2024-cü il Azərbaycan uşaq ədəbiyyatının inkişafı baxımından həm elmi, həm də yaradıcı müstəvidə məhsuldar bir dövr kimi xarakterizə oluna bilər. Bu müddət ərzində uşaq ədəbiyyatı sahəsində nəzərəçarpacaq dərəcədə tədqiqatlar, nəşr olunan əsərlər, keçirilən konfranslar və beynəlxalq əməkdaşlıq təşəbbüsləri bu ədəbi sahənin ümumi tərəqqisinə töhfə vermiş, onun nəzəri və praktik əsaslarını daha da möhkəmləndirmişdir. Bu fəaliyyətlər həm uşaq auditoriyasına istiqamətlənmiş keyfiyyətli ədəbi mətnlərin meydana çıxmasına, həm də uşaq ədəbiyyatının elmi əsaslarla tədqiqinə şərait yaratmışdır.
İlin ən diqqətəlayiq elmi hadisələrindən biri, filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas və tənqidçi, həmçinin Milli Məclisin deputatı Elnarə Akimovanın “Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri” adlı monoqrafiyası nəşr olunmuşdur. Bu əsər, Azərbaycan uşaq ədəbiyyatının keçdiyi tarixi mərhələləri və çağdaş inkişaf istiqamətlərini dərindən və sistemli şəkildə təhlil edir. Kitabda təqdim olunan bölmələr – “Uşaq ədəbiyyatı: tarixdən çağdaşlığa”, “Klassika modern işığında”, “Uşaq mətnləri diskurs kimi”, “Uşaq ədəbiyyatında müharibə və zəfər duyğuları” və “Dərsliklərin vəziyyəti: problemlər, qayğılar” – bu sahənin fərqli aspektlərini kompleks şəkildə əhatə edir. Nəzəri və praktik yanaşmaların vəhdətində yazılmış bu tədqiqat əsəri uşaq ədəbiyyatının müasir elmi diskursuna əhəmiyyətli töhfə kimi dəyərləndirilə bilər.
2024-cü ildə “Ulduz” jurnalının fevral-mart aylarına təsadüf edən buraxılışı uşaq ədəbiyyatına həsr olunmuşdur. Bu xüsusi buraxılış Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsi ilə jurnal redaksiyasının birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirilmişdir. Layihə həm elmi, həm də bədii baxımdan yüksək səviyyəli materialları ilə uşaq ədəbiyyatının çağdaş vəziyyətini və beynəlxalq miqyasda inkişafını əhatə edir.
Jurnalın bu buraxılışı Elnarə Akimovanın dərin məna daşıyan və poetik üslubla qələmə alınmış “Gecələr səmaya bax, bütün ulduzlar çiçəkləyəcək...” başlıqlı Ön sözü ilə açılır. Bu giriş yazısı uşaq ədəbiyyatının ilhamverici gücünü və onun uşağın daxili dünyasına təsir imkanlarını vurğulayır.
Buraxılışın məzmunu zəngin və çoxşaxəlidir. Ədəbiyyatşünas alim, professor Cavanşir Yusifli dünya uşaq ədəbiyyatının klassik nümunələrindən biri olan Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” əsərindən üç fəsli və müəllifin "Ekzüperinin duası" adlı konseptual təqdimatını oxuculara təqdim edir.
Tərcüməçi və yazıçı Hədiyyə Şəfaqət Rey Bredberinin “Zəncirotu şərabı” romanından ilhamlanaraq qələmə aldığı “Əjdaha şərabı” adlı bədii esse ilə çıxış edir. Bu yazı uşaqlığın sehrli duyğularını və yaddaşda iz qoyan təsvirləri fəlsəfi müstəviyə daşıyır.
Yazıçı Səməd Behrənginin məşhur "Balaca qara balıq" əsəri, Türkiyənin tanınmış satirik yazıçısı Əziz Nesinin “Abidəsi qoyulan milçək” hekayəsi də jurnalın bu sayında yer alır.
Orxan Aras türkiyəli uşaq yazıçısı Yücel Feyzioğlunun yaradıcılığına həsr olunmuş “Nağılına sevgi qoşan adam” adlı məqaləsi ilə çıxış edir. O, Feyzioğlunun uşaq ədəbiyyatında yaratdığı emosional dərinliyi və sadə dildə böyük ideyalar təqdimetmə bacarığını təhlil edir.
Jurnalın bu buraxılışında “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın “Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifoloji təsəvvürlər dünyası” adlı sanballı məqaləsi də yer alıb. Məqalədə rəssamlıq və uşaq ədəbiyyatının sintezindən yaranan obrazlar və təsəvvür dünyası təhlil edilir.
Bundan başqa, jurnalda klassiklər də diqqətdən kənarda qalmır, Süleyman Sani Axundovun “Əhməd və Məleykə” nağılı “Klassik uşaq ədəbiyyatından seçmələr” rubrikasında dərc olunaraq yeni nəslə təqdim olunur.
Sevinc Nuruqızının “Uşaq ədəbiyyatında sevgi etirafı” adlı məqaləsində uşaq yazılarında sevgi anlayışının poetik və psixoloji çalarları elmi və bədii yanaşma ilə şərh olunur.Cavid Qədirin Türkiyənin məşhur uşaq yazıçısı Nur Dombaycı ilə müsahibəsi isə uşaq dünyasının özəlliklərini yazıçı baxış bucağından təqdim edir və beynəlxalq təcrübəni oxucu ilə bölüşür.
Əlavə olaraq, jurnalın bu buraxılışında Reyhan Yusifqızının “Dünya dəyişdi, bəs uşaq ədəbiyyatı dəyişikliklərə uyğunlaşdımı?” adlı analitik məqaləsi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidin “Kitab – xəyal gücü sərhədsiz olan alternativ dünyadır” adlı fəlsəfi-bədii təhlili, dosent Aygün Bağırlının “Zəfərin uşaq ədəbiyyatında şöləsi” adlı məqaləsi müasir qəhrəmanlıq obrazlarının təqdimatında uşaq ədəbiyyatının rolu haqda mülahizələrini əhatə edir.
Jurnalda, həmçinin dünya uşaq ədəbiyyatının nəhənglərindən Hans Kristian Andersenin həyatı və onun “Balaca İdanın çiçəkləri” adlı nağılına geniş yer ayrılmış, uşaq ədəbiyyatında duyğu incəliyinin bədii ifadəsi göstərilmişdir.
Nurlana İşığın “Uşaq məyusluğunun həqiqəti” adlı essesi isə uşaqlıqda emosional təcrübələrin mahiyyəti və bu təcrübələrin ədəbiyyatdakı bədii inikasını işıqlandırır.
Beləliklə, bu buraxılış uşaq ədəbiyyatını yalnız bir janr kimi deyil, həm də pedaqoji, psixoloji və estetik baxımdan kompleks şəkildə təqdim etməklə, onun ictimai və mənəvi dəyərini bir daha vurğulayır.
2024-cü il mayın 1-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsində gənc yazıçı-dramaturq Sevinc Elsevərin “Novruz nağılı” romanı müzakirə edilmişdir. Müzakirədə şöbə müdiri, f.e.d., dos. Elnarə Akimova, f.ü.f.d.,dos.Aygün Bağırlı, f.ü.f.d.Mətanət Vahid, f.ü.f.d.,dos. İlhamə Ağazadə, f.ü.f.d.,dos. Səadət Bayramova, f.ü.f.d.,dos. Gülnar Qəmbərova və müəllif iştirak etmişdir.
Elnarə Akimova müzakirəyə giriş edərək əsərin janr xüsusiyyətlərinə, poetik struktura və Novruz atributlarının işlənmə səviyyəsinə diqqət çəkmişdir. O, “Novruz nağılı”nın uşaq ədəbiyyatında bu mövzuda ilk romanlardan biri ola biləcəyini vurğulamışdır.
Aygün Bağırlı əsəri roman kimi dəyərləndirmiş, onun həm maraqlı süjet quruluşu, həm də etnoqrafik və folklor elementlərlə zəngin olmasını yüksək qiymətləndirmişdir. O, əsərdəki vizual tərtibatın, şəkillərin və adət-ənənələrin izahının uşaqlar üçün maarifləndirici olduğunu bildirmişdir.
Mətanət Vahid əsərin şifahi xalq ədəbiyyatı nümunələri ilə zənginləşdirilməsini təqdir etsə də, müəyyən müasirləşmə çatışmazlığını qeyd etmişdir. Onun fikrincə, müasir uşaqların gündəlik həyatına uyğun elementlər – texnologiyalar, aktual adlar və s. az işlənib. Yazıçı isə bunu nostalji hisslər və uşaqlıq xatirələri ilə izah etmişdir.
Səadət Bayramova və İlhamə Ağazadə folklor motivlərinin geniş və əhatəli işlənməsini, ailə münasibətləri, adət-ənənələrin qorunması və uşaqlarda vətənpərvərlik hisslərinin aşılanmasını əsərin əsas üstünlükləri kimi göstərmişlər. Onlar, eyni zamanda ad seçimi, uşaqların psixologiyasına təsir edən etik mesajların əhəmiyyətini vurğulamışlar.
Gülnar Qəmbərova əsərin didaktik və informativ xüsusiyyətlərini qeyd etmiş, “Poçt qutusu” ilə olan paralelliyi maraqlı hesab etmişdir.
Sonda Elnarə Akimova əsərin dilinin səlisliyi, axıcılığı, uşaqlara ünvanlanan konkret və aydın mesajlarla zəngin olduğunu bildirmişdir. Onun fikrincə, yazıçı uşaqlar üçün mətn yaradarkən həm ənənəyə, həm də uşaqların yaş xüsusiyyətlərinə uyğun formada yazmağı bacarmışdır.
Ümumilikdə, “Novruz nağılı” romanı Novruz bayramının atributlarını və milli dəyərləri uşaq dünyasına uyğun şəkildə çatdıran, tərbiyəvi və maarifləndirici yönü güclü olan, müasir uşaq ədəbiyyatında fərqlənən əhəmiyyətli nümunə kimi qiymətləndirilmişdir.
2024-cü il iyunun 8-də Oğuz rayon Calut kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Günel İbrahimovanın təşəbbüsü və onun şagirdlərinin iştirakı ilə ərsəyə gəlmiş "Mən böyüyürəm, insanlar!" adlı kitabın Oğuz Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirildi.
Təqdimatda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin əməkdaşları, dos. Aygün Bağırlı, uşaq yazıçısı Sevinc Nuruqızı da iştirak etmişdir. Elnarə Akimova çıxışında bu kitabın yazılmasının əhəmiyyətini vurğulamış, ideya-estetik tutumunu yüksək qiymətləndirmişdir. “Qəhrəman əsgərlərimizin yazdığı böyük tarixi hekayətlərin fonunda bizim uşaqlar öz kiçik hekayələrini artıq azad və təhlükəsiz ölkədə yaza bilirlər,” – deyə o vurğulayıb.
Ədəbiyyat İnstitutunun əməkdaşları dos. Gülnar Qəmbərli və dos.İlhamə Ağazadə kitabın mətnlərinə ədəbi aspektdən yanaşaraq, mövzu seçiminin, uşaqların ifadə imkanlarının və müəllimin istiqamətləndirmə rolunun önəmini vurğulayıblar. Dosent Aygün Bağırlı da çıxışında uşaqlara uğurlar arzulayıb, müəllim Günel İbrahimovanın pedaqoji fədakarlığını təqdir edərək onu gələcək nəsillər üçün nümunə göstərib.
Düşünürük ki, bu təqdimat yalnız bir kitabın yox, eyni zamanda uşaq dünyasının zənginliyinə, yaradıcı potensialına və müəllim-şagird əməkdaşlığının gücünə bir nümunə kimi dəyərləndirilə bilər.
2024-cü ildə “Altun”, “Ting”, “Çıraq”, “Üç alma”, “Leylək”, “Tutu”, “Balabilgə”, “Libra”, “Qələm”, “Simurq”, “Dəyər”, “Mücrü”, “Günəş”, “İzə”, “Ağıllı bala” kimi nəşriyyatlar tərəfindən müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş, məzmun baxımından zəngin və estetik dəyəri yüksək olan uşaq kitabları nəşr edilmişdir. Bu nəşriyyatların fəaliyyəti, həm müəlliflərin yaradıcılıq imkanlarının genişlənməsinə, həm də uşaq ədəbiyyatında janr və tematika baxımından müxtəlifliyin artmasına səbəb olmuşdur.
Azərbaycan uşaq ədəbiyyatının beynəlxalq müstəviyə inteqrasiyası istiqamətində 2024-cü ildə atılmış addımlar da xüsusi qeyd olunmalıdır. Belə ki, yerli müəlliflərin uşaq ədəbiyyatı nümunələrinin Türkiyə türkcəsinə tərcümə olunaraq nəşr edilməsi iki ölkə arasında ədəbi əlaqələrin dərinləşməsinə və Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılmasına imkan yaratmışdır. Bu təşəbbüs, eyni zamanda uşaq ədəbiyyatının ümumbəşəri dəyərlər kontekstində təqdiminə və regional ədəbi inteqrasiyaya töhfə kimi qiymətləndirilə bilər.
2024-cü ildə uşaq ədəbiyyatı sahəsində həyata keçirilmiş elmi tədqiqatlar, yaradıcılıq layihələri, nəşriyyat fəaliyyətləri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri bu ədəbi istiqamətin kompleks şəkildə inkişafına səbəb olmuşdur. Bu dinamizm, Azərbaycan uşaq ədəbiyyatının yalnız milli kontekstdə deyil, beynəlxalq müstəvidə də dəyər qazandığını göstərir və gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2024-cü il 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 10-cu Beynəlxalq Kitab Sərgisi keçirilmişdir. Bu sərgi uşaqlar üçün maarifləndirici və inkişafetdirici tədbirlərlə zəngin bir platforma təqdim edərək, onların intellektual və mədəni inkişafına mühüm töhfə vermişdir.Bu cür sərgilər uşaqlarda kitab oxumağa maraq oyatmaqla yanaşı, onların yaradıcılıq və sosial bacarıqlarının inkişafına da şərait yaradır.
10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycanın mədəni diplomatiyasının gücləndirilməsi, yerli və beynəlxalq nəşriyyatlar arasında əməkdaşlığın inkişafı və oxu mədəniyyətinin təşviqi baxımından əhəmiyyətli bir hadisə olmuşdur. Sərgi, həmçinin yerli müəlliflərin beynəlxalq səviyyədə tanıdılması və Azərbaycan ədəbiyyatının qlobal müstəvidə təbliği üçün mühüm bir platforma rolunu oynamışdır.
Azərbaycan uşaq ədəbiyyatının inkişafında xüsusi yeri olan “Göyərçin” jurnalı 2024-cü ildə də öz fəaliyyətini davam etdirərək, maarifçilik və estetik tərbiyə funksiyalarını yüksək səviyyədə yerinə yetirmişdir. 1958-ci ildən nəşr olunan bu jurnal uşaqlara ünvanlanan ilk ədəbi nəşrlərdən biri kimi bu gün də aktualdır. 2024-cü il buraxılışları da onun zəngin ənənələrinin davamı kimi dəyərləndirilə bilər.
Azərbaycan ədəbi mühitində tanınmış şair və ədəbiyyatşünas Rafiq Yusifoğlunun rəhbərliyi altında dərc olunan jurnalın məzmun keyfiyyəti və bədii səviyyəsi qorunub saxlanılmış, janr müxtəlifliyi təmin edilmişdir. Jurnalın kollektivi həm klassik, həm də müasir uşaq ədəbiyyatını diqqətlə izləyərək pedaqoji dəyəri olan mətnlərə üstünlük vermişdir.
Jurnalda yer alan şeirlər, nağıllar və didaktik materiallar ibtidai siniflər üçün tərtib olunan dərsliklərin hazırlanmasında da istifadə edilməkdədir. Beləliklə, jurnal həm estetik tərbiyə, həm də dil bacarıqlarının formalaşdırılması baxımından mühüm mənbədir. Jurnalın pedaqoji əhəmiyyəti həm də uşaqların fəal iştirakını stimullaşdırmaqla onların yaradıcılıq imkanlarını reallaşdırmasına şərait yaratmasındadır. Bu xüsusiyyət onu klassik ədəbi jurnallardan fərqləndirən mühüm cəhətlərdən biridir.
Jurnalda Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Ələsgər Əlioğlu, Mərziyyə Səlahəddin, Akif Abbasov, Aləmzər Əlizadə, İbrahim Yusifoğlu, Nurlana İşıq, Adil Babayev, Günel Almaz, Mina Rəşid, Adil Rəsul, Coşqun Xəliloğlu, Esmira Günəş və s. müasir dövrdə yazıb yaradan uşaq yazarları ilə yanaşı klassik müəlliflərə də yer verilmişdir. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə jurnalın 11-ci sayında “Meyvələrin söhbəti” əsəri uşaqlar üçün sadələşdirilmiş formada nəşr olunmuşdur. Bundan başqa, “Bəngü badə” əsərindən “İsfahanlı kişinin hekayəsi” yer almışdır. Digər klassiklərimizdən Abbasqulu ağa Bakıxanov, Abbas Səhhət, Abdulla Şaiq, Balaş Azəroğlu, Mirmehdi Seyidzadə, Maqsud İbrahimbəyov, Xəlil Rza, Nəbi Xəzri, Mirvarid Dilbazi və başqalarına məxsus şeirlər, kiçik hekayələr jurnalın müxtəlif nömrələrində dərc olunmuşdur ki, bunlar həmin müəlliflərin unudulmaması, zaman-zaman gənc nəslə keçmiş ədəbi nəsli xatırlatmaq üçün mühüm vasitədir. “Göyərçin” jurnalının ötənilki sayında diqqətimizi çəkən mühüm məqamlardan biri jurnalın 5-6 və 7-8-ci saylarının sırf nağıllara həsr olunmasıdır. Bu saylarda müxtəlif xalqların nağılları yer almışdır. 2024-cü ildə nəşr olunan "Göyərçin" jurnalında yer alan nağıllar, Azərbaycan və dünya xalqlarının folklor irsini əks etdirən, uşaqların mənəvi və intellektual inkişafını hədəfləyən ədəbi nümunələrdir. Bu nağıllar, uşaqlara həm əyləncə, həm də təlim məqsədi daşıyır və onların dünyagörüşünü genişləndirməyə xidmət edir.
Jurnal, klassik nağıl nümunələri ilə yanaşı, müasir uşaq yazarlarının əsərlərinə də yer verir. Bu, uşaqlara həm ənənəvi, həm də çağdaş ədəbiyyatla tanış olmaq imkanı yaradır. Məsələn, Nurlana İşığın "Göyün yeddinci qatı" əsəri uşaqların mistik və macəra dolu bir səyahətini təsvir edir və onların təxəyyülünü inkişaf etdirir.
"Göy qurşağı" jurnalı, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən nəşr olunan və 2006-cı ildən etibarən fəaliyyət göstərən bir uşaq nəşridir. Əvvəllər "Körpəm" adı ilə tanınan jurnal, məktəblilərin dünyagörüşünün inkişafına, vətənpərvərlik hisslərinin güclənməsinə və təhsilə marağın artırılmasına xidmət edir. Bu jurnal rəngli şəkillərlə nəfis tərtib olunur və uşaqlar tərəfindən maraqla qarşılanır. 2024-cü ildə “Göy qurşağı” jurnalının dörd nömrəsi nəşr olunmuşdur. Hər bir nömrədə müxtəlif mövzuları əhatə edən əsərlər dərc edilmişdir. Jurnalın əsas məqsədi uşaqlarda vətənpərvərlik hisslərini formalaşdırmaq, ədəbiyyata və mədəniyyətə marağı artırmaqdır. Hər sayda əlamətdar tarixi günlər, bayramlar, görkəmli şəxsiyyətlər haqqında məlumatlar, uşaqların yazdıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur.
Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsiZahid Xəlil 2024-cü ildə də yaradıcılığını davam etdirmişdir. Onun müxtəlif dərgilərdə, qəzetlərdə nəşr olunan əsərləri və bədii fəaliyyəti uşaqların tərbiyəsinə, vətənpərvərlik ruhunun aşılanmasına və ədəbi zövqün formalaşmasına yönəlib. Ötən ildə Zahid Xəlil ilə bir sıra görüşlər və tədbirlər keçirilib. Onun fəaliyyəti uşaq ədəbiyyatına verdiyi töhfələrin davamı olaraq, gənc nəslin vətənpərvər, zəhmətsevər və əxlaqlı böyüməsinə xidmət edir.
