SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: YERİNİ HAQQ ETMİŞ FLORA XƏLİLZADƏ

  24516   |  
Şriftin ölçüsü  

Elə yazı var ki, onu birnəfəsə yazırsan… elə yazı var ki, onu ölə-ölə, zülüm çəkə-çəkə yazırsan… Çünki bu yazını yazmağa özünü borclu sayırsan. Kiminsə haqqını qaytarmaq, kiminsə tapşırığını yerinə yetirmək üçün… Amma elə yazı da var ki, onu hər gün, hər an yazırsan, özü də ürəyinə, heç kimdən soruşmadan… heç kimdən izn istəmədən… və heç kimin də xəbəri olmadan… Bax, bu sonuncu əslində yaşantıdı, həm də yaşatmaqdı. Ona görə də bu yazının əvvəlini başladığın cümlədən nöqtə qoyacağın yerə qədər bir ömür yol keçməlisən və elə etməlisən ki, heç nə gözdən yayınmasın, heç nə yadan çıxmasın… Çünki bu yazı həyatının səhifələrində özünü elə yerləşdirib, elə hopdurub ki, onu o həyatdan qoparmaq, silmək mümkün deyil…

Bəli, mən onu hələ universitet illərindən tanıyırdım. Mətbuatda imzasını görmüşdüm. Özü də yazılarında bir qəribə nisgil var idi. Və mən indi düşünürəm ki, həmin nisgil o yazıların müəllifinin öncəgörməsiydi, fəhmiydi. Çünki həmin xanım yazar yurdla, torpaqla, adət-ənənəylə, mədəniyyətlə və bir də o sahənin adamlarıyla bağlı yazılarının hamısında demək olar ki, İrəvanı, Göyçəni, Dərələyəzi sətiraltı da olsa vurğulayırdı, xatırladırdı. Hiss edirdim ki, hələ qiyabi tanıdığım bu xanım yazar ruhən qəmçəkəndi. Elə bil ki, onun ruhu suçəkən kağızdı, nəmi dərhal özünə çəkir…

Açığını deyim ki, özüm də bir az qəmə meyilli olduğumdan hardasa düşüncələrimiz, duyğularımız bir-birimizdən xəbərsiz üst-üstə düşürdü. Görünür, bu bir yol imiş, məni ona tərəf aparan yol. Və mən özüm də hiss etmədən, necə deyərlər, başıaşağı düşüb getmişəm bu yolla. Və bir də görmüşəm ki, dayanmışam onunla üz-üzə! Dayanmışam qiyabi tanıdığım, imzasından özümə doğma bildiyim Flora Xəlilzadəylə qarşı-qarşıya…

Həyat elə gətirdi ki, söz meydanında, necə deyərlər, üzbəüz görüşlərimiz o qiyabi tanışlığın qol-qanadını artırdı. Və biz bu şaxələnən münasibətlərin içərisində bir-birimizi daha yaxından tanımağa, bir-birimizlə daha çox doğmalaşmağa başladıq. Həm bir-birinin ailəsini tanıyan iki qaçqın-köçkün kimi, həm də eyni dərdi yaşayan iki söz adamı kimi. Görünür, Tanrı bizim tale yollarımızı birləşdirən dərdimizi də ortaq edib. Bu ortaqlıq bizə həyata hamıdan fərqli baxmaq, hadisələri ruhumuzun köynəyindən keçirmək imkanı verib. Və beləcə, bir gün anlamışam ki, böyük söz məkanında özümə bir simsar, bir sığınacaq, ünvan, bir dərdləşəcək yer tapmışam. Və bu dediklərimin də hamısını özündə birləşdirən bir BACI qazanmışam. Allahım məni bu cür mükafatlandırıb.

