adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7

TƏRCÜMƏÇİNİN MÜQƏDDİMƏSİ

QƏZƏNFƏR PAŞAYEV
22135 | 2015-02-12 08:49
Hörmətli redaktor,
Məlumdur ki, epik yaddaşımız, düşüncə qaynağımız, yazılı və şifahi ədəbiyyatımızın başlanğıcı "Kitabi-Dədə Qorqud" elm aləminə 1815-ci ildən bəlli olmuşdur. Həmin ildə alman alimi Fridrix fon Dits "Dədə Qorqud" dastanını aşkara çıxarmış və "Basatın Təpəgözü oldürdüyü boy"u alman dilinə çevirərək çap etdirmişdir.
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Kitabi-Dədə Qurqud" və Fridrix fon Dits - 200" beynəlxalq kollokviumu keçirilib. Azərbaycan alimləri ilə bərabər, Türkiyə, Qazaxıstan, Rusiya, İtaliya, Gürcüstan, Latviya və Almaniyadan məşhur qorqudşünasların, türkoloqların, nəşriyyat rəhbərlərinin iştirak etdiyi tədbirə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev rəhbərlik etmişdir.
Tədbirdə "Kitabi-Dədə Qorqud"un yayılma arealı, xarici dillərə tərcüməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.
İki yüz ildir ki, dünya alimlərinin diqqət mərkəzində olan "Kitabi-Dədə Qorqud" bir çox dillərə tərcümə olunmuş, tarixçilərin, etnoqrafların, filosofların, folklorşünasların, xüsusən də dilçilərin tədqiqat obyektinə çevrilmişdir. Bu ölməz abidəyə İraqda da böyük maraq vardır. Əsər ərəb dilinə tərcümə edilərək "Hekayət Dədə Qorqud" adı altında çap edilmişdir (Bağdad, 2007, 264 s.). Kitaba ön sözü ədəbiyyatımızın böyük dostu Dr. Əbdüllətif Bəndəroğlu yazmışdır. Əsəri ərəb dilinə İraqda və Türkiyədə tərcüməçi, tədqiqatçı, eləcə də yazıçı kimi tanınan Cəlal Polad çevirmiş, ona çox maraqlı və geniş giriş məqaləsi yazmış, indiyə qədər aparılmış tədqiqatlardan və abidənin dünya şöhrətindən söz açmışdır.
Şükranlıqla Cəlal Poladın elmi xarakterli maraqlı məqaləsini oxucu və tədqiqatçılara təqdim edirik.

Dədə Qorqud dastanları ilk dəfə olaraq XIX əsrin əvvəllərində, dastanın sonradan Drezden nüsxəsi kimi tanınan ilk əlyazma nüsxəsinin aşkar edilməsi ilə elm aləminə məlum olmuşdur. Bir çox şərqşünaslar və tədqiqatçılar Oğuz tayfalarının həyatını, onların qonşu qövmlər və xanlıqlarla mübarizələrini təsvir edən bu qəhrəmanlıq dastanlarının araşdırılmasına böyük səy göstərmiş, bu sahədə cidd-cəhdlə çalışmışlar. Hal-hazırda da Dədə Qorqud dastanları bir çox araşdırma və təd qiqatların əsas mövzu və qaynağına çevrilmişdir. Dastanın mövzusu ətrafında bir tərəfdən zərurət qarşısında, digər tərəfdən isə mövzu ilə bağlı tədqiqatlarda keçmiş araşdırmaların kifayət etməməsi səbəbindən yeni tədqiqatlar davamlı olaraq bir-birini əvəz etmişdir.
Dədə Qorqud dastanları türk dilinin araşdırılmasında bitib-tükənməz bir mənbə sayıldığı kimi, türk ədəbiyyatı xəzinəsində də ən yaxşı və nəzəri daha çox cəlb edən əsərlərdən olması ilə yanaşı, dastanın yarandığı müəyyən tarixi mərhələ ilə bağlı dəyərli tədqiqatların meydana gəlməsinə də səbəb olmuşdur. Araşdırmaların məlum məqsədi dastanın yaranma tarixini və dastanın müəllifi olan Dədə Qorqudun həyatı ilə bağlı olan məqamları müəyyən etmək olmuşdur.
"Kitabi-Dədə Qorqud" ilk dəfə 1916-cı ildə Türkiyədə türkiyəli tədqiqatçı Kilisli Rifat tərəfindən həmin dövrdə istifadə olunan ərəb əlifbası ilə nəşr olunmuşdur. 1938-ci ildə türkiyəli tədqiqatçı Orxan Şaiq Gökyay dastanı ikinci dəfə nəşr etdirmişdir. Qeyd etmək lazımdır ki, hər iki kitabın nəşri dastanın orijinal əlyazma nüsxəsinə deyil, üzü köçürülmüş orijinal mətn nüsxəsinə əsaslanmışdır.
