SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: BİRNƏFƏSƏ YAZDIĞIM İSTİ SÖZ

  23439   |  
Şriftin ölçüsü  

Elə yazı var ki, onu aylarla yazırsan, illərlə redaktə edirsən. Amma elə yazı da var ki, birnəfəsə, bir udum suyu içmək fürsətində kağıza köçürülür. Bax, elə oxuyacağınız yazını həm illərlə yazmışam, həm də birnəfəsə. Ona görə ki, bu yazı həyatımın, ən gözəl günlərimin şahidlərinin biri barəsindədi. Və deməli, həm də özüm haqqımdadı...

Onda 1980-ci il idi. Və onda biz hərəmiz ölkənin bir tərəfindən Bakıya gəlmişdik, tələbə olmaq üçün... Təbii ki, bizim bir qrupumuz universitetə yeni qəbul olunan tələbələrdən yaş baxımından seçilirdi. Çünki biz təhsilə həyatdan gəlirdik. Orta məktəbi də bitirmişdik, hərbi xidməti də başa vurmuşduq, hələ üstəlik, əlimiz zəhmətə də öyrənmişdi, ovuclarımızın içində qabar yerləri də var idi...

Tələbəliyin şirinliyi o şineldən çıxanlara yaxşı məlumdur. Və biz də o şinelin içərisində bir-birimizlə ünsiyyət qurduqca ayların, illərin uzanmasını istəyirdik. Amma neyləyək ki, o zamanı durdurmaq, nə də uzatmaq bizim əlimizdə deyil. Bizim bacardığımız o yaşanan zamanı unutmamaq və onun dadını çıxarmaq idi. Mən də digər tələbə yoldaşlarımla birlikdə bu fürsəti əldən vermək istəmirdik. Və əlimizdə olan fürsətin hər bir çalarını özümüzünküləşdirirdik. Bax, özümünküləşdirdiyim zamanın içərisində onun ayrıca yeri var. Elə buradaca deyim ki, tələbə yoldaşlarımın içərisində Molla Pənahın adını daşıyan iki nəfər var idi. Onların ikisi də mənə, ailəmə çox doğmadır. Bax, indi o Vaqiflərdən biri haqqında yazmaq istəyirəm.


Bu, Vaqif İsaqoğludur! Ondan mənim telefonuma zəng gələndə əhvalıma uyğun olaraq: "Eşidirəm, İsaq əmimin oğlu"" - deyirəm. Əhvalımın bulaşıq vaxtında isə "hə, Vaqif" söyləyirəm. O, bunların heç birindən incimir. Çünki söz adamıdı, ruh adamıdı, ovqatın nə demək olduğunu yaxşı başa düşür. Üstəlik, gözəl, alicənab ailəsi, övladları və nəvələri onu bir az da tamlaşdırıbdı. Tam olan Vaqif İsaqoğlu sözünün, imzasının dəyərini də yaxşı bilir. Amma hərdən üzüyumuşaqlıq edib kimlərinsə könlünü xoş edir sözüylə. Bu da başa düşüləndir. Axı biz Azərbaycanda yaşayırıq. Münasibətlər, əlaqələr, üstəlik qarşılıqlı xətir-hörmət və sairə söz adamlarını hərdən güzəştə getməyə məcbur edir. Bu, bir danılmaz gerçəklikdir...

1980-ci ildən bu günə kimi bir yerdəyik Vaqif İsaqoğluyla. Zarafatlarımız da, köntöy, rəndələnməmiş söhbətlərimiz də, hətta Köhnəqalada ağac dibində oturub bir-birimizi tərifləməyimiz də bizim üçün adi bir haldır. Ona görə adidir ki, içimizdən gəlir, ürəyimiz istəyir bunları. Və hətta mənim Köhnəqaladan gələn kartof payım da bu səmimiyyətin bir göstəricisidir. Hətta "Ədalət"də də mənim Vaqifə olan münasibətimi hamı yaxşı bilir. Bax, belə bir rahatlıqla, belə bir anlaşmayla gəlib çatmışam Vaqifin 60 yaşına. Məndən beşcə ay yaşda balacadı. Ona görə də mən səsimin bir az dabanını qaldırıram onunla danışanda, söhbətləşəndə. O da gah gülümsəyir, gah uşaq kimi küsür, gah da "ayə, sən niyə beləsən?" - deyib iki-üç dəqiqəlik də olsa məndən ayrılır. Arxasınca ya mən zəng vururam, ya da özü qayıdıb gəlir. Bizim küsməyə, getməyə, bir-birimizdən uzaq düşməyə haqqımız yoxdur. Az qala 40 ilə yaxın eyni səngərdə, eyni yükün altında öz ruhumuzu kökləmişik. Onu da xatırladım ki, Müdafiə Nazirliyinin ilk rəsmi qəzeti yaranan gün Vaqiflə birlikdə o qəzetin əməkdaşı olmuşuq. O da səngərlər görüb, o da barıt qoxusu duyub, o da şəhidlərimizin ruhu qarşısında diz çökübdü...

Çoxlu sayda kitabları var Vaqifin... çoxlu sayda şeirləri, publisist yazıları çap olunub... sözlərinə mahnılar yazılıb. Mərhum, dəyərli dostum Razim Paşayev onun sözlərinə məhşur "Ney səsiyəm" mahnısını bəstələyib. Hansı ki, bu mahnını qardaş Türkiyədə də sevə-sevə ifa edirlər.

Ürəyi uşaq ürəyidi Vaqifin - kələkdən, küləkdən uzaq bir ürək!.. Dünyası sevgiylə, doğmalıqla və bir də dostlarla zəngindi Vaqif İsaqoğlunun. Ona görə də 60 yaşın onun boyuna biçilməsi mənə inandırıcı gəlmir. Amma neyləyim ki, fakt faktlığında qalır və fakt qarşısında duraraq Vaqifə həmişə dediyim sözü təkrar edirəm:

- İsaq əmimin oğlu, səni bu cür şövqlü saxlayan içindəki sevgi və bir də sənə sədaqətlə, böyük diqqətlə qayğı göstərən ömür-gün yoldaşın Bəyaz xanımdı! Və təbii ki, bir də övladların, nəvələrin! Mən sənin 60 yaşında nə kitablarından, nə də yaradıcılığından söz açmaq istəmirəm. Bu məsələ ədəbiyyatçıların ixtiyarındadır. Sadəcə, mən sənə yaşın mübarək olsun! - deyirəm. Və bir də istəyirəm biləsən ki, sən dostum, qardaşım, tələbə yoldaşım və ən vacibi isə rəhmətlik İsaq əmimin oğlusan. Həm özünə yaxşı bax, bir də mənə!

Əbülfət MƏDƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK