adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 May 2024 09:00
1364
LAYİHƏ

QONAQ GƏLMƏYƏN EVƏ ƏZRAYIL GƏLƏR

Qədim və tarixi keçmişə malik olan xalqlardan söz düşəndə heç şübhəsiz, Azərbaycan öndə gedir. Ən azından ona görə ki, türkçülüyün, azərbaycançılığın çox zəngin və tarixi bir kökləri vardır. Keçmişi və  tarixi kökü olmayan xalqın milli-mənəvi dəyərləri, mədəniyyəti, əxlaqı və bir sözlə, dəyərləri də olmur. Ona görə də Azərbaycan xalqı qədim və zəngin  millətdir ki, onun dünya boyda  bir ürəyi var. Bəlkə də yer üzündə Azərbaycan xalqı qədər  mərd, sədaqətli, duz-çörəyə hörmət edən və kəsdiyi çörəyi  yaddan  çıxarmayan  xalq yoxdur. Üstəlik də bu xalqın başqa millətlərə, başqa dövlətlərə və hətta  başqa  irqlərə qarşı çox böyük məhəbbəti, istəyi və sevgisi var. Elə buna görə də dünyadan çox  vaxt bizə  böyük dövlətlər və onların əlaltıları qısqanclıq  hissi ilə baxıblar. Bilməyiblər qibtə eləsinlər, yoxsa şər-böhtan  deyib bu milləti, bu xalqı dünyanın gözündən  salsınlar.

Amma dünya da kar, kor, lal deyil. Çünki   bütün sərhədlər də açılıb, Azərbaycan da  demokratik, sivil, hüquqi və beynəlxalq qanunlara  hörmətlə yanaşan bir ölkədir. Ona görə də  hər gün məmləkətimizə minlərlə  xarici ölkə vətəndaşları, rəsmi şəxslər, turistlər gəlirlər. Onlar gəlib Azərbaycanın  görməli, gəzməli, istirahət etməli yerlərini gəzirlər və görürlər ki, düşmənlərimizin apardığı əks təbliğatla gördükləri  bir-birinin tam əksidir. Yəni Azərbaycanda irqindən, dinindən və millətindən asılı olmayaraq, bütün xalqlara  və millətlərə  hörmətlə yanaşılır. Amma hansı ki inkişaf etmiş Avropa ölkələrində belə bir çox xalqlara, xüsusən də İslamı qəbul edənlərə qarşı və o cümlədən türkçülüyə, azərbaycançılığa  çox qısqanclıqla yanaşılır. Hətta Almaniya kimi, Fransa kimi dünyəvi və demokratik ölkələrdə qara irqə məxsus olan və o cümlədən müsəlmanlara  qarşı münasibət bəzi hallarda  ürəkaçan deyildir. 

Hələ biz Azərbaycan Dövlət Universitetində oxuduğumuz illərdə bizim böyük müəllimlərimiz olan Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Pənah Xəlilov, Şamil Qurbanov, Firudin Hüseynov, Kamil Vəliyev, Cahangir Məmmədli və digər professorlar bizə azərbaycançılıq ideyalarını  təbliğ edirdilər. Xalqımızın ən nəcib, ən incə və ən yaddaqalan cizgilərini  bizə öyrədirdilər. Onlar deyirdilər ki, Azərbaycan  xalqı dünyanın ən kinsiz, ən düşmənsiz millətidir. Çünki biz heç kimin paxıllığını çəkmirik və  heç kimin ərazisində gözümüz yoxdur. 

Bəli,  illər  keçdikcə Azərbaycan müstəqil dövlət oldu. İşğal olunmuş  20 faiz  torpaqlarımız  Ulu Öndər Heydər Əliyevin apardığı  siyasət  nəticəsində və Prezident  İlham Əliyevin  həyata  keçirdiyi möhtəşəm 44 günlük İkinci Qarabağ müharibəsindən  sonra azad edildi. Artıq dünya gördü ki, Azərbaycan kiçik dövlət olsa da, böyük  dövlətlərin eləyə bilmədiyi böyük işləri  həyata  keçirdi, öz ərazi bütövlüyünü bərpa elədi, müstəqilliyini  qoruyub saxlaya bildi. Heç kimə  sirr deyil ki, bütün bunlar dünyada uzun müddət  aparılmış Azərbaycançılıq ideologiyasının həyata  keçirilməsi nəticəsində mümkün oldu. 

Azərbaycanın İslam Dövlətləri Birliyində təmsil olunması və bu mötəbər qurumda  sədr seçilməsi onu göstərdi ki, artıq dünyanın hər yerində Azərbaycanı yaxşı tanıyırlar, onu sevirlər və ona hörmətlə yanaşırlar. Ermənilərin və onların uzun illər dünyanın hər yerində apardığı anti-azərbaycan  təbliğatı darmadağın edildi. 30 il onların yalanlarına inananlar da sonradan gördülər ki, əsl ədalət və haqq  Azərbaycanın tərəfindədir. Çünki Azərbaycançılıq ideyasında başqa millətə və xalqa  düşmən gözlə baxmaq, onları alçatmaq, torpağını əlindən almaq, əxlaqını ləkələmək ideyası yoxdur. Əksinə, Azərbaycançılıq o deməkdir ki, bəşəri hisslərin  tərənnümü və  sevgisi burda öz əksini tapır. 
Burda bütün dinlərə - yəhudilərə, xristianlara  və digər dinlərə mənsub insanlara  çox böyük hörmət, çox böyük diqqət, çox böyük sevgi var. Və onların ən bariz nümunəsi kimi Azərbaycanda həmin dinlərə  məxsus olan kilsələrin, monastırların, sinaqoqların, eləcə də digər dini abidələrin  İslam dini qədər  qorunub saxlanması və hörmət  edilməsidir.

Təbii ki,  ölkəmizə səfər edən, müxtəlif dinlərə  mənsub  olan  həm siyasi xadimlər, həm də turistlər öz gözləri ilə həmin  yerləri  ziyarət edərkən görür və əsl həqiqətin  necə olduğunu  bir daha  yəqin edirlər. Başqa  millətin  xətrinə dəyməsin, hətta   ən inkişaf etmiş Avropa  dövlətlərində belə dostluq elədiyin adam, çörək  kəsdiyin  insan  onun qonağı olanda səni evinə aparmır. Ən yaxşı halda hotelə aparır, hotelin də pulunu o adam yox, sənin özün ödəyirsən. Amma  bizdə görün necədir? Bizdə isə  tam  başqa mənzərədir. Biz özümüz də  o əcnəbi dostlarımızdan  soruşmuşuq: sizdə qonaq otağı varmı? Onlarsa deyiblər ki, bizdə yaxşı otaqlar çoxdur, amma yaxşı və gözəl otaqlarda özümüz istirahət edir, yemək yeyir və yatıb dincəlirik. Ancaq Azərbaycanda isə ən yaxşı otaqları qonaq üçün hazırlayırıq, ən yaxşı yorğanı, ən yaxşı  divanı və ən yaxşı  yeməyi  onlar  gələndə  bişiririk. 

Bir dəfə İsmayıllıya gəzməyə  gedirdik. Taksidə bizdən başqa iki başqa şəxs də vardı. Onlardan biri İsmayıllının  kəndində  düşdü və bizə dedi ki, gəlin qonağımız olun. Biz də «çox sağ ol» dedik. Dedi elə şey  yoxdu ey, bizim evə düşüb bir tikə çörək kəsəcəyik. Onun təkidindən sonra yerə düşdük, gördük qapı açıldı, oğlanları, qızları  bizi elə qarşıladı ki, elə bil doğmalarıyıq. Yarım saatın  içində bizə bir süfrə  açdılar ki, gözümüz kəlləmizə çıxdı. Belə bir kasıb adamın  süfrəsində hər şey vardı. Doyunca yedik,  pürrəngi  çay içdik və ona dua etdik. Dedi ki, sizdən bir həftə qabaq bir əcnəbi qonaq vardı, onu da zorla qapımıza gətirdik, bir quzu kəsdim kabab bişirdim. Dedi ki, dünyanın  heç bir yerində mən belə xalq görməmişəm. Ki, tanımadığı adamı, özü də əcnəbi adamı  evinə aparsın, quzu kəssin, kabab  çəksin. Hələ indiyə kimi belə kabab görməmişdim. Mən də dedim ki, halal xoşunuz olsun. Qonağın ruzusunu Allah özü gəlməmişdən əvvəl yetirər. Bir də qonaq gəlməyən qapıya Əzrayıl gələr! 

 

Səməndər MƏMMƏDOV 
Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.