adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7

UNUDULMAğA ÜZ TUTAN JANRLAR VƏ UNUDULMAZ ŞAİR HÜSEYN KÜRDOğLU

QƏZƏNFƏR PAŞAYEV
15941 | 2015-02-06 01:37
Sevimli şairimiz Hüseyn Kürdoğlunun çox sayda həcvləri, satirik və yumoristik şeirləri vardır. Təəssüf ki, onlar nə çap olunub, nə də tədqiqata cəlb edilib. Şairin yaradıcılığına dair kitab yazmağa başlayanda məlum oldu ki, arxivində rəngi saralmış vərəqlərdə onlarla həcvləri, satirik və yumoristik şeirləri vardır. Həcvlərdən danışarkən deməliyik ki, həcv müəllifi hər hansı bir şəxsin yaramaz hərəkətlərini təsvir və tənqid edərək, ona kin və küdurətini bildirir. Onlarda şəxsi motivlər üstün olduğundan ictimai əhəmiyyəti az olur. Odur ki, bir çox şairlər realist satiranı bu cür həcvlərə qarşı qoyaraq, şeirdə ictimai məzmunu, həyatiliyi, xəlqiliyi qüvvətləndirməyə can atmışlar. Azərbaycan şairlərindən Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Asi, Müznib və başqaları həcv yazsalar da, bu janr öz yerini realist satira və yumora vermişdir. Bu, Hüseyn Kürdoğlu yaradıcılığında da belədir. Lakin aydınca görünən bir məsələ də vardır. Kürdoğlunun həcvləri satira və yumorun qovşağında yer alıb.
Şair ilk satirik şeirini 1957-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Universitetinin tələbələri Şəmkir rayonunun Qaracəmirli kəndində pambıq yığımında olarkən yazmışdır. "Dönərmiş" adlanan şeirin üç bəndini oxuculara təqdim edirəm:

Neçə gündür qonağıyıq Şəmkirin,
Ömür yolu bu mahala dönərmiş.
Qara geymiş ağ pambığın əlindən
Yaşamaq da bir zavala dönərmiş.

Ağ pambığı kim gətirdi bu kəndə,
Yerə girsin əkdirən də, əkən də.
Nahar vaxtı saat dördə çəkəndə
Ac qarnımız tar-qavala dönərmiş.

Boynumuza bir ağ torba salmışıq,
Elmi qoyub, pambıq yığan olmuşuq.
Aman allah, gör nə günə qalmışıq?!
Bayramov* da ağsaqqala dönərmiş.

Elə o vaxtdan şair ömrünün sonuna kimi həcvlər, satirik və yumoristik şeirlər yazmışdır.
Şairin həcv və satirik şeirlərində insanı məhv yox, islah etmək bir problem kimi ortaya qoyulur. Şair özündən razı, özünü öyən adamları ifşa edərək yazırdı:

Qabarmayın köpük kimi,
Yellənməyin yelpik kimi.
Sizi qara qəpik kimi
Ataram tozun içinə.

Şairin həcvləri, satirik və yumoristik şeirləri aşıq poeziyası kimi axıcıdır, mənalıdır, hikmətlidir:

Hələ ki, hindəsiniz, ay cücələr, ay beçələr,
Caynağımdan hələ də ağrı çəkir bir neçələr.
Bir qızılquş şığıyar, sizləri vallah heç elər,
Baş əyin, tövbə deyin, bəlkə qüsurdan keçələr.

və ya:

Xəyyam özü meyxanadan parlamış,
Meyxanalar dahilər aşkarlamış.
Ustadımız zəng edib ismarlamış,
Mehman olaq seyyidi-şeydayə biz,
Üz tuturuq indi Buzovnayə biz.
Yazda Buzovnanı qızıl gül bəzər,
Zurna çalan ağcaqanaddan həzər

və s.
Şairin yaradıcılığında vədinə xilaf çıxanlar, söz verib sözünün üstündə durmayanlar, yalançılar tənqid atəşinə tutulur. Bu baxımdan televizor ustası, şairin dostu, eloğlusu Bəşirə yazdığı "Ay Bəşir" şeiri deyilənləri təsdiqləyir:

Neçə şeir yazdım, gəlib çıxmadın,
Çəkilməz dərd imiş nazın, ay Bəşir!
İranda bu qədər yalan danışsan,
Dönüb qış olardı yazın, ay Bəşir!

Dünən dediklərin gəlmir huşuna,
Xarab televizor qoyub qarşına,
Boşalt, çanağını keçirt başına,
Örtülsün tac ilə dazın, ay Bəşir!

Məclis qurulanda məzəylə, meylə,
Dəmlənib, çəmlənib gedirsən göylə.
Tüpür bu sənətə, aşıqlıq eylə,
Döşündən düşməsin sazın, ay Bəşir!

Nəzir qoy ağlına ocaqda, pirdə,
Özünü suya çək Arazda, Kürdə.
Şair Kürdoğlunu aldatma bir də,
Daha bəd yazılar yazın, ay Bəşir!

Şairin satira və yumorunun hədəfi bəzən indi görkəmli alimlər olan professorlar Şirindil Alışanov (şairin kiçik qardaşı), dostu Rəhim Əliyev, şairi müalicə edən həkim dostu Köçəri olub. Əslində onların "tarixə" düşmələrinin səbəbi özləri olublar.Onlar birləşib şairə ünvanlanan satirik və yumoristik şeirlər yazıblar. Hüseyn Kürdoğlu da cavablarını artıqlaması ilə verib. Onlar şairə "sataşmaqla" tarixi bir həqiqəti unudublarmış. Unudublarmış ki, şaha, şirə, şairə toxunmaq olmaz. Şah nəslinin kökünü kəsər, şir səni parçalayar, şair isə ömürlük səni bədnam edər. Şairin "Üç dost" şeirində olduğu kimi:

Nizko coşur: Mən azəri türküyəm,
Xilaskarım, pənahımdır Türkiyəm.
Düşmənləri yonub tökən kərkiyəm,
Bax belədir yurdumuzun üç əri:
Nizko, Şirko, bir də həkim Köçəri.

Sakitləşib fəlsəfəyə keçillər,
Yenə araq gətirdillər, içillər.
Yamanları alaq kimi biçillər
Nizko söyür çox lotunu, ləçəri,
Çəpik çalır Şirko ilə Köçəri.

Şairin yaradıcılığında içkiyə aludə olanların tənqidi əhəmiyyətli yer tutur:

Ay həriflər, mənə nə, vedrə və ya camla için,
Qoşa dümbək də çalın, oynaşın, ilhamla için.
Küpünə girmiş ilə, ya ki, elə xamla için,
Savaşın, ya boğuşun, axırı ham-hamla için.

Şairin siyasi motivli həcvləri, hadisələrə vaxtında müdaxilə etməsi güclüdür. Burada eyni zamanda bəzi azərbaycanlı kişilərin keçmişdəki və bugünümüzdəki olayları, başımıza gətirilən müsibətləri unudaraq ermənilərlə işbirliyi qurması, erməni qadınlara meyl göstərməsi tənqid atəşinə tutulur. Bu baxımdan "Haykanuşun sərgüzəşti", "Haykanuşun ilk məktubu" və "Arağı" səciyyəvidir:

Kim bilir Haykanuşun keçmişiniğ - Heç bir kəs.
Bəlkə də xarici bir radioda diktor imiş...
O viran qalmışını bəs niyə tərk etmiş axı,
Ermənistan ona da guya darısqal gor imiş.
Harsuna, axçiyə uyduq nə zamandan bəri biz,
Yetmiş illik bu məhəbbət gözümüzdə tor imiş.
Şairin "Haykanuşun ilk məktubu" şeiri də bu baxımdan ibrətamizdir:

Məşədi, Haykanuşun indi Qarabağda gəzir,
Baği-cənnət deyilən bir gözəl oymaqda gəzir.

Balaban nəğməsinə şən dığalar, axçiklər,
Yığışır, yallı gedir, kölgəli irmaqda gəzir...

Məşədi, Haykanuşundan nigaran olma dəxi,
Gün düşür üstünə haqdan, güvənir baxta, gəzir.

Şairin "Arağı" şeiri də ciddi bir məsələdən söz açır:

Qoruyun canuvuzu, içməyin İran arağı,
Öldürür indi müsəlmanı, müsəlman arağı.
Harsun övladına farsın qapısı mərhəmdir,
Gizlicə ağı qatıb, eylədilər qan arağı.

