Prezidentin Qarabağ siyasətinə ictimai dəstək yüksəkdir – SORĞU

77 | 2025-07-11 11:03

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi məqsədilə ölkə vətəndaşları arasında rəy sorğusu həyata keçirib.

Adalet.az xəbər verir ki, sorğu çərçivəsində 2025-ci ilin ilk altı ayı ərzində Prezidentin genişmiqyaslı fəaliyyət xronikasında ön plana çıxan və xüsusi aktuallıq kəsb edən bir sıra istiqamətlər seçilərək ictimai rəy sorğusu əsasında dəyərləndirilib.

    Sorğunun nəticələri Prezidentin fəaliyyətinin ümumilikdə yüksək qiymətləndirildiyini göstərib. Xüsusilə Böyük qayıdış və bərpa-quruculuq, xarici siyasət, hərbi quruculuq və milli təhlükəsizlik sahəsində fəaliyyətə geniş ictimai dəstək ifadə olunub.

    Prezidentin Böyük qayıdış və bərpa-quruculuq sahəsində fəaliyyətini respondentlərin 69.6%-i çox yaxşı, 24.6%-i əsasən yaxşı olaraq qiymətləndirib. Sorğu iştirakçılarının 2.0%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 1.5%-i çox pis olduğunu bildirib. 2.3%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

    Tədqiqatın nəticələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur layihələrinin, bərpa və yenidənqurma tədbirlərinin, qayıdış prosesi və yenidən məskunlaşma fəaliyyətinin ictimai rəyin formalaşmasında mühüm rol oynadığını göstərib.

    Prezidentin hərbi quruculuq sahəsində fəaliyyətini respondentlərin 69.4%-i çox yaxşı, 22.7%-i isə əsasən yaxşı olaraq qiymətləndirib. Onların 1.6%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 0.7%-i çox pis olduğunu bildirib. 5.6%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

    Prezidentin milli təhlükəsizlik sahəsində fəaliyyətini respondentlərin 58.7%-i çox yaxşı, 29.5%-i əsasən yaxşı olaraq dəyərləndirib. Sorğu iştirakçılarının 1.3%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 1.3%-i çox pis olduğunu bildirib. 9.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

    Ümumi nəticələr dünyada və regionda baş verən hərbi münaqişələr fonunda təhlükəsizlik məsələsinin ictimaiyyət üçün prioritet olduğunu, ordunun modernləşdirilməsi və müdafiə sənayesi sahəsində fəaliyyətin yüksək qiymətləndirildiyini deməyə əsas verib.

    TƏQVİM / ARXİV