adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ON DƏFƏ OXUDUĞUM KİTAB HAQQINDA QISACA ON SÖZ - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
629 | 2024-05-09 13:43

Bütün gecəni təkrar-təkrar oxuyub vərəqləyib , sonra da uzun-uzadı  düşündüyüm bir kitab yuxumu ərşə çəkdi. Tam səmimi deyəcəm, yata bilmədim. Ona görə yox ki, yuxum gəlmirdi.  Ona görə ki, oxuduğum kitab bir sirri-xuda olub tutmuşdu yaxamdan. Və məni çəkib aparmışdı uşaqlığıma, gəncliyimə və bir də itirdiyim 30 ilimə…Bu kitabı, daha doğrusu, «Tut arağı, donuz kababı və Aşotun məktubu»nu ilk oxuyanlardan olmuşam. Təbii ki, «Ədalət» qəzetində, hələ  oxucu  qapısına gedib çatmadan öncə.

Və hissə-hissə oxuduğum bu povest  məni onda, yəni indi bu anda etdiyi  təsir qədər təsir etməmişdi. Səmimi  etirafımdı. Kitab halında oxuyanda povest  mənim Tuğda yaşadığım illərimi, bir məktəbdə  oxuduğum və dostluq etdiyim  erməni uşaqlarını   yadıma saldı. Onların da arasında Aşot da vardı, Slavik də, lap elə it oğlu it də.  İndi hamısı dığadı, amma neyləyim ki, həmin o illəri ömürdən kəsib atmaq mümkün deyil. Xüsusilə ona görə ki, ömrün uşaqlıq və gənclik çağları unudulmaz olur. Arxasınca baxdığımız, bəzən  müxtəlif  bəhanələrlə  söz atıb  sürtüşdüyümüz erməni qızlarından belə  hər şey tarixdi, həyatımızın, ömrümüzün tarixi. Bu səbəbdəndir ki, oxuduğum povest mənim də yaddaşımı  təzələdi və bu təzələnən  yaddaşda  müəllifin qəhrəmanı  Faxı öz Ağdam koloriti ilə, Ağdam cizgiləri ilə mənim o illərdə tanıdığım, dostluq etdiyim  ağdamlıları da gətirdi gözümün önünə. 

Bu povestdə mən Ağdamın üç dövrünü gördüm - işğaldan əvvəlki,  işğal zamanı və bir də bu gün yenidən  tikilən  Ağdam! Bu üç dövrü bir insan  həyatına  gətirmək, bir qəhrəmanın yaşamına çevirmək müəllifin  mənə görə çox böyük uğurudur. Özü də bu uğur Faxının obrazında ağdamlılığı saxlamaqla gerçəkləşir. Yüz ilin ağdamlısı olan  Faxı bu gün də həmin auradadı, həmin  kökün üstündədi. Ona görə də Aşotun anasını yenə «xala» deyib qucaqlayır. Aşotun evindəki  xalçasını, hansı ki o xalçanı Faxının nənəsi toxumuşdu,  götürmür. Aşotun məktubunu oxusa da oxumadığını deyir və  Aşotu axtaranda da qisas üçün yox, onun gözlərinə baxmaq və uşaqlığının, gəncliyinin Aşotunu o gözlərdə görmək istəyir…

Mən bu povestdə Aqil Abbasın öz üslubuna sadiq bir şəkildə, hər  kəslə danışdığı formada və koloritdə özümü  povestin iştirakçılarından  biri kimi gördüm. Yəni təkcə hiss etmədim, inandım ki, bu povestdə baş verən bütün hadisələrdə mən də iştirak etmişəm. Məni də povestdəki obrazların biri kimi oxucuya təqdim edən  müəllifə  təşəkkürümü bildirməklə tut arağının ləzzətini də yaddaşımda təzələdim. 

TƏQVİM / ARXİV