SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: HAMIMIZ ŞİRXANSIZ QALDIQ

  27905   |  
Şriftin ölçüsü  

Şəkilin qarşımdadı, yazı masamın üstündə. Elə bilirəm ki, indicə zəng vuracaqsan. Telefonu götürən kimi də özünəməxsus səsinlə, ərkinlə həmişəki kimi deyəcəksən:

- Əbili, haralardasan? Ə, niyə itib-batmısan? Təzə nə yazmısan?

Bəli, bu suallar hər zəngində təkrarlanırdı. Və mən də təzə yazdığım şeirlərdən bir-ikisini oxuyandan sonra deyirdi ki, dur qapını bağla, düş otur bir taksiyə... gəl oturaq üzbəüz... belə şeirləri ancaq üzbəüz dinləmək istəyirəm...

Özümü toparlayıb nəsə demək istəyəndə elə bil nəfəsindən hiss edirdim nə deyəcəyini. Və nəfəsimi çəkməyə imkan vermədən şeirlərimdən birini əzbər deyirdim, düz sonuncu bəndə qədər... və gülə-gülə də:

- Əbili, sənin şeirlərini mənim qədər əzbər bilən var?

Dərhal da cavab verirdim:

- Yoxdu qardaş, doğurdan yoxdu nə o şeirləri sənin qədər əzbər bilən, nə də səndən yoxdu...

İndi gözümü zillədiyim şəklindən cavab istəyirəm. Bu şəkil isə susur, danışmır. Elə bil ki, imciyib məndən – harayına gec getdiyimdən, son nəfəsində başının üstündə olmadığından, onun bir az da artıq yaşaması üçün gücüm catıb-çatmayan nələrisə etmədiyimdən... İlahi, kim inanmırsa bu şəkilə baxsın. O gözlər, o sifət cizgiləri deyir bütün bunları... haylayır, haraylayır və ürəyimi param-parça edir. Mən ona yalvarmağa, ona baş əyməyə hazıram, təki səsini eşidim... təki əvvəlki kimi bircə dəfə "Əbili, dur qapını bağla, düş aşağı” desin... təki bircə dəfə "təzə bir şeir oxu” – söyləsin. Amma söyləmir... Mən şəkillə danışa-danışa qalmışam. Elə danışa-danışa da haralara çıxıb gedirəm heç özüm də bilmirəm. Onunla bağlı bütün görüşlərim, bütün söhbətlərim canlanır gözümün qarşısında. İlk yadıma düşən onun telefonla zəng vurub sərt bir şəkildə:

- Əbili, sən hüquqşünassan? – deməsi oldu.

Düzünü deyim ki, onda səsindən narahat oldum. Elə bildim ki, nəsə bir günah etmişəm. Bir anlıq donub susdum. Hiss etdi məni. Səsi əvvləki həlimliyinə qayıtdı:

- Əbili, yazırsan ki:

Qayğılı çəkdiyim, dərdli çəkdiyim

Bu boyda Bakıda dərddi çəkdiyim...

Mənim azadlıqda şərti çəkdiyim –

Cəzanın adını çəkənlər bilər...

Çox gözəl yazmısan, Əbili! Sağ ol! Ürəyimi ağrıtdın. Məni də öz halına çəkib qoşdun... Bir dostum, bir qardaşım, özü də sayılıb-seçilən bir hüquqşünasın bu dörd misraya verdiyi qiymət məni göylərə qaldırdı. Elə bildim ki, bütün Bakı məndən danışır. Həqiqətən həmin gün axşam məni öz həmkarlarıyla bir süfrədə əyləşdirib onlara təqdim etdi. Hətta zarafatla onlara "bu şairin kitabını alıb oxuyun” – dedi.

Belə idi mənim qardaşım, mənim dostum. Və mən də bu boyda Bakıda bütün sirrimi, sözümü, ən çətin anlarımı onunla bölüşürdüm. Demək olar ki, onun dəstəyiylə işıq üzü görən, bütün kitablarımın hər birini yaxınlarımızın iştirakıyla "mübarəkliyirdik”. Və yaxud hardasa onun xəbəri olmadan çıxan kitabım, yazım əlinə keçən kimi məni axtarırdı, hərəsindən də beş-altı nüsxə. Soruşurdum ki, bunları nə edəcəksən? Deyirdi ki, kitab oxuyan dostlarıma verəcəm.