2024-cü ildə Azərbaycan uşaq ədəbiyyatında öz fəallığı ilə seçilən yazıçılardan biri də Sevinc Nuruqızıdır. Onun “Meyvələrin söhbəti” adlı əsəri Azərbaycan ədəbiyyatının klassiklərindən olan Məhəmməd Füzulinin “Söhbətül-əsmar” poemasının motivləri əsasında yazılmışdır. Əsərdə meyvələr – alma, armud, ərik, gilas, albalı və digərləri bir araya gələrək öz xüsusiyyətləri barədə danışır, bir-birilə mübahisə edir və özlərini tərifləyirlər. Bu dialoqlar vasitəsilə müəllif uşaqlara meyvələrin faydaları, sağlamlığa təsiri və təbiətin zənginliyi haqqında məlumat verir. Əsər, uşaqlara sağlam qidalanmanın əhəmiyyətini və meyvələrin orqanizm üçün faydalarını çatdırmaq məqsədi daşıyır.
Sevinc Nuruqızının “Hava və İqlim Melisa ilə” adlı əsəri 2024-cü ildə “Təhsil” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Bu kitab, uşaqlara hava və iqlim mövzularını əyləncəli və maarifləndirici şəkildə təqdim etmək məqsədi daşıyır. Əsərin baş qəhrəmanı Melisa, oxucuları müxtəlif iqlim qurşaqları ilə tanış edir və onları dünyanın müxtəlif ölkələrinə səyahətə aparır. Kitab, uşaqlara hava və iqlim anlayışlarını sadə və anlaşılan dildə izah etməklə yanaşı, onların təbiətə olan marağını artırmağı və ekoloji düşüncəni inkişaf etdirməyi hədəfləyir.
Bundan başqa, müəllifin “Qadın”, “Rəngli yağışlar” əsərləri dərc olunmuşdur ki, bu əsərlər də uşaqların dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyətə malikdir. Müəllifin “Qadın” əsərində qadınlar zərif olmaları ilə yanaşı, həm də güclü tərəflərindən təqdim olunur. Bu kitabda müəllif Ağabəyim ağa, Natəvan, Zərifə Əliyeva, Leyla Məmmədbəyova, Ağabacı Rzayeva, Şövkət Səlimova, Salatın Əsgərova, Həmidə Cavanşir, Nigar Şıxlinskaya, Xanımana Əlibəyli, Əzizə Cəfərzadə kimi qadınların şəxsiyyəti, onların həyatı, yaşadıqları hadisələr haqqında oxuculara məlumat verir, kiçikyaşlı oxuculara həm bu xanımları tanıdır, həm də onların təxəyyülündə bu xanımların güclü bir qəhrəman kimi obrazının yaranmasına vəsilə olur.
“Bilgənin macəraları” seriyası, “Hədəf Nəşrləri” tərəfindən 2021-ci ildə təşkil olunan müəllif tenderi nəticəsində yaradılmışdır. Tenderin məqsədi, müasir tərzdə uşaq ədəbiyyatının yaradılması, yeni və milli uşaq xarakterlərinin meydana çıxması və yerli müəlliflərə stimul verilməsi idi. Seriyaya daxil olan kitablar arasında “Həkim Bilgə”, “Mühəndis Bilgə”, “Səyyah Bilgə”, “Polis Bilgə” “Müəllim Bilgə” kitabları “Bilgənin macəraları” adlı 10 cildlik uşaq kitabları seriyasının bir hissəsidir, 2024-cü ildə “Bala bilgə” nəşrləri tərəfindən dərc edilmişdir. Bu seriya, uşaqlara müxtəlif peşələri tanıtmaq və onlarda maraq oyatmaq məqsədilə hazırlanmışdır. Bu kitabların müəllifləri Aynur Cavid və Cəmilə Məmmədlidir.
2024-cü ilin oktyabr ayında Bakı Beynəlxalq Kitab Sərgisində yazıçı Aynur Cavid, Sevinc Elsevər və uşaq ədəbiyyatı tədqiqatçısı f.ü.f.d., dos. Səadət Bayramovanın iştirakı ilə“Uşaq romanlarında müasir tendensiyalar” adlı müzakirə saatı keçirdik. Bu müzakirə zamanı biz adlarını çəkdiyimiz romanların müasir uşaq ədəbiyyatına bəxş etdiyi yenilikləri təhlil etdik. Kiçikyaşlı oxucuların da bu tədbirdə iştirakı onların kitablara olan marağının əyani göstəricisi idi. Ümumiyyətlə, bu kitabların hər biri uşaqlarda öyrənmə marağını artırır, ətraf aləmi dərk etməyə və suallar verməyə həvəsləndirir, peşə seçiminə erkən yaşlardan maraq oyadır, tərbiyəvi və maarifləndirici məzmunu ilə formalaşdırıcı rol oynayır. Kitablar əyləncəli və interaktiv dillə yazıldığından, uşaqların həm diqqətini cəlb edir, həm də onları düşündürür. Rəngli illüstrasiyalar, sual-cavablar, maraqlı faktlar və real həyatdan nümunələr bu nəşrlərin effektivliyini artırır.
