adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 May 2019 11:23
95008
MÜSAHİBƏ
A- A+

Rəvan Cavid: "Yazıçının içində mütləq ədalət hissi olmalıdır" -MÜSAHİBƏ

Adalet.az gənc yazar Rəvan Cavid ilə olan müsahibəni təqdim edir.

Həyat, yoxsa ədəbiyyat? Yəni ikisi arasında qalsan, hansını seçərdin?

Ədəbiyyat həyatın içindən gəlir. Yaşadıqlarımız, gördüklərimiz, dinlədiklərimiz, oxuduqlarımız – hamısı bizə eyni enerji ilə geri qayıdır. Sənətin əsas vəzifəsi sənətçinin mövcud olduğu zamanı simvollaşdırması, gələcəyə ötürməsidi. Ədəbiyyat və digərləri buna xidmət edir. Ona görə, ədəbiyyat və həyat bir-birini tamamlayan nəsnələrdi. Ədəbiyyatsız həyat lal adama bənzəyir. Həyatsız ədəbiyyat isə ölü adama. Həm də mən yazmağın tale işi olduğuna inanıram.



Niyə poeziyadan nəsrə keçdin?

Keçmək ifadəsi doğru deyil. "Mən daha şeir yazmayacam, bundan sonra hekayə yazmaq istəyirəm” demirsən. Şeir yazmaq an məsələsidi. Həm də səs hadisəsidi. Yəni, məncə, şeir mətn konteksində nəsrə uduzur. Bayaq qeyd etdiyim enerji məsələsidi bu. Elə mövzular var, sən onları esse kimi ifadə edirsən, elələri də var ki, onları bədii mətnə çevirməlisən. Bəzən isə şeirlə anlıq duyğu kimi itib-gedir.


Yazıçı kimi missiyan varmı? Və səncə yazıçının ideologiyasi olmalıdırmı?

Yazıçı olmaq özü missiyadır. Bu missiyanı sənə vermirlər. Zaman hər şeyə, hər kəsə bir şəkil verir, deyəsən, "Duman”dan eşitmişdim. Sənin missiya dediyin şey o şəkildi. Sənət adamı xilas üçün çalışır. Sənət özü Xeyirin tərəfindədi. Yəni, yazıçının içində mütləq ədalət hissi olmalıdır. İdeologiya isə bütün həqiqəti görməyə imkan vermir. Kimsə özünə ideologiya seçirsə, əmin ol, qorxur. Hansısa qanunlar cədvəli sənin üçün daha önəmli olur və zaman keçdikcə bunlar səndə bir daxili senzura yaradır. Məsələn, Allahı din kimi qəbul edən yazıçı yazı masasında onu sənətə çevirə bilmir. Ya da vətən mövzusu. Ya da istənilən fikir. Düşünürəm ki, sənət ideologiyaların üstündədir. Mətn yazanda sənin üçün toxunulmaz bir mövzu olmamalıdır. Allahla, ölkənlə, sənə doğmalarınla içindən gəldiyi kimi rəftar etməlisən. Özünə sərhəd qoymamalısan. Tərəf seçib-seçməməkdə isə hamı azaddır. O ki qaldı mənim missiyama, mən onu axtarıram. İndi mənə real hadisələrdən daha çox absurd situasiyalar maraqlıdır və mən onları yazıram. Bizim ölkədə bu kimiləri boldu.

Yəni sənin üçün yazı masasında heç bir dəyər yoxdur?

Ancaq yazmaq və yazdığım mətn. Qalan hər şey plastilin kimidi, onlardan nə istəsəm qura bilərəm, yetərlidir ki, alınsın. Deistəm mən, milli dəyərlərə bağlı birisi də deyiləm, insanlarımızı tanımağa çalışıram, tanıdıqca müxtəlifliklərini sevirəm, ancaq onlarla müqəddəs kimi davranmamağı da bacarmalıyam. Bəlkə də gənclik radikalizmidi, keçib gedəcək. Faulzu oxuyuram bu günlər, o daha yaxşı izah edir bu məsələləri. Verəcəm sən də oxu, qəşəng yazır.

