“Real Madrid”də Florentino Peres dövrü – 25 il, 66 kubok

101 | 2025-07-16 17:46

İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres rəhbərliyə gəlməsinin 25 illiyini qeyd edir.

Adalet.az xəbər verir ki, 2000-ci il iyulun 16-da ilk dəfə klub prezidenti seçilən 78 yaşlı funksioner bu müddət ərzində həm futbol, həm də basketbol komandası ilə böyük uğurlara imza atıb.

Onun prezidentliyi dövründə Madrid təmsilçisi ümumilikdə 66 kubok qazanıb. Bunlardan 37-si futbolda, 29-u isə basketbol sahəsində əldə olunub. Bu müddətdə futbol komandası UEFA Çempionlar Liqasını 7 dəfə qazanıb. Onlardan 6-sı son 11 ilə təsadüf edir. Xüsusilə fransalı Zinəddin Zidanın baş məşqçilik dönəmində ardıcıl üç dəfə (2016, 2017, 2018) qazanılan Çempionlar Liqası titulları tarixə düşüb. Bu, turnirin indiki formatında rekord göstəricidir. Basketbol komandası isə 3 dəfə Avroliqanın qalibi olub.

Klubun rəsmi saytında dərc olunan açıqlamada Peresin rəhbərliyi altında “Real Madrid”də dərin islahatlar aparıldığı, “Santiago Bernabeu” stadionunun yenidən qurulduğu qeyd olunub. O, prezidentlik fəaliyyətinin ilk illərində “Galaktikos” layihəsini təqdim edib və bu strategiya çərçivəsində Luis Fiqo, Zinəddin Zidan, Ronaldo Nazario, Devid Bekhem kimi dövrün ən parlaq futbolçularını transfer edib. Daha sonra Kriştiano Ronaldo, Kaka, Qaret Beyl, Kərim Benzema kimi adlar komandaya cəlb olunub. Bu siyasət “Real Madrid”in həm idman, həm də marketinq baxımından beynəlxalq nüfuzunu artırıb. Peresin rəhbərliyi altında Madrid klubu dünyanın ən gəlirli və dəyərli idman brendinə çevrilib. Onun strateji qərarlarından biri də “Santiago Bernabeu” stadionunun yenidən qurulması ilə bağlı olub. Hazırda bu stadion tam təmir olunur və müasir tələblərə uyğunlaşdırılır. Yenidənqurma çərçivəsində stadiona açılıb-bağlanan dam, böyük ekranlar və müxtəlif texnoloji yeniliklər əlavə olunur. Stadion həm futbol oyunları, həm də digər tədbirlər üçün istifadə edilə biləcək çoxfunksiyalı məkana çevrilib. Layihənin ümumi dəyəri təxminən 1 milyard avro təşkil edir. 2024-cü ildən etibarən stadion tədricən istifadəyə verilməyə başlanıb.

TƏQVİM / ARXİV