Dədə Qorqud dastanlarının iki əlyazma nüsxəsi mövcuddur. Birinci əlyazma Drezden nüsxəsidir, ikinci isə Vatikan əlyazma nüsxəsidir. Vatikan nüsxəsi son dövrlərdə aşkar edilmişdir və 1950-ci ildən sonra elm aləminə məlum olmuşdur. Vatikan nüsxəsinin zəif olması və əlyazmanın naqis olması ətrafında formalaşan fikir birliyi səbəbindən türk dünyasında aparılan araşdırmaların əksəriyyəti Drezden əlyazma nüsxəsinin əsas nüsxə olması fikrinə əsaslanmışdır.
Dədə Qorqud dastanlarının bir əlyazma nüsxəsi Drezdendə Kral kitabxanasında alman tədqiqatçısı Fleytşer tərəfindən aşkar edilmişdir. Lakin onun həmvətəni tədqiqatçı Fon Dits əlyazmadan birinci olaraq istifadə etmiş və 1811-1815-ci illərdə Berlində kitabı ilk dəfə olaraq nəşr etdirmişdir. Dits atalar sözlərini tədqiq etmiş və öz tədqiqatını Dədə Qorqudun yaşadığı tarixi dövrün araşdırılmasına həsr etmişdir. Sonra o, dastanı axtarıb tapmış və Dədə Qorqudun şəxsiyyətini diqqətlə işıqlandırmış, "Təpəgöz" dastanını alman dilinə tərcümə edərək nəşr etdirmişdir. Dits Təpəgözlə Homerin "Odisseya" dastanındakı nəhəng Bolefmonun şəxsiyyəti arasında müqayisələr aparmışdır. O, Dədə Qorqud dastanının həcminin böyüklüyünə və geniş təfsilatına əsaslanaraq nəticədə belə bir qərara gəlmişdir ki, bu dastanın mövzusu Şərqdən götürülmüşdür və mənşəcə türk olmuşdur. Həmin dövrdə Dits tamamilə Drezden nüsxəsinə uyğun olan nüsxənin nəşrinə və Berlin kitabxanasında 203 saylı kataloq əsasında dəyişikliklərlə əlavələr etməyə səy göstərmişdir. XIX əsrin ikinci yarısında Teodor Noldeke Drezden əlyazma nüsxəsini araşdırmağı qərara almış və əlyazmanın üzünü köçürməyə başlamışdır. Lakin onun əlyazmada bəzi mühüm məqamları başa düşməməsi səbəbindən nəşr təxirə salınmışdır. Buna görə də rus şərqşünası Bartold Dədə Qorqud dastanları haqqında ilk əhəmiyyətli bir məqalə yazan şəxs hesab olunur. Bartold həmçinin "Dəli Domrul" dastanını rus dilinə tərcümə etmişdir. Bartold bütün bunlarla kifayətlənməmiş, əksinə Noldekin tamamlanmamış araşdırması ilə bağlı informasiya verərək onu şərh etmiş, A. Tumanskiyə istinadən həmin dövrdə türkmanlar və qafqazlılar arasında Dədə Qorqud haqqında danışılan dastanlarla bağlı dövri şəkildə yazmışdır.
Tumanski, öz növbəsində Dədə Qorqudun şəxsiyyəti ilə bağlı bir məqalə nəşr etdirmiş və Əbul-Qazi Bahadur Xanın "Şəcəreyi-tərakimə" kitabında qeyd olunan məlumatlardan faydalanmışdır. K. İnostrantsev isə, Dədə Qorqudun şəxsiyyətini araşdırmış, onun həqiqi, yaxud xəyali şəxsiyyət olduğuna işıq tutmuşdur. O, belə bir qənaətə gəlmişdir ki, ola bilər Dədə Qorqud miladi XII əsrin ortalarında Boz Oq tayfalarının əmiri olmuş Qorqud ibn Əbdülhəmidin özüdür.
Türkiyədə Dədə Qorqud dastanları ilə bağlı araşdırma və məqalələrin sayı artmağa başlamışdır. Xüsusilə 1916-cı ildə, Türkiyədə kitabın ilk nəşrindən sonra bu tədqiqatların əksəriyyəti Ditsin nəşr etdirdiyi nüsxəyə əsaslanmışdır. Orxan Şaiq Gökyayın və ondan sonra Əbdülqadir İnanın təqdim etdikləri tədqiqatlar isə əlyazma nüsxəsi və Dədə Qorqud şəxsiyyəti haqqında zəngin məlumat verir.
