adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Küçə musiqiçisi Jenya və unudulmuşlar!

FƏRHAD ŞABANOV
37384 | 2013-06-01 01:54
Bizim yeniyetmə vaxtlarımızda "Tarqovı"da bir küçə müsiqiçisi vardı. Adı Jenya idi. Səhv etmirəmsə eyni vaxtda üç alətdə ifa edirdi və üstəlik oxuyurdu. Bir neçə dəfə dostlarımızla onun musiqi ziyafətinin qonağı olmuşduq, hətta ünsiyyət də qurmuşduq. Çox müsbət ruhlu bir insan idi... Deyib-gülürdü, zarafatlar edirdi.
Küçə musiqiçiləri aid olduqları şəhərin əhvalını, ruhunu, aurasını əks etdirir. Onların barmaqlarından süzülən notlar şəhərin ahəngini tamamlayır sanki. Siz həmin musiqiçilərin qarşısında 10 dəqiqə dayanmaqla o şəhərin harmoniyası ilə tanış ola bilərsiniz. Jenyanın musiqiləri də Bakının rəngarəngliyini sizə göstərirdi.
İstifadə etdiyi alətlərdən tutmuş, oxuduğu mahnılardakı sözlərə kimi... Siz özünüzü həm Sovet vaxtının Bakısında hiss edə bilərdiniz, həm müstəqil Azərbaycanın paytaxtı Bakıda... Küçə musiqiçilərinin dəyəri də məhz bu nüansın altında gizlənir - siz onları nə qədər başa düşürsünüz, onlar sizə nə başa salır... Məncə hər şəhərdə küçə musiqiçiləri olmalıdır. Xüsusilə İstanbulda olanlar mənim nə demək istədiyimi yaxşı anlayır.
Keçən günlərin birində dostumla rus adlarının qısaltmaları haqqında söhbət edirdik. Saşadan vurduq, Maşadan çıxdıq. Vanyadan başladıq, Jenyada qurtardıq. Bəli, Jenyada qurtardıq çünki Jenyanın adı gələndə beynimdə ildırım çaxdı elə bil. Həmsöhbətimə dedim ki, o vaxt Jenya varıydı, səsi bütün küçəni bürüyürdü, qəşəng musiqi stili var idi. İndi haradadı görəsən? Dedi ki, xəbərim yoxdur.
Fikirləşdim ki, biz necə vəfasız insanlarıq. Həmin Jenya bizə nə qədər müsbət əhval-ruhiyyə bəxş etmişdi halbuki. Bizim isə üstündən 7-8 il keçəndən sonra yadımıza düşür ki, sən demə Jenya çoxdandır küçələrdə yoxdur. Mən həmin vaxt ərzində Ankaraya köçdüm. Bakıda çox az vaxt keçirirdim. Ancaq yenə də onun yoxluğunu hiss edəcək qədər Bakı küçələrində gəzmişdim.
Bəlkə də rus adları barədə söhbətimiz düşməsəydi həmin Jenya heç vaxt mənim yadıma düşməzdi. Bəlkə də o artıq dünyasını dəyişib. Kim bilir, bəlkə də soyuq günlərin birində küçədə xəstələnib və artıq yatalaq xəstəliyinə tutulub.
İnsan və Unutmaq...
Jenyanı unutmaq çoxları üçün faciə deyil, ancaq Jenya faciəvi unutqanlıqların timsalıdır. İnsan unudur. Hər şeyi unudur. İnsan onun uğrunda canından keçən qəhrəmanlarını unudur. Hətta həmin qəhrəmanlıq günlərində bayram edərkən unudur, tətilə çıxıb əylənərkən unudur. İnsan onu boya-başa çatdırıb, boğazından kəsib boğazına calayan ata-anasını unudur.
İnsan sevdiyi insanın yasını cəmi 7 gün saxlayır, sonra unudur. İnsan sevinclərini, xoşbəxtliklərini unudur kədəri gördüyündə. İnsan köhnə şəhərini unudur, yeni rəngli, işıqlı binalarla birlikdə. Moskva mehmanxanasını unudur, yeni Flame Towers-la birgə. Ən sonda unutduğunu unudursan və hər şey o anda bitir.
İnsan sözü "nisyan" kəliməsindən yaranıb. Ərəbcədə "unutmaq" mənasını verir. Yəni ki, unutmaq insanın xislətində var. Allah bizi unutqan canlılar olaraq yaradıb. Və bu "unutmaq" insanlara bir hikmət olaraq verilib.
Unuda-unuda gedirik, hətta bəzən insan olduğumuzu belə unuduruq...
Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV