adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Günah nə atdadı, nə eşşəkdə...

FƏRHAD ŞABANOV
51043 | 2013-12-07 00:00
Belə bir rəvayət var. Təxminən min il bundan əvvəl Şiplənd ölkəsinin vəziri gəlir şahın yanına və deyir ki, "ölkəmizdə həddindən artıq dəvə, eşşək və at var. Bunların ifrazatının qoxusu bütün ölkəni bürüyüb. Çölə çıxıb nəfəs almaq olmur. Ölkəmizə kənardan gələn, ölkəmizdə yaşayan hamı bu qoxudan şikayətlənir. Buna bir çarə qılmaq vaxtıdır".
Şah deyir ki, "ay vəzir, insanları da günahlandırmaq olmaz, minik vasitəsi kimi bunlardan istifadə etməyə məcburdular. Biz durub heç kimin atını, eşşəyini əlindən ala bilmərik. Nəsə başqa bir şey fikirləşmək lazımdır".
Vəzir üstəlik əlavə də edir ki, "imkanı olanlar şəhərdə at oynadır. Hətta bəzi xuliqanlar mərkəzdə atını iki ayağının üstünə qaldırıb camaata hədə-qorxu gəlir. Atları ilə eşşəklərin yanından elə keçir ki, az qalsın eşşəyin qorxudan ürəyi partlasın".
Uzun mübahisədən sonra vəzir təklif edir ki, yekə faytonlar düzəldək və ölkənin mərkəzində insanları daşısın. Faytonları da qoşaq eşşəklərə, çünki at və dəvənin xərci çoxdur.
Şah razılaşır.
Bir müddət keçəndən sonra xalqın arasında yenidən narazı səslər çıxmağa başlayır. Faytona qoşduqları eşşəklər özlərini pis aparır. Gah saatlarla yolun ortasında dayanırlar, gah bərk gedirlər, gah da qəzalara səbəb olurlar. Hətta bir neçə ölüm hadisəsi baş verir.
Vəzir yenə gəlir ki, "şah həzrətləri, xalq yenə narazıdır. Eşşəklər özlərini pis aparır. Bəlkə faytonlara at qoşaq".
Şah əsəbiləşir ki, "atın qiymətindən xəbərin var sənin? Ümumiyyətlə ictimai faytonları ləğv etmək lazımdır. Bəyənmirlərsə, gedib özləri nə istəyirlər, etsinlər".
Vəzir deyir ki, "gəl arpanın, samanın qiymətini qaldıraq, bəlkə atların, eşşəklərin sayı da azaldı onda. Ölkə daha yaxşı bir yerə çevrildi".
Şah yenə razılaşır.
Arpanın qiyməti qalxır, heç nəyin sayı azalmır. Ticarətçilər hər şeyin qiymətini bahalaşdırır, "bizim karvanlarımızdakı dəvələrimiz, eşşəklərimiz arpaynan qidalanır, şikayətinizi bizə etməyin. Bizim günahımız yoxdur".
Xalq arpanın və ümumiyyətlə hər şeyin qiyməti qalxdığına görə narazılıq edir, amma nəsə deməyə üzləri gəlmir. Kasıb olanların vəziyyəti ağırlaşır, imkanlı olanlar isə kasıbların atını-eşşəyini əllərindən alır. Ən varlı təbəqə isə gedir başqa diyarlardan bahalı atlar gətirir. İngilis atları, ərəb atları. Bu atlar yerli atlardan daha çox arpa yeyir, amma varlığa nə darlıq.
Kasıb xalq da fikirləşir ki, elə bu bahaçılığın səbəbkarı yəqin bu varlılardır. Çünki arpanın qiyməti qalxandan sonra bizim həyatımız cəhənnəmə, onların həyatı cənnətə dönüb.
Kasıblar əllərində olan bir-iki ac eşşəyi götürüb düşürlər şəhərin canına. Ac eşşəklər anqırmağa başlayır. Bu səsi eşidən varlıların eşşəkləri də qaçıb gəlir. Bütün ölkəni eşşək anqırtısı götürür. Həngaməni eşidən atlar da kişnəməyə başlayır.
Varlılar düşünür ki, bütün günah kasıblardadı. Hər şey onlara görə olub. Atlar fikirləşir ki, günah eşşəklərdədi. Eşşəklər fikirləşir ki, günah insanlardadı. Şah fikirləşir ki, günah vəzirdədi. Vəzir də dizinə döyür ki, görəsən biz niyə bu günə qaldıq?
Hamı günahı bir-birinin boynuna atır.
Şah bütün bu söz-söhbətlərdən bezir və ölkənin bütün üləmasını yığır saraya. Deyir ki, bu dərddən bizi qurtaracaq bir şey fikirləşin, belə olmaz. Bu gedişlə hamı ölkəni tərk edəcək, elə özümüz qalacağıq. "Çıxış yolu fikirləşənə qədər sarayı tərk etmək yoxdur".
Alimlər bir müddət fikirləşir və nəticəni şaha təqdim edirlər.
Şah ordusuna əmr verir ki, bu bəladan qurtulmaq üçün eşşəklərin kökünü kəsmək lazımdır. Ordu düşür ölkənin canına, bütün eşşəkləri qırırlar. Ölkədəki bütün eşşəklərin kökü kəsiləndən sonra ölkəni tərk edənlər də qayıdır, həyat normala dönür. Ölkədən əvvəlki kimi pis qoxu gəlmir.
Ölkə çox qısa bir zaman rifah içində yaşayır. Hamı həyatından razı olur. Şahın kefi kök, vəzirin sinəsi öndə.
Ancaq bir müddət sonra atların sayı artır ölkədə və yenə ölkəni ifunət qoxusu bürüyür. Bu dəfə də eyni hadisələr təkrarlanır və atların kökünü kəsirlər.

Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV