SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: ADAM BALASI ADAM

  14518   |  
Şriftin ölçüsü  

İndi elə bir şərait, elə bir mühit yaranıb ki, adamı adamlıqdan çıxarmaq, adama adamlığını unutdurmaq bir qurtum su içmək qədər asan olubdu. Elə fikirləşməyin ki, bu asan xidmətin sayəsində gerçəkləşən işdi. Yox, tövbə bu belə deyil. Bu, adamı adamlıqdan çıxarmaq istəyənin özünün adamlığını istəməsindən, adamlıqdan uzaq düşməsindən qaynaqlanan məsələdir. Yəni səni adamlıqdan çıxaran özü adam olmadığına görə, öz durumunu sənə tətbiq edir. Sənin əlindən, ayağından, ətəyindən yapışıb çəkib gətirib atıb özü içərisində olduğu çirkaba. Deyir sən də mənim kimi ol, mənim durumumda ol...

Təbii ki, bu məqamda onun züy tutanları, köhnə kişilərin dediyi kimi ifadə etsək, "ələkçinin qıl verənləri” baş rola keçirlər. Yəni bir xor yaranır. Həmin "xor” da sifarişçinin, bütün söylədiklərini, etdiklərini elə alqışlayır, elə dəstəklərilər ki, sanki müqəddəs kitabın hansısa bir hissəsindən oxunan fikirlərin dəryasına qərq olurlar. Üz-gözlərindən yalançı xoşbəxtlik tökülür. Bu saxta həmrənglik (həmrəylik yox ha – Ə.M.) ansamblı tamamlayır. Və nəticədə adamın çevrəsində yaranan mühit o qədər cansıxıcı, o qədər lüzumsuz və heç bir məna ifadə etməyən boşluğa, necə deyərlər, "ölü dünyaya" çevrilir. Bilmirsən ordan necə çıxasan, necə qurtulasan. Əslində bilirsən və bildiyin də bundan ibarətdir ki, sən hər şeyi alt-üst etməli və nəhayət həmin o hər şeyin sifətinə tüpürüb (ifadəyə görə üzr istəyirəm – Ə.M) çıxıb getməlisən, özü də arxaya baxmadan. Amma bu anda da sual yaranır:

- Hara gedəsən? Gedəcəyin yerin ayrıldığın yerdən fərqinin nə olacağı, nə qədər olacağı bilinmir axı.

Burda yadıma toz basmış bir atalar sözü düşür. Atalar deyib ki, "köhnə yurdun qədrini təzə yurdda bilərlər”... Bəli, mən bütün bu dediklərimi bilgisayara birnəfəsə söyləyirəm. Zaman, məkan, həyat, çevrə, elə yaşamın özü, hətta yazılanlar belə o qədər bayağılaşıb, o qədər boşluğa üfrülən sözə çevrilib ki, adamın özünə yazığı gəlir. Adam adamlıqdan çıxdığına görə, özünə və onu adamlıqdan çıxarana lənət oxuyur. Nə isə...

Bu məqamda köməyə çatan Allahın bir adı olan və bizə qismən təsəlli verən səbr olur. O səbr də bizi çəkir içimizə ağrılarımızla birlikdə, dərdlərimizlə birlikdə...Qayğısını çəkməyə məhkum olduğumuz ailəmizlə birlikdə. Yəni onları gözümüzün qarşısına gətirib "ya səbr!” deyirik. Təbii ki, mən bu məqamda həm də səni düşünüb sənin adını çəkirəm. Axı, bu dünyanın bütün çirkablarından uzaq durmaq, bütün yalançı fikirlərdən, aktyorluqlardan yayınmaq üçün köməyimə çatan bir əl varsa, o da sənin əlindir. Və mən də o əli, o əlin sahibini düşünə-düşünə yazıram:


Ürəyimin şəklini

Özümlə gəzdirirəm...

Nə vaxtdı böyütmüşəm –

Gözümdə gəzdirirəm...


Hər gün ruhən oxşayıb

Təbəssümün içirəm.

Hətta bəzən gizlicə

Belinə qol biçirəm...


Qayğılı anlarımda

Çökürəm qarşısında...

Ruhumun yaxasını –

Sökürəm qarşısında...


Baxışlarımla saçın

Öpürəm sayıb tək-tək...

Həyatımdı, sirr açım –

Mənə, bu şəkil – ürək!