Yazıçıların içki məclislərinə qaçma səbəbi, səncə, nədədir? İçki yazıçıya nəsə verir?

Bu səni niyə maraqlandırır? (gülür). İçki yazıçıya mətn olaraq heç nə vermir. Fiziki olaraq kefləndirir, rahatladır, sərxoş edir. Mütləq içib nəsə yazmaq söhbəti isə mənasız və gülməlidir. Mən elə yaşlardayam ki, Bakının gecələrini publarda, sahildə, Nizami küçəsindəki "arthouse"larda keçirirəm. Ancaq bunlar mənə, dediyim kimi, hələ gələcəkdə lazım olacaq, o da xatirə yazmaq üçün. Ciddi mətnlər ciddi düşünən beyinin, sağlam ruhun məhsulu olur.

Yazıçıların, elə sənin niyə bir imicin yoxdur?

Yazıçının, şairin həyat tərzi, geyimi, danışığı yazdıqlarına bənzəyir. Postmodern müəlliflərin, modern müəlliflərin, sürreal mətn yazanların, absurd hekayələr qələmə alanların - onların hər birinin özünəxas bir görkəmi var. Zamanla olur bunlar. Azərbaycanlı müəlliflərdə də belədi. Müsahibələrdən, qatıldıqları tədbirlərdə rəftarlarından hiss olunur. Məndən bunu gözləmək hələki tezdi (gülür)



Müasir poeziyamızdan danış…

Müasir poeziyamızda iki xətt var. Birincisi, ənənəvi şeirə yeni intonasiya gətirənlər və ya buna çalışanlar. Daha geniş aspektdə buna şərq şeiri deyə bilərik. Bu cür şeir yazanlar hadisəyə tamaşa etməyi, onun görüntüsünü, səsini, yaratdığı həyəcanı şeirə köçürənlərdi. İkincilər, çağdaş qərb şeirinin yolunu tutanlardı. Onların şeirlərində hadisələr davam edir. Şeirə süjet gəlir, obrazlaşır. Mətnin real tərəfləri ortaya çıxır. Təxəyyül göydə yox, yerdədi, siz ona toxuna bilirsiniz. Hər iki xəttin uğurlu imzaları var.

Poeziyamızda istedad problemi yoxdu, intellekt problemi var, mütaliəsizdir çoxu. Ona görə, özlərini təkrarlayırlar.

Mənim sevdiyim şeir isə absurd şeirdi. Bu cür yazan bizdə, deyəsən, yoxdu. Varsa, siz yadıma salın…

Absurd şeir nəyə deyirsən? Dünya ədəbiyyatından nümunələr gətirə bilərsən?

Sənayeləşmədən sonrakı dövr, İkinci Dünya Müharibəsi bir daha sübut etdi ki, Allah və ya onunla bağlı hər hansı bir anlayış boş fərziyyə imiş. Çünki insanlar ədalət duyğusunu itirmişdi. Ədalət isə Allahın insanlara söz verdiyi mövhum idi. Bu barədə uzun-uzun danışmaq olar. "Tanrı öldü!” ifadəsindən sonra insanlığın milyon illər qoruduğu dəyərlər sistemi də çökdü. Hər şeyə mənasızlıq yükləndi. Ya Kamü kimi yeni dəyərlər axtarmalıydılar, ya bununla barışıb real olmayan bir sferada dünyalar yaratmalıydılar. Absurd sənətçilər ikincini seçdi. Absurdizim mənasızlıq anlayışını sənət müstəvisinə gətirən izmdi. Burada yazıçı, ssenarist, şair tamamilə öz dəyərlərini yaradır. Hər şey onun olur. Bekket teatrda bunu edəndə absurdizmin içində bir poetikliyin olduğunu da kəşf etdi. Bunu teatrda olduğu kimi, poeziyada da sınamağa cəhd edib. Sonrakı dövrlərdə digər şairlərin hər biri absurd şeirlər yazdı. Tranströmerdə də var bu cür şeirlər, Eliotun özündə də. müasirlərdən Pablo Saborio sırf absurd şeirlə məşğul olur. Bizə yaxın müəlliflərdən, ən çox tanınan Küçük İsgender. Onur Ünlü kimi tanıdığımız Ah Muhsin Ünlü imzası. Azərbaycanda bu cür şeirləri Salam Sarvanda, Səlim Babullaoğlunda oxumuşam.

