adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Hər kəsə xoş istirahətlər!

FƏRHAD ŞABANOV
42162 | 2013-11-16 11:57
Bir neçə sual...

Azərbaycanlı necə istirahət edir? Bizim gənclər üçün istirahət sözü hansı mənanı ifadə edir? Əsl istirahət deyəndə onlar nə başa düşür? İstirahət və əyləncə sözləri arasındakı əlaqə nə dərəcədə bir-birinə bağlıdır? Azərbaycanlı gənc istirahəti hansı məkanlarda görür? Əyləncənin həddi, sərhəddi olmalıdırmı? Bizim gənclərin kompleksli tərəfi hansı istirahətlərdə özünü biruzə verir?

Sualların cavabı...

Bütün dillər kimi bizim dilin də özünəməxsus yönləri var ki, onu ancaq azərbaycanlılar bilir. Məsələn; "istirahət mərkəzi" sözünü görəndə azərbaycanlı kişilər başqa şey başa düşür, avropalı kişilər başqa şey. Ya da ki, azərbaycanlı hər hansı bir gənc dostuna deyəndə ki, "qardaşın dünən yaxşı istirahət edib" - bu sözün altından çox məna çıxarmaq olar.
İstirahət nisbi anlayışdır. İstirahət dincəlməkdir. Həm mənəvi rahatlama, həm cismi rahatlama. Heç kim ən yaxşı istirahət tərzinin filan cür istirahət olduğunu iddia edə bilməz. Kimsə yoqa ilə məşğul olanda istirahət edə bilər, kimsə namaz qılanda. Və yaxud kimsə də fahişə ilə keçirdiyi bir saatı ən ali istirahət üsulu olaraq görə bilər. Hərənin öz işi.
Bizim xalqın istirahətinə gəldikdə... İctimai meyl göstərir ki, kişi cinsinin nümayəndələri çay dəsgahı və qəlyan servis edilən yerlərdə özünü daha "dinc" hiss edir. Halbuki bir ay ərzində çayxanaya tökülən pulları yığsa gedib bir həftə Avropanı gəzə bilər. Heç görmədiyi yerləri, insanları, maraqları görə bilər. Ancaq kişinin ürəyi çayxana istəyir, qoy otursun. Öz puludu, özü bilər.

Ədəbli və ədəbsiz istirahət...

Gənc oğlanların əksəriyyəti futbolla yatıb futbolla qalxır. Həm baxırlar, həm oynayırlar. Gənclərin çox cüzi hissəsi - daha intellektli, dünyagörmüş və yeni maraqlara meylli - isə at sürməyə, güllə atmağa, boulinq və s. oynamağa həvəslidir. Birinci kateqoriyadakı gənclər əsasən oğlanlardan ibarətdir. İkinci kateqoriya isə həm oğlanları, həm qızları əhatə edir. Nə qədər sıradan və ya qeyri-adi görünsə belə məncə bu istirahət seçimləri xoş qarşılanır. Ən azı bu istirahətlərin heç bir ədəb-ərkan əskikliyi yoxdur.
Biri də var ki, ədəbsiz istirahət. 5-6 nəfər dost yığışır bir yerə. Pullarını qoyurlar bir yerə. Gedirlər "təcrübəli" bir fahişənin yanına. Belə bir istirahət tərzi yəqin ki, ancaq bizdə var. Sonra da evə qayıdıb namusdan, qeyrətdən danışırlar. Çünki bizim gənclər komplekslidir. Necə ki, həyatda, eləcə də yataqda. Ona görə nə həyatda sözün əsl mənasında istirahət edə bilirlər, nə yataqda. Ona görə də belə bir ədəbsiz "istirahət" tərzi onları özünə cəlb edir.

Ailəvi istirahət mərkəzləri...

Azərbaycanın ideal olmasa belə, gözəl təbiəti var. Dağ var, meşə var, dəniz var. Bununla yanaşı Azərbaycanın bölgələrində qəşəng istirahət mərkəzləri var. İnsan ailəsi ilə gedib dincələ bilər. Ancaq həmin ailənin gərək külli miqdarda gəlir mənbəyi ola. Çünki bu yerlərin qiyməti elə müəyyən olunub ki, heç Antalyadakı istirahət mərkəzlərinin qiyməti elə deyil. Belə yerlərin sahiblərinə bir az insaf paylamaq pis olmazdı.
Bundan başqa paytaxtda da ailəvi istirahət üçün qəşəng yerlər var. Ailəsinin istirahətini düşünən hər bir ailə başçısı istədiyi halda məsləhətli yerlər tapa bilər. Yox əgər ailə başçısının başı ancaq öz "istirahət"ini düşünürsə o başqa məsələ.
Azərbaycan elə bir ölkədir ki, azərbaycanlılar ancaq bu ölkədə özlərini tam xoşbəxt hiss edə bilər. Söhbət xalis azərbaycanlılardan gedir, assimilyasiyaya uğramışlardan yox. Hər birinizi öz yuvanızda xoşbəxt görmək ümidilə. Xoş istirahətlər!

Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV