adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Onlar vətəni qoruyurlar

FAİQ QİSMƏTOĞLU
5059 | 2022-09-21 11:30

...Bu gün Azərbaycan Ordusu çox böyük möhtəşəm qələbələrə imza atıb. Atəşkəsi tez-tez pozan erməni silahlı qüvvələrinə qarşı sentyabr ayının 12-dən 14-dək əks-hücuma keçərək sərhədboyu 11 yüksəkliyi ələ keçirən Azərbaycan ordusudur, onun əsgərləridir. İndi o yüksəkliklərdə Azərbaycan bayrağı dalğalanır. O bayraq ki, şəhidlərin qanı ilə rənglənib və o bayraq ki, biz ondan şəhidlərimizin və qazilərimizin ətrini, qoxusunu hiss edirik.

Bir neçə gün əvvəl Şəmkirin Düyərli kəndində bir şəhidi dəfn edərkən 6 yaşlı oğlan uşağı şəhidin məzarı üstündəki bayraqdan öpüb və deyib ki, mən də bunun kimi vətənimi qoruyacam və şəhid olacam! Allaha sığınan və haqq-ədalət uğrunda mübarizə aparan, xalqın ruhunu və əzmini heç vaxt öldürmək mümkün deyil. Çünki şəhidlərə baxıb vətəni qorumaq istəyən bu 6 yaşında uşaqlar on minlərlədir. Hələ mən o birilərini demirəm. Ona görə ki, Azərbaycan vətənin ən çətin günündə ayağa qalxıb bir yumruğa dönüb və nəticədə istəyinə çatıb...

Bəli, ordumuz və əsgərlərimiz cəbhədə döyüşür. İşğal altında olan sərhədyanı torpaqlarımızı azad edir və vətənin hər qarış torpağı uğrunda şücaət, qəhrəmanlıq, igidlik göstərir. Azərbaycan polisi isə ölkənin daxilində ictimai asayişin qorunmasını, cinayətkara qarşı mübarizəni gücləndirir və o cümlədən insanların həyatının təhlükəsizliyini təmin edir. Bura biz hərəkətin təhlükəsizliyini təmin edən yol polisini də əlavə edə bilərik. Amma biz bu yazımızda çiyninə ağır yük düşən Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının bu vətən, bu xalq yolunda ictimai asayişin təmin olunmasında və təhlükəsizliyin qorunmasında əvəzsiz rolunu və zəhmətini xatırlatmaq istəyirik. Çünki bəzi düşmən qüvvələr cəbhə bölgəsində vəziyyət mürəkkəbləşəndə ölkə daxilində və Bakının özündə qarışıqlıq yaratmaq istəyir, suyu bulandırmağa cəhd edirlər. Bütün bunlara baxmayaraq, qara qüvvələrin qara niyyətləri həmişə Əlahiddə Çevik Polis Alayı tərəfindən yüksək peşəkarlıqla alınır. O peşəkarlıq ki, bu gün sözün həqiqi mənasında Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının daha da möhkəmləndirilib. Bütün bunlar isə Azərbaycan polisinin yüksək peşəkarlığını və səmərəli fəaliyyətinə böyük zəmin yaradır.

 

Mən dəfələrlə Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının yüksək peşəkarlığının, mədəniyyətinin və vətənpərvərliyinin şahidi olmuşam. Şahidi olmuşam ki, o əməkdaşlara baxanda səliqəsi, sahmanı, intizamı, bir sözlə, polisdən nə tələb olunursa, hamısı yerbəyerindədir. Yaşlı bir qadının yolu keçə bilməyəndə və çətin vəziyyətdə olanda həmin qurumun əməkdaşı ona yaxınlaşıb və maşınları saxlayaraq həmin xanımı yolun o biri səmtinə keçirib. Bir dəfə də mənim xanımım Yeni Günəşlidə çətinliklə üzləşərkən Əlahiddə Çevik Polis Alayının əməkdaşları ona yaxınlaşıb, «Ana, sizə nə lazımdır?» - deyərək kömək göstərib və həyat yoldaşımı xidməti maşına əyləşdirərək gətirib evə qoyublar. Hələ də mənim xanımım o Çevik Polis Alayı əməkdaşlarının insani münasibətindən, mədəniyyətindən və insanpərvərliyindən ağız dolusu danışır. Deyir ki, mən onları görəndə elə bil oğlumu görürəm.

