adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

DAHİLİK MƏRTƏBƏSİNDƏN VİDA NƏĞMƏSİ

QƏZƏNFƏR PAŞAYEV
20140 | 2014-09-26 01:11
Azərbaycan prezidenti İlham Əliyevin dünya klassiklərinin və Nobel mükafatı laureatlarının əsərlərinin Azərbaycan dilinə tərcüməsi və çapı barədə tarixi sərəncamına əsasən Amerika yazıçısı, Nobel mükafatı laureatı Con Steynbekin seçilmiş əsərləri ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmişdir (Şərq-Qərb nəşriyyat evi, 2013, 888 səh.). Redaktor - Salam Sarvan, tərcüməçilər: Ülfət Kürçaylı və filologiya üzrə fəlsəfə doktoru Müşfiq Babayevdir. Ön sözün müəllifi professor Qəzənfər Paşayevdir.
Oxuculara maraqlı olacağını nəzərə alaraq prof. Q.Paşayevin ön sözünü təqdim edirik.
Dünya ədəbiyatına dəyərli töhfələr verən, adı fəxarətlə çəkilən ədiblərin sırasında ABŞ yazıçıları Mark Tven, Teodor Drayzer, Cek London, Vilyam Folkner, Ernest Heminquey də vardır. Onların əsərləri Azərbaycan dilinə tərcümə olunduğundan oxucular və tədqiqatçılar onları yaxşı tanıyırlar. Bu ədiblərdən ikisi - V.Folkner (1949) və E.Heminquey (1954) Nobel mükafatı laureatlarıdır. Təəssüf ki, ABŞ-ın başqa Nobel mükafatı laureatları Elton Sinkler (1930), O:::Neil (1936), Perl Bak (1938) və Con Steynbekin (1962) yaradıcılığı barədə indiyə qədər Azərbaycanlı oxucuların məlumatı demək olar ki, yox dərəcəsində olub. Bu kitabla Azərbaycanlı oxucular XX əsr ABŞ ədəbiyyatının ən görkəmli simalarından biri, Nobel mükafatı laureatı Con Steynbekin (1902-1968) yaradıcılığı ilə də tanış olmaq imkanı qazanmışlar. Hələ uşaqlıqdan bədii ədəbiyyata böyük maraq göstərən Con Steynbek, 1919-cu ildə ABŞ-ın məşhur Stenford Universitetinə daxil olsa da, ədəbiyyata aludəçilik universiteti tərk etməsinə gətirib çıxarmışdı. Conun ixtisasca müəllimə olan anası Oliviya Hamilton oğlu haqqında demişdi: "O, ya dahi, ya da avara olacaq".
Anasının ilk fikri doğru çıxdı.Con Steynbek iradəsi, istedadı, inadkar çalışqanlığı və zəhməti sayəsində dahilik mərtəbəsinə yüksəldi.
Con Steynbek Amerika və dünya ədəbiyatına, bir çox dillərə tərcümə edilmiş iki möhtəşəm əsər - "Qəzəb salxımı" və "Həyəcanlarımızın qışı" romanlarını bəxş etmişdir. O, Nobel mükafatına oxuculara təqdim olunan "Həyəcanlarımızın qışı" romanına görə layiq görülüb, həmçinin İsveç Akademiyasının qərarında yazıçının "Qəzəb salxımı" və "Çarli ilə səyahət" əsərləri də yüksək qiymətləndirilib.
ABŞ ədəbiyyatında epoxa olan Con Steynbekin adı çəkilən iki romanının orijinaldan Azərbaycan dilinə tərcümə olunması Azərbaycan - ABŞ ədəbi əlaqələri yolunda atılan mühüm addımdır. Güman edirik ki, gələcəkdə görkəmli yazıçının "Qızıl piyalə" (1929), "Gözəgörünməz Allaha doğru" (1931), "Lacivərd örüş" (1933), "Tortilla Flət" (1935), "Siçanlar və insanlar haqqında" (1937), "Tükənməz vadi" (1938), "Konserv sırası" (1944), "Mirvari" (1945), "Azmış avtobus" (1947) kimi povest və romanları da Azərbaycan dilinə tərcümə edilərək oxucuların ixtiyarına veriləcək.
Yazıçının yaradıcılığının birinci mərhələsini təşkil edən "Qəzəb salxımı" romanında xalq taleyi və "orta amerikalı" kimi problemlər gündəmə gətirilir.
"Həyəcanlarımızın qışı" romanında isə yazıçı bütövlükdə Amerika nəsri üçün səciyyəvi olan mühit və şəxsiyyət probleminin tərkib hissəsi olan - "Amerika həyat tərzi" məsələsini qələmə alır. Tədqiqatçıların qənaətinə görə Con Steynbekin bu əsərləri Amerika reallıqlarını əks etdirən, dağıdıcı təsir gücünə malik bir ibrət güzgüsüdür. Yazıçının "Qəzəb salxımı" əsəri ABŞ-da kənd təsərrüfatında islahatların zəruriliyini ortaya qoymuş, çoxlarını bu barədə düşünməyə vadar etmişdi. Bu romanda yazıçı iş tapmaq ümidilə bir yerdən başqa yerə köç edən, aclıq, səfalət və işsizlikdən əziyyət çəkən insanların iztirablı taleyini, faciəsini ürək ağrısı ilə qələmə alaraq bəşəri fəlakət kimi təsvir etmişdir. Şübhəsiz, buna görədir ki, XX əsrin realist roman ənənələrinin 30-cu illərdəki ən mühüm əsərləri sırasında Con