Oxuduqlarından təsirlənirsən? Və ya yazdıqlarına necə təsir edir?

Son bir ildə yeni müəlliflər kəşf etmişəm. Yerli və xarici saytlardan, bədii zövqünə güvəndiyim ədəbiyyat adamlarından bu mövzuda yararlanmışam. Tapdığım müəllifləri Orxan Həsəni ilə paylaşıram. O da paxıl deyil. Biz müasir çağın romançılarından, hekayəçilərindən, esseistlərindən təsirlənməyə çalışırıq. Bu prosesi yazıb keçmək daha yaxşı yoldu.

Aldığın mükafat haqqında danış…

"Uğur" mükafatı Prezidentin AYB'yə ayırdığı məbləğdən verilir. Mükafat beş gənc müəllifə hər birinə 1000 manat olmaqla nəzərdə tutulub. Hələki mən də bu qədərini bilirəm. Eşitdiyimə görə, mayın sonuncu həftəsi təqdim ediləcək.


Səncə, bizim ədəbiyyatımızda çatışmayan nəsə varmı? İstər nəsr, istər poeziyamızda.

Mühit yoxdu bizdə. Sərbəst ədəbi qurum yoxdu. Kitab industriyası yoxdu. Ədəbi tənqid yoxdu. Çağdaş ədəbiyyatın tərcüməsi gec-gec olur və sair…

Bizim insanlar ilə ədəbiyyat arasında nə kimi sərhədlər var?

Ümumən dünyada insan faktoru bədii ədəbiyyatın nə qədər milli olmasına, nə qədər lokal xarakter daşımağına, nə qədər inkişaf etməyinə bir başa təsir göstərir. Azərbaycan insanı ədəbiyyatı sənət kimi qiymətləndirə bilmir. Öz düşündüyünü ədəbiyyatda görmək istəyir. Öz beynində hansı sərhədlər varsa, mətndə də onlara müxalif çıxır. Azərbaycan oxucusu müəllifə ədalətli davrana bilmir. Məhz buna görə bütün dövrlərdə yazıçı-şairlər təzyiqlərlə üzləşib. Ancaq həm də öz milli mədəniyyətinin qeydinə qalmağı da bacarır. onunla fəxr edə bilir. Azərbaycan dünyəvi prinsiplərə can atan ölkədir, ancaq Qafqaz və Orta Şərq sindromunu üzərindən ata bilmir. Bu da bəşəri dəyərlərə can atan ədəbiyyatdan onu uzaq salır. Ancaq düzələcək, ümidvaram…

Yazıçı kimi məqsədlərinin nə olduğunu da bilmək istəyirəm.

İndi heç bir məqsədim yoxdu. Mətnlərimdə dil faktoru zəifdi. İşlədiyim mövzulara uyğun hazır dil modeli yoxdu sanki. Bu nə şəhər dilidir, nə klassik bərbəzəkli dil. Bilirəm ki, hansısa bir sətirdə, bir abzasda məhz axtardığım dillə yazıram, ancaq onu tuta bilmirəm. Bir az qəribə hissdi bu. O dili tapmaq istəyirəm. Əsas unikal dildə unikal mətn yazmaq və o mətni oxucuya təqdim etməkdi.