Uşaqlar üçün bir-birindən maraqlı şeirlər, poemalar, mənzum nağıllar müəllifi olan, kiçik balalara yeddi adda kitablar hədiyyə edən İbrahim Yusifoğlu 2024-cü ildə də öz ənənəsini davam etdirmişdir. Müəllifin şeirləri “Savalan”, “Göyərçin” jurnallarında, “Ədəbiyyat qəzeti”, “Ədalət”, “Azad Azərbaycan” kimi mətbu orqanlarında dərc olunmuşdur. “Göyərçin” jurnalında “Əncir çatır Araza”, “Çıraq”, “Nar çiçəyi” adlı dərc olunan şeirlər uşaq dilindən yazılmışdır. İbrahim Yusifoğlu Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan, vətənpərvərlik və milli dəyərləri ön plana çəkən bir şair və pedaqoqdur. Onun əsərləri həm ədəbi, həm də publisistik baxımdan zəngin məzmunu ilə seçilir və oxucular tərəfindən maraqla qarşılanır.
Uşaqlar üçün bir-birindən maraqlı kitablar yazan müəlliflərdən biri də Əziz Sultandır. Əziz Sultanın “Kapsul” adlı kitabı müasir Azərbaycan ədəbiyyatında fərqli üslubu və novator yanaşması ilə seçilən maraqlı nəsr nümunəsidir. Bu kitab, postmodern ədəbiyyatın elementlərini daşıyaraq, oxucunu qeyri-ənənəvi düşüncə tərzinə sövq edir. “Kapsul” həm forma, həm də məzmun baxımından eksperimentaldır – müəllif burada ənənəvi hekayəçilik strukturunu qıraraq, fərqli zaman və məkan qatlarını birləşdirir.
Əziz Sultanın 2024-cü ildə çap olunan “Dron arenası” kitabı müasir Azərbaycan uşaq ədəbiyyatında fərqlənən nümunələrdən biri kimi qiymətləndirilə bilər. Bu əsər yalnız əyləndirici süjet xətti ilə deyil, həm də müasir texnologiyaların, sosial-psixoloji problemlərin və uşaqların daxili dünyasının təsviri ilə diqqət çəkir.
Əziz Sultanın “Heyvanlar nə danışır?” kitabı da 2024-cü ildə nəşr olunmuşdur, uşaq ədəbiyyatının maraqlı nümunələrindən biridir. Bu əsər heyvanların dili ilə yazılmış nağılvari hekayələr toplusudur və müəllif burada heyvan personajları vasitəsilə uşaqlara müxtəlif mənəvi-əxlaqi dəyərləri aşılamağı qarşısına məqsəd qoymuşdur.
Müəllifin “Şimşək dəstəsi” uşaqların marağına səbəb olacaq şəkildə macəra janrında yazılıb. Əsərin əsas ideyası birlik, dostluq, cəsarət və vətənpərvərlik kimi mənəvi dəyərləri təbliğ etməkdir. Uşaqların bir dəstə kimi təşkilatlanması və qarşılarına çıxan çətinliklərlə mübarizə aparması onların sosiallaşmasına və vətənə bağlılıq hissinin formalaşmasına xidmət edir. Əsərdəki hadisələr uşaq psixologiyasına uyğun şəkildə təqdim olunur, qəhrəmanların yaşına uyğun davranışlar və qərarlar onların şəxsiyyət inkişafına nümunə ola bilər.
Uşaq əsərləri yazıb yaradan müəlliflərdən biri də Elgüsel təxəllüsü ilə yazan Günel Məcidovadır. Müəllifin ötən ildə iki kitabı nəşr olunmuşdur. Bunlardan biri “Yumağın macəraları” kitabıdır. Bu kitab uşaqlar və yeniyetmələr üçün yazılmış, həm əyləncəli, həm də düşündürücü bir əsərdir. Kitab nəfis tərtib olunmuş, uşaqlar üçün maraqla oxuna bilən üslubda hazırlanmışdır. Rəngarəng şəkillər, maraqlı hekayələr kiçikyaşlı oxucuların diqqətini cəlb edir, onlarda mütaliəyə həvəs yaradır.
“Cəsur, Dəcəl, Ağıllı” romanında isə baş qəhrəman Cəsur adlı uşaqdır. Cəsur böyümək istəmir və uşaqlıq illərinin əyləncəli və sərbəst həyatını qorumağa çalışır. Kitab uşaqlara böyümək, məsuliyyət və dəyişikliklərlə bağlı dərin düşüncələr təqdim edir. Bu əsər uşaqlara özlərini və ətraf aləmi daha yaxşı anlamağa kömək edir.
Vüqar Haqverdiyev uzun illərdi uşaq ədəbiyyatında imzası olan parlaq müəlliflərdən biridir. Onun 2024-cü ildə “Həyəti kim təmizləyirmiş?” adlı uşaq hekayəsi fin, “Uçan adam” adlı nağılı mari dilində, “Qarınqulu ayı balası” adlı əsəriisə udmurt dilində Rusiyada çap edilmişdir.
V.Haqverdiyevin “Dovşan, pişik və kirpi niyə Müjdəyə çox sağol dedi?” adlı nağılı “Qanun” nəşriyyatı tərəfindən təşkil olunan “Müasir Azərbaycan nağılları” müsabiqəsində birinci yerə layiq görülmüşdür.