Bütün görüşlərimiz zamanı ha israr edirdim ki, bəlkə bir müsahibə yazım sizinlə. Razı olmurdu. Deyirdi Əbili, bütün kitablarında mənə şeirlərin var və bütün şeirlərin də elə mənim düşüncələrim, duyğularımdı. Qalsın başqa vaxta. Yalnız o təqaüdə çıxandan sonra onun barəsində özündən iznsiz, xəbəri olmadan bir yazı yazdım. Kimsə ona xəbər vermişdi. Qəzet çıxandan bir gün sonra mənə zəng vurdu. Ölkədən kənarda idi. Dedi internetdə oxudum yazını. Çox sağ ol! Səsinin həzinliyi məni kövrəltdi. Borcumdu! – dedim. Həmin yazını "İç dünyamın adamları” kitabıma daxil etdim. Kitab üçün də ondan şəkillər istədim. Bax, onda verdi bu şəkili mənə, indi həmsöhbət olduğum şəkili... Bu yerdə xatirələrə qayıtmaya bilmirəm.Qaçqınlığımın ağır günləri idi. Uşaq bağçası, yataqxana bütün həyatımı alt-üst etmişdi. Motodrom ərazisində bir gecəqondu tikmək istəyirdim. Görüşlərimizin birində "nə oldu, başlamadın evi?” – deyə soruşdu. Sualdan yayınmaq istədim. O da məsələnin üstünə qayıtmadı. Ertəsi günü tanımadığım bir nömrədən zəng gəldi. Zəng vuran bildirdi ki, siz evi harda tikirsiniz. Təəccüb və maraqla ünvanı söylədim. Həmin adam əlavə etdi ki, Şirxan müəllim sizə iki "Kamaz” daş göndərib. Axşam çağı yenə zəng gəldi. Bu dəfə qum, sement göndərmişdi... Beləcə, tikdi mənim evimi Şirxan... evli-eşikli elədi məni Şirxan... Mən heç nə edə bilmədim. Ona yazdığım şeirlərin birində dedim:


Sevincim gün işığı tək

Ürəyi ovcuna aldı...

Yerdə insan donlu mələk –

Sakitcə qayğıma qaldı...


Gör neçə qəmim dağıldı

Böyük ürəyin önündə...

İşıq tək qarşıma çıxdı –

O mənim ağır günümdə...

Bu dəfə mən zəng vurdum. Şeiri bütünlüklə ona oxudum. "Sağ ol” sözünü elə səsləndirdi ki, onun ən ali mükafat olduğuna inandım və həmin gecə başqa bir şeir də yazdım. O şeirin bir bəndində vurğuladım ki:

Hər bəndə

ümid işığı deyil

hər işıq da bəndə

ümid işığına dönürsən

ən çətin anımda –

məndə!

Bu şeiri Şirxan müəllim dəfələrlə mənə xatırladırdı və hər xatırlamasında da deyirdi ki:

- Əbili, bunu yaman yazmısan. Doğurdan da hər insan ümid yeri deyil. Sağ ol ki, məni ümid yeri saymısan.

Mən dəyərli və unudulmaz hüquqşünas dostum, "Azərbaycan bayrağı” ordenli elm adamı, bir neçə kitabın müəllifi (yeri gəlmişkən, həmin kitabların bəziləri ölkəmizdən kənarda da işıq üzü görmüşdü – Ə.M) Şirxan Adıgözəlov barəsində xatirələrimi çözərkən ona 2015-ci ildə nəşr olunmuş "Ürəyim sənlə danışır” kitabımı təqdim etdiyim an yadıma düşür. Həmişəki kimi kitabı vərəqlədi və ön səhifələrin birində ona yazdığım şeiri görüb üzümə baxdı:

- Əbili, bunu mənə niyə oxumamısan?

- Qardaş, istədim sürpriz olsun.

Başladı şeiri öncə ürəyində, sonra səslə oxumağa. Şeirin bu bəndini iki dəfə oxudum:

Can atan çox xan olmağa

Elə şöhrət, şan olmağa...

Qardaş, sən Şirxan olmağa -

Fərd doğuldun, fərd yaşadın.

Bəli, indi xatirə danışıram, indi xatirə yazıram, özü də adda-budda. Çünki nə yazacağımı, necə yazacağımı qərarlaşdıra bilmirəm. Bunun da səbəbi sənin Tanrıya qovuşmağındı. Deyirlər ki, son mənzil hamı üçündü. Mən bunu qəbul etsəm də, amma sənin kimi İNSANların yeri Tanrı dərgahında da son olmur. Çünki siz yaddaşda, ürəklərdə, xatirələrdə yaşayırsınız. Sənin və sizlərin sözü, söhbəti, əməlləri eldə, obada, kitablarda, yazılarda gəzir, dolaşır, tirajlanır. Deməli, sən bu dünyadan köçməmisən. "Nəsimi” filmində Nəiminin söylədiyi kimi cismin gedib, ruhun bizimlədi! Buna gün işığına inandığım kimi inanıram. Bilirəm ki, səni tanıyanların hamısı inanır buna. Mən buna bu üç gündə eşitdiyim söhbətlərdən bir daha inandım. Hamı səndən danışırdı... hamı sənin sözünü-söhbətini təkrar edirdi. Ruhun şad olsun, Şirxan müəllim! Sən kimsəsizlərin, arxasızların, ümidsizlərin dayağı idin! Sən bir elin, bir obanın parlamış işığı idin! Sənin üçün Azərbaycanın hər guşəsi ev-eşik idi, dost-qardaş ünvanı idi! Sən Naxçıvanı da, Lənkəranı da, Qubanı da, Qazaxı da, Şəkini də, Bakını da, bir sözlə, bütöv Azərbaycanı, doğulduğun Füzuli rayonunun Böyük Bəhmənli kəndi qədər sevirdin. Ona görə də sənin ruhun həmişə Azərbaycanla birlikdə olacaq! Görüşənə qədər, qardaş!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK