlərdə daha diqqətlidir.

- Mən Muradın iradəsinə heç vaxt zidd getməmişəm. İnanın, Murad keçmiş yoldaşı ilə telefonla danışanda heç vaxt yanında dayanmamışam, digər otağa keçmişəm. Ailəsi ilə bağlı nəsə danışanda, heç vaxt müdaxilə etməmişəm. Fikrimi soruşubsa, onda demişəm ki, gərək belə edəydin və ya filan məsələdə düz etmir. Muradın oğlu atası ilə barışandan sonra özü də gördü ki, mən onun anasının təqdim etdiyi kimi deyiləm. Mustafa məni də tanıyandan sonra bizə tez-tez gəlməyə başladı. Səhər gəlib, axşam gedirdi, bizdə qalırdı, qardaşı ilə oynayırdı. Əgər Murad uşaqlarına qarşı vecsiz, məsuliyyətsiz olsaydı, uşaqlara baxmasaydı, aliment ödəməsəydi, heç Mustafa bizə gəlməzdi. O özü də görürdü ki, biz hansı şəraitdə, necə çətin vəziyyətdə yaşayırıq. Hələ onunla belə Murad uşaqlarını pulsuz qoymurdu. Mustafa bunları görəndən sonra başa düşdü ki, əslində biz, xüsusilə, mən ona təqdim edildiyi kimi deyiləm. Bizim vaxtilə yaşadığımız evi Muradın keçmiş həyat yoldaşı özü də gəlib görmüşdü. Özü demişdi ki, bu evdə heç it də yaşamaz. Ancaq biz yaşayırdıq. Bununla belə, Murad uşaqlarını da unutmurdu. Murad uşaqlarına qarşı laqeyd olsa belə, mən buna imkan vermərəm. Eləcə də qızına qarşı çox həssasdır.

- Sosial şəbəkələrdə yazılanları oxuyursunuz, yəqin ki! Çoxları iddia edir ki, Murad uşaqlarını keçmiş həyat yoldaşının üstünə atıb gedib, qadın tək canı ilə baxıb uşaqlarına.

- Bu necə ola bilər axı? Muradın keçmiş həyat yoldaşı heç vaxt çalışmayıb, evdar qadındır. İndi də işləmir. Əgər Murad uşaqlarına baxmayıbsa, bəs işləməyən ana necə baxıb, haradan tapıb pulu? Murad baxıb, Murad ödəyib. Ayrıldığı gündən Murad ailəsini pulsuz qoymayıb. Ola bilər nə vaxtsa az dəstək olub, işsizliyə görə pul az ödəyib. Ancaq imkanı olmadığı vaxtlarda belə uşaqlarını pulsuz qoymayıb. Murad indi cavan oğlan deyil. 60 yaşı var. Qızı 23 yaşındadır, özü də işləyir. Murad da nəyə imkanı çatırsa, edir. Zərəngiz xanım, Muradın keçmiş həyat yoldaşı isə indiyə qədər çalışmayıb. Nə olardı ki, o özü də işləyərdi, uşaqları üçün o da nələrsə etməyə çalışardı. Murad axı bacardığını edir. Murad yazardır, axı yazarlar üçün iş tapmaq elə də asan deyil.

- Murad Köhnəqalanın evlə təmin edilməsi üçün Prezidentə müraciət olunduğu barədə məlumat da yayılıb. Bu barədə xəbəriniz var?

- Bəli, bilirəm. Prezidentə müraciət kampaniyası başlatmaq istəyirdi dostları ki, bu məsələ ortaya çıxdı. Hətta o ev verilsə belə, Murad deyir ki, o mənim balalarımın haqqıdır, onların payını verəcəm. Əlbəttə, verməlidir. Mən də heç vaxt razı olmaram ki, o uşaqlar çətinlik görsün.

Murad 3 sot torpaq alaraq, keçmiş arvadının adına rəsmiləşdirib. Birgə yaşayış dövründə alındığı üçün torpağın yarısı Murada düşürdü, lakin o, təmənnasız olaraq torpağı uşaqlarına bağışladı. Yaşadığı müvəqqəti evi, Şüvəlandakı Yaradıcılıq Evindəki mənzili də ailəsinə verib. Murad vicdansız insan olsaydı, bunları etməzdi. Torpağı satıb alimenti ödəyərdi. Məhkəmə yolu ilə evi böldürə bilərdi. Ancaq o bunların heç birini etməyib, etməz də.