Kürdoğlunun bu satirik şeiri böyük həqiqətdən xəbər verir. Məlumdur ki, Sovet İttifaqı dağılandan sonra ermənilər İran vasitəsilə ölkəmizə ucuz qiymətə spirt və spirtli içkilər ötürürdülər. Məlum olmuşdur ki, həmin spirtli içkilər nəinki insanın sağlamlığı üçün təhlükəlidir, eləcə də övladsızlığa gətirib çıxarır. Qəribədir ki, onlar məkirli niyyətlərindən indinin özündə belə əl çəkmirlər. Talabian Oveys adlı İran vətəndaşı 27.491 ədəd spirtli içkilər üçün nəzərdə tutulmuş Azərbaycan markasını Biləsuvar Gömrük məntəqəsindən İrana keçirərkən tutulub (Bax: 525-ci qəzet, 10.01.15). İranda spirtli içkilər istehsal olunmur. Sual olunur, bəs bu markalar hara aparılırdı. Təbii ki, Ermənistana. Orada Azərbaycan markaları belə təhlükəli içkilərin üstünə vurularaq qaçaq yolla ölkəmizə göndəriləcəkdi.
Kürdoğlunun həcvləri və satirik motivli şeirlərinin əksəriyyəti haqsızlığa, dünyanı qana boyayanlara qarşı çevrilmişdir - desək, həqiqətdən uzaq olmaz:

Yeri, göyü qızıl qana çalxadır,
Yelsin kimi bu dünyanın alkaşı.
Araq nədir, şərab nədir, qan içir,
İndi mülki-Süleymanın alkaşı.
Adiləri ram eyləmək asandır,
Faciədir hər sultanın alkaşı

və s.

Şair hətta dördlüklərində də bu məsələyə toxunur:
Yaxşılar nə çəkir yaman əlindən,
Aman xainlərin, aman, əlindən.
Dünya nələr çəkdi alkaş Ayının
Qanı tarixlərə daman əlindən.

Şairin ermənilərlə bağlı dördlükləri də çox mətləblərdən söz açır, mənfur qonşuların iç üzünü açıb göstərir:

Yaxşıların dünyada baxtı yeyin olurmu?!
Yamanların kələfi düyün-düyün olurmu?!
Aqil, kamil bir adam varsa gedin, soruşun,
Erməni qafasında qurdsuz beyin olurmu?!

və s.

Şairin ikiüzlülərə, yaltaqlara qarşı, onların əməllərinə qarşı ünvanlanan dördlükləri də çoxdur:

Əyri danışırsan, düz görə-görə,
Ağıl kəsə-kəsə, göz görə-görə.
Bir çaylaq daşına dönəcək üzün,
Sürtük adamlara üz görə-görə.

Şairin dördlüklərində də zəmanədən şikayət, giley-güzar özünü qabarıq şəkildə göstərir:

Nifrəti, nifaqı kimlər qaynadır,
Tarixə daş atma, tarix aynadır.

Bizə at nallayıb, yüyən tutanlar
İndi yurdumuzda köhlən oynadır.

Şairin dördlüklərində nifaq salan, böhtanla məşğul olan, yolundan azan ermənilərin gördükləri əməllərə görə bir gün cavab alacaqları da göstərilir:

Baxsan hansı kitaba, baxsan hansı qanuna,
Erməni qeyrətsizi ləkə salıb namusa.
Özgələr qoltuğunda qanlar tökən qurumsaq,
Gərək daş-torpaq yeyə, laxta-laxta qan qusa.

Hüseyn Kürdoğlunun həcv, satira və yumor motivli qoşmaları da çoxdir. Şairin "Saymaram" və "Hamı fala baxdırır" qoşmaları həm sənətkarlıq, həm də hədəfə düz dəyməsi baxımından fərqlənir:

Heç kökdən düşmədi eşqimin sazı,
Yığdım kitablara dürrü, almazı.
Vecsiz qürrələnən adamsaymazı,
Ulaq belindəki çula saymaram.

Şairin "Hamı fala baxdırır" qoşmasında cəmiyyətdə baş verən anlaşılmazlıq, mövhumata, cəhalətə meyl kəskin satira atəşinə tutulur:

Aman Allah, gör nə günə qalmışıq,
Alim, şair gedir fala baxdırır.
Filosoflar falçılıqdan söz açır,
Eləsi var, kora, lala baxdırır.

Tələ qurub ayaq altı eşənlər,
El malını yeyib-yeyib şişənlər.
Baxtı dönüb uca taxtdan düşənlər
Fal açdırır, istiqbala baxdırır.