Bəli, bacı haqqında yazmaq qardaşa həmişə çətin olur. Ola bilsin ki, kimlərsə bu çətinliyi hiss etmir. Amma söz dünyasının xəyallar aləminə bələd olduğum bacım haqqında yazmaq mənə həqiqətən çətindi. Çünki o, sözü təkcə duruşundan, yazılışından deyil, həm də gəlişindən tanıyır. O, sözün bu üzündən baxıb o biri üzünü görür. Ona görə də Flora Xəlilzadə haqqında yazmaq çətin və məsuliyyətlidi. Üstəlik, bu yazı həm də onun doğum günüylə bağlıdırsa, onda çətinlik bir az da artır. Amma mən də borclu qalmamağa çalışıram. O mənada ki, mənim də bir az bildiklərim var. Yəni, bacımın adına, namına yaraşan sözlər tapmağa azacıq da olsa fərasətim yetər. Çünki əlimin altında onun kitabları var. 

Flora xanım yazır ki:

Bu qəm məni öldürəcək, neyləyim,

Dərdduymazı güldürəcək, neyləyim.

Misralarım bildirəcək, neyləyim, 

Nə qədər gizlədib, dandım içimdə.

Yəqin bildiniz söhbət hansı qəmdən gedir… Doğulduğu yurdu, ocağı, doğmalarının məzarını qoyub gəldiyi və bu gün də ürəyi qopub ayrılmadığı həmin o doğma kənddən gedir söhbət. Ordan ki, həmin orada Flora xanımın uşaqlığı, orta məktəb illəri və bir də bir kənd qızının dəcəl, qayğısız günləri yaşanıbdı. Amma onun dəcəlliyi həddini aşan yox, ətrafdakıları düşündürən, onlardan suala cavab tələb edən dəcəllik olubdu. Ona görə də o, yadına saldığı dünənin, yəni xatirələrin ətəyindən əlini çəkə bilmir. Hətta böyük Cavid Əfəndiyə üzünü tutub deyir ki:

Ürəyimin başı neylər,

Gözlərmin yaşı neylər,

Bu torpağın daşı neylər,

Cavid yada düşəndə.

Və yaxud da:

Çəkdiklərim mənə yaman tanışdı, 

Bir vaxt ağlamışdım bu qəmə mən də.

Pünhan eşqin gözlərində danışdı, 

Könül bağlamışdım bu qəmə mən də.

Və beləcə, Flora Xəlilzadə yaşadıqlarını, içində daşıdıqlarını misralayır. Özü də o misralar köz kimi yapışır adama, yandırır oxucunu. Yandıra-yandıra da yönünü itirdiyimiz torpaqlara, viran qaldığımız yurdlarımıza tərəf çevirir. Flora bacım həm də yazılarıyla düşündürür. Üstəlik, düşünəni hərəkətə keçməyə, özündə güc toplamağa həvəsləndirir, inandırır. Çünki səmimidi, safdı, dupdurudu. Belə olan halda Floranın sözünə necə inanmayasan? Necə o sözə qoşulub getməyəsən?!.

Bəli, mən hər dəfə bacımla söhbətləşəndə ondan bir müəllim nəsihəti də almışam… bir bacı öyüdü götürmüşəm… Onun ərki mənə o qədər doğma olub ki, dərhal səhvimi düzəltməyə, nöqsanı aradan qaldırmağa özümü kökləmişəm. Çünki bilmişəm ki, bacı gileyi içdən gəlir, ürəkdən gəlir. Hətta onun «Bacı gileyi» şeirini də kitabında görəndə bir daha əmin olmuşam ki, Flora xanım sayqı, diqqət bəslədiyi insanlardan sayqı və diqqət umur. Bax, bu xaratkerinə görə, onun daxilən necə sıxıldığının dəfələrlə şahidi olmuşam. Bugunku gündə isə mən nə xatirələr çözmək, nə onun mənə olan böyük diqqətinin qarşısında nə qədər borclu olduğumun fikrində deyiləm. Çünki bu gün mən ona yubileyi ilə bağlı bir neçə söz demək istəyirəm:

- Bacım, sözünün, özünün bütövlüyü gözümün önündədi… Sözünün, özünün kəsəri mənə bəllidi… Sözünün, özünün dəyəri danılmazdı… Sən yerini haqq etmiş, sözünü göyrətmiş şairsən, yazıçısan, publisistsən. Sən, Flora Xəlilzadəsən! Səni təbrik edirəm!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-20
2021-01-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK