adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Təcili Tibbi Yardım"sızlıq

SAMİRƏ ƏŞRƏF
23571 | 2015-08-01 08:14
Bir tanışım var, neçə illərdi ki, bel ağrısından əziyyət çəkir. Paytaxtda getmədiyi həkim, istifadə etmədiyi dərman qalmayıb, di gəl ki, yazıq bir ildən çoxdur sızıldamağındadı. Bu yaxınlarda həmin tanışımın qohumu İrana gedibmiş, nətər olubsa bu qohumun əl-ayağı dinc durmayıb, canıyananlıq edərək girib İrandakı təbibxanaların birinə ki, ordan beli ağrıyan qohumuna bir dərman alsın. Əczaçı xanım ona bir məlhəm satıb. Satıb deyəndə ki, elə bizim pulla havayıdan bağışlayıb. Adam həmin məlhəmi beş altı kağıza bükərək bərk-bərk qoruyub. Sonra da gətirib çıxardıb məmləkətimizə ki, versin qohumuna. Həmin mənim bu tanışım məlhəmi belinə çəkən gündən olub anadangəlmə. İnanmırsınız? Elə isə işimizin adıdır deyibən növbəti misalı sizin hüzurunuza əxz edirəm. Bir rəfiqəmin oğlunun müəllimi iki yaşlı oğlunu məmləkətdə gəzdirmədiyi həkim qalmamışdı. Uşağa iflic diaqnozu verib ömürlük bədbəxt etmişdilər. Müəllim bu dərdə dözə bilmirdi. Axır ki, bu yay borc-xərc edib uşağını Türkiyəyə apardı. İkicə dərman və bir neçə idman hərəkətləri ilə bu xəstə də olub anadangəlmə. Burdan o yana da inanmırsınızsa, daha özünüz bilərsiniz.
Məsələ burasındadır ki, bizim bəzi əlaqədar təşkilatlar öz işlərini vicdanla yox, vicdansızca yerinə yetirirlər. Baxırsan ki, eşşək boyda bir binanı tikiblər, səliqəyə salıblar, içərisinə də bir dəstə adamı yığıb doldurublar ki, bəs bura xəstəxanadı, siz də həkimsiniz. Bura gələn irili-xırdalı adamları müalicə edib, onlara iynə-dərman yazacaqsınız. Vəssalam. İndi bu adamlar orda necə həkimlik edirlər orasını allah da bilir, bəndələr də.
Tutaq ki, uşağın xəstələnən kimi vurursan qoltuğuna aparırsan həmin binaya. İçəri girəndə görürsən ki, bomboşdu. Səhər saat on olsa da, həkimlər hələ gəlib çıxmayıblar. Gələnlər də yavaş-yavaş gecə baxdıqları serialın təsirindədirlər. Əlqərəz uşağı uzadırlar qabaqlarına orasını-burasını qurdalayandan sonra beş-altı vərəq firma dərmanının adlarını döşəyirlər reseptə. Sonra da səni suyu süzülə-süzülə yola salırlar məhz yaxınlıqdakı ən bahalı apteklərdən birinə. Həmin resepti alıb əlinə çıxırsan otaqdan. Həkim səndən sonra firmadan gələn nərmənazik qızcığazları qəbul edərək sənə yazdığı dərmanın sürətini soxur o qızın gözünə ki, bax bu gün sizin filan qədər dərmanınızı satmışam. Buyurun haqqımı ödəyin. Haqdakı ən yaxşı halda bir kitayski mobil telefon olacaq. O da şəhərin mağazalarında itə tökdü.
Ağlamalıdı vallah. İndi heç kim əli silahlı həmin həkimlərin başları üstündə dayanmayıb ki, camaata geydirmə dərman yaz. Burda məsələ vicdan məsələsidi. Tanıdığım bir neçə vicdanlı həkim də var ki, həmin firma işçilərini otaqlarının qapısından içəri buraxmırlar. İstəmir. Ona belə daha yaxşıdı. Evinə gedəndə başını yastığa rahat qoyub yatır ki, bu gün heç kimi zəhərləməyib.
Məlum məsələdi ki, təbiblərimiz aldıqları maaşı bəyənmirlər. Çox əcəb. Xəstələri də bəs deyincə soyurlar, yenə də çox əcəb. Üstəlik mənşəyi məlum olmayan preparatları da xəstələrə sırımaqla əldəqayırma əşyalar əldə etməyə çalışırlar. Hələ mən evin çölündən danışıram. İçərisinə girməyə ürək eləmirəm.
Amma fikirmi daha dəqiq və tutumlu çatdırmaq üçün evin içərisinə də hərlənməyi lazım bilirəm. Başlayaq elə mənim qapı qonşumdan.
Üç-dörd gün bundan əvvəl günorta yatdığım yerdə qapı qəfil döyüldü. Tez-tələsik qapını açanda gördüm qonşumun mən yaşlarında olan gəlini rəngi ağarmış halda dayanıb. Harasa telefonla zəng eləmək istəyir. Öz telefonları kəsildiyindən gəlin bizə buyurmuşdu. Onun zəngindən məlum oldu ki, təcili tibbi yardıma zəng vurub. Kiçik oğlunun hərarəti qırx dərəcədi. Ürəyim durmadı keçdim qonşugilə. Uşağın vəziyyəti doğurdan da ağır idi. Rəngi avazımış uşağa hərə bir tərəfdən kömək etmək istəsə də çifayda. On beş dəqiqə keçməsinə baxmayaraq təcili yardımdan səs-soraq yox idi. Daha bir on beş dəqiqə də ötdü. Hətta bir on beş dəqiqə də...
Bir saatdan sonra istidən haldan düşmüş bir yaşlı həkim və tibb bacısı içəri daxil oldular. Məlum oldu ki, həkim gələnə qədər biz uşağa nə lazımdırsa etmişik. Yəni həkimin deməyindən belə məlum oldu ki, biz elə özümüz həkimik və heç bir həkimə ehtiyac yoxdur. Gecikməklərinin səbəbini isə cəmi iki tibbi yardım maşının və həkiminin olması ilə əlaqələndirdi. Təsəvvür edin ki, qırx beş mindən çox əhalisi olan bir qəsəbədə cəmi iki tibbi yardım həkimi və avtomobili fəaliyyət göstərir. Gülməlidi, vallah. Ya bizi dolayıblar, ya da özlərini. Şikayət etmək üçün əlli nömrə qoyublar di gəl şikayətə baxan yoxdu. Ümid qalıb o gözəgörünməzə. Ya da elə Hippokratı-zadı bir tərəfə qoyub özümüz özümüzü otla, əvəliklə, üzərliklə müalicə edəcəyik. Yoxa qırx beş min əhalisi olan bir qəsəbəyə iki həkim gecə-gündüz dayanmadan işləsə də heç bir fayda verə bilməz. Ölüm də ki, qaşla göz arasında!

TƏQVİM / ARXİV