adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Əlindən gələni beş qaba çək!

FAİQ QİSMƏTOĞLU
536 | 2022-08-19 12:03

50 saylı marşrutda hərəkət edən 90 HS 679 nömrəli avtobusun sürücüsü yol hərəkəti qaydasını kobud surətdə pozur

Son günlər metronun «Neftçilər» stansiyasından Yeni Günəşli yaşayış sahəsinə hərəkət edən 50 nömrəli marşrutda özbaşınalıq baş alıb gedir. Belə ki, həmin marşrutda yeni işə qəbul olunmuş bir neçə gənc sürücü yol hərəkəti qaydasını tez-tez kobud surətdə pozur, digər sürücülərlə ötüşür, mobil telefonla danışır və hətta sükan arxasında siqaret də çəkirlər. Biz bu barədə bir neçə dəfə öz tənqidi fikirlərimizi səsləndirmişik. 

Avqustun 18-də saat 12 radələrində 50 nömrəli marşrutda hərəkət edən  90 HS 679 nömrəli avtobusun sürücüsü metronun «Neftçilər» stansiyasına çatmağa az qalmış digər bir avtobusla ötüşməyə başladı. O, bunu keçirdi, bu da onu. Axırda o biri avtobus 50 nömrəli avtobusu arxada qoyub dayanacağa çatdı. 50 nömrəli avtobusdakı sərnişinlər 90 HS 679 nömrəli avtobusun sürücüsünə «Niyə başqa avtobusla ötüşüb bizim həyatımızı təhlükə qarşısına qoyursunuz?» sualına sürücü etiraz elədi və bildirdi ki, mənə belə xoşdur. Gedin, işinizlə məşğul olun. Hətta sərnişinlərdən biri sürücüyə dedi ki, sizdən şikayət edəcəm. Sürücü yenə söz altında qalmadı və bildirdi: «Gedin, əlinizdən gələni 5 qaba çəkin! Heç kim mənə bir şey edə bilməz».

Həmin səhnəni biz də seyr edirdik və sürücünün yol hərəkəti qaydasını kobud surətdə pozması ilə yanaşı, sərnişinlərlə də kobud davranışın da şahidi olduq. Bu sürücü özündən çox müştəbeh və arxayındır. Gec-tez qəza törədəcəyi qaçılmazdır. Ona görə də Bakı Şəhəri Nəqliyyat Agentliyi və eləcə də marşrutun sahibi bu intizamsız sürücü haqqında ciddi tədbir görməlidi. Əks təqdirdə qəzanın baş verməsi hər an ola bilər. Bizdən deməkdir, biz dedik və borcumuzdan çıxdıq. İndi iş qalır əlaqədar qurumların bu sürücü barəsində ciddi tədbir görməyinə...


 

TƏQVİM / ARXİV