adalet.az header logo
  • Bakı -°C
24 Yanvar 2026 18:29
96
GÜNDƏM
A- A+

Ağcabədidə hesabat yığıncağı keçirildi

Ağcabədidə “2025  ildə Ağcabədi rayonunun sosial - iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar” hesabat yığıncağı keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdə Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Sektor müdiri Qiyas Yusifov, Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət  komitəsinin sədri, millət vəkili Tahir Rzayev, millət vəkili Aqil Abbas, YAP Ağcabədi Rayon Təşkilatının sədri Rövşən Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, şəhid ailələri, qazilər, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda əvvəlcə foyedə təşkil olunmuş kənd təsərrüfatı məhsullarının sərgisinə baxış keçirilib.

Mərkəzin akt zalında ötən il rayonda həyata keçirilən işlərlə bağlı videoçarx nümayiş etdirildikdən sonra Rafil Hüseynov yığıncağı açıq elan edib. Dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İcra başçısı ötən hesabat ilində Ağcabədi rayonunda görülən abadlıq-quruculuq, tikinti işlərindən, eləcə də kənd təsərrüfatının aparıcı sahəsi olan pambıqçılıq, heyvandarlıq, baramaçılıq və taxılçılıqdan danışıb, məşğulluğun artırılması, sosial rifahın yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Qeyd olunub ki, 2025-ci ildə Ağcabədidə abadlıq-quruculuq işləri geniş vüsət alıb, yol, su, elektrik təsərrüfatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Sonra çıxışlara başlanılıb. Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu siyasətin regionların inkişafına güclü təkan verdiyini vurğulayıb.

Milli Məclisin deputatı Tahir Rzayev isə sosial-iqtisadi islahatların bölgələrdə real nəticələr verdiyini bildirərək Ağcabədinin inkişaf tempini yüksək qiymətləndirib.

Şəhid ailələri adından çıxış edən Vətən müharibəsi şəhidi Həsən Süleymanovun həyat yoldaşı Qumru Süleymanova onlara göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə və rayon icra hakimiyyətinə xüsusi minnətdarlığını ifadə edib.

Ağcabədi Rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı  Elmir Dəmirçiyev, şəhər 11 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Gülşən Səlimova, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Çiçək Şirəliyeva, 3-cü dərəcəli “Əmək” ordenli pambıqçı fermer Famil Quliyev və  Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov çıxışlarında öz sahələri üzrə görülən işlərdən, əldə edilən uğurlardan  və qarşıda duran vəzifələrdən danışıblar. 

Azərbycan Respublikası Prezidenti Adminstrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Sektor müdiri Qiyas Yusifov çıxışında rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin və infrastruktur layihələrinin dövlət başçısının regionlara göstərdiyi xüsusi diqqətin bariz nümunəsi olduğunu və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etdiyini vurğulayıb.

 Yığıncaqda həmçinin bir neçə rayon sakinin fikir və təklifləri də dinlənilib.

Daha sonra “Aran” qəzetinin baş redaktoru Məhsəti Ağayeva Geniş Şura iclası iştirakçıları və rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət layihəsini oxuyub və layihə qəbul olunub.

Hesabat yığıncağının sonunda 2025-ci ildə rayonun ictimai-siyasi və sosial həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərmanlar, hədiyyələr və pul mükafatları təqdim edilib. 

Tədbir qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və gələcək fəaliyyətin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətli hesab olunub.