“Qarınqulu ayı balası” (rus dilində “Медвежонок обжора”) adlı pyes müəllifin uşaq dramaturgiyası sahəsindəki diqqətçəkən nailiyyətlərindən biridir. Bu əsər Rusiyanın müxtəlif bölgələrində kukla teatrında səhnələşdirilmişdir. Həmin pyes əsasında Naxçıvan Dövlət Kukla Teatrında, Füzuli Dövlət Dram Teatrında və Qax Dövlət Kukla Teatrında eyniadlı tamaşalar hazırlanmış və bu teatr məkanlarında uğurlu premyeraları gerçəkləşdirilmişdir.
Müəllifin Novruz bayramına həsr etdiyi “Saçları səməni oğlan” adlı pyesi Qusar Dövlət Ləzgi Dram Teatrında səhnələşdirilmiş və Novruz ərəfəsində uşaq tamaşaçılara təqdim olunmuşdur.
Digər bir dramaturji nümunə olan “Pis Uşaqlar Planeti” (rus dilində “Планета Плохих Детей”) pyesi Leninqrad vilayətinin Vıborq Uşaq Musiqili Teatrındauğurla tamaşaya qoyulmuş və rusiyalı uşaqlar tərəfindən maraqla qarşılanmışdır. Əsərdə əsas ideya oyuncaqlara sevgi və qayğı ilə yanaşmağın önəmini vurğulamaq, uşaqlara dürüstlük, həmrəylik, dostluq və yoldaşlıq kimi mənəvi-əxlaqi dəyərləri aşılamaqdan ibarətdir.
“Sehrli planşet” adlı pyes əsasında isə Naxçıvanın Yeni Era Uşaq və Gənclər Teatrında Yeni il mövsümünə həsr olunmuş eyniadlı tamaşa hazırlanmış və uşaqlara təqdim edilmişdir. Əsər uşaqlara düzgün davranış formalarının, hədəflərə doğru yolla çatmağın və çətin vəziyyətlərdə qarşılıqlı yardımın vacibliyini aşılamışdır.
2024-cü il, tanınmış uşaq yazıçısı və şair Gülzar İbrahimovanın yaradıcılığında məhsuldar bir dövr olmuşdur. Bu il ərzində o, bir neçə yeni əsərini oxuculara təqdim etmişdir.
Gülzar İbrahimovanın 2024-cü ildə nəşr olunan əsas əsərlərindən biri “Trolların sirri” adlı nağıl kitabıdır. Bu əsər, Skandinaviya xalqlarının nağıl qəhrəmanları olan trollara həsr edilmişdir. Yazıçının digər bir əsəri “Dəcəl Keçəl” nağıl kitabıdır. Bu kitab, əyləncəli və gülməli məzmunu ilə uşaqlar arasında sevilmişdir. Valideynlərin rəylərinə görə, kitab uşaqların marağını cəlb edir və hər gecə oxunmasını tələb edirlər.
Gülzar İbrahimova tərəfindən yazılmış “Gizlənpaç” adlı kitab, uşaqların sevimli oyunlarından biri olan gizlənpaç oyununu əyləncəli şəkillərlə təqdim edir. Kitab, uşaqların diqqətini gücləndirməyə və müsbət təsir göstərməyə yönəldilmişdir. Yumşaq cildli və 32 səhifədən ibarət olan bu kitab, uşaqların marağına səbəb olmuşdur.
Gülzar İbrahimovanın 2024-cü ildə nəşr olunan bu əsərləri, onun uşaq ədəbiyyatına verdiyi töhfələrin davamı olaraq, uşaqların maraq və inkişafına yönəlmişdir. Yazıçının əsərləri, həm əyləncəli, həm də tərbiyəvi məzmunu ilə uşaqların sevimlisinə çevrilmişdir.
2024-cü il yazıçı Solmaz Amanovanın uşaq ədəbiyyatı sahəsindəki fəaliyyətində əlamətdar olmuşdur. Onun yeni nəşrləri, oxucu görüşləri və beynəlxalq tədbirlərdə iştirakı, uşaqlara milli dəyərləri və mədəniyyəti aşılamaq istiqamətində mühüm addımlar olmuşdur.
Solmaz Amanovanın 2024-cü ildə “Turac və sehrli daraq” Azərbaycan folkloruna əsaslanan və Novruz bayramının ənənələrini əks etdirən bir nağıl-pyesdir. Əsər, xalqımızın qədim oyunlarını və Novruz ənənələrini özünəməxsus tərzdə təqdim edir. Turac haqqında məşhur rəvayət uşaqlar üçün uyğunlaşdırılaraq fərqli şəkildə təqdim olunur, bu isə pyesi daha da maraqlı edir. Əsər, uşaqların milli dəyərləri və ənənələri daha yaxşı mənimsəməsi üçün yazılmışdır. Nağıl-pyes formatında olan bu kitab, uşaqların marağını cəlb edəcək şəkildə tərtib edilmişdir.