Steynbekin "Qəzəb salxımı" romanı xüsusi yer tutur. Bu, o dövr idi ki, iqtisadi böhran dünyanı çulğamışdı. İctimai-siyasi düşüncədə də, mənəviyyatda da tənəzzül hökm sürürdü. Cəmiyyətin ədəbiyyata marağı sürətlə azalmış, mühitdə ədəbi bir laqeydlik yer almışdı. Görkəmli Amerika yazıçısı V.Houels həmin illəri xatırlayaraq kədər və təəssüflə yazırdı ki, Amerikada ədəbiyyatla məşğul olmaq ciddi iş sayılmırdı. Bu iş heç kimi maraqlandırmırdı ki, bu faydalıdır, yoxsa yox. Biz ədəbiyyatçılar özümüzü elə göstərirdik ki, guya biz də nəyəsə lazımıq, fəqət nə böyüklərin, nə də uşaqların bizə ehtiyacı yox idi. Ədəbiyyat onlar üçün dözülməli, lakin məşğul olmaq baxımından yararsız bir əyləncə idi. Yəqin buna görədir ki, Con Steynbekin "Qəzəb salxımı" o zaman yazılsa da, yalnız 1939-cu ildə işıq üzü gördü, həm də kitabın ikinci işlənmiş variantı. Kitabın ikinci variantını bitirəndə yazıçı xüsusi vurğulayırdı ki, bu kitabı başqa kitablar yazılan kimi yazmayıb, həyatda necə varsa eləcə, bəzək-düzəksiz yazıb.
Con Steynbekin həyat həqiqətlərinə sədaqəti, "orta amerikalı"nın faciəli taleyini tam çılpaqlığı ilə açıb göstərməsi, kapitalizmin dayaqları olan bankirləri, sindikatları, sahibkar elitanı qəzəbləndirmişdi. Ölkənin ictimai-siyasi həyatında hadisə olan əsərin yayılmasına qadağa qoyulmuşdu. Bununla belə, "Qəzəb salxımı" öz işini görürdü. Əl-əl gəzən əsər xalqın içərisində üzüm salxımı təki tədricən yetişir, qəzəbin necə ətə, şirəyə-zəhərə döndüyünü əks etdirirdi.
"Həyəcanlarımızın qışı" isə bütövlükdə Amerikaya, onun faciələrinə, orta amerikalının həyat tərzinə, onun yaşamaq uğrunda aramsız və amansız mübarizəsinə həsr olunmuş sosial-fəlsəfi romandır.
Fəlsəfi-psixoloji tutumuna görə XX əsr Amerika romanının mükəmməl nümunəsi olan "Həyəcanlarımızın qışı" insan, zaman, cəmiyyət və dünya haqqında yazıçının fəlsəfi düşüncələrinin nəticəsidir. Bu problemlər, ümumiyyətlə, Con Steynbek yaradıcılığının ana xəttini təşkil edir. Bunu yazıçının 1962-ci ildə Nobel mükafatı təqdimatı mərasimindəki tarixi nitqindən də görmək olur:
"Böyük günahlarımızı və dərdlərimizi açıb göstərmək yazıçının borcudur. Yazıçı bunun üçün məsuliyyət daşıyır. Bundan başqa, yazıçıya insan gücünü, onun qəlbinin və ruhunun böyüklüyünü - puç olmuş arzu və ümidlərini, cəsarət, mərhəmət və sevgi uğrundakı fədakarlığını göstərmək və vəsf etmək haqqı verilmişdir".
Maraqlıdır ki, Con Steynbek yaradıcılığında Şərq fəlsəfəsi və sufilik əsas yerlərdən birini tutur. Bu, səbəbsiz deyildir. Riçard Astro qeyd edir ki, Con Steynbek hələ 1930-cu illərdə, "Lacivərd örüşü" hekayələrini yazdığı vaxtlarda Şərq və Asiya dinləri ilə ciddi şəkildə maraqlanmağa başlamışdı.
Bu isə qədim yunanların "Günəş Şərqdən doğur" və ya "İşıq Şərqdən gəlir" kəlamının doğruluğuna dəlalət edir. Deməli, bu işıq Con Steynbekin də qəlbini nurlandırmış, ona dünya şöhrəti gətirən "Həyəcanlarımızın qışı" və "Qəzəb salxımı" kimi möhtəşəm əsərlərini yazmaqda yardımçı olmuşdur.
Con Steynbekin bu romanlarını Azərbaycan ədiblərindən İsmayıl Şıxlı, Anar, Elçin, Əkrəm Əylisli və başqalarının əsərləri ilə müqayisə etdikdə nə qədər oxşar süjet və paralellərin üzə çıxdığının şahidi oluruq.
Con Steynbek ABŞ və dünya ədəbiyyatı tarixinə iki zirvəyə bənzər "Qəzəb salxımı" və "Həyəcanlarımızın qışı" romanları ilə daxil olmuşdur. Bu iki əsər təkcə Steynbek yaradıcılığının deyil, ümumiyyətlə, ABŞ nəsrinin nadir incilərindəndir. Tədqiqatçılar göstərirlər ki, Con Steynbek XX əsrin 60-cı illərinə qədər yazdığı əsərlərinin heç birində "Qəzəb salxımı" səviyyəsinə qalxa bilməmişdir. Lakin yazıçı 1961-ci ildə çap etdirdiyi "Həyəcanlarımızın qışı" əsəri ilə o vaxta qədər yüksələ bilmədiyi zirvəyə yüksəldi. Bu zirvə dünyanın hər yanından göründü və cəmisi bir il sonra Nobel mükafatına layiq görüldü.
"Həyəcanlarımızın qışı", az sonra dünyasını dəyişən yazıçının Amerika və dünya ədəbiyyatında son sözü, vida nəğməsi idi.
8.06.2012

TƏQVİM / ARXİV