Kərim Kərimlini yalan olmasın 999 ildir tanıyıram. Gözəl şairdi, tədqiqatçıdı, sədaqətli dostdu və ən vacibi Vətəndən ötrü ölümə gedən oğlandır.
Ömrünü də Qarabağın azadlığı uğrunda əridib. Hələ Şuşa işğal altında olanda bilmirəm Avropanın hansısa missiyası ilə doğma Şuşaya da getmişdi. Gələndə mənə də İsa bulağı suyu və xeyli də Şuşa torpağı gətirmişdi.
Özü də qəribə adamdı. Bir dəfə ABŞ-a gedirdi, çıxarıb 100 dollar verdim ki, uşaqlarına nə isə al. Bu ağılsız da qayıdanda mənə 100 dollarlıq bir köynək hədiyyə gətirmişdi. Mən də xeyli danladım.
Uzun müddət bir yerdə işləmişik. «Ədalət» qəzetində şöbə müdiri idi. Və Qarabağla bağlı ən gözəl yazılarını da «Ədalət»də çap edirdi. Mənə də qarabağlıların dili ilə «midir» deyirdi. Deyirdim mən sənin dostunam, midirin deyiləm. Deyirdi onsuz da işdən sonra sənə «Aqil» deyirəm.
İndi Kərim Kərimli mayın 9-da 32 il bundan əvvəl çıxdığı Şuşaya dönür. Şuşada ilk ev alanlardandı. Dünyanın ən xoşbəxt adamlarından biridi və bəlkə də birincisidi.
Sevincinə şərik oluram, Kərim, yolun açıq və sağ əlin də bizim başımıza olsun.
Gələcəm Şuşaya, səninlə yenə 32 il əvvəl çay içdiyimiz çayxanada çay içməyə. Bir də ayaqyalın Cıdır düzündə gəzməyə.