Yol uzundur dünyanın düz vaxtına,
Yalan çıxır hökmranlıq taxtına.
Ana var ki, itkin oğul baxtına,
Ana var ki, cah-calala baxdırır.

Şairin "gəraylı" üstündə yazılmış çox maraqlı hərbə-zorbaları da vardır. Hərbə-zorba qədimdən aşıq yaradıcılığında geniş yayılan şeir şəklidir.
Burada bir məqamı bilmək vacibdir. Keçmişdə bağlama deyişmələr ustad aşıqların arasında geniş yayılmışdı. Üstün gələn aşıq məğlub olanın sazını əlindən alarmış. Bağlama deyişmələr dörd mərhələdən ibarət olardı: dəvət, dəvət alan aşığın cavabı (bunlar da şeirlə olurdu) və qıfılbənd. Deyişmə zamanı aşıqlar şeir şəkillərinin əksəriyyətindən, xüsusən də hərbə-zorba, bağlama, gəraylı, ustadnamə, təcnis, qıfılbənd bağlamalardan istifadə edirdilər. Məclisə saz-söz biliciləri, ağsaqqallar hakimlik edərdilər. "Bağlama deyişmə"lərin hərbə-zorba mərhələsində bəzən aşıqlar coşar, təhqiramiz həcvlərə keçərdilər. Hakimlər buna imkan verməzdilər. Adətə görə aşıqlar təhqirdən qaçmalı, təhqiramiz həcvlərə yol verməməli idilər. Bütün görkəmli aşıqlar deyişiblər. Burada bir-iki misal verməyi münasib bildik:
Ləzgi Əhməd:

Sənin adın Dədə Qasım,
Yandıracam oda, Qasım.
Ləzgi Əhmədin əlindən
Gedəcəksən dada, Qasım.
Xəstə Qasım:
Əhməd belini dağa ver,
Gəl hirsinə qadağa ver.
Qurtarsan Xəstə Qasımdan,
Bir ye, beş sadağa ver.

Aşıq Ağacanla Hüseyn Bozalqanlının hərbə-zorbası da çox maraqlıdır:

Aşıq Ağacan:

Demədimmi çıxma dağlar başına,
Tupu olar, boran-qar olar onda.
Əl uzatma gözün görən yuvaya,
Gürzə olar, şahmar, mar olar onda.
Hüseyn Bozalqanlı:
İstəmirəm sənə dəyəm, dolaşam,
Bağırsam qulağın kar olar onda.
Əlindən alaram telli sazını,
Gen dünya başına dar olar onda.

Hüseyn Kürdoğlu da hərbə-zorba yazıb, lakin həddini aşmayıb:

Gədələr, eyibdir, eyib,
Cevizin ləpəsin yeyib,
Sizə də cür-cücə deyib
Yığaram qozun içinə.
Demişəm, deyirəm yenə,
Bir gəlin imana-dinə.
Qulaqlayıb sizi yenə,
Basaram buzun içinə.

Şair aşıq poeziyasının zirvəsi hesab olunan təcnis janrında da çoxlu şeirlər yazmışdır. Lakin bu janrda yumoristik şeir yazana ilk dəfədir rast gəlirəm. Akademik Ziya Bünyadovun 70 illiyinə həsr etdiyi "Ya Ziya" şeiri heyranedicidir. Şeir insanın qəlbinə yayın bürküsündə məlhəm olan bulaq suyu kimi yayılır:

Həm qılıncın, həm qələmin əsgəridir Ziyamız,
Gündə yazır, gündə baxır kitab-kitab yazıya.

Çoxdur bu gün qürrələnib alim deyən özünə,
Çoxsunu atmaq gərək biyabana, yazıya.

Cahil bilməz elm-ürfanın qiymətini, qədrini,
Nadan üçün nə fərqi var, ya qaranlıq, ya ziya.

Dürdanələr həvəsiylə söz bəhrinə baş vuran,
Kamil qəvvas dedikləri ya özüməm, ya Ziya.

Yetmiş yaşda gözün yenə nazlı dilbər axtarır,
Gördüklərin, sevdiklərin bəs deyilmi, ya Ziya?!

Şeiri ona görə bütöv verməli olduq ki, təcnis yarımçıq veriləndə tam təsəvvür yaranmır.

(ardı var)

TƏQVİM / ARXİV