Orxan Şaiq Gökyay bir kitab nəşr etdirmiş və kitabın müqəddiməsində Dədə Qorqud və onun dastanları haqqında kifayət qədər yazıldığına və araşdırmalar aparıldığına işarə etmişdir. Kitaba yazılmış giriş 50-ci illərin əvvəllərində bu mövzu ilə bağlı əhatə etdiyi məlumat zənginliyi ilə fərqlənir. Bundan sonra Dr. Məhərrəm Erkinin daha çox akademik səviyyədə araşdırması diqqəti cəlb edir. O, bu araşdırma ilə doktorluq dərəcəsinə nail olmuşdur. Bu araşdırmada əlyazma və Dədə Qorqudun kimliyi ilə bağlı kifayət qədər tarixi mənbələrə müraciət olunmuş, bundan əlavə hər iki nüsxə nəşr olunmuş və onlar arasında müqayisələr aparılmış, əlyazmada istifadə olunmuş dil qrammatik baxımdan araşdırılmış, onun tədqiqatı Dədə Qorqud dastanlarında istifadə olunmuş ayrı-ayrı sözlərdən ibarət xüsusi lüğətin hazırlanması ilə başa çatmışdır.
1950-ci ildə Vatikan kitabxanasında qədim türk əlyazmaları arasında "Dədə Qorqud" kitabının başqa bir əlyazma nüsxəsi təsadüfən aşkar edilmişdir. Bu əlyazma nüsxəsi cəmi altı dastanı əhatə etməsi baxımından naqis hesab olunmuşdur. Drezden əlyazma nüsxəsi isə 12 dastandan ibarətdir. Bu əlyazma nüsxəsini italiyalı tədqiqatçı Attori Rossi aşkar etmiş və həmin dövrdə orijinal məlumatları əhatə edən bir məqalə ilə çıxış edərək əlyazmanı tanıtmışdır. Sonra o, Vatikan əlyazma nüsxəsi ilə Drezden əlyazma nüsxəsi arasında müqayisələr aparmış, hər iki əlyazma nüsxəsinin tərcüməsini 364 səhifəlik bir kitab halında nəşr etdirmiş, həmin kitabın 95 səhifəsi müqəddiməni əhatə etmişdir.
Dədə Qorqud haqqında məlumat verən ən qədim tarixi mənbə Elxani vəziri təbib Rəşidəddin əl-Həmədaninin müəllifi olduğu "Cami-ət-təvarix" kitabıdır. Kitabın "Oğuz türklərin tarixi və cahangirlik dastanları" (Tarixi-oğuzi-turkan və hekayəti-cəhangiri) adlı ayrıca fəsildə Qorqud haqqında mühüm məlumat verilmiş və onun dörd Oğuz əmirindən biri olduğu qeyd edilmişdir. Miladi XIV əsrin əvvəllərində farsca yazılmış həmin Oğuznamədə Oğuz xanlarının onuncu hakimi olan Qayı İnal xan zamanında Qorqudun ulduzunun parladığı bir dövr olduğu əsaslandırılır. O, həmin dövrdə müşavir işləmişdir. Qeyd etmək lazımdır ki, Qorqud həqiqətən də Qayi İnal xanın atası İnal Sər Yavkuy xanın dövründə hökm meydanında görünmüşdür. Və o, oğlunun taxta çıxması üçün atasına hiylə gəlmişdi. O, onuncu hakimdən başlamış on dördüncü hakimədək dörd hakim dövründə yaşamışdır, xanın müşaviri postunu tutmuşdur. Qara Xoca oğlu olan Dədə Qorqud Bayat qəbiləsinə mənsubdur. Bu qəbilə Oğuzların bir qrupudur. Rəşidəddin öz kitabında yazır: "Bu məlumatın söyləndiyi şəxs təsdiq edir ki, Qorqud gözəl nizamda və güclü məntiqdə tayı-bərabəri olmayan bir hakim idi. Bundan əlavə o, səxavətli bir vali olmuş, onun çoxlu dastanları vardır". Rəşidəddin öz kitabında onun dastanları haqqında geniş məlumatlar verməyi gərəkli hesab etsə də, təəssüf ki, bunu etmir. Bu hakimin oğluna ad seçən Qorqud onu Tuman adlandırır və o, Kul Erkini Tumana naib seçir. Sonra Kul Erkinin qızı ilə evlənir. Onlar yeni doğulan oğlanlarına Qanlı Yavkuy adını qoyurlar. Oğuz əmirlərinin fikir birliyi ilə o, Tumanın hakimiyyətdən uzaqlaşdırılmasında iştirak edir, oğlu Qanlı Yavkuy atasına varis təyin edilir. Həmədani təsdiq edir ki, Qorqud Qayı İnal xan dövründə müşavir mənsəbini tutduğu zaman Məhəmməd Peyğəmbərlə (s) görüşmüş, Qayi İnal xan İslamı qəbul etmişdir. Bütün bu hadisələrin cərəyan etdiyi coğrafi ərazi İssık gölünün qərbi və Sırdərya çayının şimalında yerləşirdi.
