adalet.az header logo
  • Bakı 27°C

Faiq QİSMƏTOĞLU: Bura cənnətdi...

FAİQ QİSMƏTOĞLU
255 | 2022-07-04 11:20

...Dünyanın bir-birindən gözəl və əsrarəngiz yerləri, məkanları, ormanları, dağları, gölləri, çayları var. Təbiətin bu gözəllikləri həmişə insanları təəccübləndirib və maraqlandırıb. Hətta möhtəşəm şəlalələrə, başı qarlı uca dağlara, buz bulaqlara baxanda belə insan özünü qeyri-adi bir yerdə hiss edir. Qeyri-adi yer də odur ki, belə bənzərsiz və füsunkar məkanlar heç də hər yerdə olmur. Heç də təbiətin hər yeri gözəl və yaddaqalan deyil. Yaddaqalan odur ki, insan o yerə, o məkana ayaq basanda, üz tutanda gördüklərinə təəccüblənir və bunu Allahın möcüzəsi kimi görür...

Allahın yaratdığı belə möcüzələrdən biri də Kəlbəcərdi. O Kəlbəcər ki, buz bulaqları, başı qarlı dağları, ormanları, yaylaqları və güllü-çiçəkli məkanları ilə insanları həmişə   mat qoyub. Bir də görürsən ki, gün çıxır, hət tərəfə bir istilik səpələnir. Amma bir neçə dəqiqədən sonra göy üzünə qara buludlar gəlir, şimşək çaxır, bir yağış yağır ki, tut ucundan göyə çıx! Təzədən yağış yağır, gün çıxır və insanlar gün işığında bir rahatlıq tapırlar. Və yenidən göy üzünə bulud gəlir, yenidən yağış yağır və yenidən təbiət öz qeyri-adi üzünü göstərir...

Bu günlərdə əslən Qubadlıdan, daha doğrusu, Zəngəzurdan olan yaxın dostumuz və qardaşımız İlham Əliyev mənə Kəlbəcərin gözəl təbiətinin, güllərinin, çiçəklərinin, dağlarının, ormanlarının video görüntüsünü və şəkillərini göndərib. İlham müəllim iş adamıdır və Kəlbəcərdə də möhtəşəm layihələrin həyata keçməsində yaxından iştirak edir. Dostumuz və qardaşımız, bayaq dediyimiz kimi, Kəlbəcərin o əsrarəngiz gözəlliklərini telefonun yaddaşına çəkib və bizə ərməğan edib. Bütün görüntülər Kəlbəcərin Keşdək kəndində lentə alınıb.

İlham müəllim güllərdən, çiçəklərdən bir dəstə dərib qucağına alıb və o güllərin, çiçəklərin ətrini ciyərlərinə çəkir. Deyir ki, mən çox gözəlliklər görmüşəm, çox məkanlarda olmuşam, amma, vallah, Kəlbəcərdə olduğu kimi, qeyri-adi gözəlliklər görməmişəm. Bəlkə də dünyada Kəlbəcər qədər gözəl olan ikinci bir yer yoxdur. Güllərə, çiçəklərə baxın! Sanki cənnətdi! Bu güllərin, çiçəklərin hər birinin öz ətri, öz qoxusu, öz gözəlliyi var. Bu gözəlliyə baxanda mən özümü cənnətdə hiss edirəm. Daha doğrusu, Kəlbəcər elə cənnətdi. Sadəcə olaraq bu cənnəti ermənilər 30 il bundan əvvəl işğal eləmişdilər. Ali Baş Komandan,  prezident İlham Əliyev və Azərbaycan ordusunun gücü hesabına bu cənnətməkan erməni işğalından azad olundu.

Dostumuz İlham müəllim videoda danışarkən onu da deyir ki, bax burda çadır da qurublar, müəyyən şərait də yaradıblar, arıçılar arı saxlayırlar. Mən də bu arıçılara sifariş verdim ki, balları hazır olanda xəbər eləsinlər və gəlim o balı alım. Bal satanlar dedilər ki, 10-15 günə Allah qoysa, balımız hazır olacaq! Onda görün bu balın dadı və tamı nə deməkdir. Hər güldən, çiçəkdən şirə çəkən arılar doğurdan da bu cənnətməkanda insanlara elə bir qeyri-adi şirinlik bəxş edirlər ki, onu sözlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, Kəlbəcərin balı həmişə dadı ilə, tamı ilə fərqlənib. Yəni ondan səhərlər bir qaşıq yesən, bütün dərdlərin dərmanıdır.

Videodakı başqa bir görüntü isə «İstisu» ilə bağlıdır. Dünyada analoqu olmayan bu «İstisu» indi şükürlər olsun ki, bizim ixtiyarımızdadır. Cənab Prezidentin sərəncamı ilə dünya standartlarına cavab verən «İstisu» Sanatoriyası yenidən inşa edilir. Bir vaxtlar Çexoslovakiyadakı «Korlovıvarı» suyunu çox tərifləyirdilər. Amma bizimkilər gedib o suyu içəndən sonra dedilər ki, həmin su «İstisu»yun  yanında boş şeydir. Və «İstisu»yun yerini  dünyada heç bir mineral su mənbəyi verə bilməz...

...Görüntülərə və şəkilə baxandan sonra İlham müəllimə telefon açdım və dedim qardaş, sən cənnəti gözünlə görürsən və cənnətdəsən. O da dedi ki, həqiqətən də bu meşələr, bu dağlar, bu düzlər, bu çiçəklər, bu güllər cənnətə bənzəyir. Elə mən də cənnətin içindəyəm. Bir tərəfdə uca dağlar, bir tərəfdə meşələr, bir tərəfdə də güllər, çiçəklər... Adam buraları gəzməkdən doymur. Hətta gecələr Kəlbəcərin havası o qədər gözəl olur ki, özümü çox rahat hiss edirəm.

Bu gülləri, bu çiçəkləri mən ancaq İlham müəllimin göndərdiyi videoda və şəkillərdə görürəm. İstəyirəm ki, İlham müəllim kimi o gülləri, çiçəkləri dərib bağrıma basım və ətrini, qoxusunu hiss edim. Amma bunu eləmək mümkün deyil. Eləmək mümkündü ey, gərək onda gedəsən Kəlbəcərə. Yadıma xalq şairi Vahid Əzizin  iki misrası düşür:

 

Çiçəkləri öpdüyümü küləklər,

Qaçıb yara bildirməsə yaxşıdı...

 

İlham müəllim, o çiçəkləri nə qədər istəyirsən bağrına bas, öp, əzizlə, küləklər qaçıb yara desə də, o səni qısqanmayacaq, sevinəcək ki, sən Kəlbəcərin güllərini, çiçəklərini bağrına basmısan, ətrini, qoxusunu ciyərinə çəkmisən. Doğurdan da sən cənnəti gözünlə gördün! Allah həmişə belə anları, belə saatları, belə günləri sənə tez-tez bəxş eləsin və belə anları, belə saatları bütün kəlbəcərlilərə və bizə də qismət eləsin!...

  • Avqust:
  • 6

TƏQVİM / ARXİV