adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Məni ölməyə qoymayın...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
548 | 2024-04-16 11:47

Bu gün tanınmış xanəndə və muğam ustası Sabir Abdullayevin Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciətini oxudum və çox kövrəldim. Çünki o, cənab Prezidentə müraciət edərək, kömək istəyir, yaş həddinə görə təqaüdə göndərildiyi üçün işsiz qaldığını bildirir. Yazır ki, mən Asəf Zeynallı adına Musiqi Məktəbində muğamdan dərs deyirdim. Fəxri adım olmadığına görə, yaş həddim də çatdığı üçün təqaüdə göndərildim. İndi evdə oturub ölümümü gözləyirəm. Bu da mənim üçün çox ağırdır. Çünki mənim yüzlərlə tələbəm var və onların arasında yüksək fəxri ada layiq görülmüş ifaçılar da az deyil. Bu gün mən özümü fiziki cəhətdən çox sağlam, gümrah hiss edirəm və düşünürəm ki, indən sonra da kollecdəki tələbələrə xalq musiqisini öyrətmək imkanım böyükdür. Cənab Prezident, mən Sizdən heç bir fəxri ad, titul və digər kömək istəmirəm. Sadəcə olaraq, işə qayıtmağıma kömək etsəniz, məni ölməyə qoymaz və yeni bir nəfəs vermiş olarsınız!

Təbii ki, böyük xanəndənin cənab Prezientə müraciəti diqqətsiz qalmayacaq. Ən azından ona görə ki, Sabir Abdullayev düz 60 ilə yaxın xalq musiqisini, muğamı dünyada təbliğ edib, sevdirib və eyni zamanda çoxlu sayda tələbələr yetişdirib. O, ABŞ-da Kanadada, Fransada, Rusiyada, İsrayılda, Meksikada və eləcə də Avropa ölkələrində muğamımızı əcnəbilərə sevdirməyi bacarıb. Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görmüş “Qarabağ xanəndələri” albomunda onun da gözəl ifaları var. 

Məni ən çox kövrəldən o oldu ki, Sabir Abdullayevə indiyə kimi nə Mədəniyyət Nazirliyi, nə də digər qurumlar kömək etməyib. Amma bir Allah bilir ki, bu böyük xanəndə hansı ürəyin və hansı səsin sahibidir. Mən dəfələrlə onun möcüzəli səsinin şahidi olmuşam. 1992-ci ilin oktyabr ayının əvvəllərində Müdafiə Nazirliyinin təşkil etdiyi briqadada mən onunla birlikdə cəbhə bölgəsində bir həftə ezamiyyətdə oldum. Bu briqadada sənət adamları, jurnalistlər və eləcə də digər ziyalılar var idi. Biz Laçında, Cəbrayılda, Qubadlıda, Füzulidə, Ağdamda və digər döyüş mövqelərindəki səngərlərdə igid əsgərlərimizlə günlərlə bir yerdə olduq, onların döyüş ruhunun yüksəldilməsində əlimizdən gələni əsirgəmədik. Hansı ki, həmin vaxtlar ermənilər mövqelərimizi raketlərdən, müxtəlif çaplı silahlardan fasiləsiz atəşə tuturdu. Amma xanəndə Sabir Abdullayev və onu müşayiət edən ansambl güllələrin altında konsert verməkdən qorxmur, hətta bu yolda ölümə getməkdən belə çəkinmirdilər. Sabir qardaşımızın əsgərlər qarşısında oxuduğu “Qarabağ” şikəstəsi onlara elə bir ruh verirdi ki, sanki bu xanəndə ən güclü silahı onlara bəxş eləmişdi. Vaxtilə məşhur topçu komandiri olmuş və indi isə “Təzadlar” qəzetində çalışan Elçin Məmmədli həmin hadisələrin şahididir. Elçin deyir ki, Faiq müəllim, siz gedəndən sonra bizim əsgərlərimiz daha da ruhlandı və düşmənin nəzarətində olan bir neçə yüksəkliyi işğaldan azad edərək orada möhkəmləndi. 

Bu yazını ona görə qələmə aldım ki, qoy Azərbaycan xalqı, eləcə də hörmətli nazirlərimiz bilsin ki, xanəndə Sabir Abdullayev Vətənin ağır günündə başqaları kimi toylara gedib pul qazanmayıb, amma həftələrlə döyüş mövqeyində, səngərdə Azərbaycan əsgərini ruhlandırıb. İndi də onun çətin günüdür, biz onun yanında olmalıyıq və qeyri-adi səsə, yüksək vətənpərvərliyə malik, ən nəhayət şərəfli, namuslu xanəndəmizə arxa durmalıyıq. Yoxsa musiqimizi “manıs”lar işğal edəcək, toylarda at oynadacaq və üstəlik böyük sənətkarlarımızın uzun illər göz bəbəyi kimi qoruduğu muğamı gözdən və urvahdan salacaqlar. 

Çünki Azərbaycan xalqı 100 illərdir ki, bu musiqini qoruyub, onu yaşadıb bu günümüzə çatdırıb. Xanəndə Sabir Abdullayev də məhz belə sənətkarlardan biridir. O, muğamımızı qoruduğu kimi, biz də onu qorumalıyıq. Əks təqdirdə bir böyük sənətkarın ürəyini və ümidlərini çilik-çilik etmiş olarıq!..
 

TƏQVİM / ARXİV