Bütün gecəni təkrar-təkrar oxuyub vərəqləyib , sonra da uzun-uzadı düşündüyüm bir kitab yuxumu ərşə çəkdi. Tam səmimi deyəcəm, yata bilmədim. Ona görə yox ki, yuxum gəlmirdi. Ona görə ki, oxuduğum kitab bir sirri-xuda olub tutmuşdu yaxamdan. Və məni çəkib aparmışdı uşaqlığıma, gəncliyimə və bir də itirdiyim 30 ilimə…Bu kitabı, daha doğrusu, «Tut arağı, donuz kababı və Aşotun məktubu»nu ilk oxuyanlardan olmuşam. Təbii ki, «Ədalət» qəzetində, hələ oxucu qapısına gedib çatmadan öncə.
Və hissə-hissə oxuduğum bu povest məni onda, yəni indi bu anda etdiyi təsir qədər təsir etməmişdi. Səmimi etirafımdı. Kitab halında oxuyanda povest mənim Tuğda yaşadığım illərimi, bir məktəbdə oxuduğum və dostluq etdiyim erməni uşaqlarını yadıma saldı. Onların da arasında Aşot da vardı, Slavik də, lap elə it oğlu it də. İndi hamısı dığadı, amma neyləyim ki, həmin o illəri ömürdən kəsib atmaq mümkün deyil. Xüsusilə ona görə ki, ömrün uşaqlıq və gənclik çağları unudulmaz olur. Arxasınca baxdığımız, bəzən müxtəlif bəhanələrlə söz atıb sürtüşdüyümüz erməni qızlarından belə hər şey tarixdi, həyatımızın, ömrümüzün tarixi. Bu səbəbdəndir ki, oxuduğum povest mənim də yaddaşımı təzələdi və bu təzələnən yaddaşda müəllifin qəhrəmanı Faxı öz Ağdam koloriti ilə, Ağdam cizgiləri ilə mənim o illərdə tanıdığım, dostluq etdiyim ağdamlıları da gətirdi gözümün önünə.
Bu povestdə mən Ağdamın üç dövrünü gördüm - işğaldan əvvəlki, işğal zamanı və bir də bu gün yenidən tikilən Ağdam! Bu üç dövrü bir insan həyatına gətirmək, bir qəhrəmanın yaşamına çevirmək müəllifin mənə görə çox böyük uğurudur. Özü də bu uğur Faxının obrazında ağdamlılığı saxlamaqla gerçəkləşir. Yüz ilin ağdamlısı olan Faxı bu gün də həmin auradadı, həmin kökün üstündədi. Ona görə də Aşotun anasını yenə «xala» deyib qucaqlayır. Aşotun evindəki xalçasını, hansı ki o xalçanı Faxının nənəsi toxumuşdu, götürmür. Aşotun məktubunu oxusa da oxumadığını deyir və Aşotu axtaranda da qisas üçün yox, onun gözlərinə baxmaq və uşaqlığının, gəncliyinin Aşotunu o gözlərdə görmək istəyir…
Mən bu povestdə Aqil Abbasın öz üslubuna sadiq bir şəkildə, hər kəslə danışdığı formada və koloritdə özümü povestin iştirakçılarından biri kimi gördüm. Yəni təkcə hiss etmədim, inandım ki, bu povestdə baş verən bütün hadisələrdə mən də iştirak etmişəm. Məni də povestdəki obrazların biri kimi oxucuya təqdim edən müəllifə təşəkkürümü bildirməklə tut arağının ləzzətini də yaddaşımda təzələdim.