"Nicat və ailəsinin şiddətinə məruz qaldım, körpəmi bətnimdə itirdim" - Xanımından ağır ittihamlar
Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib.
Adalet.az xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra isə kişinin arxa oturacaqda əyləşən qadına qarşı fiziki şiddət göstərdiyi görünür. Ən həssas məqamlardan biri isə həmin an azyaşlı övladının ananın qucağında olmasıdır.
Sözügedən paylaşım sosial şəbəkələrdə sürətlə yayılaraq ciddi rezonans doğurub. 3,5 milyon izləyicisi olan, azyaşlılara rəqs dərsləri keçdiyini reklam edən Nicat Azadlının zorakı hərəkətləri valideynlərdə suallar yaradıb.
Qadının iddiasına əsasən, o, ikinci dəfə hamiləlik dövründə şiddətə məruz qalıb və nəticədə uşağı tələf olub: “Hər kəsin yaxşı tanıdığı Nicat Azadlı öz ailəsinə qarşı niyə yaxşı olmadı? Hamının vicdanlı bildiyi rəqqas öz uşağına şiddət göstərərək dünyaya gəlməyinin qarşısını aldı və onu öldürdü. Vəhşicəsinə hər gün məni döyürdü, bunu istəyənlərdən biri isə atası idi. Bütün verdiyi zülmlərə hər kəs susdu”.
Ana əlavə edib ki, sübutlarla hüquq-mühafizə orqanlarına müraciətindən sonra qarşı tərəf 1500 AZN cərimə olunub.
“Məni qınayanlar bilmir ki, hər kəs evində bayram edəndə o mənim övladımı bətnimdə öldürdü. Digər oğlumun gözü qarşısında məni saçımdan tutub sürüyürdü. Uşaq dəfələrlə travma alıb. Nicatın ailəsi də dəfələrlə məni təhqir edərək şiddət göstərib. Xahiş edirəm, mənim və oğlumun yaşadığı bu qorxunc hadisələrə susmayın!”.
Qadın, həmçinin bildirib ki, ərinin göstərdiyi şiddətlərdən biri də onun dırnağını çıxarması olub. Zərərçəkmiş olduğunu iddia edən şəxs buna dair fotolar da paylaşıb.
Yayılmış məlumatlarla bağlı Nicat Azadlı “Qafqazinfo”ya açıqlamasında iddiaları əsassız adlandırıb: “Ölüm iddiaları - hamısı yalandır. Ailə daxilində problemlər olub, buna görə də biz artıq bir ilə yaxındır boşanmışıq. Aliment də ödəyirəm. O mənə deyirdi ki, “pul verməsən, hər şeyi paylaşacağam”. Dırnaq paylaşımı da yalandır. Mənə əvvəldən demişdi ki, “hamısını yığıram, paylaşacağam. Cəmiyyət onsuz da qadına inanır, kişiyə yox. Hamısı şantajdır, pul verdiyim müddətdə heç nə paylaşmırdı, 1700 manat verdim. Bundan sonra 5 min də istədi, verə bilmədim deyə istədiyi paylaşımı etdi.
Uşaq ölümü də mümkün deyil, o hadisələr olmayıb. Videoda isə mənə lazımsız sözlər deyirdi və orada bəzi hissələr kəsilib. Bunu ona görə edirdi ki, məni nüfuzdan salsın. Məsələ ilə bağlı polisə müraciət edəcəyəm”.
***
Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, sözügedən hadisə cari ilin yanvarın 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib: “Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb. Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib”.


Bakı -°C