Qeyd etmək lazımdır ki, fars dilində yazılmış bu Oğuznamədə Dədə Qorqudun şəxsiyyəti haqqında göstərilən xüsusiyyətlər (Hakim olmuş, çox xeyirli işlər görmüş, Oğuz xanlarının yanında müşavir olmuş, Məhəmməd Peyğəmbərin (s) zamanında yaşamış, Bayat qəbiləsinə mənsub olmuş, yeni doğulan uşaqlara ad vermiş, gözəl kəlamlar qoşmuş) "Dədə Qorqud" dastanının əlyazmasında onun haqqında göstərilən keyfiyyətlərin eynidir.
Misirli müəllif Əbu Bəkr ibn Aybək əd-Dəvadari Şah Nasir Məhəmməd ibn Qılavuna hədiyyə etdiyi və miladi 1310-cu ildə baş vermiş tarixi hadisələrə həsr olunmuş "Durəru-t-ticən" (Tacların inciləri) kitabında 1229-cu ilin mənzərəsinə də toxunur və kitabın müqəddiməsində Çingiz xandan söhbət açır, "Oğuznamə"yə gedib çıxır və "Təpəgöz" dastanının əhəmiyyəti ilə bağlı məlumatlar verir.
İbn Aybəkin yazır ki, bu kitab Oğuzların meydana gəlməsini və həyatlarının ilk dövrünü özündə əks etdirir. Buradakı məlumatlar Elxan əl-Azımın (Beytəcki) kitabından iqtibas olunmuşdur). Bu, moğol və qıpçaqlardan ibarət ən qədim türklərdən fəxarətlə danışan bir kitabdır. Oğuzlarda mövcud olan Oğuznamə əldən-ələ keçmiş və onların meydana gəlməsinin ilk dövrünü əhatə edir. Burada ilk xanların adları qeyd olunmuş, onların ilk babasının Oğuz olduğu göstərilmişdir. Burada nəhəng bir varlıq olan Təpəgözün adı çəkilir və deyilir ki, bu, çox bədheybət bir məxluq olub alnının ortasında yalnız bir gözü vardır. Onun anası su pərisidir, onun bədəninə qılınc və ox batmır. Onun büründüyü xirqə on üç qoyun dərisindən hazırlanıb. Sonrakı nəsillər bu məşhur dastanı müxtəlif formalarda danışırlar, müdrik bəsirət sahibləri bu dastanı yadında saxlayır, rəvayət edir, sazla onu ifa edirlər. Oğuz yurdunda peyda olan bu nəhəng onların yurdunu viran qoyur, bir çox igidləri şəhid edir. Nəhayət, türklər arasında at çapması, qılınc oynatması, ox atması ilə şücaət göstərən Basat Aruz oğlu adlı bir igid həmin nəhəng məxluqu öldürür.. O, son söz olaraq deyir: Bu müqəddiməni xüsusi olaraq türkün vəziyyəti ilə tanış olan hər kəsin oxuması üçün yazdım.
İbn Aybək həmin dövrdə Oğuznamənin bir nüsxəsi haqqında məlumat vermişdir. Belə ki, kitabda kiçik bir ziddiyyətlə haqqında danışılan "Təpəgöz" dastanı ilə bağlı olaraq ola bilər ki, kitab Basat ilə Beyrək yaxud Qanturalının kimliyi arasında qarışıqlığa yol vermişdir.
Dədə Qorqud, Bayandur xan, Salur Qazanın adlarının qeyd olunduğu və dastanda cərəyan edən bəzi hadisələrdən söhbət açılan üçüncü mənbə miladi XIV əsrdə Əmir Süleyman ibn Sultan Osmanlı Bayazid dövründə yazılmış "Səlcuqnamə" kitabıdır. Kitabın sonrakı fəslində "Kitabi-Dədə Qorqud"un müqəddiməsində mövcud olan hikmətli kəlamlara bənzər bəzi atalar sözləri və hikmətli kəlamlar verilmişdir. Bu da nəzəri cəlb edir ki, bu kitabda qeyd olunan adlar "Kitabi-Dədə Qorqud"da mövcud deyil. Buradan da belə bir fikir yaranır ki, "Səlcuqnamə" müəllifi ola bilər, "Kitabi-Dədə Qorqud"un daha geniş və əhatəli nüsxəsi haqqında məlumat vermişdir və bu əlyazma nüsxələri də bizim əlimizə gəlib çatmışdır (Drezden və Vatikan əlyazma nüsxələri).
(Ardı var)


TƏQVİM / ARXİV