Bəziləri polisdə bir nöqsan axtarırlar. Yəni nöqtə boyda bir nöqsanı görüb onu fil boyda edirlər. Amma polisin insanpərvərliyini, vətənpərvərliyini və mədəniyyətini görsələr də, bir dəfə olsun belə onu cəmiyyətə və ictimaiyyətə çatdırmırlar. Bu da nədən irəli gəlir?! Bu da bəzi adamların xəbisliyindən, paxılığından və polisi gözü götürməməzliyindən qaynaqlanır. Hansı ki, o polisdə işləyən, xidmət aparan gənclər də bizim övladlarımız, qohumlarımızdır.

Bir faktı da qeyd edək ki, bu gün polis orqanlarına heç bir təsadüfi adam qəbul oluna bilməz. Ən azından ona görə ki, onların fiziki sağlamlığı ilə yanaşı, dünyagörüşü, vətənpərvərliyi və mədəniyyəti də yoxlanılır. Və bu yoxlamalardan uğurla çıxan gənclər polis orqanlarına qəbul edilir. O da təsadüfi deyildir ki, həmişə sıra baxışı keçirilərkən polis general-polkovniki Vilayət Eyvazov şəxsən özü iştirak edir. Aydındır ki, bu, obyektivliyin və ədalətin bərpa olunmasına əvəzsiz rol oynayır.

Bu gün Azərbaycan polisi daha güclü və daha qüvvətlidir. Çünki Azərbaycan polisinə vətənpərvər, ziyalı, millətini və xalqını sevən Vilayət Eyvazov kimi bir general-polkovnik rəhbərlik edir. Kadrların seçilib yerləşdirilməsində, vəzifəli şəxsləri irəli çəkilməsində bir qayda olaraq ədalət prinsipinə, çevikliyə və vətənpərvərliyə böyük önəm verilir. Elə həmin kadrlar da millətə, xalqa şərəflə xidmət edirlər.

Məhz Əlahiddə Çevik Polis Alayı da Daxili İşlər Nazirliyinin belə nümunəvi qurumlarından biridir. Mən onların Yasamal, Xətai, Suraxanı, Nizami, Sabunçu rayonlarında necə peşəkarlıqla xidmət göstərməsinin şahidi olmuşam. Şahidi olmuşam ki, həmin qurumun əməkdaşları öz xidməti vəzifələrini vicdanla yerinə yetirməklə yanaşı, vətəndaşlara qarşı da çox sivil, mədəni bir münasibət sərgiləyir və onların hər birinə diqqətlə yanaşır. Təbii ki, insanlar da polisin onlara mədəni və nəzakətlə yanaşmasına həmişə yüksək dəyər verir. Ona görə dəyər verir ki, polis onları cinayətkardan, kriminal elementlərdən və digər təhlükələrdən qoruyur.

Bir hadisə yadıma düşür. İstanbulda olanda bizə dedilər ki, gecə saat 11-dən sonra küçələrə çıxmayaq. Çünki həmin vaxtdan kriminal elementlər aktivləşir və xaricdən gələn vətəndaşlara qarşı bəzi hallarda soyğunçuluq edir. Sözün düzü, bizə xəbərdarlıq edən bələdçiyə bir söz demədik. Amma onu dedik ki, Azərbaycanda və Bakının özündə gecə səhərə qədər küçədə ol, küçədə gəz, dolan, sənə heç kəs dolaşa bilməz. Çünki orda bizim polislər 24 saat xidmət aparır və qanunu pozan hər hansı şəxsi diqqətdə saxlayır, qabaqlayıcı tədbirlər görür. Həmin dostlarımız Bakıya gəldi, bir gecə səhərə qədər şəhəri gəzdik. Və gördülər ki, heç kəs onlara gözün üstə qaşın var demir. Onlar çox məmnun oldular və dedilər ki, abi, dünyanın biz heç bir yerində Bakı kimi sakit, təhlükəsiz və rahat şəhər görməmişik. Nə yaxşı ki, dünyada belə şəhər də var.

Sözümüzün canı odur ki, Daxili İşlər Nazirliyinin bütün strukturları, o cümlədən Əlahiddə Çevik Polis Alayı 24 saat bu xalqın, bu millətin təhlükəsizliyini qoruyur, insanlara yüksək səviyyədə xidmət göstərir. Deməli, günün hansı saatından asılı olmayaraq, nəinki vətəndaşlarımız, hətta xaricdən gələn əcnəbilər özlərini çox rahat hiss edirlər və Bakıda sakit bir həyat tərzi yaşayırlar. Bu isə onu təsdiq edir ki, Əlahiddə Çevik Polis Alayı və eləcə də digər qurumlar öz vəzifə borclarını məsuliyyətlə, vicdanla yerinə yetirirlər. Təbii ki, insanlar da xalq yolunda xidmət edən belə əməkdaşlara həmişə təşəkkür edir!

TƏQVİM / ARXİV