Uşaq poeziyası milli ədəbiyyatın mühüm sahələrindən biri olaraq, hər dövrdə uşaqların estetik tərbiyəsində, dilin öyrənilməsi və formalaşdırılmasında, onların dünyagörüşünün genişlənməsində əhəmiyyətli rol oynamışdır. Apardığımız tədqiqat zamanı belə qənaətə gəldik ki, 2024-cü ildə bu sahədə nəzərəçarpacaq bir canlanma müşahidə olunur. Şeirlər daha aktual mövzularda yazılır, dil və forma baxımından müasir uşaq dünyasına daha uyğun təqdim olunur.2024-cü ilin uşaq poeziyasında əsas mövzulardan olan iqlim dəyişikliyi, heyvanların qorunması, təbiətin sevilməsi mövzuları bir çox şairin yaradıcılığında ön plana çıxmışdır. Uşaqlara ekoloji şüurun aşılanması məqsədi ilə sadə, lakin təsirli poetik nümunələr yazılır.
Azərbaycan tarixi, qəhrəmanlıq motivləri, milli simvollar (bayraq, dövlət dili, Şuşa, Qarabağ və s.) uşaq şeirlərində mütəmadi olaraq təbliğ olunur. Valideyn sevgisi, dostluq, paylaşma və sevgi kimi sosial münasibətlərə dair poetik nümunələr uşaqlarda humanist dəyərləri formalaşdırır. Bu dövrdə yazılan bəzi şeirlərdə mobil telefonlar, robotlar, internet və süni intellekt kimi müasir anlayışlara da rast gəlinir. Bu, uşaq poeziyasının zamanla ayaqlaşdığını göstərir.
Şeirlər uşaqların yaş səviyyəsinə uyğun şəkildə yazılır. Qafiyəli, ritmik, oxunaqlı və yaddaqalan ifadələr üstünlük təşkil edir. Tapmacalar, təmsil və nağıl-poemalar 2024-cü ilin poeziyasında geniş yayılıb. Bu, uşaq düşüncəsini və təxəyyülünü inkişaf etdirir. Müasir uşaq poeziyası daha çox uşağın daxili dünyasını əks etdirməyə çalışır, birbaşa nəsihətlərdən uzaq durur, əvəzində obrazlarla öyrətməyə üstünlük verir.
2024-cü ildə “Göy qurşağı” jurnalında dərc olunan uşaq şairlərinin yaradıcılığında həm klassik ənənəyə bağlılıq, həm də müasir poetik düşüncə müşahidə olunur. Şairlərdən – Aygün Aslanlı, Kənan Hacı, Günel Əziz və başqaları uşaq ədəbiyyatına yeni nəfəs gətirən müəlliflər kimi diqqət çəkir.Eyni zamanda sosial şəbəkələr vasitəsilə uşaq şeirlərini paylaşan yeni nəsil müəlliflər meydana çıxır. Bu müəlliflər interaktiv üslubda, uşaqların marağını cəlb edən şəkilli və animasiyalı şeirlərlə çıxış edirlər.
2024-cü ildə uşaq poeziyası müasir uşağın dünyasını daha dərindən əks etdirmək, onların maraqlarına uyğun bədii nümunələr təqdim etmək istiqamətində mühüm irəliləyiş əldə etmişdir. Mövzu və üslub baxımından zənginləşən bu poeziya sahəsi həm pedaqoji, həm də ədəbi baxımdan cəmiyyət üçün vacib və dəyərli istiqamət olaraq qalır.
2024-cü il Azərbaycan uşaq nəsri üçün yeniliklər və inkişaflarla zəngin bir dövr olmuşdur. Əsərlərdə milli dəyərlərlə yanaşı, müasir mövzuların da əks olunması uşaqların həm intellektual, həm də emosional inkişafına töhfə vermişdir.
Uşaq dramaturgiyası ədəbiyyatın mühüm sahələrindən biri kimi 2024-cü ildə də inkişaf etməkdə davam etmiş, həm mövzu, həm də forma baxımından yenilənmişdir. Müasir dövrün çağırışlarına cavab verən, uşaqların yaş xüsusiyyətlərinə, psixologiyasına və estetik zövqünə uyğun yazılmış əsərlər həm yazılı ədəbiyyatda, həm də teatr səhnələrində özünü göstərmişdir.
Digər janrlarda yazılmış əsərlərə nisbətən uşaq pyesləri sayca çox az olsa da, ötən ildə uşaq dramaturgiyası həm tematik, həm forma baxımından yeni nəfəs qazanmış, çağdaş dövrün tələblərinə uyğunlaşdırılmışdır. Müasir uşaq dramaturqları uşaqların dünyasını daha dərindən anlamağa çalışır, onları düşündürən və maraqlandıran məsələlərə toxunurlar. Ənənə ilə innovasiyanın vəhdəti nəticəsində bu sahə həm estetik, həm də pedaqoji baxımdan əhəmiyyətli məzmunla zənginləşmişdir. Beləliklə, uşaq dramaturgiyası təkcə əyləncə deyil, eyni zamanda tərbiyə və maarifləndirmə vasitəsinə çevrilməkdədir.
2024-cü ildə Azərbaycan uşaq ədəbiyyatı sahəsində həm elmi, həm də praktik səviyyədə mühüm irəliləyişlər müşahidə olunmuşdur. Akademik tədqiqatlar, yaradıcılıq müşavirələri, nəşriyyatların fəallığı və beynəlxalq əlaqələrin genişlənməsi bu sahənin inkişafına töhfə vermişdir. Gələcəkdə də bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi uşaq ədəbiyyatının zənginləşməsinə və yeni nəslin mənəvi inkişafına müsbət təsir göstərəcəkdir.