***

Bəli, insan bir cana, bir yaşama borcludu. Təbii ki, biz o canı övladlarımıza da, sevdiklərimizə də, vətənimizə də qurban deyirik. Amma bu qurbanlığın qəbul olunub-olunmamsı Tanrı işidi. Yəni Yaradan, canın sahibi Tanrıdı. O da qərarı özü verir. Biz kiməsə ömrümüzdən kəsib pay vermək gücündə deyilik. Bu, sadəcə istəkdi, arzudu. Amma gerçəkləşməyən, söz olaraq qalan bir arzu. Və bu məqamda mənim içimdən gəlib keçən bir fikri də diqtə etdiklərimin ardınca söyləmək istəyirəm. İnsan gərək elə arzunun ardınca getsin, elə arzunun uğrunda əzmkarlıq göstərsin ki, onu gerçəkləşdirə bilsin, onun real olduğuna özü də inansın. Yoxsa söz xatirinə yaxına, uzağa, dosta, lap elə sevdiyinə "ömrümdən kəsib sənə verirəm” demək sadəcə pafoslu bir ifadədir. Düzdür, bu bir az səmimiyyət artıra bilər, hardasa məqama bir az şirinlik qata bilər. Amma bütün hallarda bu, yalnız və yalnız pafoslu sözdür. Çox təəssüf ki, insanlar bəzən süni, saxta gözəlliyin girovuna çevrilirlər. Yəni gözəl kimi qəbul etdiyin parikli, makiyajı, nə bilim nəli-nəli birisi mətbəxdə və yaxud o bər-bəzəyi unutduğu anda qarşına çıxanda özünü hansı durumda hiss edəcəyini mən təxmin edirəm. Yəqin sən də təxmin etmiş olarsan. Ümumiyyətlə, Allahın yaratdığı öz görkəmində, öz bütövlüyündə daha diqqətçəkəndir. Deyə bilərsiniz ki, söz də bəzək götürür. Onu cilalamaq, təravətləndirmək mümkündü.

Bu fikirlə razılaşıram. Amma onu da birmənalı şəkildə xatırladıram ki, bütün bəzəklər qədərində olmalıdı sözünkü də, gözəlinki də! Bu yerdə Şeyx Nizaminin "Artıq içiləndə dərd verir su da” kəlamı mənim dediklərimin təsdiqi kimi çox real səslənir...

İndi bilgisayar qarşısında dayanıb son günlərin qarmaqarışıq hava durumundan tutmuş iş yerimdəki boz ayı xatırladan hava durumuna qədər hər şeyi özüm üçün çanlı bir varlığa bənzədirəm. Tutaq ki, hansısa bir dar ağacına yarpaqlar yaz gəlməsinə baxmayaraq hələ görünmür, tumurcuqlar tək-tək hiss olunur, açılan çiçəklər şaxtadan qorxur, külək, yağış qılınc kimi oynayır bu ağacın başının üzərində. Adamlar da ki... daha nə deyim, onsuz da hamı öz kimliyini bildiyi kimi, onun da kimliyini hamı bilir. Çox təəssüf ki, bu bilinən, bu bəlli olan gerçəklik həmin o yazının əvvəlində vurğuladığım "xorun” sayəsində malalanır, həddindən artıq bər-bəzəyə bürünür... Nə isə... Onsuz da hələ boyası qurumamış sifətlərə su dəyəndə lap göz yaşı olsun belə, rənglər bir-birinə qarışır. Çətiri götürməyi unudanlar bu boya qarışmasının nə demək olduğunu az-çox təsəvvür edə bilərlər. Mənim isə bu aprel ayının ovqatına uyğun olan bir boyalı fikrim var. O fikrin mahiyyəti-məramı zarafat üzərində qərar tutmuş şeirin ünvanlandığı səndə özünü tapmasıdı. Əgər tapa bolsə, demək boyasını qədərindən artıq etməmişəm. Və yazmışam ki:


Heç kimi sevməmisən

Məni sevdiyin qədər...

İnanmırsan ki, bizi –

Görüşdürübdü qədər...


Nazıma da dözmüsən

Qəm dolu halıma da...

Sən fikir də çözmüsən –

Mənim tək zalıma da...


Haqdan gəlib odur ki,

Pozulmazdı bu qədər...

Bizə nə yaşatsa da –

Sevinc olsun, ya kədər...


Hər misranın sözünü

Tutiyətək yığmısan...

İmzamı, həm özümü –

Ürəyimə sıxmısan...


Çatıb sən öyündüyün

Dadıma şairliyim...

Unudulub gördüyün –

Mənim və sairliyim...

