adalet.az header logo
  • Bakı -°C
22 Yanvar 2026 11:07
91
ƏDƏBİYYAT
A- A+

Dünyanın dəyişkənliyi və ya  “Master-Klass” – Əntiqə Kərimzadə yazır…

Bu həmişə belə olub. Dünyanın rəngarəngliyini dəyişmək insanın yaradılış xislətidir. İnsan qurtula bilmədiyi hər şeyi dəyişmək istəyir. Dəyişə bildiklərinə gülümsəyir, kədərlənir… Dəyişə bilmədiklərinə isə həsrətlə baxır.  Axı təbiətən insan qazana bilmədiklərinə həsəd çəkən bir varlıqdır. Qazandıqlarının isə təəssüf ki, dəyərini bilmir. Həmişə belə olmasa da əksər hallarda belə olur.  Necə deyərlər, istisnalar qaydaları pozmur. 

Bəzən olur ki,  insan ətrafındakı insanlara adlar, rollar, gözləntilər yükləyir. Birini xilaskar, birini güvənc yeri, birini inam yeri, birini sonsuz sevgi mənbəyi kimi görür  və ya təsəvvür edir. Belə olan halda qarşımızdakı insan özünü unudur. Kimin üçünsə var olduğunu qəbul edir, nə üçünsə yaşadığını qavrayır.  Bu dərketmə bəzən onun taleyinin ən ağır zərbəsi olur. 
Yapon dramaturq Koki Mitanin “Gülüş Akademiyası” pyesi əsasında  səhnələşdirilmiş “Master-Klass”tamaşası da həyatın bu və buna bənzər məqamlarını öz tamaşaçısına çatdırır.  Səhnənin tam mərkəzində  ikitərəfli ağ- qara taxta dairə var.  Bunu dünyanın sevinci və kədəri adlandırsaq, fikrimizdə yanılmarıq. Hadisələr nəticəsində həmin dairənin dəyişilməsini isə  dünyanın dövretmə mərhələsi adlandırmaq olar. 

Deyərdim ki, dünyanın ən böyük  mənəvi dəhşəti  insanın mənimsəmə, talama hissinin güclü olmasıdır. Tamaşa  əvvəldən sona qədər tamaşaçısına məhz bu “siqnal”ı ötürürdü. İnsanı mənimsəmək, ona məna yükləmək,  bəzən mümkün olmayanları ondan istəmək onu yaşamaqdan təcrid etməkdir.  Rejissor  Gümrah Ömər seçdiyi personajlarda bunu aydın ifadə edir.  İnsanların zəncirvari asılığını isə əsərin hər məqamında hiss etmək olur. Bəşər övladının tamahkar olmağı məsələsi isə tamaşa boyunca qətiyyən gözdən yayınmır. 

Aktyorların  səhnəyə gəlişi , libaslarındakı qeyri-adilik, tamaşaçılarla tamaşa zamanı replikaları onları tam olaraq fərqləndirir.  

Aktrisa Mətanət Abbasın dəyişkən obrazları, dünyanın hər iki üzünə eham vuran monoloqu  bir Yuğ tamaşaçısı üçün  diqqətçəkən məqamdır. Elgün Həmidovun səhnə plastikası və təəbəssüm yaradan replikaları tamaşanı daha da baxımlı edir.  Digər presonaj Amid Qasımov da tərəf müqabillərindən heç də geri qalmır. Aktyor  diqqətçəkən jestləri, tamaşaçı ilə ünsiyyəti daha çox yadda qalır. 

Quruluşçu  rejissor Gümrah Ömərin səhnələşdirdiyi “Master- Klass” tamaşası diqqətli tamaşaçını bir az da “Adəm- Həvva” dövrünə aparır.  İnsanın daxili eniş-yoxuşu onun hansı məqama qədər yüksəlməsindən xəbər verir. Bəzən insana yüksəliş kimi görünən həmin məqam insanın daxili çöküşü olur. Bunun yalnız o zaman fərqində olursan ki, çarəsizlik adlı quyuya düşürsən. 

Tamaşa boyunca bir məqam məni ordan uzaqlaşdıra bilmirdi. Bu, insanın özünü inandırması idi.  Yaxşı olmayan və ola bilməyən hər şeyə  yaxşı olacaq demək  dünya adlı evin qaranlıq tərəfi idi. Bu inanmaqlar insanın özündən- özünə çökməsi qədər çətindir. Həm də özündən qopması qədər asandır.  Bu çətinliklə asanlıq arasındakı “get-gəl”i aktrisa Mətanət Abbasın monoloqunda hiss etmək olurdu.  Dünyanın  məzlum üzü Elgün Həmidovun “dəyişərəm” kəlməsində gizlənirdi. Ağ-qara üzü ilə yaradılana meydan oxuyan kainatın  qəddarlığı Amid Qasımovun obrazında xəfifləyirdi.

İki əks varlığın, iki əks xarakterin  birlikdə səhnədən çıxışı  dünyada yaxşılıqla pisliyin, ağ ilə qaranın  eyni anda mövcud ola bilməsinin ən ali sübutu idi.