***

Özünü hamədan ağıllı saymaq mənim düşüncəmə görə, əxlaqlı adama yaraşan iş deyil. Ümumiyyətlə, adam balası adam düşünməlidir ki, onun qarşısındakı da, onun yanındakı da bu dünyadakı adam balası adamlardan biridi. Və həmin adam balası adamı da Allah yaradıbdı. Onu da düşünmək, dərk etmək, görmək, çalışmaq, yaşamaq, sevmək haqqı və imkanı veribdi. Əgər bütün bu dediklərim bütün adam balası adamlara xas olan keyfiyyətdirsə, niyə mən özümü başqasından üstün tutmalıyam, ağıllı saymalıyam.

Bilirəm ki, məntiqə söykənənlər bu sualla bağlı azı bir kitablıq şərhlər yaza bilərlər, fikirlər söyləyə bilərlər. Və mən də bunların hər birini normal qarşılayaram. Çünki hərənin öz baxışı, öz yanaşması, öz dünya görüşü var. Və adamlar da məntiqlərindən, düşüncələrindən, görüşlərindən çıxış edirlər. Lakin hər zaman söykəndiyim və inanaraq özüm üçün qəti bir qərara çevirdiyim fikir bundan ibarətdir ki, mən kimsədən üstün deyiləm. Həmçinin kimsə də adam balası adam kimi məndən üstün deyil. O ki, qaldı gördüyümüz işə, əmək əmsalımıza, bu artıq məsələnin başqa tərəfidir. Bütövlükdə biz hamımız ADAMıq. Adamlar da anlaşmalıdır. Bir-birini dərk edib, bir-birinə dayaq durub, bir-birini yola verib ömür payına ADAM kimi baş vurmalıdır.

Nə etmək olar ki, hamı öz fikrində qalır və mən də öz fikrimdə qala-qala həm də düşünürəm ki, kiməsə məsləhət vermək hüququm da yoxdur. Və olmayan hüququma nəyisə yükləmək, yaraşdırmaq özü də ağıllı addım deyil... İndi gördünüzmü, bu təzadların, bu tərəddüdlərin içərisində hamı kimi mən də özümü axtarıram. Axtardığım özüm məndən çox uzaqda və yaxud da iynə ucu boyda məsafədədir. Bunun dəqiq ölçüsünü tapmaq isə mənə iynə ilə gor qazmaq qədər çətindir. Çünki mənim istəyim SƏN tərəfdən qarşılığını almır. Sözüm, diləyim havada qalır. Elə bil ki, xəyalla havalanmış kimi danışıram. Və bu da sənə bəzən yorucu gəlir, təkrar kimi görünür. Hətta irad da bildirirsən. Deyirsən ki, adam bir sözü nə qədər deyər, nə qədər yazaq? Və mən də sənin sualına cavab olaraq elə adam kimi də susuram. Ancaq ürək öz işindədi. Ürək dediyindən, sevgisindən dönmür. Bir iynə boyu da olsa geriyə addım atmır. Əksinə, özü-öz içində pıçıldayır:


Sən Dan ulduzu kimi

Göy üzündən qopmusan...

Tanrı sevgisi kimi –

Varlığıma hopmusan!


Doğradığın hər dilim

Anım, günüm və ilim...

Sən varlığım, mən kiməm!-

Deyirsən ki, nə bilim...


Qibləm, andım, inamım

Sənsən dinim, imanım...

Tənhalığa düşəndə -

Sənsiz olur il, anım!


Bu ağıl, bu düşüncə

Sonunda hər an nida...

İşıq kimi düş incə -

Ayrılığa et vida!

Bəli, biz özümüzün özümüzə deyəcəklərimizi nədənsə başqasından eşitməyə daha çox meylliyik. İstəyirik ki, nə çəkdiyimizi, nə etdiyimizi, nə düşündüyümüzü özümüz-özümüzə hesabat kimi təqdim etməyək. Bunu bizə kimlərsə etsin. Və bununla da biz kimlərinsə nəzər-diqqətini çəkək. Amma inanın ki, bu doğru bir yol deyil, yanlış seçilmiş istiqamətdir. Və bir də inanın ki, bütün adam balası adamlar bir sonda görüşür. Həmin o bəlli son hamını gözləyir və hamıdan da qalan rəhmət və lənətdi. Bu mənada mən haqqı yeyilən, səsi boğulan, sözü kəsilən adamların nə çəkdiyini düşünə-düşünə, bilə-bilə adam balası adamlara adam olmağı tövsiyə edirəm. Əgər eşidib duyurlarsa, hələ gec deyil, qoy adam olsunlar – həm özləri üçün, həm cəmiyyət üçün, həm də hamını gözləyən o SON üçün!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-20
2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK